Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1843/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-ci il tarixli **********184464 saylı qərarına əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********185720 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2020-ci il tarixli **********199546 saylı ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 3.139.866,32 manat vergi məbləği hesablanmış və 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Ümumilikdə yoxlamanın gedişi zamanı həm “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də Vergi Məcəlləsinin tələbləri pozulmuşdur ki, bu pozuntular da xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərarın ləğvi üçün əsasdır. Yoxlama zamanı ekspertiza keçirilmədiyi halda yoxlamanın müddəti əsassız olaraq dayandırılmışdır. Yoxlama faktiki olaraq X2 və X1 tərəfindən aparılsa da, D.Hüseynzadə yoxlayıcı şəxs məlumat reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başa çatma tarixi xx.xx.2020-ci il qeyd olunsa da yoxlama əsassız olaraq xx.xx.2020-ci ildə başa çatdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, həm də Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə (Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda yoxlama zamanı Vergi Məcəlləsinin 136.1-ci maddəsinin tələblərinə uyğun çəkilmiş xərclər vergi orqanı tərəfindən əsassız olaraq nəzərə alınmamış və nəticədə əsası olmayan mənfəət vergisi hesablanmışdır. Həmçinin yoxlama zamanı 169.4-cü maddəsinə əsasən əvəzləşdirilmiş ƏDV məbləği əsassız olaraq vergi orqanı tərəfindən (əvəzləşdirmələr) ləğv edilmişdir. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********185720 saylı “Səyyar vergi yoxlaması Aktı" tərtib edilmiş və xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yoxlama ilə aşağıda qeyd edilən hallar müəyyən edilmişdir: Mənfəət vergisi üzrə: yoxlama ilə 2017-ci və 2018-ci illər üzrə mənfəət vergisi yoxlanılmış və Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə edilən xərclərin düzgün göstərilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən “SOCAR X8” Tresti ilə "xxxx" MMC arasında qazma quyularının maili qazılması və geofıziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlannın istifadəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin 27.10-cu yarımbəndinin c hissəsinə əsasən müqavilənin qüvvədə olma tarixi 2 il müəyyən edilmiş, d hissəsində isə müqavilənin növbəti illər üzrə uzadılması nəzərdə tutulmuşdur.“SOCAR X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə "xxxx" MMC ilə X5 Krallığının Aberdin şəhərində yerləşən "X11 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/Easydri 11/2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Daha sonra qeyd edilən xx.xx.2016-cı il tarixli müqaviləyə yeni maddələr əlavə edilməklə xx.xx.2017-ci il tarixdə "Razılaşmaya Əlavə" bağlanmışdır. Əlavənin 1.12ci yarımbəndinin f hissəsinə əsasən Müqavilənin 01 nömrəli qoşmasında göstərilən xidmətlərin (avadanlıqların icarəsi, mühəndis xidmətləri və s.) dəyərinin 10% artınlması nəzərdə tutulmuş və g hissəsinə əsasən "xxxx" MMC il ərzində ümumi əməliyyat xərclərinin dəyəri 3.000.000,0 ABŞ dolları məbləğindən az olduqda icarəyə götürülən avadanlıqlarının boşdayanma günlərinin sayı nəzərə alınmaqla icarə avadanlıqlarının günlük tarif məbləğinin 65% miqdarında ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. “X11 Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2734830,0 ABŞ dolları miqdarında yəni, müqavilə şərtində göstərilən 3000000.0 ABŞ dollarından az olduğu üçün 2176417.80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2099816.00 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3000000.0 ABŞ dollarından az olduğundan 3491938.00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün "xxxx" MMC-yə 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 5668355.8 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017-ci və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. Yoxlama ilə müqavilə şərtlərində müəyyən edilən 3.000.000,0 ABŞ dollarından artıq hissənin ödənilməsi ilə xərclərin süni surətdə artırıldığı nəzərə alınaraq, müvafiq hesablamalar aparılmaqla mənfəət vergisinin 2017-ci il üzrə 517306.55 manat (2017-ci və 2018-ci illər üzrə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə əsasən 1 ABŞ dollannın 1.7 manat təşkil etməsini nəzərə alaraq) ((4521489.85 ABŞ dolları - 3.000.000,00 ABŞ dolları) x İ.7 x 20%), 2018-ci il üzrə isə 795364.04 manat ((5339306.0 ABŞ dolları - 3000000,0 ABŞ dolları) x 1.7 x 20%), ümumilikdə 1312670.59 manat (517306.55 manat + 795364.04 manat) azaldıldığı müəyyən edilmişdir. İddiaçı müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstəricilər aşağıdakı cədvəldəki kimi olmuşdur: vergi ödəyicisi tərəfindən təqdim edilən bəyənnaməyə əsasən ƏDV-yə cəlb edilən dövriyyə 30958502,17 manat, hesablanmış ƏDV 5559188,79 manat, əvəzləşdirilən ƏDV 5743853,75 manat, büdcəyə ödənilməli ƏDV 4041572,06 manat. Beləliklə yoxlanılan dövr üzrə iddiaçı təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ********.17 manat vergiyə cəlb edilən ümumi dövriyyədən (o cümlədən 74120.0 manat 0 dərəcə ilə olan dövriyyə) büdcəyə ödənilməli ƏDV 4041572.06 manat göstərilmişdir. Həmin bəyannamələrin kameral vergi yoxlaması nəticəsində büdcədən ödənilməli ƏDV 66.71 manat azaldılmış və bunun səbəbi kimi müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə həmin məbləğdə ƏDV-nin artıq əvəzləşdirildiyi bildirilmişdir. Yoxlama ilə iddiaçının qeyri-rezident şəxslərə gördüyü iş və göstərdiyi xidmətlərə görə hesablanmış haqlar üzrə ƏDV-nin hesablanması, büdcəyə ödənilməsi və həmin ödənişlərə görə əvəzləşdirilən ƏDV məbləğlərinin araşdırılması zamanı Vergi Məcəlləsinin 169.4-cü və 175-ci maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən cədvəldə əvəzləşmə üzrə məlumatlar öz əksini tapmışdır:qeyri-rezidentə görülən işlər, göstərilən xidmətlərə görə 2017-ci il üzrə əvəzləşdirilməsinə yol verilən məbləğ 1380128,35 manat, əvəzləşdirilən məbləğ 1911962, yaranmış fərq 531833,65 manat, 2018-ci il üzrə əvəzləşdirilməsinə yol verilən məbləğ 1459837,47 manat, əvəzləşdirilən məbləğ 2248165,84 manat, yaranmış fərq 788328,47 manat, 2019-cü il üzrə əvəzləşdirilməsinə yol verilən məbləğ 724540,10 manat, əvəzləşdirilən məbləğ 1274642,75, yaranmış fərq 560102.65 manat, qeyd olunan dövr üzrə 1870264,77 manat ƏDV-nin artıq əvəzləşdirilməsi müəyyən edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının SOCAR "X8” Tresti ilə bağladığı qazma quyularının maili qazma və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilənin icrası məqsədi ilə iddiaçı ilə X5 Krallığının Aberdin şəhərində yerləşən “X11 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə üzrə müəssisə tərəfindən xx.xx.2018-ci il tarixdə 77916,78 manat, xx.xx.2018-ci il tarixdə isə 80245,44 manat, ümumilikdə 158162.22 manat “X11 Limited” şirkətinə ödəniş edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə zidd olaraq 15816.22 manat (158162.22 x 10%) ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Lisenziya fəaliyyətinin yoxlanılması üzrə: SOCAR “X8” tresti ilə İddiaçı MMC arasında bağlanmış 20 sentyabr 2016-cı il tarixli 05/2016 nömrəli müqaviləyə əsasən müəssisə "X8” trestinin qazma quyularda maili qazma və geofizikigeoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazlarının vasitəsilə görülməsini və qazma avadanlığlarının istifadə edilməsi bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.9-cu bəndinə əsasən işlərin başlanmasına 10 (on) gün qalmış "X8” tresti müəssisəyə texniki və geoloji işləri təqdim edir. Müəssisə işlərin başlanmasına 5 (beş) gün qalmış işlərin görülməsinə dair qazma planını "X8” trestinə təqdim edir. Müqavilənin 4.23-cü bəndinə əsasən müəssisə xidmət sifarişində qeyd olunan işlər tamamlandıqdan sonra “X8” trestinə ətraflı hesabat (End of well report) təqdim edilir. Belə ki, müəssisə tərəfindən Günəşli 5 yatağında 333 nömrəli quyuda 17 iyun- 22 avqust 2018-ci il tarixli dövrdə 1 faza qazma ***-**** metr (21.07-xx.xx.2018 qazılma saatı 70,87), 2 faza 1512-2800 metr (03.08xx.xx.2018 qazılma saatı 75) və 3 faza 2810- 3220 metr (17.08-xx.xx.2018 qazılma saatı 37,9) müxtəlif maili qazma və mühəndislik işləri görməklə müqaviləyə əsasən xidmətlər göstərilməsi həyata keçirmişdir. Müqavilənin 1 saylı Qoşmasında qeyd olunan qiymətlərin razılaşdırma protokoluna əsasən “qeyri-maqnit ağırlaşdırlmış müxtəlif ölçülü qazma boruları" (günlük icarə haqqı 151,0-189,0 ABŞ dollar), "Qısa ağırlaşdınlmış müxtəlif ölçülü qazma boruları-qeyri-maqnit (günlük icarə haqqı 72,0-101,0 ABŞ dollar), “Müxtəlif ölçülü Qamma karotaj-Elektrik karotaj -Maili cihazı/xidmət” (günlük icarə haqqı 2177,0- 5147,0 ABŞ dollar), “Müxtəlif ölçülü Mərkəzləşdirici Kalibratof (günlük icarə haqqı 80,0- 291,0 ABŞ dollar) və “İşçi heyətinin sutkalıq icarə haqqı” Qazma mühəndisi, Qazma vaxtı ölçmə mühəndisi, qazma (günlük icarə haqqı 750,0 ABŞ dollar) müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisənin lisenziya alınıb-alınmamasını və fəaliyyətinin lisenziya tələb olunan fəaliyyət növlərinə aid olub-olmamasının dəqiqləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (əgər alınıbsa məlumat əldə edilməsi) (AVİS 21 noyabr 2018-ci il tarixli **********504300 nömrəli məktubla) sorğu məktubu göndərilmişdir. Məktubda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyində olan dövlət müəssisənin sahəsində Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik əsasında fəaliyyət göstərən özəl müəssisə tərəfindən quruda və dənizdə ***-**** metr dərinliyində olan neft və qaz quyuların qazılmasında, o cümlədən maili qazma və geofizika-geoloji işlərinin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsi ilə həyata keçirilməsi müxtəlif növ mühəndislik xidmətləri (qazma vaxtı ölçmə, qazma vaxtı karotaj və qazma işlərinə mühəndislərlə 24 saat şərti ilə nəzarət olmaqla) göstərilməsi işləri xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrdən icarəyə götürülmüş xüsusi qazma avadanlıqları vasitəsi ilə yerinə yetirilməsi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il qərarı (hakim F.Mədətli) ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın İddiaçı MMC-yə 2017-ci il üzrə 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməli” hissələri istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının qismən, təmin edilmiş hissədə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı vergidən yayınma sxemi qurmaqla, əsassız olaraq xərcini şişirtmişdir: İddiaçı “Easydrill" MMC ilə “X11 Limited” şirkəti arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlansa da, əsas müqavilənin bağlanmasından 1 il keçdikdən sonra - 27 iyul 2017-ci il tarixdə müqaviləyə əlavə maddələr daxil edilməklə yeni müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə imzalanmış "Razılasmava əlavə”-və isə iqtisadi cəhətdən iddiaçının maraqlarına cavab verməyən sərtlər daxil edilmişdir. Belə ki müvafiq şərtə əsasən xərclərin ümumi məbləği 3000000,0 ABŞ dollarından az olarsa, “X11 Limited” şirkətinə istismar qiymətlərinin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququ verilmişdir. Həmçinin həmin xərclərin ödənilmədiyi təqdirdə tərəflər arasında olan razılaşmaya əlavədə hər hansı bir məsuliyyət tədbiri nəzərdə tutulmamış, ümumiyyətlə isə belə tədbirlər görülməmişdir. İddiaçı ilə “X11 Limited” şirkəti arasında bağlanmış sözügedən müqavilənin 3.1-ci yarımbəndinə əsasən orijinal hesab-fakturanın alınmasından 30 gün ərzində ödənişin həyata keçirilməsi təsbit edilsə də, qeyd edilən məbləğlər üzrə heç bir ödəniş həyata keçirilməmiş, iddiaçı isə əlavə üzrə boşdayanmaya əsasən göndərilmiş hesab fakturalara əsasən hesablanmış məbləği müvafiq olaraq 2017ci və 2018-ci illər üzrə xərcinə daxil etmişdir. Xərclərin nəzərə alınmaması səbəblərini konkretləşdirərək bildiririk ki, öncəliklə həmin xərclər ödənilmədiyi üçün nəzərə alınmamalıdır, baxmayaraq ki, həmin xərclərin ödənilməsi üçün ağlabatan müddət artıq keçmişdir. Boşdayanma qünlərinin qəsdən artırılması, 3.000.000 ABŞ dollarının məqsədli şəkildə limit olaraq müəyyən edilməsi və nəticədə xərcləri süni şəkildə artırılması yolu ilə mənfəətin azaldılması müəyyən olunmuşdur. İdxala münasibətdə ƏDV-nin əvəzləşdirilməsinin qəbul edilməməsi ilə bağlı qeyd edilir ki, iddiaçı ilə “X11 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi məqsədilə idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Vergi qanunvericiliyi ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı şərtlərin dairəsini konkret müəyyən etmiş və qeyri-rezidentə münasibətdə həmin şərtlərə əməl edilməsini istisna edən norma müəyyən etməmişdir. Vergi qanunvericiliyinin müddəalarına nəzər saldıqda qeyri-rezidentə ödənilən məbləğlər üzrə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı yerinə yetirilməsi mümkün olmayan şərtin tələb olunmadığı aydın olur. Başqa sözlə, qeyri-rezidentə münasibətdə vergi agenti tərəfindən ƏDV-nin bəyan edilərək, dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq əvəzləşdirmənin əsas şərtlərindən biri olan ƏDV-nin depozit hesabına ödənilməsi ilə bağlı tələbi əvəz etmiş sayılır. Vergi Məcəlləsinin 169.4-cü maddəsinin ikinci cümləsinə əsasən hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququ verən elektron qaimə-fakturadır. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə mötəbər hesab etdiyi 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı ekspert rəyində qiymətləndirmələrin nəzəri və təxmini (Qeyd olunan ifadələr ekspert rəyində əks olunmuşdur) olmasına baxmayaraq inzibati mübahisə üzrə əlavə araşdırma aparmadan, ekspert tərəfindən rəydə qeyd edilənləri qərara daxil etməklə formal həqiqət prinsipinə uyğun qərar vermişdir. Halbuki tətbiq olunmalı olan lakin tətbiq olunmayan, yuxarıda qeyd olunan prosessual hüquq normalarına əsasən məhkəmə həmin məlumatların həqiqiliyinin yoxlanılması üzrə üzərinə düşən vəzifələri icra etməmiş və bu istiqamətdə hər hansı bir addım atmamışdır Həmçinin bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində İddiaçı MMC -yə qarşı xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və hazırda cinayət işinin istintaqı davam etdirilir. İstintaq orqanının ekspertizanın təyini haqqında qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 18 noyabr 2020-ci il tarixli 9/4138 saylı ekspert rəyi alınmışdır. Müvafiq rəyin nəticə hissəsinə əsasən səyyar vergi yoxlaması aktında göstərilənlər istintaqla əsaslı hesab olunmaqla İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1312670,59 manat mənfəət vergisinin, 1811379,51 manat ƏDV-nin, 15816,22 manat ÖMV-nin az hesablanması müəyyən olunmuş, xüsusi razılıq (lisenziya) almadan 5721341,98 manat məbləğində xalis gəlir əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən, təmin edilmiş hissədə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı (VÖEN **********) fəaliyyəti yanvar 2017 – aprel 2019-cu il olmaqla 2017-2019-cu illəri əhatə etməklə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) cavabdeh vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199546 saylı, xx.xx.2020-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçınə ümumi olaraq 3.139.866,32 manat (müxtəlif vergi növləri üzrə) vergi məbləği hesablanmış, 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Hazırda apellyasiya baxışı zamanı da araşdırma predmeti cavabdeh tərəfindən yoxlama dövrünü əhatə edən 2017-2019-cu illər üzrə ƏDV və mənfəət üzrə vergi məbləğinin hesablanmasının əsaslı olub-olmaması ilə bağlıdır. Səyyar vergi yoxlaması aktından göründüyü kimi iddiaçı ilə SOCAR “X8” Tresti arasında qazma quyularının maili qazma və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin müddəti bir il nəzərdə tutulmuş və 2017-2018-ci illər üzrə müqavilə müddəti uzadılmışdır. SOCAR “X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə "xxxx" MMC ilə X5 Krallığının Aberdin şəhərində yerləşən “X11 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/ Easydrill /2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Sonradan 27 iyul 2017-ci il tarixdə müqaviləyə əlavə maddələr əlavə edilməklə yeni müqavilə bağlanmışdır. Yeni müqavilənin 1.12 maddəsinin f) bəndinə əsasən 1 nömrəli qoşmasında göstərilən xidmətlərin (avadanlıqların icarəsi, mühəndis xidmətləri və s) dəyərinin 10% artırılması və g) bəndinə əsasən il ərzində ümumi əməliyyat xərclərinin 3.000.000,00 ABŞ dolları məbləğindən az olduqda icarəyə götürülən avadanlıqlarının boşdayanma günlərinin sayı nəzərə almaqla icarə avadanlıqlarının günlük tarif məbləğinin 65% miqdarının hasildən olan ödəniş məbləğinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" MMC ilə “X11 Limited” şirkəti arasında bağlanmış müqavilənin “Razılaşmaya əlavələr” bölməsinin “müqavilə izahatları/əlavələri” sətrinin “g” yarım bəndində qeyd olunan şərtə əsasən il üzrə xərclərin ümumi məbləği 3.000.000,00 ABŞ dollarından az olarsa, qarşı tərəf (yəni “X11 Limited” şirkəti) istismar qiymətlərin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququna malikdir. Qeyd edilən şərt əsas götürülərək, “X11 Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2.734.830,00 ABŞ dolları olmuş, müqavilə şərtində göstərilən 3.000.000,00 ABŞ dollardan az olduğu üçün 2.176.417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2.099.816,00 ABŞ dolları olmuş, müqavilə şərtində göstərilən 3.000.000,00 ABŞ dollardan az olduğu üçün 3.491.938,00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Yoxlama dövrü ərzində cəmi 5.668.355,8 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017 və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. Həmçinin, yoxlama ilə qeyri-rezident şəxslərə gördüyü iş və göstərdiyi xidmətlərə görə hesablanmış haqlar üzrə ƏDV-nin hesablanması, büdcəyə ödənilməsi və həmin ödənişlərə görə əvəzləşdirilən ƏDV məbləğlərinin araşdırılması zamanı VM-nin 169.4 və 175-ci maddələrinin tələblərinin pozulması ilə bağlı 2017-ci il üzrə 531833,65 manat, 2018-ci il üzrə 726260,02 manat, 2019-cu ilin yanvar-aprel ayları üzrə 553285,84 manat cəmi 1811379,47 manat ƏDV-nin artıq əvəzləşdirilməsinə görə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi iddiaçı qərarın ləğvi tələbi ilə ilk öncə inzibati orqana xx.xx.2020-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmiş, cavabdeh inzbati orqan xx.xx.2020ci il tarixli məktubla vergi ödəyicisi barəsində cinayət işin başlanması əsası ilə şikayətə DVX-də baxılmasının mümkün olmaması ilə bağlı cavab verilmiş, iddiaçı da bu məktubun aldıqdan sonra 30 gün müddəti ötürmədən xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. - 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. - 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. - 134-cü maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. - 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. - 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. - 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. - 136.2-ci maddəsinə əsasən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. - 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun: - 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. - 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. - 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. - 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. - 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görəsahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş müqavilələrdən və razılaşmadan göründüyü kimi, iddiaçı ilə SOCAR “X8” Tresti arasında qazma quyularının maili qazma və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin müddəti bir il nəzərdə tutulmuş və 2017-2018-ci illər üzrə müqavilə müddəti uzadılmışdır. SOCAR “X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə "xxxx" MMC ilə X5 Krallığının Aberdin şəhərində yerləşən “X11 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/ Easydrill /2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Sonradan 27 iyul 2017-ci il tarixdə müqaviləyə əlavə maddələr əlavə edilməklə yeni müqavilə bağlanmışdır. Yeni müqavilənin 1.12 maddəsinin f) bəndinə əsasən 1 nömrəli qoşmasında göstərilən xidmətlərin (avadanlıqların icarəsi, mühəndis xidmətləri və s) dəyərinin 10% artırılması və g) bəndinə əsasən il ərzində ümumi əməliyyat xərclərinin 3.000.000,00 ABŞ dolları məbləğindən az olduqda icarəyə götürülən avadanlıqlarının boşdayanma günlərinin sayı nəzərə almaqla icarə avadanlıqlarının günlük tarif məbləğinin 65% miqdarının hasildən olan ödəniş məbləğinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" MMC ilə “X11 Limited” şirkəti arasında bağlanmış müqavilənin “Razılaşmaya əlavələr” bölməsinin “müqavilə izahatları/əlavələri” sətrinin “g” yarım bəndində qeyd olunan şərtə əsasən il üzrə xərclərin ümumi məbləği 3.000.000,00 ABŞ dollarından az olarsa, qarşı tərəf (yəni “X11 Limited” şirkəti) istismar qiymətlərin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququna malikdir. Qeyd edilən şərt əsas götürülərək, “X11 Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2.734.830,00 ABŞ dolları olmuş, müqavilə şərtində göstərilən 3.000.000,00 ABŞ dollardan az olduğu üçün 2.176.417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktııra təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2.099.816,00 ABŞ dolları olmuş, müqavilə şərtində göstərilən 3.000.000,00 ABŞ dollardan az olduğu üçün 3.491.938,00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Yoxlama dövrü ərzində cəmi 5.668.355,8 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017 və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir.Tərəflər arasında bağlanmış müqavilənin olmasına və tərəflərin həmin müqavilənin tələblərinə uyğun fəaliyyət göstərməsinə baxmayaraq yoxlama nəticəsində xərclərin 3.000.000,00 ABŞ dollarından artıq olan hissəsi xərc olaraq qəbul edilməmişdir. Məhkəmə kollegiyası səyar vergi yoxlaması aktında mənfəttə vergisinin hesablanması ilə və bununla bağlı olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı gəlir və xərclərinin uçotunu hesablama metodu ilə apardığından Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 134-cü və 136-cı maddələrinin müddəalarına əsasən müqavilə şərtləri xərcin tanınması üçün əsasdır. Belə ki, Vergi Məcəlləsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi məcəlləsinin 136.2-ci maddəsinə əsasən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini əsas götürərək birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, "xxxx" MMC “X11 Limited” şirkəti arasında bağlanmış müqavilə şərtlərini əsas götürərək boşdayanmaya görə hesablanmış vəsait iddiaçının 2017 və 2018-ci illərdə gəlirin əldə edilməsi ilə bağlı xərcidir və yoxlama materiallarına əsasən boşdayanmalara görə 3.000.000,00 ABŞ dollarından artıq olan vəsaitin xərc kimi tanınmaması nəticəsində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiqi əsassızdır. İş üzrə mötəbər sübut hesab edilən Məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı “Ekspert rəyi”nə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ömv-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanmasının müəyyən edilmişdir. Yoxlama nəticəsində hesablanmış ƏDV ilə bağlı Məhkəmə kollegiyası apellyasiya araşdırmasının nəticəsi olaraq qeyd edir ki, yoxlanılan dövrdə 3.257,06 manat vergi hesab-fakturaları üzrə ödənilən ƏDV-nin əvəzləşdirməsi, 314.655,62 manat idxal zamanı tərtib edilmiş gömrük bəyannamələri üzrə ödənilən ƏDV-nin əvəzləşdirməsi, 1.555.609,11 manat isə qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşməsi ləğv edilmişdir. Lakin yoxlama materiallarına əsasən yoxlanılan dövr ərzində 314.655,62 manat idxal zamanı əldə edilmiş gömrük bəyannamələri üzrə ödənilən ƏDVnin ləğvi üçün yoxlama materiallarında hər hansı əsaslandırma mövcud deyil. 2017-2019- cu illərdə qüvvədə olan Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan idxal üzrə ödənilmiş ƏDV əvəzləşdirilməlidir və vergi tutulan idxal üzrə ödənilmiş ƏDV üzrə əvəzləşdirməni qadağan edən hər hansı maddi hüquq norması mövcud deyil. Həmçinin iş materiallarına əsasən səyyar vergi yoxlaması keçirilmədən öncə vergi orqanı tərəfindən idxal olunan mallara görə ödənilmiş ƏDV üzrə əvəzləşdirmə kameral vergi yoxlaması ilə ləğv edilmiş və sonradan isə həmin əvəzləşdirmə cavabdeh vergi orqanı tərəfindən bərpa edilmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş və idxal zamanı büdcəyə ödənilən ƏDV-nin ödənişini təsdiq edən sənədlər, həmçinin əməliyyatların rəsmiləşdirilməsinin sübutu olan gömrük bəyannamələrinə əsasən ƏDV-nin əvəzləşdirmənin ləğvinin əsassız olduğunu qeyd edir. Həmçinin cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı 1555609,11 manat qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV məbləğinin əvəzləşdirməsi ləğv edilmişdir. Araşdırılma zamanı müəyyən olunur ki, vergi ödəyicisi qeyri-rezidentdən aldığı iş və xidmətin haqqını həmin qeyri-rezidentə ödəməsə də, ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən dövlət büdcəsinə ödəmiş və ödənilən ƏDV məbləğini təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirmişdir. Səyyar vergi yoxlaması zamanı bu məbləğlər üzrə əvəzləşdirmə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinadən ləğv edilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV, ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Lakin qeyrirezidentin ƏDV depozit hesabı olmadığından İddiaçı MMC tərəfindən qeyri-rezident şəxsdən aldığı iş və xidmətin dəyərinin 18%-i həcmində büdcəyə ödəyərək əvəzləşdirdiyi ƏDV məbləği ləğv edilən zaman cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinad edə bilməzdi. Beləliklə, iddiaçı qeyri-rezident şəxslərdən iş və xidmət almış, müvafiq avadanlıqlar gətirərək həmin işlərin görülməsinə cəlb etmişdir. Qeyrirezident tərəfindən görülmüş işlərin, xidmətlərin dəyərinə uyğun olaraq dövlət büdcəsinə ƏDV məbləği ödənilmişdir. Həmin ƏDV məbləği avtomatik olaraq iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə şəklində əks olumuşdur. Bundan sonra iddiaçı həmin ödənilən ƏDV məbləğini ƏDV bəyannaməsinin 306.1-ci sətrində göstərərək hesablama aparmış, həmin məbləği ödədiyi üçün həm də bəyannamənin 312.1-ci sətrində əvəzləşdirmə hissəsində qeyd etmişdir. İddiaçı təcrübəyə əsaslanaraq bəyannamədə həm hesablama, həm əvəzləşmə məbləği göstərmiş və şəxsi hesab vərəqəsinin əvvəlki göstəriciləri eyni formada qalmışdır. Cavabdeh isə iddiaçının əvəzləşmə hissəsindəki məbləği silərək hesablama hissəsinə toxumamışdır. Beləliklə iş materiallarında yoxlanılan dövr ərzində 3.257,06 manat vergi hesabfakturaları üzrə ödənilən ƏDV-nin əvəzləşdirməsinin, 1555609,11 manat isə qeyrirezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşmənin ləğv edilməsi Vergi Məcəlləsinin müddəaları ilə ziddiyyət təşkil etmədiyi üçün həmin hissədə əlavə hesablanmış ƏDV məbləğinin də əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (mənfəət vergisi və ƏDV) hesablandığı, müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyi müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarın mənfəət vergisinin və ƏDV-nin hesablanması və həmin vergilərə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1843/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1843/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver