Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1844/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15128/2024 nömrəli, 13 dekabr 2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 16 sentyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Bu barədə ona Moskva şəhəri 55 saylı WAQ orqanın Babuşkino rayonu, Dövlət xidmətlərinin göstərilməsi üzrə Çoxfunksiyalı Mərkəzi tərəfindən 18 sentyabr 2021-ci il tarixli Xİ-МЮ seriyalı 722069 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləğdirilməsi barədə müvafiq qərar qəbul edilməsi üçün döğum haqqında şəhadətnaməsi və sair təstiqedici sənədlər əlavə edilmiş ərizə ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmiş və bu barədə iddiaçıya 09 oktyabr 2024-cü il tarixli 3-37/2-M-7572-26-108-10075/2024 məktubla rəsmi məlumat verilmişdir. İddiaçı hesab edir ki, cavadehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə gəldiyi nəticə qanunsuz və ədalətsizdir, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarının tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, İddiaçı1 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RFnin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13301/2024 nömrəli Qərardadı ilə iddiaçının xx.xx.2023-cü il tarixli eyniməzmunlu iddiası mümkün hesab edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı adıçəkilən qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-3214/2024 nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)- 13301/2024 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla yanaşı, iddiaçı xx.xx.2024-cü il tarixdə DMX-ya ərizə ilə müraciət edərək qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. DMX şəxsin ərizəsinə xx.xx.2024-cü il tarixli 3-37/2-M7572-26-1-08-10075/2024 nömrəli məktubla cavab verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15128/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardadında istinad etdiyi halların əksinə olaraq iddiaçı, cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının mənsubiyyətinə tanınmasından imtina etməsi barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati aktın ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (112)- 13301 nömrəli qərardadı ilə prosessual müddətin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3214/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardadla iddiaçının hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək hüququ tanındığı üçün iddiaçı tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etdiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi İddiaçı2 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli ******* saylı qərarından görünür ki, İddiaçı1 20 iyul 2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Nəticədə həmin qərarla 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 iyul 2022-ci il tarixli ******* saylı qərarının ləğv edilməsi və 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vəndaşlığına mənsubiyyətinin tanınması haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərardadı ilə müddətin ötürülməsi əsası ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3214/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 5.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığa mənsubiyyətinin tanınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-37/2-M-7572-26-1-08-10075/2024 nömrəli cavab məktubu ilə onun Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olduğu bildirilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı barəsində artıq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina olunması barədə qərar qəbul edilmiş, o, həmin qərarı mübahisələndirilmiş, lakin prosessual müddətlərə riayət etmədiyindən, onun iddiası mümkün sayılmamış, bu nəticə yuxarı instansiya məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən bu Qanunun 35.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının eyni əsaslara söykənən müraciəti baxılmamış saxlanılmasa da, mövcud vəziyyətdə nəzərə alınmalıdır ki, iddiaçı barəsində ilkin qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati akt qüvvədədir. Belə ki, iddiaçı həmin qərarı mübahisələndirmiş, lakin müddətin ötürülməsi əsası ilə iddia mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, bu inzibati aktın mövcudluğu, həmin aktın faktiki və hüquqi əsaslarının dəyişməz qalması səbəbindən, iddiaçının hazırkı tələbi ilə mənsubiyyətin yenidən tanınmasını istisna edir. Qeyd edilməlidir ki, inzibati icraat çərçivəsində eyni faktiki əsaslara söykənən və hüquqi mahiyyəti əvvəlki aktla əhatə olunmuş tələblərin təkrar olaraq təqdim edilməsi qanunla nəzərdə tutulmuş mümkünlük şərtlərinə uyğun deyildir. Mövcud inzibati aktın hüquqi qüvvədə olması, inzibati qərarların sabitliyi prinsipindən irəli gəlir və hüquqi qeyrimüəyyənliyin qarşısını almaq məqsədini güdür. Həmçinin, inzibati aktın ləğvi, dəyişdirilməsi və ya yenidən baxılması yalnız həmin aktın hüquqi və faktiki əsaslarının dəyişdirildiyi hallar üçün nəzərdə tutulmuşdur. İddiaçının müraciətində belə əsaslar göstərilməmişdir. Eyni zamanda, iddiaçının tələb etdiyi hüquqi nəticə artıq əvvəlki inzibati aktla həll edilmiş və bu aktın qüvvədə olması səbəbindən yeni tələb üçün hüquqi zərurət yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15128/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15128/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1844/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1844/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver