Məhkəmə qərarları › İş №2-1(103)-1845/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1845/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1845/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13419/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi, pensiya məbləğinin 4761 manat 14 qəpik həcmində ödənilməsi və tutulmaların birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12209/2024 saylı qərarının ləğv edilməsi, iddiaçya 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və ona ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2008-ci il tarixində 50 yaşının tamam olduğu gündən DSMF-nin Sabunçu şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ilin fevral ayınadək pensiya məbləği qanuna uyğun şəkildə ödənilmişdir. İddiaçı xx.xx.1978-ci ildə “Xəzərdənizneftqazsənaye” X1 Texniki İşlər və X4 Qorunması İdarəsinin “Pesçanıy” məntəqəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində fəaliyyətə başlamış, xx.xx.1980-ci ildən dalğıc sualtı texniki işləri sahəsinə 3-cü dərəcəli dalğıc vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildən 2-ci dərəcəli İ- İİ- iş ixtisas qrupu üzrə dalğıc, xx.xx.1987-ci ildən 1-ci dərəcəli İ-İİ-iş ixtisas qrupu üzrə dalğıc peşəsində fəaliyyət göstərmişdir. Bütün bu fəaliyyəti xüsusi riskli işlər hesab edilməklə ən çətin peşə fəaliyyətini icra etmişdir. 2008-ci il tarixində pensiyaya çıxandan sonra da müxtəlif vəzifələri icra etmişdir. xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə iddiaçıya “Tərəqqi” medalı verilmişdir. Qanunsuz və əsassız şəkildə pensiya ödənişi dayandırılmış və tutulmalar edilməyə başlanılmışdır. İddiaçı cavabdehə qarşı “2023-cü ilin mart ayından dayandırılmış əmək pensiyasmın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2023-cü ilin mart ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarından sonra pensiya ödənişi bərpa edilmiş və pensiya məbləği 4574,26 manat olmuş və keçmiş dövrə görə isə 2498,37 manat, cəmi 7072,63 manat iddiaçının hesabına ödənilmişdir. Bundan sonra 2024-cü ilin avqust ayından cavabdeh pensiya məbləğinə qanunsuz olaraq müdaxilə etmiş və pensiya məbləği 2078,19 manat müəyyən edilmiş, həmin məbləğdən isə 186,88 manat tutulmaqla ona hazırda 1891,31 manat pensiya məbləği ödənilir. 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin olunmuşdur. İddiaçı 1958-ci il tarixdə doğulmuş, iddiaçının 1 avqust 1997-ci il tarixədək 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 20 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü, 17-ci və 67-ci maddələrinə müvafiq olaraq 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən yaranmışdır. Ona əmək pensiyası hesablanarkən həmin Qanunun 17-ci maddəsinin 5-ci hissəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci və 37.7-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələbləri tətbiq olunmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-13419/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12209/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilmiş, İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və ona ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-12209/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilmiş, iddiaşıya 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və ona ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi – kişilərdə 60 yaş, qadınlarda 59 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Cavabdeh tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının cavabdehin əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrı-ayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki normaların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il 3 ay 23 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 36,97 manat (31,31 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,29 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10516,32 manat sığorta kapitalına uyğun 73,03 (10516,32:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 205,32 (57,29+73,03+75,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 994,83 manat) təyin edilməli olduğu halda, ona orta aylıq əmək haqqına uyğun olaraq xx.xx.2008-ci il tarixindən 883,36 manat məbləğində əmək pensiyası təyin edilib (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 3376,87 manat). Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, iddiaçıya 71816,00 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Eyni zamanda, iddiaçı əmək pensiyasının bərpa edilməsi, yenidən hesablanaraq artırılması və keçmiş dövr məbləğinin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli qərarı ilə iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin aprel ayında iddiaçının pensiyası yenidən hesablanaraq 4761,14 manat məbləğində müəyyən edilib. Eyni zamanda, iddiaçının əmək pensiyası üzrə ona ödənilməli olan ümumilikdə 37475,62 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməyə başlamışdır. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024-cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. İddiaçının mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 8 iyul 2024-cü il tarixində gəlmişdir. Lakin tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmayıb. Bununla əlaqədar, iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği cari ilin avqust ayından 2078,19 manat müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılmaqla və müvafiq məhkəmə qərarına əsasən ona ötən dövr üzrə hissə-hissə ödənilən pul vəsaiti də tam nəzərə alınmaqla ümumilikdə artıqödəmə məbləği 42841,52 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq, 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Nəticədə Sizə 71816,00 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Sizə xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ə-96987/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Sizə artıq ödənilmiş 71816,00 manat pul vəsaitinin 2551,48 manat hissəsi xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib. Qalıq 69264,52 manat təşkil edir. Eyni zamanda, əmək pensiyanızın bərpa edilməsi, yenidən hesablanaraq artırılması və keçmiş dövr məbləğinin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmısınız. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli qərarı ilə iddianız pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün apanlmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin aprel ayında pensiyanız yenidən hesablanaraq 4761,14 manat məbləğində müəyyən edilib. Eyni zamanda, əmək pensiyanız üzrə Sizə ödənilməli olan ümumilikdə 37475,62 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün Sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024-cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənizin dinlənilməsi üçün Mərkəzi Filiala 8 iyul 2024-cü il tarixində gəlmisiniz. Lakin tərtib edilmiş akt tərəfinizdən imzalanmayıb. Buna dair isə aktın aşağı hissəsində qeyd yazaraq təsdiq etmisiniz. Bununla əlaqədar, Sizə əmək pensiyanın təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın məbləği cari ilin avqust ayından 2078,19 manat müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, Sizə artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılmaqla və müvafiq məhkəmə qərarına əsasən Sizə ötən dövr üzrə hissə-hissə ödənilən pul vəsaiti də tam nəzərə alınmaqla ümumilikdə artıq ödəməniz 42841,52 manat təşkil edir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 242975/2024 nömrəli məktubu ilə İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12209/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, yenidən hesablamanın səbəbi: 52 yaşa çəkildi. Hazırki və yenidən hesablanmış pensiya məbləği 2078,19 manat. Pensiyanın təyin olunduğu tarix xx.xx.2010-cu il. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12209/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Qanunun xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1997-ci ilədək qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh məhz xx.xx.1997-ci il tarixinədək 1 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslərə 52 yaşdan deyil, 50 yaşdan pensiya təyinatı və ya yenidən hesablanmasını qanunauyğun hesab etmir. Bu səbəbdən də iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan deyil, 52 yaşdan təyin edilməli olması göstərilməklə mübahisələndirilən qərarla cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Sadalanan qanunvericilik normalarına və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş (hazırki halda xx.xx.1997-ci ilədək) qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı həmin normanın qüvvədə olduğu xx.xx.1997-ci ilədək qazanmış olsun. İddaçının 50 yaşı xx.xx.2008-ci ildə tamam olsa da, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı xx.xx.1997-ci ilədək qazanmış olduğu üçün, həmin tarixdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 50 yaşının tamam olduğu tarixdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Ona görə də iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini və həmin tarixdə (xx.xx.2008-ci ildə) qüvvədə olan normalara uyğun əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13419/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar