Məhkəmə qərarları › İş №2-1(103)-1840/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1840/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1840/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızıının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı tərəfndən X3 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 76405 №-li bakalavr diplomu (lisans diploması), apostil, məzun tələbə transkripti və diplom əlavəsi məhkəməyə təqdim edilmişdir.

2. Təhsildə Keyfiyyət Təminatı Agetliyinin xx.xx.2024-cü il tarixli NA00029947 nömrəli “xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, onun bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1- ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyöun kvalifikasalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən qərara alınmışdır: 1. Ərizəçinin (İddiaçı) xarici ali təhsilə dair kvalifikasının tanınmasından imtina edilsin.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 76405 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-2023-cü illərdə Türkiyə Respublikasının Atatürk Universitetində “Biznes” ixtisası üzrə bakalavr təhsili almışdır. Ali təhsil müəssisəsini bitirdikdən sonra ona 07 iyun 2023-cü il tarixində 76405 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Universitet təhsilindən əvvəl 2011-2012-ci illərdə Bakı Dövlət Sosial İqtisad Kollecində “Hüquq mühafizə fəaliyyəti” ixtisası üzrə orta ixtisas təhsili üzrə sub-bakalavr təhsilini başa vurmuşdur. Əldə etdiyi kvalifikasiyanın tanınması məqsədi ilə xx.xx.2024-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. 2 ay icraat apardıqdan sonra kvalifikasiyanın tanınmasından imtina edilmiş və buna dair 05 iyul 2024-cü il tarixli NA00029947 nömrəli Qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir”. Göründüyü kimi Qərarda imtinanın konkret əsası göstərilməmiş, formal olaraq imtina edilmiş və qanunvericiliyin normaları sadalanmışdır. O, 2019-2023-cü illərdə təhsil almış və təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” qüvvədə olmuşdur. Sözügedən Qaydalara əsasən onun ali təhsili üzrə kvalifikasiyanın tanınmasından imtina üçün heç bir əsas yoxdur.

5. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron sistem vasitəsilə müraciət etmiş, onun ərizəsi əsasında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olmaqla icraat aparılmış, Qaydaların 3.10.1-ci və 4.1.5-cü təhsil forması üzrə uyğunsuzluq təşkil etdiyi üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən 05 iyul 2024cü il tarixdə imtina edilmişdir. İcraat nəticəsində İddiaçı tədris dövrü olaraq onun diplom əlavəsində “açıköğretim” təhsil formasında qeyri- ənənəvi formada təhsil aldığı təsdiqlənmişdir. Bununla bağlı qeyd edilmişdir ki, Qaydaların 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına (əyani və ya qiyabi) əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Qaydalar, Azərbaycan Respublikası Təhsil haqqında Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda əks olunmuş distant texnologiyaların tətbiqi ilə tədrisin təşkili prosesinin xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyalara nisbətdə çərçivəsini müəyyən etmişdir. Bu baxımdan da, Qaydalar oxşar hallara nisbətdə yüngülləşdirici normativ akt kimi dəyərləndirilməlidir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, “açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin "açık yükseköğretim yönetmeliği” haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal özünü iddiaçının təhsil aldığı müəssisənin agentliyə ünvanlamış olduğu məktubda “açıköğretim” və “distant” təhsilin fərqli anlayışlar olduğu qeyd etməsi ilə də özünü təsdiqləyir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mütəmadi olaraq, qeyd edilən proqram üzrə universitet tərəfindən təyin olunmuş mərkəzdə təşkil olunan aralıq imtahanlarında iştirak etmiş, hər semestrin sonu Türkiyədə təşkil olunan final imtahanlarında iştirak etmişdir. Buna dair akademik transkript və imtahanlardan uöurlu keçməsinə dair “müzun öğrenci not döküm belgesi” sənədləri məhkəməyə təqdim olunmuşdur. Həmçinin türkiyə Respublikası Atatürk Universitetinin təqdim etdiyi arayışda qeyd edilmişdir ki, “ Türkiyə Respublikasında açıq təhsil və formal təhsil məzunları eyni hüquqlara malikdir. X4 edilməsi üzrə Bakalavr proqramının **********3 nömrəli tələbəsi İddiaçı təhsil aldığı müddətdə Azərbaycanda (Bakı) aralıq imtahanlarınnda. Türkiyədə isə buraxılış imtahanlarında iştirak etmişdir.”

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 3.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

13. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının: 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 14.Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən Qaydaların 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2 -ci maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, iddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində “Biznes” ixtisasına dair aldığı bakalavr təhsili üzrə ali təhsilə aid kvalifikasiyasının tanınmasını tələb edir.

21. Cavabdeh orqan isə iddiaçının aldığı “açık öğretim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına uyğun olmamasına istinad edərək, iddianı təmin etməkdən imtina etmişdir.

22. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşır.

23. İşin faktiki hallarından görünür ki, İddiaçı təhsil forması “açıköğretim”, təhsil səviyyəsi “bakalavriat”, təhsil müddəti 2019-2023-cü illər olmuşdur. Sərhədkeçmə məlumatları: 2019/2020 – 8 gün/İİ semestr pandemiya dövrü, 2020/2021 – getməyib/pandemiya dövrü, 2021/2022 – 3 gün/pandemiya dövrü, 2022/2023 – 4 gün. Aposril var, universitetin akkreditasiyası mövcuddur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının əldə etdiyi təhsil haqqında diplomun tanınmamasının əsasını onun tədris forması, daha dəqiq desək “açık öğretim” adlanan tədris formasının Azərbaycan Respublikasında mövcud qanunvericiliklə nəzərdə tutulmaması təşkil edir.

25. İş materiallarından müəyyən olunur ki, iddiaçı “açık öğretim” adlanan təhsilalma formasında təhsil almışdır.

26. Nəzərə almaq lazımdır ki, “açık öğrətim” tədris forması ilə distant təhsil arasında nəzərəçarpaçaq qədər fərqlər mövcuddur.

27. Belə ki, açık öğrətim ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır.

28. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır.

29. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır.

30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar