Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1844/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(112)-13320/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar təyin edilmiş birinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı təyin edilmiş əlillik dərəcəsinin xx.xx.2019-cu ildən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13320/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13320/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X2 əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACL8 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixli baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.3 - Arxa qütbün və ləkənin degenerasi..; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası Xorioretinal distrofiya. Şüşəvari cismin destruksiyası OU-Görmə sinirinin atrofiyası OD- Mürəkkəb miopik astiqmatizm OS-yüksək dərəcəli miopiya, Binokulyar korluq; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik d...;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Tibb İdarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 2017-ci və 2018-ci illlər ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə əlillik təyinatları aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 843 nəfərə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş edilir. Göndərişləri etibarsız hesab edilənlərin siyahısında 686-cı sırada X2 adı qeyd edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********9/5 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə almağınızı xahiş edirəm. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Buna görə də əsaslı olaraq Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir. İddiaçı əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13320/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, gözdən əlil. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli arayışa əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan İ dərəcə əlilliyə görə 150 (yüz əlli) manat məbləğində sosial müavinət və 100 manat məbləğində Prezident təqaüdü xx.xx.2020-ci il tarixinədək almışdır. Təyinatın başlanma tarixi xx.xx.2017, dayandırılma tarixi xx.xx.2020-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 2017-ci və 2018-ci illlər ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə əlillik təyinatları aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 843 nəfərə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə almağınızı xahiş edirəm. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X8 ötürülür. 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACL8 saylı göndərişi əsasında xx.xx.2017ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə (gözdən əlil) müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilsə də, cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. İddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi qanunsuz və əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci bəndinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci bəndinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü bəndinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, inzibati icraat barədə iddiaçıya məlumat verilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş inzibati icraatın aparılması qaydalarına əməl edilməmişdir. Eyni zamanda cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Həmçinin iddiaçının əlilliyinin müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt altsistemdə əlilliyin etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. İnzibati akt isə qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əlilliyə dair qiymətləndirmənin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan, iddiaçının əlilliyi etibarsız hesab olunduğu tarixdən bərpa edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13320/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1844/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1844/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver