Məhkəmə qərarları › İş №2-1(103)-1841/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1841/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1841/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13214/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən ümumi sığorta stajı 25 ildən artıq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixi 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, 21.4-cü bəndində göstərilmiş vəzifələrdə əmək stajı 12 il 6 aydan çox olduğuna görə ona 60 yaşı tamam olduğu tarixdən, yəni 20 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Cəbrayıl rayonu, Qovudlu kəndində anadan olmuşdur. 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad yeni qəsəbədə ailəsi ilə məskunlaşaraq hazırda da həmin qəsəbədə yaşayır. 1979-cu ildən əmək fəaliyyətinə başlamış, haızrda 25 ildən artıq ümumi sığorta stajına və 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən əmək stajına malikdir. Əmək kitabçasına əsasən 01 noyabr 1979-cu ildən kolxoz üzvlüyünə daxil olub, xx.xx.1980-ci ilədək (5 ay) “Qələbə” kolxozunda işləmiş; 17 may 1980-ci ildən 08 iyun 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş (2 il 21 gün); xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək X6 Texnikumunda təhsil almış (2 il 6 ay); xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək (6 il 3 ay 9 gün) Cəbrayıl rayonu “Qələbə Kolxozu”nda aqranom vəzifəsində işləmiş (6 il 3 ay 9 gün); xx.xx.1991-ci ildən xx.xx.1993cü il tarixədək Cəbrayıl rayon “X1” anbardar vəzifəsində işləmiş (1 il 10 ay 1 gün); xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək 3 nömrəli Üzən Tikinti-Quraşdırma idarəsində 2ci dərəcəli betonçu işləmiş (10 ay 10 gün); xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" QSC-nin Bakı Yük Stansiyasında “Vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləmiş (9 il 10 ay 22 gün); xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" QSC-nin Bakı Yük Stansiyasında “vaqonlraın hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləmiş (1 il 9 ay 22 gün); xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək "xxxx" QSC-nin Bakı-Yük Stansiyasında “Vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləmiş (1 il 9 ay 25 gün); xx.xx.2021-ci ildən hal-hazıradək "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X2 xidməti Şimal Sahəsinin sinifdənkənar Bakı yük stansiyasında “Vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləyir. 60 yaşı tamam olanadək, yəni xx.xx.2022-ci ilədək olan əmək stajı 7 ay 3 gün. O, cavabdehə ərizə ilə müraciət edərək ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ümumi iş stajının 25 ildən az və pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının aşağı həddən az olması səbəbi ilə imtina edilmişdir. Vəkilə müraciət edərək bütün sənədləri topladıqdan sonra yenidən cavabdehə müraciət etmiş, lakin yenə cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Əmək kitabçasında olan əmək fəaliyyəti dövrünü əhatə edən ümumi sığorta stajı 25 il 6 ay 23 gün təşkil edir ki, həmin əmək stajı daxilində təkcə "xxxx" QSC-nin tabeliyində olan müəssisələrdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən iş stajı 14 il 1 ay 12 gün təşkil edir ki, bu da həmin pensiyanın təyin edilməsi üçün tələb olunan 12 il 6 ay əmək stajından çoxdur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-13214/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az olması və fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Xüdafərin quşçuluq fabrikində və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Üzücü Tikinti-quraşdırma dəstəsi’’ndə işlədiyi dövrlər əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yarandığından mübahisələndirilərək iddiaçının ümumi sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındaki qeydlərin mötəbərliyini şübhə altına salacaq hallara rast gəlinməmiş, bu səbəbdən də həmin qeydlər mötəbər hesab edilməlidir. Məhkəmənin mövqeyinə görə, imtinanın əsasını təşkil edən bir digər hal olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə münasibətdə hazırda qüvvədə olan qanunvericiliyin tələblərində belə bir hal olmadığından cavabdeh orqan iddiaçının müraciətindən əsassız imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon X1 işlədiyi dövrlərlə bağlı aparılmış qeyd həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına məxsus möhür ilə təsdiq edilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Üzücü Tikintiquraşdırma dəstəsində işlədiyi dövrlərlə bağlı aparılmış qeyd isə həmin dövrdə mövcud olmayan SSRİ X3 möhürü ilə təsdiqlənmişdir. 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilmiş, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibindən çıxmışdır. Bu halda iddiaçının xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayon Xudafərin quşçuluq fabrikinə işə daxil olduğu tarixdə aparılmış qeydin Azərbaycan Respublikasına aid möhürlə təsdiqlənməsi, həmçinin iddiaçının xx.xx.1994-cü il tarixdə “Üzücü Tikinti-quraşdırma dəstəsi”ndə işdən azad olduğu tarixdə aparılmış qeydin SSRİ X5 aid möhürlə təsdiqlənməsi mümkünsüzdür. Qeyd olunan səbəblərdən iddiaçının əmək kitabçasındaki qeydlərin mötəbərliyinə kifayət qədər əsaslı şübhələr yaranmış və həmin dövrlərin iddiaçının ümumi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının sözügedən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğular verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2023cü il tarixli cavab məktubunda Cəbrayıl rayon Xudafərin quşçuluq fabrikinin arxiv sənədləri işğal zonasında qaldığından heç bir məlumatın olmadığı və Cəbrayıl rayonunda Üzücü Tikinti-quraşdırma idarəsi olmadığı qeyd edilmişdir. Müvafiq məktubdan göründüyü kimi, Cəbrayıl rayonunda “Üzücü Tikinti-quraşdırma idarəsi”nin mövcud olmadığı qeyd edilsə də, məhkəmə qərar qəbul edərkən bu halı nəzərə almamış və iddiaçının həmin müəssisədə işlədiyi dövrləri ümumi sosial sığorta stajına daxil etmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi dövrlərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamış, iddiaçının əmək kitabçasının mötəbərliyinə kifayət qədər əsaslı şübhələr olduğu halda yalnız əmək kitabçasında qeydlərin olması ilə kifayətlənərək qərar qəbul edilmiş və sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir. Həmçinin imtinanın əsasını təşkil edən bir digər hal kimi, iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd edilmişdir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən iddiaçının 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı və fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə qeyd olunan normanın tələblərindən kənara çıxaraq iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etmiş, iddiaçının pensiya kapitalının pensiya təminatı üçün kifayət edib-etməməsini kifayət qədər araşdırmamış, maddi hüquq normalarının tətbiqində kobud şəkildə səhvə yol vermişdir. Həmçinin məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edir ki, hətta cavabdehin mübahisələndirdiyi dövrlər nəzərə alınmasa belə iddiaçının 25 il ümumi stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.4-cü yarımbəndinə əsasən əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən təhsil dövrü sosial sığorta stajı kimi nəzərə alınır. Göründüyü kimi, müvafiq normada yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 030058 nömrəli diploma əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Kənd Təsərrüdatı texnikumunda təhsil almışdır. Məhkəmə iddiaçının təhsil aldığı dövrlərin ümumi iş stajına daxil edilməsi qənaətinə gəlsə də, iddiaçının əyani təhsil alması barədə heç bir məlumat mövcud deyildir. Bu halda iddiaçının əyani təhsil aldığı sübuta yetirilmədiyindən həmin dövrlərin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkünsüzdür. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun deyildir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. İddiaçı tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən ümumi sığorta stajı 25 ildən artıq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixi 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndində göstərilmiş vəzifələrdə əmək stajı 12 il 6 aydan çox olduğuna görə ona 60 yaşı tamam olduğu tarixdən, yəni 20 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat iizrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının ümumi stajının 25 ildən az olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon X1 və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Üzücü Tikinti-quraşdırma dəstəsində işlədiyi dövrlər əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaratdığından mübahisələndirilərək iddiaçının ümumi sığorta stajına daxil edilməmişdir. Məhkəmənin mövqəyinə görə, iddia tələbinə etirazın əsasını təşkil edən digər hal iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə münasibətdə hazırda qüvvədə olan qanunvericiliyin tələblərində belə bir hal olmadığından cavabdeh orqan iddiaçının müraciətindən əsassız imtina elmişdir. Şikayətdə göstərilir ki, iş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayonu X1 işlədiyi dövrlərlə bağlı aparılmış qeyd həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına məxsus möhür ilə təsdiq edilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Üzücü Tikintiquraşdırma dəstəsi”ndə işlədiyi dövrlərlə bağlı aparılmış qeyd isə həmin dövrdə mövcud olmayan SSRİ X3 möhürü ilə təsdiqlənmişdir. Sözügedən qeydlərə münasibətdə nəzərə çatdırılır ki, 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilmiş, Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxmışdır. Bu halda iddiaçının xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonu X1 işə daxil olduğu tarixdə aparılmış qeydin Azərbaycan Respublikasına aid möhürlə təsdiqlənməsi, həmçinin iddiaçının xx.xx.1994-cü il tarixdə “Üzücü Tikinti-quraşdırma dəstəsi”ndə işdən azad olduğu tarixdə aparılmış qeydin SSRİ X5 aid möhürlə təsdiqlənməsi mümkünsüzdür. Qeyd olunan səbəblərdən iddiaçının əmək kitabçasındaki qeydlərin mötəbərliyinə kifayət qədər əsaslı şübhələr yaranmış və həmin dövrlərin iddiaçının ümumi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq nəzərə çatdırılır ki, məhkəmə tərəfindən iddiaçının sözügedən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasının dədiqləşdirilməsi məqsədilə aidiyyatı üzrə sorğular verilmişdir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubunda Cəbrayıl rayonu Xudafərin quşçuluq fabrikinin arxiv sənədləri işğal zonasında qaldığından heç bir məlumatın olmadığı və Cəbrayıl rayonunda “Üzücü Tikinti-quraşdırma idarəsi’' olmadığı qeyd edilmişdir. Müvafiq məktubdan göründüyü kimi, Cəbrayıl rayonunda Üzücü Tikintiquraşdırma idarəsinin mövcud olmadığı qeyd edilsə də, məhkəmə qərar qəbııl edərkən bu halı nəzərə almamış və iddiaçının həmin müəssisədə işlədiyi dövrləri ümumi sosial sığorta stajına daxil edilmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi dövrlərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamış, iddiaçının əmək kitabçasının mötəbərliyinə kifayət qədər əsaslı şübhələr olduğu halda yalnız əmək kitabçasında qeydlərin olması ilə kifayətlənərək qərar qəbul edilmiş və sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin göstərilən dəlilləri əsassızdır. Apellyasiya şikayəti təmin ediliməməli, iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İddiaçı xx xxxxxx 1962-ci ildə Cəbrayıl rayonu, Qovudlu kəndində anadan olmuşdur. 1979-cu ildən əmək fəaliyətinə başlamış, hazırda 25 ildən artıq ümumi sığorta stajına və 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən əmək stajına malikdir. Apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh inzibati orqanın apellyasiya şikayətində göstərdiyi dəlillər iddia tələbinə etirazla eynilik təşkil edir. İddaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon X1 və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək «Üzücü Tikintiquraşdırma dəstəsi»ndə işlədiyi dövrlər əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsash şübhələr yarandığını göstərərək həmin dövrləri iddiaçının ümumi sosial sığorta stajına daxil edilməməsinə və iddiaçının ümumi stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad olunmuşdur. İddiaçı Cəbrayıl rayonu. X1 işlədiyi xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr üzrə aparılmış qeyd həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə təsdiq olunduğundan əmək stajına aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranması ilə bağlı göstərilməlidir ki, xx.xx.1991-ci il 4 №li Əmrə əsasən iddiaçının Cəbrayıl rayonu X1 anbardar vəzifəsinə təyin edilməsi fabrikin direktoru tərəfindən imzalanmışdır. Lakin həmin vaxt möhür vurulmamışdır. xx.xx.1993-cü ildə 5 №-li Əmrə əsasən öz ərizəsi ilə tutduğum vəzifədən azad olmağı qeyd edilməklə fabrikin latın qrafikalı yeni möhürü vurulmuşdur. Həmin vaxt əmək kitabçasında işə qəbul dair qeydə də həmin (eyni) möhür vurulmuşdur. 30 avqust 1991-ci il tarixdə Dövlət Müstəqilliyi barədə Bəyənnamə qəbul edilmiş, 18 oktyabr 1991-ci il tarixdə Dövlət Müstəqilliyinin elan edilməsi barədə Konstitusiya aktı qəbul edilmişdir. 1993-cü ildə Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçilmişdir və bundan sonra idarə və müəssisələrdə latın qrafikalı əlifba ilə möhür və ştamplar alınmışdır. Apellyasiya şikayətində əmək kitabçasında aparılmış “Üzücü tikinti-quraşdırma” dəstəsində işlədiyi xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində həmin dövrdə mövcud olmayan möhürün vurulmasının göstərilməsi ilə bağlı da qeyd etməyi zəruri hesab edir ki, idarədə əvvəllər mövcud olmuş möhür müvafiq vaxtda dəyişdirilmədiyindən əmək kitabçasına köhnə möhür vurulmuşdur. Həmin idarə hazırda fəaliyyət göstərmədiyindən qeyd edilən məsələ ilə bağlı arayış alınması mümkün olmamışdır. Hətta İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən işlədiyi dövrlər ((xx.xx.1991-xx.xx.1993 (1 il 10 ay 21 gün); xx.xx.1993-xx.xx.1994 (10 ay 10 gün)) onun sığorta stajına daxil edilməsə belə, onun ümumi iş stajı 25 il 2 ay 29 gün (28 il 2 ay - 2 il 9 ay 1 gün (1 il 10 ay 21 gün+ 10 ay 10 gün)= 25 il 2 ay 29 gün) təşkil edəcəkdir ki, bu da yenə iddiaçının ümumi iş stajının 25 ildən çox təşkil etdiyini göstərir. Cavabdehin həmçinin iddaçı İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə amili o zaman nəzərə alına bilər ki, şəxs 25 ildən az sığorta stajına malik olmuş olsun. İddiaçının ümumi iş stajı 25 ildən artıqdır. Buna görə də İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkanı olmadığı halda belə, güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Odur ki, cavabdeh inzibati orqanın iddaçı İddiaçı fərdi hesabının sırgorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADY-nin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi vaqonların hərəkət sürətin in tənzimləyicisi peşəsi üzrə xx.xx.2020-ci il tarixində keçirilmiş iş yerlərinin son attestasiyasının nəticəsinə əsasən əmək şəraitində həyati təhlükəli gərginlik amilinin yüksək olması, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin əyilməsi, yüksək səs-küyün mövcud olması, havada tozun miqdarının sağlamlıq üçün yol verilə bilən normadan artıq olması, zərərli karbohidrogen maddələrlə təmas halında olması, habelə açıq hava şəraitində davamlı işlərin görülməsi kimi insan orqanizmi üçün təhlükəli və zərərli istehsal amillərinin təsirinə məruz qalmasına görə sözügedən peşə üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab olunur. Bununla yanaşı bildirilmişdir ki, Sinifdənkənar Bakı Yük Stansiyasında qeyd edilmiş tarixdə aparılmış son attestasiyanın nəticəsində vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə əməkhaqqına 24% əlavə zərərlilik ödənişi müəyyən edilmişdir. Məktuba qoşma şəklində peşə barədə attestasiya sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, həmin sənədlərlə İddiaçı işlədiyi vəzifələrin xarakteristikası, xüsusi ilə zərərli əmək şəraitinə malik olması, zərərli əmək şəraitinə görə əlavələr alması, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bənddə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 17-ci abzasında (kod: 23001000-17863) öz əksini tapması göstərilmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan çox təşkil etməsi işin mübahisəsiz halı olmuşdur. Beləliklə, yuxarıda şərh olunanlardan müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair məhkəmə qərarından verdiyi apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tarixinin xx.xx.2022-ci il göstərilməklə, dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 31 avqust 1982-ci il tarixli əmək kitabçasında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Cəbrayıl rayon X1 işləməsinə diar aparılmış qeyd həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”ndə işləməsinə dair aparılmış qeyd isə həmin dövrdə mövcud olmayan SSRİ X3 möhürü ilə təsdiqləndiyindən yuxarıda qeyd olunan dövrlər üzrə əmək stajına aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bu səbəbələrdən də, onun ümumi iş stajı 25 ildən az təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminaıtna imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: xx.xx.2007-xx.xx.2017 - Bakı Yük Stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2017 - xx.xx.2019 – Yük daşımaları Departamentinin Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2019 - xx.xx.2021 – İnfrastruktur Departamentinin Bakı yük stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2021-ci il tarixdən – hal-hazıradək Yük Daşımaları Departamentinin X2 Xidmətinin Şimal Sahəsinin Sinifdənkənar Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi. Stajı 15 il 7 ay 23 gün təşkil edir. İşlədiyi vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsinin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri vaqonların hərəkət sürətinin tormoz başmaqları vasitəsilə tormozlanması yolu ilə tənzimlənməsindən, başmaqların yığışdırılması və tormoz mövqeyinə gətirilməsindən və dayanan vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 21.4-cü bəndin 16 və 19-cu abzaslarına uyğundur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ididaçı İddiaçı xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADY-nin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi “vaqonların hərəkət sürətinin tənzimləyicisi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 17-ci abzasında (Kod: 23001000-17863) göstərilən “vaqonların hərəkət sürətinin tənzimləyiciləri” peşəsinə uyğundur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ididaçı İddiaçı xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADY-nin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə xx.xx.2020-ci il tarixində keçirilmiş iş yerlərinin son attestasiyasının nəticəsinə əsasən əmək şəraitində həyati təhlükəli gərginlik amilinin yüksək olması, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin əyilməsi, yüksək səs-küyün mövcud olması, havada tozun miqdarının sağlamlıq üçün yol verilə bilən normadan artıq olması, zərərli karbohidrogen maddələrlə təmas halında olması, habelə açıq hava şəraitində davamlı işlərin görülməsi kimi insan orqanizmi üçün təhlükəli və zərərli istehsal amillərinin təsirinə məzur qalmasına görə sözügedən peşə üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab olunur. Bununla yanaşı bildirilmişdir ki, Sinifdənkənar Bakı Yük Stansiyasında qeyd edilmiş tarixdə aparılmış son attestasiyanın nəticəsində vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə əməkhaqqına 24% əlavə zərərlilik ödəişi müəyyən edilmişdir. Məktuba qoşma şəklində peşə barədə attestasiya sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1979xx.xx.1980, xx.xx.1980-xx.xx.1982 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1985 (təhsil - JT seriyalı 030058 nömrəli diplomun surəti iş materiallarına əlavə edilmişdir), xx.xx.1985xx.xx.1993, xx.xx.1993-xx.xx.1994, xx.xx.2007-xx.xx.2019, xx.xx.2019-xx.xx.2021, xx.xx.2021-xx.xx.2022 - cəmi 28 il 19 gün). İddiaçının ona pensiyanın xx.xx.2022-ci il tarixdən təyin edilməsini xahiş etdiyi nəzərə alınarsa, həmin tarixədək iddiaçının ümumi sığorta stajı 28 il 5 ay 26 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsinə, eləcə də əmək kitabçasındakı qeydin yazılmasına görə iddiaçı cavabdehlik daşımır. Cavabdehin iddiaçının əmək kitabçasında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Cəbrayıl rayon X1 işləməsinə diar aparılmış qeyd həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”ndə işləməsinə dair aparılmış qeyd isə həmin dövrdə mövcud olmayan SSRİ X3 möhürü ilə təsdiqləndiyindən yuxarıda qeyd olunan dövrlər üzrə əmək stajına aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranması ilə əlaqədar mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə bəzi iş yerlərində hər iki dövrə aid möhürlərin saxlanılması halına rast gəlmək mümkündür. Əmək kitabçasında qeydin hansı qaydada təsdiq edilməsi iddiaçının səlahiyyətinə aid deyildir. Həmçinin həmin qeydlərin özündə hər hansı uyğunsuzluq halı mövcud deyildir. Bundan başqa, həmin qeydlərdən sonra da iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş və həmin tarixdən sonra da əmək kitabçasında iddiaçının əmək fəaliyyəti ilə bağlı müvafiq qeydlər aparılmışdır. Onların sonradan edilməsi və ya mötəbərliyinə şübhə yaradan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Bakı Yük Stansiyasında işlədiyi vaqonların hərəkət sürətinin tənzimləyicisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur:

21. Nəqliyyat. 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər: vaqonların hərəkət sürətinin tənzimləyiciləri. Eyni zamanda həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda da nəzərdə tutulmuşdur: Bölmə XXVİİİ. Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000-17863 - vaqonların hərəkət sürətinin tənzimləyiciləri. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.2007-xx.xx.2019, xx.xx.2019-xx.xx.2021, xx.xx.2021-xx.xx.2022cəmi 14 il 22 gün). İddiaçının ona pensiyanın xx.xx.2022-ci il tarixdən təyin edilməsini xahiş etdiyi nəzərə alınarsa, həmin tarixədək iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı 28 il 06 ay 02 gün təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əlaqədar cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən isə xx.xx.2022-ci il tarixdən qeyd olunan maddə yeni redaksiyada verilmiş və həmin maddədən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı tələb çıxarılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci ildən qüvvədə olan qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə əlaqədar tələb mövcud deyildir. Bu səbəbdən cavabdehin qeyd olunan dəlili də əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci ildən təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, qərarın «qərara aldı» hissəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tarixi «xx.xx.2022-ci il» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13214/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı, qərarın «qərara aldı» hissəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tarixi «xx.xx.2022-ci il» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar