Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1841/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2021 saylı, 12.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə İddiaçı əmək pensiyasına müvafiq təminat xərcliyinin-100 faizi miqdarında əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı 14.07.1993-cü ildən 02.09.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Müdafiə Nazirinin 07.05.2016-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq polkovnik- leytenant hərbi rütbəsində ehtiyata buraxılmış, 02.09.2016-cı il tarixədək N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Tərxis olunanadək dəfələrlə sağlamlığında yaranmış problemlərlə əlaqədar olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və N saylı hərbi hissədə stasionar və ambulator, N saylı hərbi hissə komandirinin 11.01.2016-cı il tarixli, 42 saylı göndərişinə əsasən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuş və hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmişdır. Həmin şəhadətləndirilməyə əsasən nadir hallarda kəskinləşən, hissihərəki pozulmalarla təzahür edən, residiv gedişli, diskogen mənşəli xroniki boyun və beloma radikuliti, natamam remissiya mərhələsində fəqərələrarası disklərin protuziyaları və s. diaqnozu qoyulmaqla xəstəliyin hərbi xidmət dövründə alındığı qərarına gəlinmişdir. “Hərbi xidmətkeçmə haqıında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, Müdafiə Nazirinin qeyd olunan müvafiq əmri də məhz bu müraciətdən sonra verilsə də o, 02.09.2016-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra isə ağrılar dözülməz olduğundan qeydiyyata alındığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi rəisinin 17.01.2017-ci il tarixli, 22 nömrəli göndərişi ilə AR MN Mərkəzi Hərbi Həkim Komissiyasına yoxlanmaya göndərilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 27.02.2017-ci il tarixli, 575 nömrəli qərarına əsasən “xarici amihnradiyasiyanın (yəni şüalanmanın) təsiri nəticəsində yaranan toksiki-postradiasion ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar və astenonevrotik əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri” diaqnozu qoyulmaqla, bunların hərbi travma olmaqla hərbi xidmət vəzifələri yerinə yetirərkən alındığı bildirilmişdir. Müdafiə Nazirinin əmrinin dəyişdirilməsi ilə bağlı əvvəlcə Müdafiə Nazirliyinə və nəticə etibarı ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(82)-205/2018 saylı 15.02.2018-ci il tarixli qərarı ilə əmrdə xəstəlyin görə ehtiyata buraxılması ilə bağlı dəyişiklik edilməsi cavabdehə həvalə olunmuş və həmin qərar, Bakı Apellyasiya Məhkəməsinin iş 2-1(103)-311/2019 saylı 27.03.2019-cu il tarixli qərarı, həmin qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının iş 2- 1(102)2845/19 saylı 29.11.2019-cu il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə nazirinin 092 nömrəli 11.02.2020 tarixli əmrinə və “Hərbi xitmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) 07.05.2016-cı il tarixdən (N saylı hərbi hissə komandirinin N nömrəli 02.09.2016-cı il tarixli əmri ilə şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış) ehtiyata buraxılmış və Müdafiə Nazirliyi tərəfindən yeni məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Daha sonra, 06.05.2020-ci il tarixində ərizə və qoşma sənədlərlə cavabdeh İdarəyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 20.16.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin edilməsinə köməklik göstərilməsini xahiş etsə də, ona göndərilmiş 11.08.2020-ci il tarixli **********5 nömrəli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bildirilmişdir ki, yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ yoxdur” səbəbi əsas gtirilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı hesab edir ki, bu hal düzgün deyildir. Onun Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən cavabdeh tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulmuş, sonradan məhkəmə qərarına əsasən ehtiyata buraxılması barədə əmrin əsasının dəyişdirilərək “xəstəliyə görə” əmrləşdirilməsi nəzərə alınmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2021 saylı, 12.04.2021-ci tarixli qərarı ilə iddia təmin edilmiş və xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə İddiaçı əmək pensiyasına müvafiq təminat xərcliyinin-100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət aşağıdakılarla əsaslandırılmışdır: ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin qulluq etdiyi orqanların müvafiq qürumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya Müdafiə Nazirliyinin 03.09.2016-cı il tarixdə filiala daxil məlumat vərəqi əsasında yaşa görə əmk pensiyası təyin edilmişdir. 17.04.2020-ci il tarixində isə onun adına yenidən məlumat vərəqi Filiala daxil olmuş, həmin məlumat vərəqində tərxis olunma maddəsi “xəstəliyi”nə görə qeyd edilmişdir. “Əmək pensiyaları haqqqında” Qanunun 34-cü maddəsinə əsasən Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Bu səbəbdən Qanunun 34-cü maddəsi əsas gətirilərək pensiya növünün dəyişdirilməsi ilə bağlı ərizəsi rədd edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil, cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən iddiaçının Müdafiə nazirinin 092 nömrəli 11.02.2020 tarixli əmri ilə əvvəlki əmrdə ehtiyata buraxılmasının əsası dəyişdirilərək, “Hərbi xitmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) 07.05.2016-cı il tarixdən şəxsi heyətinin siyahısından çıxarılması kimi qeyd yazıldığını və 2018-ci ildə ona xəstəliyinə görə 1 qrup əlillik dərəcəsi verildiyini qeyd edərək, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən iddiaçının təminat xərcliyinin 100 faizi miqdarında pensiya almaq hüququna malik olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla, müvafiq təminat xərcliyinin - 100 faizi, miqdarında əmək pensiyasına əlavələr təyin edilir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci madddəsi tətbiq edilməklə, ona təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilməsini, yaşa görə pensiya növündən əlillik pensiyasına keçməsi kimi qiymətləndirərək, “Əmək pensiyaları haqqqında” Qanunun 34-cü maddəsinə münasibətdə bunun yolverilməz olduğunu qeyd edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, ona görə ki, işə əlavə olunmuş qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin iş 2-1(82)-205/2018 saylı 15.02.2018-ci il tarixli qərarının icrası qaydasında Azərbaycan Respublikası Müdafiə nazirinin 092 nömrəli 11.02.2020 tarixli əmri ilə Müdafiə Nazirinin əvvəlki 07.05.2016-cı il tarixli əmrində iddiaçının ehtiyata buraxılmasının əsası dəyişdirilərək, onun “Hərbi xitmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) 07.05.2016-cı il tarixdən (N saylı hərbi hissə komandirinin N nömrəli 02.09.2016-cı il tarixli əmri ilə şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış) ehtiyata buraxılmış yazılması Müdafiə Nazirliyinə həvalə olunmuşdır. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən tərxis olunmasıının tarixi - 02.09.2016-cı il, əsası - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə), xəstəliyin səbəb əlaqəsi - “xidmət vəzifsini yetirməsi ilə bağlı” göstərilməklə, iddiaçı barəsində 18.02.2020-ci il tarixində yeni məlumat vərəqəsi tərtib edilərək, cavabdeh orqana göndərilmişdir. Bununla yanaşı hərbir halda qeyd olunmalıdır ki, iddiaçı, Müdfaiə Nazirinin sonrakı əmri ilə əvvəlki əmrdə düzəliş edilsə də, faktiki olaraq 2016-cı ildə tərxis olunarkən onun “xidmət vəzifəsini yetirməsi ilə bağlı” səbəb əlaqəsi ilə xəstəliyinə görə tərxis olunmamış, həmin anda DSMF-nin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilən İ qrup əlillik dərəcəsi hələ mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 575 nömrəli 27.02.2017-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, sonradan, iddiaçının aldığı travma “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, şəhadələndirilmiş, bundan sonra yalnız ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 19.04.2018-ci il tarixində hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar səbəb əlaqəsi ilə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsində nəzərdə tutulan xidməti vəzifələri yerinə yetirərkən İ dərəcə əlil olmuş şəxs kimi, onun aldığı müvafiq təminat xərcliyinin - 100 faizi miqdarında əmək pensiyasına əlavələr almaq hüququ da, məhz, 19.04.2018-ci il tarixindən yaranmış olur. Hər bir halda, qeyd olunanlardan göründüyü kimi, cavabdehin apelyasiya şikayətinin iddiaçının pensiya növünü yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə dəyişməsi adı altında, ona 100 faiz təminat xərcliyi nəzərə alınmaqla, pensiyasına əlavələr etməkdən imtinasının əsassız olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin iddiaçının ərizəsini təmin etməkdən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianın təmin olunması barədə düzgün nəticəyə gəlsə də, iddiaçının əmək pensiyasının hansı tarixdən, eləcə də, hərbi xtdmət dövründə xidməti vəzifələri yerinə yetirərkən neçənci qrup əlillik dərəcəsinə görə ona təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməli olmasına hüquqi qiymət verməmiş, qərarın nəticə hissəsində buna müvafiq münasibət bildirməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğvini tələb edən dəlilləri ilə qismən razılaşaraq yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2021 saylı, 12.04.2021-ci il tarixli qərarı dəyişdirilməli və iddianın təmin edilməsi, İddiaçı əmək pensiyasına hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İ dərəcəli əlil olduğuna görə 19.04.2018-ci il tarixindən təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2021 saylı, 12.04.2021-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı əmək pensiyasına hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İ dərəcəli əlil olduğuna görə 19.04.2018-ci il tarixindən təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1841/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1841/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver