Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1845/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 06.07.2017-ci ildən - 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Qusar rayonunda anadan olmuşdur, 01.09.1975-ci ildən 22.02.1978-ci ilədək Bakı şəhər 3 saylı TPM-də təhsil almış, 13.09.1978-ci ilin oktyabr ayının 13-də “Kommunist” Nəşriyyatında əmək fəaliyyətinə başlamış və 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra 15.06.1981-ci ildən 12.07.1982-ci ilədək “Sumqayıt İEM-2”-nin Qazan Turbin sexində nəzarətçi maşinist, 12.07.1982-ci ildən 11.04.1999-cu ilədək Turbin sexində turbin maşinisti və 11.04.1999-cu ildən 03.06.2002-ci ilədək həmin sexdə növbə rəisi vəzifəsində işləmişdir. O, fərdi fəaliyyətlə məşğul olmaqla adına VÖEN açdırmış və 1 il 4 ay taksi xidməti fəaliyyətini göstərmişdir. Onun ümumi əmək stajı TPM-də təhsil aldığı 3 ili də nəzərə alınsa, 28 ildir. Həmin əmək stajının 21 ili zərərli iş hesab edilir və 2 nömrəli siyahının Xİİİ bəndinə əsasən onun yaşa görə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Bununla bağlı o, müvafiq sənədləri toplamaqla cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat Sumqayıt Asan Xidmət vasitəsi ilə ona 13.08.2020-ci il tarixdə ünvanladığı 07.07.2020-ci il tarixli cavab məktubunda onun ümumi əmək stajının 01.01.2006-cı il tarixə kimi 25 ildən az olması və sığorta kartında pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması göstərilmiş və bu səbəbdən də ona pensiyanın təyin edilməsindən imtina edilmişdir. O, həmin imtina ilə razı deyil, belə ki, onun ümumi əmək stajı 25 ildən artıqdır və həmin əmək stajının 21 ilini 2 nömrəli Siyahıda qeyd edilən və onun vaxtından qabaq güzəştli əsaslarla əmək pensiyasına çıxmasına əsas verən əmək sahəsində çalışmışdır. Bütün bunlar onun güzəştli əsaslarla əmək pensiyasına çıxmasına əsas verir və konkret halda onun sığorta kartında yığılan kapitalın az olması onun bu hüquqdan istifadə etməsinə maneə olmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 06.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçıya münasibətdə bu məbləğin aşağı həddi 24420,00 manat olmalı olduğu halda, onun pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. İddiaçı apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə doğulmuş, 01.09.1975-ci ildən 22.06.1978-ci ilədək Bakı şəhəri C.Babayev adma 3 saylı texniki peşə məktəbində təhsil almış, 05.05.1979-cu ildən 16.05.1981-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 13.09.1978-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin "Kommunist" Nəşriyyatı İdarəsində maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi vəsifəsinə qəbul olunmuş, 16.04.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, 15.06.1981-ci ildə 2 saylı Sumqayıt ElS-da TİS- nin turbin sexinə köməkçi avadanlıqlar üzrə nəzarətçi maşinist vəzifəsinə qəbul edilmiş, 18.07.1981-ci ildə imtahan verdikdən sonra turbin avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə təyin edilmiş, 12.07.1982-ci ildə İV qrup TİS-nə turbin maşinisti təyin edilmiş, 16.01.1989-cu ildə Turbin sexinə zərərli əmək şərtləri ilə 6-cı dərəcəli turbin maşinisti vəzifəsinə keçirilmiş, 01.09.1995-ci ildə turbin sexinin 7 (yeddinci) dərəcəli turbin maşinisti dərəcəsi verilmiş, 11.04.1999-cu ildən 05.11.2002-ci ilədək Turbin sexində növbə rəisi vəzifəsində işləmişdir. Məhkəmə haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti də iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş "Dövlət pensiyaları haqqında" SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, 1975-ci ildə Bakı şəhər C.Babayev adına 3 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirmiş, ona beşinci dərəcə ilə sətirtökən maşınla yığan mürəttib ixtisası verilmiş, 05.05.1979-cu il tarixdən 16.05.1981-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. 13.09.1978-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin “Kommunist” Nəşriyyatı İdarəsində maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi vəsifəsinə qəbul olunmuşdur, 16.04.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir, 15.06.1981-ci ildə 2 saylı Sumqayıt EİS-da TİS-nin turbin sexinə köməkçi avadanlıqlar üzrə maşinist-baxıcı vəzifəsinin öyrəncisi qismində qəbul edilmişdir, 18.07.1981-ci ildə imtahan verdikdən sonra turbin avadanlığı üzrə maşinistbaxıcı vəzifəsinə təyin edilmişdir, 12.07.1982-ci ildə İV qrup TİS-nə turbin maşinisti təyin edilmişdir, 16.01.1989-cu il tarixdə SSRİ Nazirlər Sovetinin SSKP MK-nin 17.09.1986-cı il tarixli, 1115 saylı Qətnaməsinə və "xxxx" ASC-nin əmrinə əsasən iş yerlərinin attestasiyasına əsasən Turbin sexinə zərərli əmək şərtləri ilə 6-cı dərəcəli turbin maşınisti vəzifəsinə keçirilmişdir, 01.09.1995-ci ildə Turbin sexinin 7 (yeddinci) dərəcəli turbin maşınisti dərəcəsi verilmişdir, 11.04.1999-cu ildə Turbin sexinin növbətçi rəisi təyin edilmişdir, 03.06.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “3”-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir, 03.06.2002-ci ildən 05.11.2002-ci ilədək Sumqayıt İEM-1-2 MMC-də Turbin sexinə növbə rəisi vəzifəsində işləmişdir. İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, onun təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 24420,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 09 aprel 2018-ci il tarixli 10-KŞ nömrəli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Ziyəddin oğlu həqiqətən “Sumqayıt İEM-2”-də: 15.06.1981-ci ildən (Pp-N98-k) 12.07.1982-ci ilə qədər Qazan- Turbin sexində nəzarətçi maşinist vəzifəsində işləmiş, -kod: 2140000a - 13931; 12.07.1982-ci ildən (əmr N91-k) 11.04.1999-cu ilə qədər Turbin sexində turbin maşinisti vəzifəsində işləmiş, -kod: 2140000a- 13658; 11.04.1999-cı ildən (əmr 9-1) 03.06.2002-ci ilə qədər (Əmr-35-kş) Turbin sexində növbə rəisi vəzifəsində işləmiş. - kod: 2140000b - 24043; 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir. "xxxx" ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Sumqayıt İEM-1” hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin 26.02.2002-ci il tarixli 43 №-li əmrinə əsasən yeni hüquqi şəxs yaranmışdır "xxxx" MMC. 19.03.2004-cü il tarixli 52 №-li əmrinə əsasən "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş, İddiaçı 57 yaşdan, yəni 06.07.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Cavabdehin imtina məktubundan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh öz imtinasını və şikayətini iki halla əsaslandırmışdır: 1. 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması; 2. fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən də göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01.09.1975-ci ildə Bakı şəhər C.Babayev adına 3 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 22.06.1978-ci ildə bu məktəbin tam kursunu bitirmiş, ona beşinci dərəcə ilə sətirtökən maşınla yığan mürəttib ixtisası verilmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 02 il 09 ay 21 gün təşkil etmişdir. Məhkəmə kollegiyası “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 02 il 09 ay 21 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 05.05.1979-cu il tarixdən 16.05.1981-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 10 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddət və hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək onun 26 il 10 ay ümumi sığorta stajı vardır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Ona görə də, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı deyildir. Apellyasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsinin tələb edilməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Ona görə də apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsaslı hesab edilərək təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2021 saylı, 15 mart 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1845/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1845/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver