Məhkəmə qərarları › İş №2-1(103)-1840/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1840/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1840/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ) “təmir işlərinin görülməsi və kirayə xərcinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin təmir işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməsi barədə Bakı Şəhər İcra hakimiyyətinin üzərinə öhdəlik qoyulması və cavabdeh orqanın hərəkətsizliyi nəticəsində mənzilindən istifadə hüququndan məhrum olduğu müddət üçün ümumilikdə 13500 (on üç min beş yüz) manat kirayə ödənişinin cavabdehdən alınaraq kompensasiya qismində ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-1027/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaranmış mübahisə ilə əlaqədar olaraq dəfələrlə Bakı şəhəri İcra Hakimiyyətinə və digər dövlət orqanlarına ərizə ilə müraciət olunmuşdur. Bütün bunlar iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Müraciət olunmuş dövlət orqanları tərəfindən məsələ aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti isə göndərilən bütün müraciətlərə həmin ünvanda yerləşən mənzillərdə hazırki vəziyyətdə sakinlər tərəfindən bərpa işlərinin aparılmasının xoşagəlməz nəticələr verə biləcəyi səbəbindən məqsədəuyğun hesab edilmədiyi, buna görə də mərtəbəarası örtüyün bərpa işlərinin bu sahədə təcrübəsi olan mütəxəssislər tərəfindən aparılması zərurəti yarandığı cavabı verilmişdir. Həmçinin baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınması, sakinlərin Təhlükəsizliyinin təmin edilməsi üçün Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən sözügedən ünvana texniki baxışın keçirilməsi və müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə müraciət olunduğu bildirilmişdir. Bütün bunlar isə hazırkı mübahisə ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyətinin cavabdeh olmasını təsdiq edir. İddia ərizəsinə əlavə edilmiş həmin müraciətlərə cavablar isə məhkəmə tərəfindən obyektiv, tam və hərtərəfli araşdırılmamış, nəticədə əsassız qərar qəbul edilmişdir. Qeyd olunan bu halların məhkəmə tərəfindən araşdırılmaması və qərardadda qeyd olunmaması inzibati məhkəmə prosesində işin hallarının araşdırılması prinsipinin kobud şəkildə pozulmasını təsdiq edir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı təmir işlərinin görülməsi və kirayə xərcinin ödənilməsi tələbinə dair cavabdeh orqanın hərəkətsizliyi nəticəsində mənzildən istifadə hüququndan məhrum olduğu müddət üçün ümumilikdə 13.500 (on üç min beş yüz) manat kirayə ödənişinin cavabdehdən alınaraq kompensasiya qismində ona ödənilməsi barədə qərar qəbul edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etmirik. Bakı şəhərinin ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işlərinin aparılması üçün ayrılmış vəsait hesabına vətəndaşların şəxsi mülkiyyətində olan mənzillərdə təmir işlərinin həyata keçirilməsi hazırda qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulmamış və dövlətin şəxsi mülkiyyətdə olan əmlakın təmirinə dair öhdəlik müəyyən edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də də şəxsi mülkiyyətdə olan əmlakın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmiri və bərpasına dair hər hansı müddəa və yaxud öhdəlik müəyyən edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci tarixli 132 nömrəli Qərarına əsasən yerli əhəmiyyətli memarlıq abidəsi olduğundan qeyd edilən ünvanda hər hansı işlərin aparılması müvafiq icra hakimiyyəti orqanının razılığı və bu sahəni tənzimləyən qanunvericilik aktlarına əsasən nizama salınır. Yuxarıda qeyd olunanları və xüsusilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də iddiada qaldırılan məsələlərə dair Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyəti və öhdəliyinin olmadığını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini Sizdən xahiş edirik. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 56, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli ünvan 4 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Aktda qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2№li memarlıq-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3№li memarlıqinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X1 Agentliyinin 11 mart 2021-ci il tarixli, 34/01837 nömrəli və 07 may 2021-ci il tarixli, 34/03529 nömrəli tapşırıqlarına əsasən ünvan 5 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirdik. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası 2 girişli, 3 mərtəbəli olub 1907-ci ildə inşa edilmişdir. Bina planda ‘TT’ şəkilli olub daxili həyətlidir. Yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. (İnventar nömrəsi: 3681) Binanın bir hissəsi hal-hazırda Cəlil Məmmədquluzadənin ev muzeyi kimi fəaliyyət göstərir. Baxış keçirilən binanın əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Son illərdə binanın fasad və dam hissələrində təmir işləri aparılmışdır. Baxış zamanı binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilin tavan hissəsi, 2-ci mərtəbədə isə 12 saylı mənzilin üzərində yerləşən 13 saylı mənzilin və 2-ci mərtəbədə yerləşən ümumi istifadədə olan mətbəxin döşəməsinin deformasiyaya uğraması müşahidə edildi. 12 saylı mənzilin ağac materialından olan tavan hissəsində mənzilin və 2-ci mərtəbənin ümumi sahəsinin döşəməsi) mərtəbərarası örtüyün təqribən 3 kv.m sahəsi qismən uçmuşdur, digər sahələrdə isə ciddi şəkildə deformasiyalar yaranmışdır. Binada təmir işləri aparıldığından əsas yükdaşıyan divarlarda çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı binanın daxili həyət hissəsində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin tikilməsi müşahidə edildi. Sonradan inşa edilmiş yaşayış sahələri binanın əlavə yüklənməsinə və fəza sərtliyini xeyli zəiflətməyinə səbəb olmuşdur. ünvan 5 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən məhdud işlək, ümumi istifadədə olan mətbəxin, 12 və 13 saylı mənzillərin mərtəbəarası örtükləri (12 saylı mənzilin tavanı, 13 saylı mənzilin döşəməsi) isə qəzalı vəziyyətdədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ümumi istifadədə olan mətbəxə, 12 və 13 saylı mənzillərə giriş məhdudlaşdırılmalı və xəbərdaredici nişanlar qoyulmalıdır. Yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə layihə əsasında bərpagücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli, 13583/g nömrəli məktubunda bildirilmişdir ki, S.Tağızadə küçəsi 56 saylı ünvanda yerləşən yaşayış evi Dövlət Mənzil Fonduna aid binadır və Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bildiririk ki, 2019-cu ildən başlayaraq Bakı Şəhər icra Hakimiyyətinin sifarişi ilə yerinə yetiriləcək bütün növ təmir, tikinti, yenidənqurma, bərpa və abadlıq işləri (o cümlədən mənzil fondu) üzrə sifarişçi funksiyaları Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 50 saylı sərəncamı ilə tabeliyində yaradılan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə tapşırılmışdır. İş materiallarında olan Cavabdeh Əsaslı Tikinti və Təmir MMC-nin xx.xx.2022-ci il tarixli, 2/217 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işlərinin aparılması üçün ayrılmış vəsait hesabına vətəndaşların şəxsi mülkiyyətində olan mənzillərdə təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulmadığından yuxarıda qeyd edilən ünvandakı mənzildə təmir-bərpa işlərinin aparılması mümkün olmamışdır. Eyni zamanda məlumat üçün nəzərinizə çatdırırıq ki, "xxxx" MMC tərəfindən sifarişçi qismində dövlət mənzil fonduna aid yaşayış binalarında təmir-bərpa işləri balanssaxlayıcı Mənzil- Kommunal Təsərrüfatı Birlikləri və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin birgə hazırlayaraq təqdim etdiyi siyahıya uyğun olaraq həyata keçirilməkdədir. ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 21,05.2021-ci il tarixli aktının vizual baxış əsasında tərtib olunmasını nəzərə alaraq, həmin binanın instrumental müayinə olunaraq müvafiq rəy verilməsi üçün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət olunmuşdur. Veriləcək rəyin nəticəsinə uyğun olaraq, habelə balanssaxlayıcı tərəfindən növbəti ilin titul siyahısına daxil ediləcəyi halda sakinlərin şəxsi mülkiyyətində olan mənzillər istisna olmaqla sözügedən yaşayış binasında bərpa-gücləndirmə işləri aparıla bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 saylı mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. ünvan 5 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilin tavan hissəsi, 2-ci mərtəbədə isə 12 saylı mənzilin üzərində yerləşən 13 saylı mənzilin və 2-ci mərtəbədə yerləşən ümumi istifadədə olan mətbəxin döşəməsinin deformasiyaya uğradığı, mərtəbərarası örtüyün qismən uçduğu müəyyən olunmuş, bu barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən yaşayış binasının texniki vəziyyəti haqqında Akt tərtib edilmişdir. Hazırkı iddiasında iddiaçı ona mülkiyyətində olan 12 saylı mənzilin təmir işlərinin görülməsi vəzifəsinin Bakı şəhər İcra hakimiyyətinin üzərinə qoyulması və mənzilindən istifadə hüququndan məhrum olduğu müddət üçün kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.19-cu maddəsinə əsasən tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsidir. 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 24.4-cü maddəsinə əsasən razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 25.3-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. 84.0-cü maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: 84.0.4. evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində yaşayış sahəsini saxlamaq mümkün olmadıqda və ya onun ümumi sahəsinin azalması nəticəsində həmin yaşayış sahəsində yaşayan kirayəçi və onun ailə üzvləri yaşayış sahəsinə ehtiyacı olan hesab edildikdə və ya yaşayış sahəsinin ümumi sahəsinin əhəmiyyətli dərəcədə artması nəticəsində yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi ayrılma normasından əlli faizdən çox artıq olduqda. 87.1-ci maddəsinə əsasən evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər bu cür əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, kirayəyə verən əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən yaşayış sahəsinin sosial kirayə müqaviləsi ləğv edilmədən digər yaşayış sahəsi verməyə borcludur. Əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddətdə kirayə müqaviləsi ilə manevr fondunun yaşayış sahələri verilir. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsinə köçməkdən imtina edərlərsə, kirayəyə verən məhkəmə qaydasında onların köçürülməsini tələb edə bilər. Kirayəçinin və onun ailə üzvlərinin manevr fondunun yaşayış sahəsinə və geriyə köçmələri kirayəyə verənin hesabına həyata keçirilir. 87.2-ci maddəsinə əsasən manevr fondunun yaşayış sahəsinin verilməsi əvəzinə kirayəyə verən kirayəçinin və onun ailə üzvlərinin razılığı ilə onlara sosial kirayə müqaviləsi ilə digər abadlaşdırılmış yaşayış sahəsi verə bilər. Bu halda əsaslı təmir edilməli və ya yenidən qurulmalı evdə (binada) yerləşən yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. 94.0-cü maddəsinə əsasən manevr fondu yaşayış sahələri aşağıdakı şəxslərin müvəqqəti yaşaması üçün nəzərdə tutulur: 94.0.1. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşların. Göründüyü kimi, qanunvericilik ilk növbədə xüsusi mülkiyyətdə olan mənzil (yaşayış binası) qəza vəziyyətinə düşdükdə əsaslı təmir və bərpa etmək vəzifəsini mülkiyyətçiyə həvalə etmişdir. Bununla əlaqədar olaraq mülkiyyətçinin (və ya mülkiyyətçilərin) yaşayış sahəsinin əsaslı təmiri, yenidən qurulması (rekonstruksiya) üçün müvafiq icra hakimiyyəti orqanına yenidənqurmaya razılıq alınması üçün müraciət etməsi tələb olunur. İddiaçının iddia etdiyi yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir, dövlət mənzil fonduna aid mənzil deyildir. Belə olan halda xüsusi mülkiyyətdə olan mübahisəli mənzilin əsaslı təmir işlərinin dövlət büdcəsi hesabına, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməli olmasına dair normativ əsas müəyyən olunmur. İddiaçı xüsusi mülkiyyətçi kimi mənzilində yaranmış qəza vəziyyəti ilə bağlı özü (və ya digər mülkiyyətçilərlə birlikdə) yenidənqurmanın (rekonstruksiya) tikinti norma və qaydalarına riayət etməklə razılaşdırması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək imkanı olduğu halda cavabdehə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Mənzil Məcəlləsinin 28.5-ci maddəsi ilə nəzərdə tutulmuş haldan irəli gələ bilən tələb hüququnun da mövcudluğu hazırkı iş üzrə müəyyən olunmur. Belə ki, mübahisəli mənzilin tavan hissəsində, üst mərtəbədəki mənzilinin döşəməsində deformasiyalar hər hansı təbii fəlakət nəticəsində yaranmamışdır. Bu barədə FHN Tikintidə Nəzarət Dövlət Agentliyinin yaşayış binasının texniki vəziyyətinə dair aktda bilavasitə göstərilmiş, eyni zamanda aktda bina sakinləri tərəfindən inşa edilmiş əlavə yaşayış sahələrinin binanın əlavə yüklənməsinə və zəifləməsinə səbəb olduğu vurğulanmışdır. Beləliklə, cavabdeh Bakı şəhər İcra hakimiyyətinin xüsusi mülkiyyətdə olan mənzillərin təmiri və bərpasına dair öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərini pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar