Məhkəmə qərarları › İş №2-1(103)-1845/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1845/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1845/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində vəsaitin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin cavabının qanunsuz hesab edilməsi, koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5041/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 127 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COV1D-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüşdür. Bir müddətdən sonra ona SMS vasitəsi ilə cavab verilərək bildirilmişdir ki, «əmək müqaviləsi aşkarlandığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir». Yoxlamaların avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi vardır – işə götürən X6, iş yeri – əsas iş yeri, əmək müqaviləsinin müddəti – müddətsiz, müqavilənin bitmə tarixi – xx.xx.2014-cü il, müqavilənin statusu – qüvvədədir. E-SOSİAL.AZ ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun adına əmək müqaviləsi aşkarlandığı üçün işsiz kimi qeydiyyata alınmasından və ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Sonradan iddiaçı hüquqlarının pozulmasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan məsələlərə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı fiziki şəxsin ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. Eyni zamanda məlum edilmişdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra huquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü ıl tarixli, № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdi kı, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin cavabının qanunsuz hesab edilməsi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olduğu üçün ona xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində pulun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, elektron sistemdə onun əmək müqaviləsi göstərilsə də, o, işləmir, işsizdir, əvvəl işlədiyi yerdə işəgötürən tərəfindən əmək müqaviləsi elektron informasiya sistemindən silinməmişdir. O, 2014-cü ildən 2017-ci ilədək və 2017-ci ildən xx.xx.2019-cu ilədək ayrı-ayrı fərdi sahibkarla əmək müqaviləsi əsasında işləmişdir, həmin tarixdən isə işləmir, işsizdir. Cavabdeh isə onu işəgötürənin əmək müqaviləsini elektron informasiya sisteminə daxil edib-etməməsi vəzifəsini yerinə yetirməsindən asılı vəziyyətə salır. Bununla bağlı onun təqsiri yoxdur. O, işsizdir və hesab edir ki, həmin ödəmə ona da verilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması məqsədilə işsiz kimi qeydiyyata düşdüyünü bildirmiş və bununla da məhkəməyə yalan məlumat vermişdir. Çünki “Məşğulluq haqqıda” qanunun 5.12-ci maddəsində məşğul şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. İddiaçının həmin vaxtı “Əmək müqaviləsi bildirişi” altsistemində xxxxxxx000200 nömrəli xx xxxxxxx 2014-cu ildə bağlanmış və hazırda aktiv (müddətsiz) əmək müqaviləsi vardır. Beləliklə, iddiaçı “Məşğulluq haqqında” qanunun 5.12-ci maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmamış və bununla da 190 manat (aprel və may ayları üçün) birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun elektron sistemdə aktiv əmək müqaviləsinin olmasının yeganə sübut kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu vətəndaşlar arasında ayrı-seçkiliyə gətirib çıxaracaqdır. Belə ki, işəgötürən tərəfindən vaxtında məlumatların elekron sistemə ötürüdüyü halda onlara 190 manat verilməsi təmin ediləcək, lakin işdən çıxan şəxslərin işəgötürəni tərəfindən elektron sistemə məlumatlar ötürülmədiyi təqdirdə isə onlara 190 manat verilməyəcəkdir. İndiki vəziyyətdə məsələyə yanaşmadan belə qənaətə gəlmək olar ki, işəgötürənin Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilib-edilməməsi, və ya vaxtında və tam həcmdə icra etməsi onun günahıdır. Sanki əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini və çıxarılmasını o təmin etməli idi. Digər tərəfdən ona aid olan sənədlərin elektron informasiya sisteminə daxil edilib sonradan çıxarılması barədə iddia irəli sürməyə heç bir hüquqi əsası yoxdur. Ona görə ki, bu münasibət işəgötürənlə dövlət qurumu arasında olan münasibətdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, o, 2019-cu ildə ümumiyyətlə işdən çıxmışdir. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində müavinətin birdəfəlik ödənilməsi barədə mürcaiət edərkən də işsiz olmuşdur. xx xxxxx 2020-ci ildən işləmir. VÖEN adından çıxarılsa da, sistemdə adı qalmışdı. Elekrton sistemdə 2014-cü ildən 2017-ci ilə qədər olan müqavilənin qüvvədə olması göstərilsə də, əslində 2017-2019cu illərdən işləmir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində müavinətin birdəfəlik ödənilməsindən imtina edilməsi barədə iddiaçıya cavabdeh orqan tərəfindən verilmiş SMS imtina var. Belə ki, alt sistemdə iddiaçının adına olan əmək müqaviləsi bildirişləri vardır. İddiaçı işsiz kimi qeydiyyata alınması üçün adının elektron sistemdən silinməsi ilə bağlı Əmək Müfəttişliyinə müraciət etməli idi. Həmçinin iddiaçı sistemdəki məlumatın düzəlişindən başqa, işsiz kimi qeydiyyata da düşməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, elektron sistemdə iddiaçının adına əmək müqaviləsi bildirişləri olduğu üçün ona 190 manat pul vəsaitinin verilməsindən düzgün olaraq imtina olunmuşdu. Həmçinin cavabdehin qeyd etdiyi kimi, iddiaçı işsiz kimi də məşğulluq idarəsində qeydiyyata düşməmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdehin cavabının qanunsuz hesab edilməsi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olduğu üçün ona xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində pulun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini istəyir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir; Həmin Qanunun 5.12-ci maddəsinə görə, bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər; 15 yaşına çatmayanlar; təhsil müəssisəsində əyani təhsil alanlar; “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslərin, 6 (altı) ay müddətində işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Həmin Qaydanın 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Hazırki işdən müəyyən olunur ki, iddiaçının adına əmək müqaviləsi vardır, əmək müqaviləsinə əsasən iş yeri əsas iş yeridir, əmək müqaviləsi xx.xx.2014-cü ildə müddətsiz bağlanılmışdır və hazırda qüvvədədir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda deyil və onun adına olan əmək müqaviləsi qüvvədədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçının tələbinin təmin olunmasından düzgün olaraq imtina etmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Digər tərəfdən, iddiaçının apellyasiya şikayətində göstərdiyi “sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi” barədə tələbinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının belə tələbi nə olmuş, nə də belə tələbə baxılmışdır, ona görə də birinci instansiya məhkəməsində araşdırılmayan və baxılmayan tələbə yeni tələb olaraq apellyasiya instansiyası qaydasında baxılması inzibati prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Həmin tələbin vəsatət olaraq verilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, hazırki işdə sözügedən məzmunda müraciətin edilməsini məhkəmə kollegiyası zəruri və ya məqsədəmüvafiq hesab etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar