Məhkəmə qərarları › İş №2-1(103)-1844/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1844/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1844/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxsin nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin qərarı əsasında iddiaçıya məxsus və Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 2000 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və hazırda faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərardadları ilə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli 30/29 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 0,2 ha (2000 kv.m) olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən qərara əsasən onunla Xocəsən Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair eyni tarixdə akt imzalanmışdır və həmin akta əsasən tərəfindən torpaq müqabilində Xocəsən Bələdiyyəsinin hesabına 4480 manat haqq ödənilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. 13 aprel 2021-ci il tarixdə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir. 20 may 2021-ci il tarixində ona ünvanlanmış cavabda torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydyyatına alınmasından imtina edilməsi bildirilmişdir. Cavabdehin imtinası sadəcə məqsədli şəkildə qanunsuz verilən imtinadir. Həmin sənəddə imtinaya əsas kimi göstərilmişdir ki, guya torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir, eyni zamanda bu torpaq sahəsinin bələdiyyə torpağına aid edilməsi elektron kadastr bazasında guya əksini tapmır. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 666 saylı sərəncamı ilə neft-qaz çıxarılması üçün yararsız olduğuna görə geri qaytarılmış əraziyə aiddir, yəni Dövlət Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Qeyd edilən torpaq sahəsi Xocəsən Bələdiyyəsinin hüdudlarında yerləşməklə Xocəsən Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqlara aiddir. Bələdiyyə qərarı əsasında torpaqların alqı-satqısına dair akt 2007-ci ildə imzalanmışdır. Bu, bələdiyyə torpağına aid olmasa idi, maraqlarına toxunan qurumlar bu aktı mübahisələndirərdilər. Bundaş başqa, bu torpağın ətrafında yaşayış evləri və obyektlər var, onların ilkin hüquq müəyyənedici sənədi bələdiyyə qərarı olmaqla mülkiyyət hüquqlarını təsdiq edən çıxarışları var. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-410/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və hazırda faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin qərarı əsasında iddiaçıya məxsus və Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 2000 kv.m. olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və hazırda faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və hazırda faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İddiaçı tərəfindən iddia edilən sahəsi 730.0 kv.m olan torpaq sahəsi mişar daşı ilə hasarlanmış və hasardan kənar ərazidə yerləşən sahəsi 470.0 kv.m torpaq sahəsi şərti olaraq göstərilmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisindəki perimetrik ölçülər ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin qərarı əsasındaiddiaçıya məxsus və Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 2000 kv.m. olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və hazırda faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/904 saylı Rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 30/29 nömrəli qərarına əsasən İddiaçı ayrılmış faktiki istifadəsində olan 1200 kv.m torpaq sahəsinin Xocəsən Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2007-ci il tarixli məktubuna əsasən Bakı şəhər İH-nin 666 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə neft çıxarılması üçün yararsız olduğuna görə geri qaytarılmış əraziyə düşür. Ekspert tərəfindən rəy verilərkən hazırki işin materiallarında olan sənədlər araşdırılmamış, nəticədə ekspert tərəfindən düzgün olmayan rəy verilmişdir. Əvvəla, Rəydə istinad olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2007-ci il tarixli məktubunun mövcudluğu şübhə doğurur. Ona görə ki, idarədən verilən məlumata görə, belə bir məktub İdarədə yoxdur. Digər tərəfdən, məhkəməyə təqdim edilən sənədlərdən, Dövlət Neft Şirkətinin daimi istifadəsində olan Binəqəd OYL ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə Blokunun xəritəsindən görünür ki, Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmamış, torpaq sahəsi uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikası 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, “X5” Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır, neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Lakin birinci instansiya məhkəməsi işin göstərilən hallarına düzgün qiymət verməyərək, iddia tələbinin təmin olunması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələrinin yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə hər iki apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Tərəfinizdən təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr göstərilməyib. Elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə sərhədləri barədə məlumat aşkar edilməmiş və qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu aşkar edilmişdir. Həmçinin təqdim etdiyiniz alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Bİnəqədi rayon Xocasən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli “Vətəndaş İddiaçı sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında” qərarının surətindən görünür ki, Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 0,2 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmiş, vətəndaş İddiaçı torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m. üçün. 2 man 24 qəpik cəmi: 4480 manat) bələdiyyə büdcəsinə ödəyib qəbzi təqdim etməsi qərara alınmışdır. Həmin məktuba torpaq sahəsinin cizgisi də əlavə edilmişdir. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı Xocasən bələdiyyəsinin ərazisində 2000 kv.metr torpaq sahəsi satılmışdır, İddiaçı tərəfindən Xocasən Bələdiyyəsinin hesabına 4480 manat haqq ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29 iyul 1999cu il tarixli 666 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Şabandağ yatağından 105,0 ha; Binəqədi yatağından 97,0 ha; Qırmaçı yatağından 73,0 ha torpaq sahəsi geri alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/904 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli Qərarına əsasən İddiaçı adına ayrılmış torpaq sahəsi faktiki olaraq 1200 kv.metr təşkil edir. Torpaq sahəsinin koordinatları və yerləşmə sxemi rəyə əlavə olunmuş sxemdə göstərilmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli Qərarına əsasən İddiaçı ayrılmış faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. İddiaçı tərəfindən təqdim olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 05 sentyabr 2007ci il tarixli məktubuna əsasən Bakı şəhəri İH-nin 666 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə neft çıxarılması üçün yararsız olduğuna görə geri qaytarılmış əraziyə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 0,2 ha torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktla isə həmin qərara əsasən iddiaçıya Xocasən bələdiyyəsinin ərazisində 2000 kv.m torpaq sahəsi satılmışdır və bununla əlaqədar iddiaçı tərəfindən ödəniş də edilmişdir. Həmin qərara torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi də əlavə edilmişdir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Torpaqların alqı-satqısına dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təsdiq edilməməsi isə iddiaçının səlahiyyətlərinə aid deyil, iddiaçı buna görə cavabdehlik daşımır, bu, iddiaçının iradəsindən asılı olan hal deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını və göstərilən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsini bildirsə də, nə cavabdeh orqan, nə də üçüncü şəxs bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə torpaqşünaslıq ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli Qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi faktiki olaraq 1200 kv.metr təşkil edir, həmin torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşir, iddiaçı tərəfindən təqdim olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 05 sentyabr 2007-ci il tarixli məktubuna əsasən Bakı şəhəri İH-nin 666 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə neft çıxarılması üçün yararsız olduğuna görə geri qaytarılmış əraziyə düşür. Cavabdeh orqan göstərilən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsini bildirsə də, apellyasiya baxışı zamanı qeyd olunan mübahisəli torpaq sahəsində neft quyularının, ümumiyyətlə Dövlət Neft Şirkətinə məxsus hər hansı tikili, qurğu və digər əmlakların olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir və müvafiq qərar hazırda qüvvədədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bundan başqa, iş materiallarında olan qərardadlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocəsən qəsəbəsi ərazisində 0.2 ha (2000 kv.m) torpaq sahəsinin İddiaçı satılması haqqında Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 30/29 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-789/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddət buraxıldığı üçün), Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-3873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-789/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. O da qeyd edilməlidir ki, həmin torpaq sahəsi Bakı şəhəri Bİnəqədi rayon Xocasən bələdiyyəsinin 13 noyabr 2007-ci il tarixli, 30/29 nömrəli qərarına əsasən iddiaçıya ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də iddiaçının qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı yerləşmə cizgisindəki perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcudluğu iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Göründüyü kimi, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar