Məhkəmə qərarları › İş №2-1(103)-1845/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1845/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1845/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1887 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1887 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 №-li BTK–nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 1878 №-li bağ yeri sahəsinə iddiaçının mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 38 nömrəli kooperativ 93 nömrəli orderi ilə iddiaçıya Bakı şəhər icrayyə komitəsinin 13 aprel 1992-ci il tarixli 544 N-li qərarına əsasən Bilgəh bağlar sahəsində 38 n-li BTK. nəzdində 0.12 hektar torpaq sahəsi olan 1887 nömrəli bağ yeri ayrılmışdır. İddiaçı torpaq sahəsindən səmərəli istifadə edilmiş və lazımi abadlıq işləri aparmışdır. Lakin, təqribən 2000-ci ilin əvvəllərində naməlum səxslər tərəfindən ona məxsus olan bağ sahəsinin hasarı dağıdılaraq sahədə olan beton plitələr götürülmüş, əkilmiş ağaclar kəsilərək sahə bərbad hala salınmışdır. Bundan sonra ona məxsus olan sahə naməlum səxslər tərəfindən zəbt edilərək 5 metr hündürlükdə tikilərək hasara alınmışdır. Dəfələrlə iddiaçıya məxsus olan sahəyə daxil olmağa cəhd etməsinə baxmayaraq sahəni zəbt etmiş şəxslər tərəfindən torpaq sahəsinə daxil ola bilməmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində Daşınmaz Əmlakın Reyestr Xidmətininin 1 saylı Bakı ərazi idarəsinə müraciət edilərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizə təqdim etmişdir. Lakin, cavabdehin əməkdaşıda torpaq sahəsinə torpağı zəbt edən şəxslər tərəfindən sahəyə buraxılmamışdır. Bu şəbədən cavabdehin xx.xx.2020-ci il tarixli **********14 nömrəli məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasıdan imtina olunmuşdur. İddiaçı mülkiyyətindən bu formada məhrum edilməyi heç bir dövlətdaxili və beynalxalq qanunvericilik normasına uyğun deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 1878 №-li bağ yeri sahəsinə İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə olunur. Vətəndaş iddia etdiyi torpaq sahəsinə daxil ola bilmir. Belə ki, bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 38 nömrəli kooperativ 93 nömrəli orderi ilə iddiaçıya Bakı şəhər icrayyə komitəsinin 13 aprel 1992-ci il tarixli 544 nömrəli qərarına əsasən Bilgəh bağlar sahəsində 38 nömrəli BTK. nəzdində 0.12 hektar torpaq sahəsi olan 1887 nömrəli bağ yeri ayrılmışdır. İddiaçı Daşınmaz Əmlakın Reyestr Xidmətininin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, lakin cavabdeh tərəfindən sözügedən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması əsası ilə imtina verilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, M-645-112 nömrəli arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında aşagıdakı sərəncam vardır: “Bağ-tikinti kooperativinin təşkili və bağ sahəsinin vətəndaşlara ayrılması barədə” xx.xx.1992-ci il tarixli 544 nömrəli sərəncam. Bakı şəhər İcra Hakimiyyətinin 544 nömrəli, xx.xx.1992-ci tarixli sərancamına əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli və xx.xx.1988-ci il trixli 6/333 nömrəli Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Qərarına əsasən: 2. Fəaliyyət göstərən bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələri ayrılsın: 2.93 İddiaçı- 38 nömrəli BTK Bilgə sahəsində. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 38 №-li bağ tikinti kooperativi tərəfindən verilmiş 93 №-li orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən İddiaçı 38 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1878 №-li bağ ayrılmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********05 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1878 saylı bağ sahəsi qeydiyyatdan keçməmişdir. xx.xx.2023-cü il tarixli, **********61 nömrəli məktubdan görünür ki, 38 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1878 nömrəli bağ sahəsinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Məktuba qoşma kimi əlavə edilmiş müayinə aktından görünür ki, sözügedən torpaq sahəsi bağ sahəsi kimi qeydiyyatdan keçmişdir və hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 0.12 hektardır. Göründüyü kimi, İddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 nömrəli qərarında göstərilənlərlə təsdiqlənir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 38 nömrəli kooperativ tərəfindən verilmiş 93 nömrəli orderdən görünür Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən İddiaçı 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1878 №-li bağ ayrılmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Yuxarda qeyd edilən qanunvericilik normalarını hazırkı iş üzrə tətbiq edən Kollegiya qeyd edir ki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 38 nömrəli kooperativ tərəfindən verilmiş 93 nömrəli orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan iddiaçının tələbi qanuni və əsaslı olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, həmin orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, sözügedən order qüvvədə olduğundan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bağ sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə olunmasə və bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə bağlıdır. Qeyd edilən dəlili əsassız hesab edən Kollegiya bildirir ki, bu hal iddiaçıya ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaması üçün əsas hesab edilə bilməz. Belə ki, Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. .“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Göründüyü kimi, hazırkı iş üzrə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb olacaq hər hansı əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....torpaq sahəsinin yerləşmə sxemi də mövcuddur. Sözügedən torpaq sahəsinin başqa şəxsin istifadəsində olması və hasarlanması həmin torpaq sahəsinin ona aid olması və bundan sonra onun istifadəsində olacağı demək deyil. Belə ki, torpaq sahəsi iddiaçının adına ayrılmış və həmin torpaq sahəsi hazırda başqa şəxs tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir.” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən AzərbaycanRespublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar