Məhkəmə qərarları › İş №2-1(103)-1842/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1842/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1842/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində işlədiyi dövrlərin sığorta stajına daxil edilməsisi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(112)- 11124/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Füzuli rayon Şükürbəyli kənd orta məktəbdə işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək və Füzuli rayon 19 saylı məktəbdə xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrləri sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. 1980-ci ildə X1 institutu bitirdikdən sonra Füzuli rayon Təhsil Şöbəsinin

15. 08.1980-ci il tarixli, 32 nömrəli əmrinə əsasən Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayon Şükürbəyli kənd orta məktəbinə ixtisası üzrə (riyaziyyat) müəllimi təyin edilmişdir. Füzuli rayonu 1993-cü ildə işğal olunduqdan Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 09 nömrəli əmri ilə Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün statusu daşıyan şagirdlər üçün təşkil edilmiş Füzuli rayonu 19 nömrəli orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda ixtisası üzrə müəllim təyin edilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin 02. 09.2002-ci il tarixli, 3 nömrəli əmrinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçıya 14. 01.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən Füzuli rayon Şükürbəyli kənd orta məktəbdə işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək və Füzuli rayon 19 saylı məktəbdə xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrləri sığorta stajına daxil edilməmişdir. Həmin dövrlərdə işləməsi barədə cavabdehə sənədlər təqdim edilsə də, cavabdeh bunları nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaya verilən etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilərkən onun xx.xx.1980-xx.xx.1993-cü illər ərzində Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, xx.xx.1993-xx.xx.1996-cı illər ərzində Füzuli rayonu 19 nömrəli orta məktəbdə işlədiyinə dair heç bir sənəd tapılmadığından pensiyanın yenidən hesablanması zamanı sözügedən dövrlər nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(112)-11124/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddianın təmin edilməsi, İddiaçı 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində işlədiyi dövrlərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilərkən onun xx.xx.1980-xx.xx.1993-cü illər ərzində Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, xx.xx.1993xx.xx.1996-cı illər ərzində Fizuli rayonu 19 nömrəli orta məktəbdə işlədiyinə dair heç bir sənəd tapılmadığından pensiyanın yenidən hesablanması zamanı sözü gedən dövrlər nəzərə alınmamışdır. İddiaçının 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996- cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə yanaşı, həmçinin müvafiq əmr və arayışlar ilə təsdiq olunduğundan, həmin dövrlər onun sığorta stajına daxil edilməli və əmək pensiyası yenidən hesablanmalıdır. Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 3-29-38/2-1868/2024 nömrəli cavab məktubunda iddiaçının işləməsinə dair 1993-cü ilə qədər olan mühasibatlıq sənədləri və digər sənədlər işğal olunan ərazidə qaldığından İddiaçı işə daxil olma, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtmasını, qeyd edilən illər, aylar üzrə əmək haqqı hesablanıb-hesablanmamasını təqdim etməmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdəki qeydlər sonradan latın qrafikalı əlifbadan istifadə edilərək yazılmış və buna əsas olan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununda izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, 1976-cı ildə Füzuli rayonu Şükürbəyli kəndində orta məktəbini bitirib. 1980-cı ildə “Riyaziyyat” ixtisası üzrə universitetdən məzun olub. Həmin dövrdə Füzuli rayon Təhsil Şöbəsi tərəfindən Füzuli rayonuna təyinat almışdır. Füzuli rayonu Şükürbəyli kəndində riyaziyyat müəllimi yox idi və kəndə müəllim başqa yerlərdən gətirilirdi. Füzuli rayon Təhsil Şöbəsinin 32 saylı əmrinə əsasən Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə riyaziyyat müəllimi kimi təyin edilmişdir. xx.xx.1980xx.xx.1993-cü illər ərzində də həmin məktəblərdə işləmişdir. xx.xx.1993-cü ildə Füzuli rayonu işğal olunmuşdur. Bu səbəbdən Saatlı rayonuna getmək məcburiyyətində qalmışlar. Orada çadır tipli siniflər təşkil etmişdir. Direktor müavini olduğuna görə təşkilatçılığı özü edirdi. 340-360 şagird və 36 müəllim kollektivindən Füzuli rayonu 19 saylı orta məktəbi təşkil etmişlər. 1978-ci ildə kənd məktəbində işləyən müəllimlərin hərbi xidmətdən azad olunması ilə bağlı qərar verilmiş və sonradan ona hətta təntənəli surətdə hərbi bilet də verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. - A-İ № 003411 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1980-ci illərdə “riyaziyyat” ixtisası üzrə Y.Məmmədəliyev adına X2 İnstitutunda təhsil almışdır. - Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə ixtisası üzrə (riyaziyyat) müəllim təyin edilmiş, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu 19 nömrəli orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda ixtisası üzrə müəllim təyin edilmiş və xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2002-ci il tarixdə S.Həsənov adına 63 saylı orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş və xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2022-ci il tarixdə 53 nömrəli orta məktəbə riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. - Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1980-ci il tarixli, 32 nömrəli əmrindən görünür ki, iddiaçı Azərbaycan SSR Maarif Nazirliyinin 1980-cı il, 121 №-li vəsiqəsi ilə sərəncama gəlmiş ali təhsilli riyaziyyaat müəllimi ixtisası üzrə Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə təyin edilmişdir. - Füzuli rayonu Şükürbəyli kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 317 №-li arayışdan görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək ixtisası üzrə müəllim işləmişdir. - Füzuli rayonu Şükürbəyli kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 353 №-li arayışdan görünür ki, iddiaçı 1987-1988 tədris ilində Şükürbəyli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. - Füzuli rayonu Şükürbəyli kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 515 №-li arayışdan görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şükürbəyli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. - Füzuli rayonu 19 nömrəli orta məktəbi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 89 №-li arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən fasiləsiz olaraq xx.xx.2002-ci ilə kimi Füzuli rayonu 19 nömrəli orta məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbə qədər və Ümumi Təhsil üzrə X3 Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-38/2- 924/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1980-ci il tarixli, 32 nömrəli əmrinə əsasən Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə ixtisası üzrə (riyaziyyat) müəllim təyin edilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 09 nömrəli əmri ilə Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün statusu daşıyan şagirdlər üçün təşkil edilmiş Füzuli rayonu 19 nömrəli orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda ixtisası üzrə müəllim təyin edilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.2002-cı il tarixli, 3 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. İddiaçı tərəfindən təqdim olunmuş arayışlardan və əmrlərdən aydın şəkildə görünür ki, iddiaçı 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmrlər və digər rəsmi sənədlər təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi üçün əsas deyildir. Belə ki, əmək haqqı cədvəllərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Birinci intansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, məhkəmə, tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamaq şərti ilə iddianın əsl məzmununu və irəli sürülmüş tələbin həqiqi hüquqi mahiyyətini nəzərə almağa borcludur. Buna əsasən, məhkəmə müəyyən edir ki, iddiaçının əmək kitabçasında əks olunan dövrlər onun sığorta stajına daxil edilməli olan dövrlərdir və bu məsələyə dair irəli sürülmüş tələb hüquqi əsaslara malikdir. Belə ki, əmək fəaliyyətinin müəyyən dövrlər üzrə təsdiq edilməsi üçün təqdim olunan sənədlərin təsdiqlənməsi, sübutetmə yükünü iddiaçının xeyrinə dəyişdirən əsaslı amillərdən biridir. Belə olan halda, iddiaçının təqdim etdiyi sübutlar onun iddiasının hüquqi əsaslılığını və faktiki doğruluğunu təsdiq edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(112)-11124/2024 qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(112)-11124/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar