Məhkəmə qərarları › İş №2-1(103)-1843/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1843/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1843/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 30.10.2019-cu il tarixli, **********176853 nömrəli aktı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırki məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li saylı qərarı qismən, dövlət büdcəsinə ödənilməli olan 363.705,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsi istisna olmaqla, qalan hissədə- 2014-2015 dövrlər üzrə ƏDV hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunsuz keçirilmiş yoxlama əsasında əldə edilmiş sübutlar və dəlillər əsasında qəbul edilmiş inzibati qərar məhkəmə tərəfindən hər bir halda qanunsuz sayılmalıdır. Yoxlamanın təyin olunması özü (prosedur olaraq Vergi Məcəlləsinə ziddir) qanunsuzdursa, onun keçirilməsi və nəticələri qismən qanuni sayıla bilməz. Eyni zamanda cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik ƏDV məqsədləri üçün vergitutulan dövriyyənin yalnız aşağı həddi üzrə hər kvadratmetr üzrə 225 manat olmaqla məhdudiyyət nəzərdə tutur. Hazırkı yoxlamayadək iddiaçının ƏDV öhdəliyi müəyyən edilərkən də satışa yararlı sahənin 1 m2 üzrə satış qiyməti 225 manatdan hesablanmışdır. Halbuki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş müqavilələr və maliyyə arayışlarına əsasən iddiaçının həmin dövrdə, həmin binada olan aşağıdakı mənzillər üzrə rəsmiləşdirdiyi satış qiymətləri 650-850 manat arasında olmuşdur. Nəticədə hazırki yoxlamayadək tətbiq edilən və iddiaçı tərəfindən qəbul edilən qiymət (225 manat) iddiaçının müqavilədə təsbit etdiyi və bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqləndiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.3.3-cü maddələrinə müvafiq olaraq mənzillərin satış dəyəri vergi orqanı tərəfindən haqlı olaraq ekspert rəyinə əsasən müəyyən edilmişdir. Həmin dövrdə, həmin ərazidə ayrı-ayrı şəxslər tərəfindən təqdim edilmiş binalar barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində (emdk.gov.az) olan qiymətlər araşdırılarkən mənzillərin 1 m2 üzrə satış qiymətlərinin 823 manatdan 2.198 manatadək dəyişdiyi müəyyən edilmiş və mənzillərin satış qiymətləri barədə məlumatlar da iş materiallarına əlavə edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunmamasını, iddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)- 525/2021 saylı qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək iddiaçı tərəfindən verilmiş şikayətin təəmin olunmamasını, cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçı tərəfindən verilmiş şikayət iddianın təmin olunmamış hissəsində və cavabdehin verdiyi şikayət iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 27 iyun 1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. -Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 09 oktyabr 2017-ci il tarixli, Q1701888 saylı qərarı ilə İddiaçı MMC-də 1710280,41 manat məbləğində, yəni külli miqdarda əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırmanın aparılması qərara alınmışdır. -Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 25.10.2018-ci il tarixli, **********167061 saylı qərarı ilə, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2013-avqust 2018 dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. -30 oktyabr 2019-cu il tarixli, **********176853 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş oktyabr 2013-avqust 2018 dövrlər üzrə yoxlama keçirilmişdir. -Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, İddiaçı MMC-yə əlavə dəyər vergisi üzrə 2014-cü il üçün 417.807,05 manat, 2015-ci il üçün 759.321,90 manat, 2016-cı il üçün 65.363,35 manat, 2017-ci il üçün 231.529,42 manat, 2018-ci il üçün isə 66.812,80 olmaqla ümumilikdə 1.540.834,52 manat əlavə vəsait hesablanmışdır. -Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 09 dekabr 2019-cu il tarixli, **********194539 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-yə 1.540.834,52 manat məbləğində vergi borcu hesablanmış və 171.766,3 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimlərin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********944400 nömrəli tələbnaməyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələr üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 09 dekabr 2019-cu il tarixli, **********194539 saylı qərar əsasında İddiaçı MMC-yə 1.540.834,52 manat məbləğində vergi borcu və 171.766,3 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 1.712.600,82 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6.1.3, 14.1, 14.2, 14.3, 38.3, 52.1, 53.1, 58.1, 153, 154, 159.1-ci maddələrini, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 01 yanvar 2016-cı il tarixədək qüvvədə olan 159.9-cu maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasına ƏDV-nin hesablanması ilə bağlı hissəsində əsassızdır. Eyni zamanda iddiaçıya 363.705,55 manat ƏDV-nin hesablanması və 171.766,3 manat maliyyə sanksiyasının tətbiq edilməsi məhz, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş bina ilə bağlı olduğundan, həmçinin, iddiaçının həqiqətən də, həmin dövr üzrə ƏDV məbləğinin azaldılması həm səyyar vergi yoxlaması aktında, həm də iş materiallarında olan sənədlərdə öz əksini tapdığından, vergi borcu həmin hissədə əsaslı hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya tətbiq olunmuş 171.766,3 manat maliyyə sanksiyası məhz Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş bina ilə bağlı hesablanmış 363.705,55 manat ƏDV ilə bağlı olduğundan, həmçinin, iddiaçının həqiqətən də, həmin dövr üzrə ƏDV məbləğinin azaldılması həm səyyar vergi yoxlaması aktında, həm də iş materiallarında olan sənədlərdə öz əksini tapdığından, vergi borcu həmin hissədə əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasını Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin nəzərə alınmalıdır ki, qeyd edilən ƏDV məbləği iddiaçının özü tərəfindən göstərilmiş dövriyyəsi nəzərə alınmaqla hesablanmışdır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, mübahisələndirilən qərarın qəbuluna əsas olmuş növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39-ci maddəsinə zidd qaydada həyata keçirildiyindən onun əsasında qəbul edilmiş qərar da əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikası Vergi Məcəlləsi 38.3.6-cı maddəsi ilə nəzərdə tutulmuş hal əsas götürülməklə, yəni cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduğu üçün həyata keçirildiyi üçün əsassız və qanunsuz sayıla bilməz. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 12.09.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirilməməlidir. Ekspert rəyində müqayisəli məhsullar kimi seçilən malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün internet səhifəsində qeyd olunan məlumatlara istinad edilməsini, həmin məlumatlar oferta olmaqla (Mülki Məcəllə 405.2, 407.1, 408.1, 408.2, 408.7-ci maddələr), rəsmi müqavilələr və ya hesab-fakturalar əsasında təsdiqini tapmadığından, həmin rəyə istinad etməklə vergi orqanının gəldiyi nəticə əsassızdır. Bundan başqa, Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hətta, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 12.09.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilsəydi belə, cavabdeh inzibati orqan tərəfindən əlavə dəyər vergisini inşa edilmiş binaların real bazar qiyməti əsasında müəyyən edilməsi həmin dövr üçün qüvvədə olan VMnin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 01 yanvar 2016-cı il tarixədək qüvvədə olan 159.9-cu maddəsində deyilirdi ki, mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əlavə dəyər vergisinin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. İş materiallarında eyni parametrlərlə bina tikən, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-mənzillərin satıldığı gündən 30 gün ərzində hansı oxşar mənzilin daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. İnzibati iş üzrə araşdırma zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi də öz izahatı zamanı bildirmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarı əsasındaİddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa yararlı olan 14.431,08 kv.m sahə yoxlama ilə tam əhatə olunmuş, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 159.9-cü maddəsi tətbiq edilməklə (225 manat X 14.431,08 = 3.246.993 manat), MMC-nin 2014-2015-ci illər üzrə ƏDV öhdəliyi 584.458,7 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsi tətbiq edilməklə maliyyə sanksiyası hesablanmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********135602 saylı 25.12.2017-ci il tarixli qərarla MMC cəmi 680.008,77 manat vergi məsuliyyətinə cəlb edilmiş, həmin qərar mübahisələndirilməmiş, vəsait MMC tərəfindən aidiyyəti üzrə ödənilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********135602 saylı 25.12.2017-ci il tarixli Qərar hazırda da qüvvədədir. Göründüyü kimi, 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin 01.11.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan hesabat dövrü qiymətləndirilən zaman, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa yararlı olan 14.431,08 kv.m sahə üzrə ƏDV hesablanarkən məhz VM-nin 159.9-cu maddəsinə istinad olunmuş və hər kvadrat metr üçün 225 manat məbləği tətbiq edilərək hesablanmışdır. Bu isə bir mənalı olaraq onu göstərir ki, əvvəlki səyyar vergi yoxlaması ilə iddiaçının yoxlanılan dövrü üzrə tətbiq edilmiş əlavə dəyər vergisinin hesablanma qaydası əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Məhkəmə hesab edir ki oktyabr 2013-avqust 2018 olan dövrlər üzrə İddiaçı MMC-nin əldə etdiyi gəlirdən eyni növ verginin (ƏDV) hesablanması VM-nin 3.5-ci maddəsinə ziddir. Belə ki, 22.12.2017-ci il tarixli səyyar vergi yoxlaması aparılan zaman İddiaçı MMC –yə hesablanmış və vergi məsuliyyətinə cəlb olunması ilə bağlı qərar əsasında ona tətbiq olunmuş 584.458,74 manat ƏDV və 95.550,03 manat maliyyə sanksiyası artıq ödənilmişdir. Həmçinin, inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.12.2017-ci il tarixli, **********135602 saylı qərarı mübahisələndirilməmiş və hazırki günədək qüvvədə olmuşdur. Həmin qərar qüvvədə ola-ola,vergi ödəyicisi tərəfindən həmin qərarla hesablanmış vergi borcu dövlət büdcəsinə ödənildiyi halda, eyni dövr üzrə eyni sahənin fərqli metodla təkrar yoxlanılması ümumilikdə qanunverilik normalarının tələblərinə ziddir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar