Məhkəmə qərarları › İş №2-1(103)-1842/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1842/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1842/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 01.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi qanunvercilik normaları və mübahisəyə dair hüquqi mövqeyi düzgün olmamışdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun müddəaları tətbiq edilmişdir. Həmin qanununun 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. Beləliklə, həmin maddədə qeyd olunan güzəştlər iddiaçının həm ümumi iş stajına, həm də güzəştli iş stajına şamil edilməli idi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2- 1(112)-1576/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi, Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1959-cu ildə Füzuli rayonunda anadan olmuşdur. 23.08.1977-ci ildən 26.08.1978-ci ilə qədər Füzuli rayonu Lenin adına üzümçülük sovxozunun 6 nömrəli briqadasında fəhlə vəzifəsində işləmişdir. 1978-ci ilin sentyabr axından 1983-cü ilin iyun ayına qədər ali təhsil müəssisəsində təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra 05.09.1983-cü ildən 02.01.1990-cı ilə qədər Hadrut rayonunda Taun əleyhinə şöbədə zooloq vəzifəsində, 02.01.1990-cı ildən 15.01.1990-cı ilə qədər İmişli rayonda Taun əleyhinə şöbədə zooloq vəzifəsində, 17.01.1990-cı ildən 01.10.1991-ci ilə qədər Füzuli rayon Sanitariya- Epidemiologiya Stansiyasında entemoloq vəzifəsində, 01.10.1991-ci ildən 23.09.1993-cü ilə qədər Füzuli rayon profilaktik dezinfeksiya şöbəsinin müdiri, 02.01.1993-cü ildən 26.12.2017-ci il tarixə qədər Füzuli rayon Gigiyena və epidemiologiya mərkəzində entemoloq vəzifəsində işləmişdir. İddiaçı 24.11.2016-cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 01.06.2020-ci il tarixdən iddiaçının əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 9.1, 24.0.3, 37.8-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, qanunvericilikdə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, sığorta stajı dedikdə əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərdə tutulur və iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.3-cü maddəsində güzəştli iş stajının deyil, məhz ümumi iş stajının (sığorta stajının), ikiqat ölçüdə hesablanması nəzərdə tutulur. Yəni iddiaçının 05.09.1983-cü il tarixindən 02.01.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X2 Əleyhinə şöbəsində işlədiyi müddət iddiaçının ümumi iş stajına (sığorta stajına) hesablanarkən iki qat olaraq nəzərə alınmalıdır, güzəştli iş stajına deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə münasibətdə killegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin güzəştli şərtlərlə ikiqat daxil edilməsi pensiya hüququ yaranan şəxsin məhz sosial sığorta stajına, yəni, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna hesablanır. Həmin bənddə nəzərtə tutulmuş güzəşt cüzam və taun əleyhinə müəssisələrdəki iş müddətinin sosial sığorta stajına ikiqat hesablanmasını ehtiva edir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar