Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1847/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı mənəvi ziyanın ödənilməsi və s. tələblərinə dair iddiası üzrə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5757/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dərhal xüsusi rejimin ləğv edilməsi, mənəvi zərəri vurulmasına görə 20.000 manat məbləğində pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5757/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim F.Mədətli). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək, mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan sənədlər əsasında iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materialları ilə iddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət edilməməsi müəyyən olunur. Bundan əlvə, birinci instansiya məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Nazirlər Kabineti tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Həmçinin məhkəmə iddia tələbinin dərhal xüsusi rejimin ləğv olunması barədə cavabdehin üzərinə vəzifənin qoyulması barədə olan hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan tələb qeyri müəyyən olmaqla yanaşı həmçinin əsaslandırılmamışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5757/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1847/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1847/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver