Məhkəmə qərarları › İş №2-1(103)-1846/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1846/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1846/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR № 2-1(103)-1846/2020 xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı nümayəndəsi X6 və vəkili X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2412/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdehin xx.xx.2019-cu il tarixli **********189475 saylı qərarına əsasən ümumilikdə 645.029,49 manat vergi məbləği hesablanmış, 53.271,19 manat vergilər artıq hesablandığı üçün şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş və 97.335,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56 və 85-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəllənin 83.3-cü maddəsinə zidd olaraq hesabat dövrü qurtardıqdan sonra 3 ildən artıq müddət ötməsinə baxmayaraq vergi məbləği hesablanmışdır. Səyyar vergi yoxlaması aktına əsasən 2015-ci ilin mənfəət vergisi üzrə 22.266,43 manat azaldılmış vergi məbləğinin müəyyən edildiyi qeyd olunur. Vergi orqanı gəlirlə bağlı kənarlaşmanın səbəbinin Vergi Məcəlləsinin 166.1-ci müddəalarının pozulması ilə əlaqədar olduğunu qeyd edir. Lakin Vergi Məcəlləsinin 166-cı maddəsi Məcəllənin Xİ fəslinə aiddir. Həmin maddə ƏDV tutulan əməliyyatlarin aparıldığı vaxtı müəyyən edir. Həmin normaya istinad edərək mənfəətin müəyyən edilməsi yolverilməzdir. Mənfəət vergisi ilə bağlı müddəalar Vergi Məcəlləsinin İX və X fəsilində əksini tapmışdır. Hesablama metodu ilə gəlirin əldə edilməsi vaxtını Vergi Məcəlləsinin 135-ci maddəsi tənzimləyir. Bu səbəbdən Məcəllənin 166.1-ci maddəsinə istinadən gəlirin əldə edilməsi vaxtının müəyyən edilməsi əsassızdir. Ümumiyyətlə səyyar vergi yoxlaması aktında 2013- 2017-ci illər üzrə mənfəət vergisi yoxlanılan zaman MMC-nin gəlirləri Vergi Məcəlləsinin 166.1-ci maddəsinə istinadən müəyyən edilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, bu normaya mənfəət vergisinin hesablanması zamanı istinad oluna bilməz. Bundan başqa, MMC tərəfindən 2015-ci ildə 350.115 manat dəyərində proqram təminatından istifadə hüququ əldə edilmişdir. Lakin yoxlama zamanı həmin məbləğ xərc olaraq nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktında (səhifə 21) qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatları “xxxx” ASC-yə (VÖEN **********) təqdim edilməsinə və ya ötürülməsinə baxmayaraq, vergitutma obyekti düzgün müəyyən edilməmiş və nəticədə Vergi Məcəlləsinin 159-cu və 166-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Cəmiyyət tərəfindən rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş və “xxxx” ASC-yə ötürülmüş müxtəlif proqram təminatlarının dəyəri ƏDV-dən azad olunmuş dövriyyəyə aid edilmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 301.157,14 manat məbləğində azaldılmışdır. Proqram təminatından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər royalti hesab olunur (Maddə 13.2.23.) Proqram təminatının təqdim edilməsi və ya proqram təminatından istifadə hüququnun təqdim edilməsi nəticəsində əldə edilən royalti Vergi Məcəlləsinə əsasən “Qeyri-maddi aktivlər” anlayışına aid edilmişdir ki, bunun nəticəsində əldə edilən vəsait ƏDV üzrə vergitutma obyekti deyil və əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər mal sayılmır. Bu səbəbdən müxtəlif proqram təminatlarının “xxxx” ASC-yə təqdim edilməsi və ya ötürülməsi əməliyyatı ƏDV-yə cəlb edilməməlidir. Həmçinin, yoxlama aktına əsasən 322.071,48 manat qeyri-rezident şirkətlərə proqram təminatından istifadə hüququnun əldə edilməsi ilə bağlı aparılmış ödənişlərə Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinə istinadən ƏDV hesablanmışdır. Bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adıçəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi) bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Maddənin də tələbindən göründüyü kimi, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunur. Eyni zamanda, hüququn verilməsi və ya təqdim edilməsi mal hesab olunduğundan və hüquq qeyri-maddi aktiv olduğu üçün ƏDV məqsədləri üçün mal hesab edilmədiyindən səyyar vergi yoxlaması zamanı 322.071,48 manat ƏDV-nin hesablanması əsassızdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərarı qismən, mənfəət vergisi, əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi və tələbin həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının son 5 illik dövrü üzrə vergi yoxlamasının keçirilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış və təqdimatın təmin edilməsi barədə xx.xx.2018-ci il tarixli 5(001)-429/2018 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlamanın keçirilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarının icrasının təmin olunması üçün xx.xx.2018-ci il tarixli qərara əsasən iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və məhkəmə qərarına əsasən son 5 illik dövr (xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr) əhatə olunmaqla yoxlama keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi faktiki olaraq ödəniş terminallarının icarəyə verilməsi, onlara texniki xidmətlərin göstərilməsi, proqram təminatının işlənilməsi və müxtəlif proqram təminatlarına dair qeyri-müstəsna istifadə hüquqlarının verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması ilə 2015-ci il üçün 22.266,43 manat mənfəət vergisi, 2014- 2017-ci illər üçün 680.673,66 manat ƏDV (o cümlədən: 2014-cü il üzrə 12.857,40 manat, 2015-ci il üzrə 38.619,57 manat, 2016-cı il üzrə 548.280,96 manat, 2017-ci il üzrə 80.915,73 manat) və 2016-cı il üçün 4.774,58 manat ÖMV hesablanmışdır. Mənfəət vergisinin hesablanması üçün əsas vergi ödəyicisi tərəfindən vergitutma obyekti və gəlirin əldə edilməsi ilə bağlı xərclərin düzgün müəyyən edilməməsi, ƏDV üzrə hesablamaya əsas proqram təminatları üzrə istifadə hüquqlarının verilməsi və ya ötürülməsinə baxmayaraq vergitutma obyektinin düzgün müəyyən edilməməsi nəticəsində Vergi Məcəlləsinin 159-cu, 166-cı, 175.1-ci, 168.1.5-ci və 169-cu maddələrinin tələblərinin pozulması, ÖMV üzrə hesablamaya əsas vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 13.2.16-cı, 124-cü və 125-ci maddələrinin tələblərinin pozulması olmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt əsasında xx.xx.2019-cu il tarixli **********189475 nömrəli məsuliyyət qərarı qəbul edilmişdir Bildirir ki, iddiaçının rəhbəri vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarı və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə xx.xx.2019-cu il tarixli **********278300 nömrəli tələbnaməni heç bir etiraz bildirmədən imzalayaraq qəbul etmişdir. İddiaçıya hesablanmış vergilərin mahiyyəti ilə bağlı bildirir ki, yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatlarının istifadə hüquqları “xxxx” ASC-yə (VÖEN **********) verilməsinə baxmayaraq, həmin əməliyyatların vergi tutulan dövriyyəyə aid edilmədiyi aşkar olunmuşdur. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, proqram təminatına münasibətdə cəmiyyətə yalnız istifadə hüququ verilmiş, digər hüquqlar yəni sərəncam və sahiblik hüquqları qeyri-rezidentlərin özlərində qalmışdır. Başqa sözlə, proqram təminatı üzərində cəmiyyətin mülkiyyət hüququ yaranmamış, yəni mülkiyyət hüququ ötürülməmişdir. Beləliklə, təqdim edilmiş 1.673.195,21 manat miqdarında proqram təminatına əsasən əvəzləşdirilməmiş 1.098,45 manat ƏDV də nəzərə alınmaqla, 300.076,69 (1.673.195,21x18% - 1.098,45) manat əlavə ƏDV hesablanmişdır. Bundan əlavə, yoxlama ilə əhatə edilən dövr ərzində müəssisə tərəfindən proqram təminatına görə qeyri-rezident şirkətlərə (“N.E.O Consulting FZC”, “Kartek Kart ve X5. A.Ş” və “Namse Yazılım ve X7-GE TİC. LTD.ŞTİ”) ödənilməli olan məbləğin 2.348.877,45 manat (ƏDV 422.797,94 manat) olması, o cümlədən qeyri-rezidentə ödənilmiş 17.775,76 manat ƏDV-nin əvəzləşdirilmədiyi müəyyən edilmişdir. Beləliklə, qeyri-rezident üzrə bəyan edilmiş 459.289,28 manat dövriyyə nəzərə alınmaqla 322.350,12 [(2.348.877,45 - 459.289,28) x 18% - 17.775,76] manat əlavə ƏDV hesablanmışdır. 2014-cü il üzrə mənfəət vergisi üzə ilkin uçot sənədlərinə əsasən müəssisənin gəlirləri 413.225,72 manat müəyyən edilmişdir. Bundan əlavə, müəssisə tərəfindən “xxxx” MMC-dən (VÖEN: **********) 223.425 manat məbləğində proqram təminatından qeyrimüstəsna hüquqlar əldə edilmiş və proqram təminatından istifadə hüququnu müəssisə özünün qeyri-maddi aktivi kimi qiymətləndirmiş və 41.557,50 manat amortizasiya xərci hesablamışdır. Yoxlama ilə 223.425 manat müəssisənin royalti xərcinə aid edilmişdir. Nəticədə, müəssisənin 2014-cü ili 212.659,35 (413.225,72 - 625.885,07) manat zərərlə başa vurduğu müəyyən edilmiş və əvvəlki yoxlama ilə hesablanmış 19.437,84 manat vergi azaldılmışdır. 2015-ci il üzrə müəssisənin ümumi gəlirləri 797.077,86 manat (36.050,01 manat az bəyan edilmişdir) müəyyən edilmişdir. Eyni zamanda, müəssisə tərəfindən 2013 və 2014cü illərdə “xxxx” MMC-dən 355.000 məbləğində proqram təminatından qeyri-müstəsna hüquqların əldə edilməsi nəticəsində 2014-cu ilin sonuna qeyri-maddi aktivlərin qalıq dəyəri olan 374.017,50 manat royalti xərci kimi qiymətləndirilərək həmin xərc maddəsində öz əksini tapmışdır. Yoxlama ilə “xxxx” MMC-dən əldə olunmuş proqram təminatından istifadə hüquqları 2013 və 2014-cü illərdə xərc kimi nəzərə alındığından, 2015-ci il bəyannamə ilə göstərilən 374.017,50 manat xərc məbləği azaldılmışdır. Nəticədə, bəyan edilmiş 8.662,80 manat mənfəət vergisi nəzərə alınmaqla, 22.266,43 [(761.027,85 - 381.766,77 - 224.614,94 (əvvəlki illərin zərəri)) x 20% - 8.662,80] manat əlavə vergi hesablanmışdır. İddianın qismən təmin edilmə əsası kimi məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, royalti - qeyri maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödəniş olduğundan, proqram təminatı qeyri-maddi aktiv hesab edildiyindən, qeyri-maddi aktivlər əlavə dəyər vergisi məqsədləri üçün mal sayılmadığından, royalti şəklində edilmiş ödənişlərin VM-nin 13.2.11-ci maddəsinə istinad edərək ƏDV məqsədləri üçün vergitutulan əməliyyatlara aid edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bildirir ki, məhkəmənin qeyd olunan dəlili özlüyündə ziddiyyət təşkil etməklə maddi hüquq normalarının yanlış tətbiq edilməsi ilə müşayiət olunmuşdur. Belə ki, məhkəmə də vergi orqanının mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı ilə qarşı tərəflər arasında yalnız hüquqların ötürülməsi baş vermişdir və qarşı tərəflərin hər hansı bir mülkiyyət hüququ yaranmadığından burada təqdim etmə baş verməmişdir. Lakin bundan sonra məhkəmənin nümayiş etdirdiyi mövqe anlaşılmaz olaraq qalmışdır. Məhkəmə tərəflər arasında əməliyyatları təqdim etmə kimi qiymətləndirməsə də gətirdiyi dəlil ƏDV-nin vergitutma obyekti olan təqdim etmə zamanı istinad olunan Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə, yəni qeyri-maddi aktivlərin ƏDV məqsədləri üçün mal sayılmamasına istinad etmişdir. Bildirir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeyrimaddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Sadalanan maddələrdən göründüyü kimi, ƏDV-nin vergitutma oybektlərindən biri də malların təqdim edilməsidir. Qeyri-maddi aktivlər mal hesab edilmədiyindən onların təqdim edilməsi ƏDV-yə cəlb edilmir. Hazırki mübahisədə isə məhkəmənin də təsdiq etdiyi kimi, ümumiyyətlə qarşı tərəflərin hər hansı bir mülkiyyət hüququ yaranmadığından təqdim etmədən söhbət gedə bilməz. Başqa sözlə, tərəflər arasında aparılan əməliyyat zamanı qeyri-maddi aktivin təqdim edilməsi baş vermədiyindən bu əməliyyatların ƏDV-dən azad edilməsindən söhbət gedə bilməz. Buna görə də məhkəmə tərəfindən hazırkı mübahisəyə Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarının tətbiq edilməsi maddi hüquq normasının yanlış tətbiq edilməsi kimi qiymətləndirilməlidir. Hazırkı mübahisəyə tətbiq edilməli olan maddi hüquq norması isə Vergi Məcəlləsinin 13.2.11-ci maddəsidir. Hazırkı halda məhz Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində göstərilən hal baş vermişdir. Həmin maddəyə əsasən xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Başqa sözlə, iddiaçı tərəfindən “xxxx” ASC-yə, eləcə də qeyri-rezidentlər “N.E.O Consulting FZC”, “Kartek Kart ve X5. A.Ş” və “Namse Yazılım ve X7-GE TİC. LTD.ŞTİ” tərəfindən iddiaçıya qeyri-maddi aktivin istifadə hüquqları ötürülməklə proqram təminatı xidməti göstərilmişdir və bu xidmətlər ədalətli olaraq vergi orqanı tərəfindən ƏDV-yə cəlb edilmişdir. Bundan əlavə, mövcud məhkəmə təcrübəsinə əsasən də proqram təminatı üzrə istifadə hüququnun verilməsi ƏDV tutulan əməliyyatlara aid edilir. Belə ki, Ali Məhkəmənin iddiaçı “xxxx” MMC-nin (VÖEN **********) cavabdeh ləğv edilmiş Bakı Vergilər Departamentinə qarşı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2015-ci il tarixli **********982323 nömrəli qərarının ləğv olunması barədə iddiasına dair iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2- 1(102)-748/2018 nömrəli qərarındakı hüquqi mövqeyinə görə proqram təminatı üzrə istifadə hüququnun verilməsi ƏDV tutulan əməliyyatlara aid edilir. Həmin qərar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş işin materialları arasında vardır. Məhkəmə digər bir dəlil olaraq bildirmişdir ki, vergi qanunvericiliyi konkret norma müəyyən etdiyindən, 2014-cü il tarixdən 2016-cı ilin 3-cü rübünədək 490.414,23 manat ƏDV məbləğinin və 2015-ci il üçün 22.266,43 manat mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin 56.1-ci, 83.3-cü, 85.4-cü maddələri ilə müəyyən edilmiş normalara ziddir və vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il müddət keçdiyi üçün vergi məbləği hesablana bilməz və hesablanmış vergi məbləği əsassızdır. Bildirir ki, məhkəmə tərəfindən qeyd olunan dəlil irəli sürülərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhləri nəzərə alınmamışdır. Məhz həmin Plenum qərarı cinayət işinin istintaqı ilə əlaqədar aparılan səyyar vergi yoxlamalarının 3 ildən artıq bir dövrü əhatə etməsini yolverilən olduğunu təsdiq etmişdir. Sözsüz ki, bu qərarın məntiqi Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yoxlama müddətləri fərqli olmasındadır. Bildirir ki, məhkəmə qərarına əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində yoxlanılan dövr üzrə vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsinin 213-cü maddəsində (vergi ödəməkdən yayınma) nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olmuşdur. Həmin maddədə nəzərdə tutulmuş cinayətlər az ağır cinayətlərə aid olduğuna görə Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən yeddi il ərzində məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Göründüyü kimi, vergi orqanı səyyar vergi yoxlamasını cinayət işinin istintaqı çərçivəsində və cinayət təqibi orqanının göstərişi əsasında apardığından iddiaçının 7 ili ötməməklə 3 ildən artıq fəaliyyətinin yoxlanılması qanunauyğun olmuşdur. Məhkəmənin iddiaçıya hesablanmış 2015-ci il üzrə 22.266,43 manat mənfəət vergisinin əsassız olması ilə bağlı gətirdiyi dəlillə bağlı bildirir ki, yoxlama ilə iddiaçı tərəfindən “xxxx” MMC-dən əldə olunmuş proqram təminatından istifadə hüquqları 2013 və 2014-cü illərdə royalti xərci kimi nəzərə alındığından, 2015-ci bəyannamə ilə göstərilən 374.017,50 manat xərc məbləği azaldılmışdır. İddiaçı tərəfindən 2013-2014-cü illər üzrə hər hansı bir royalti xərci bəyan edilmədiyi halda, yoxlama ilə həm 2013, həm 2014-cü illər üzrə cəmi 436.925,0 manat royalti xərci tanınaraq iddiaçının xeyrinə bəyannaməyə işlənmişdir. Lakin 2015-ci ildə bundan daha az, yəni 374.017,50 manat royalti xərci çəkilmədiyi üçün bəyannamədən çıxarılmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın qismən ləğv edilərək, iddianın qalan hissədə də rədd olunması xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qərarının əsaslılığı yalnız onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) yoxlanılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı iddia rədd olunan hissədə yoxlanılmır. Bu baxımdan, işdə olan, xx.xx.2019-cu il tarixli **********156227 nömrəli Səyyar vergi yoxlaması aktından müəyyən edilir ki, iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və son 5 illik dövr (xx.xx.2013-xx.xx.2018) əhatə olunmaqla yoxlama keçirilmişdir. Aktın yoxlamanın nəticələri üzrə təklif hissəsinə görə, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, mənfəətdən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2015-ci il üzrə 22.266,43 manat məbləğində azaldığına görə azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 11.133,22 manat məbləğində maliyyə sanksiyası; ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 680.673,68 manat (2014-cü il - 12.854,40 manat; 2015-ci il - 38.619,57 manat, 2016cı il - 548.280,96 manat, 2017-ci il - 80.915,73 manat) məbləğində azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 340.336,84 manat məbləğində maliyyə sanksiyası; 2016-cı ilin 3-cü rübü üzrə ÖMV-nin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.774,58 manat məbləğinə azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 2.387,29 manat məbləğində maliyyə sanksiyası; vergi ödəyicisi tərəfindən 2013-cü ilin 3-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyası; malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən vaxtında ödənilməmiş 60.431,05 manat ƏDV məbləğinin 50 faizi miqdarında 30.215,53 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərarı ilə iddiaçıya 645.029,49 manat məbləğində vergi borcu hesablanmış və 97.335,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırkı iddia ilə xx.xx.2019-cu il tarixli qərarı mübahisələndirmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən vergi borcunun tutulması ilə bağlı nəzərdə tutulmuş 3 illik müddətin keçməsinə baxmayaraq vergi borcunun hesablanması və iddiaçının 2014-2017-ci il tarixlərdə proqram təminatlarından istifadəsi nəticəsində əldə olunan royalti şəklində ödənilmiş məbləğə ƏDV-nin hesablanması qanuna ziddir. Beləliklə, iddianın əsaslandırılması üç hissədən ibarətdir ki, onlar da, 1) cavabdeh tərəfindən 2014-2017-ci illərdə hesablanmış ƏDV vergisi və ona tətbiq olunmuş maliyyə sanksiyasının; 2) cavabdeh tərəfindən 2015-ci ildə hesablanmış mənfəət vergisinin; 3) cavabdeh tərəfindən 2016-cı ildə hesablanmış ödəmə mənbəyindən tutulan verginin əsassızlığıdır. 2014-2017-ci illər üzrə hesablanmış ƏDV-nin qanuniliyi araşdırılarkən məlum olur ki, xx.xx.2019-cu il tarixli qərarla cavabdeh tərəfindən iddiaçıya 2014-cü ildən 2017-ci ilədək cəmi 680.673,66 manat məbləğdə ƏDV hesablanmışdır, xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktından görünür ki, sözügedən məbləğin 490.414,23 manat hissəsi 2014-cü ildən 2016-cı ilin avqust ayına, digər 241.736,42 manat hissəsi 2016-ci ilin 3-cü rübündən 2017-ci ilə aid edilmişdir. Aktda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatlarının istifadə hüquqları “xxxx” ASC-yə təqdim edilməsinə və ya ötürülməsinə baxmayaraq, vergitutma obyekti düzgün müəyyən edilməmiş və nəticədə Vergi Məcəlləsinin 159-cu və 166-cı maddələrinin, həmçinin, qeyri-rezidentin göstərdiyi xidmətlərə və ya gördüyü işlər üzrə əməliyyatlara görə 168.1.5-ci maddəsinin və 169-cu maddəsinin tələbləri pozulmuşdur. Aktdan, həmçinin, məlum olur ki, yoxlama zamanı qeyri-rezident olan “N.E.O Consulting FZC” ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0116-002 nömrəli və xx.xx.2016-cı il tarixli 0216/002 nömrəli “Proqram təminatından istifadə üçün hüquqların verilməsi barədə” müqavilələr, iddiaçı, “xxxx” ASC və qeyrirezident müəssisə olan “Kartek Kart ve X2 A.Ş” şirkəti arasında bağlanmış üçtərəfli müqavilələr və iddiaçı ilə qeyri-rezident müəssisə olan “Namse Yazılım ve X7-Ge Ticaret Limited Şirketi” ilə bağlanmış müqavilələrdən aydın olduğu kimi, qeyri-rezidentlər proqram təminatına münasibətdə iddiaçıya yalnız istifadə hüququnu vermiş, digər hüquqlar qeyrirezidentlərin özlərində qalmışdır. Yəni, proqram təminatı üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Cavabdeh proqram təminatı üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. İddiaçı isə vergi orqanının bu mövqeyinə etiraz edərək bildirmişdir ki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunazidd olmuşdur. Məhkəmə kollegiyası müxtəlif proqram təminatlarının təqdim edilməsi və ötürülməsi əməliyyatının ƏDV-yə cəlb edilib-edilməməli olması, ƏDV-nin royalti şəklində ödənilmiş məbləğlərə hesablanmalı olub-olmaması ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin: 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir; 159.1-ci maddəsinə görə, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir; 13.2.8-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır; 13.2.9-cu maddəsinə əsasən, intelektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyri-maddi aktivlər hesab olunur; 13.2.3-cü maddəsinə görə, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir; 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Yığcam ifadə ilə, royalti - qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. Cavabdeh də iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində iddiaçı ilə qarşı tərəflər arasında yalnız hüquqların ötürülməsinin baş verdiyini və hər hansı mülkiyyət hüququnun yaranmadığını qəbul edir ki, bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyini, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadən ƏDV məqsədləri üçün vergitutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir. Cavabdehin mübahisəli qərarı iddiaçıya hesablanan mənfəət vergisinə münasibətdə də qanunsuz olmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktına əsasən 2013- 2017-ci illərin mənfəət vergisi üzrə kənarlaşmaların səbəbi Vergi Məcəlləsinin 166.1-ci maddəsinin müddəalarının pozulması ilə əlaqədar olmuşdur. Adıkeçən normaya görə, “Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.” Beləliklə də, royalti ilə bağlı hüququn tətbiqinə dair yuxarıda verilən qiymətləndirməyə uyğun olaraq, cavabdehin Vergi Məcəlləsinin “Əlavə dəyər vergisi” adlı Xİ Fəslində yer alan və ƏDV tutulan əməliyyatların vaxtını müəyyən edən normanı tətbiq edərək, iddiaçıya əlavə məbləğdə mənfəət vergisi hesablaması vergi qanunvericiliyinin tələblərinə ziddir. İddianın Vergi Məcəlləsinin 56 və 85-ci maddələrinin pozulması ilə əsaslandırılması da düzgün olmuşdur. Cavabdeh bu əsaslandırmaya etiraz edərək bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-429/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarının icrasının təmin olunması üçün vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və məhkəmə qərarına əsasən son 5 illik dövr (xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr) əhatə olunmaqla yoxlama keçirilmiş və səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialar üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Vergi Məcəlləsinin 2020-ci ili yanvar ayının 1-nə kimi qüvvədə olan redaksiyada 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, həmin şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Eyni Məcəllənin 85.4-cü maddəsinə əsasən isə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Cavabdehin xx.xx.2019-cu il tarixli **********189475 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, həmin qərarla 2014-cü ildən 2016-cı ilin 3-cü rübünədək 490.414,23 manat məbləğdə əlavə ƏDV və 2015-ci il üçün 22.266,43 manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. Həmin hesablamadan müəyyən edilir ki, 2013-cü ilin dekabr ayında 57,60 manat vergilərin artıq hesablanması, 2014-cü ilin mart ayında 795,60 manat vergilərin artıq hesablanması, 2014cü ilin aprel ayında 4.958,10 manat vergilərin artıq hesablanması, 2014-cü ilin iyun ayında 1.074,24 manat vergilərin artıq hesablanması, 2014-cü ilin iyul ayında 241,20 manat vergilərin azaldılması, 2014-cü ilin sentyabr ayında 6.308,10 manat vergilərin azaldılması, 2014-cü ilin noyabr ayında 6.308,10 manat vergilərin artıq hesablanması, 2014-cü ilin dekabr ayında 6.308,10 manat vergilərin azaldılması, 2015-ci ilin yanvar ayında 1.836 manat vergilərin artıq hesablanması, 2015-ci ilin fevral ayında 1.179 manat vergilərin azaldılması, 2015-ci ilin mart ayında 8.093,88 manat vergilərin artıq hesablanması, 2015-ci ilin aprel ayında 8.750,88 manat vergilərin azaldılması, 2015-ci ilin avqust ayında 17.689,19 manat vergilərin azaldılması, 2015-ci ilin sentyabr ayında 28,80 manat vergilərin azaldılması, 2015-ci ilin oktyabr ayında 2.125,51 manat vergilərin artıq hesablanması, 2015-ci ilin noyabr ayında 1.675,45 manat vergilərin azaldılması, 2015-ci ilin dekabr ayında 9.296,25 manat vergilərin azaldılması, 2016-cı ilin yanvar ayında 173.193,48 manat vergilərin azaldılması, 2016-cı ilin fevral ayında 25.439,63 manat vergilərin artıq hesablanması, 2016-cı ilin mart ayında 40.570,42 manat vergilərin azaldılması, 2016-cı ilin aprel ayında 83.449,93 manat vergilərin azaldılması, 2016-cı ilin may ayında 79.378,59 manat vergilərin azaldılması, 2016-cı ilin iyun ayında 51.876,70 manat vergilərin azaldılması, 2016-cı ilin iyul ayında 6.627,61 manat vergilərin azaldılması, 2016-cı ilin avqust ayında 3.840,53 manat vergilərin azaldılması baş vermiş, ümumilikdə, ƏDV üzrə 50.688,36 manat vergilərin artıq hesablaması və 490.414,23 manat vergilərin azaldılması aşkar edilmişdir. İddiaçıya hesablanmış əlavə vergilərin tarixlərindən görünür ki, onlardan sonuncusu 2016-cı ilin avqust ayına təsadüf etmiş və bununla da cavabdehin mübahisəli qərarının qəbul edildiyi xx.xx.2019-cu il tarixdə Vergi Məcəlləsi ilə nəzərə alınması imperativ qaydada tələb olunan 3 illik müddət ötürülmüş olmuşdur. Bu mənada apellyasiya şikayətinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına istinad edən dəlili əsassızdır. Belə ki, həmin qərarda çox açıq hüquqi dildə şərh edilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” xx.xx.2002-ci il və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01. 2011-ci il tarixli qərarlarında da oxşar hüquqi mövqe bildirilmişdir. Məsələnin məhz qanunvericilik səviyyəsində həll zərurəti Vergi Məcəlləsinin 56.1-ci maddəsinə edilən əlavə və dəyişikliklərlə nəticələnmişdir. Həmin normanın 2020-ci ili yanvar ayının 1-dən qüvvədə olan redaksiyasına əsasən “56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.” Göründüyü kimi, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin nəzərə alınmalı olması ilə bağlı normativ-hüquqi əsas xx.xx.2020-ci il tarixdən əvvələ şamil edilə bilmədiyi üçün, hazırkı işə Vergi Məcəlləsində təsbit olunan 3 illik müddəti tətbiq edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi səyyar vergi yoxlamasını həyata keçirən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona əlavə vergi məbləğləri hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur (Vergi Məcəlləsinin 49-cu maddəsi), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləməmişdir (Vergi Məcəlləsinin 24.0.2-ci maddəsi), cavabdehin mübahisəli qərarı müzakirə olunan hissədə qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), qərar eyni hissədə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2412/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar