Məhkəmə qərarları › İş №2-1(103)-1847/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1847/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1847/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təminatının bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən 31 yanvar 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası 31 yanvar 2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı, xx.xx.2021-ci il tarixli məktubda dayandırmaya əsas kimi göstərilmişdir ki, “araşdırma zamanı 09 noyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Saatlı dəmir yolunda operator köməkçisi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Reles-5” cihazında defektoskop və xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə X5 Müəssisəsində xörəkpaylayan vəzifələrində işlədiyi müəyyən olunmuşdur. Qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 2 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq iddiaçıya xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oldunduğu aşkar edilmişdir”. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırılır ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmışdır. Araşdırma zamanı İddiaçı 9 noyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Saatlı dəmir yolunda operator köməkçisi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Rels-5” cihazında defektskop və xx.xx.1987-xx.xx.1994cü il tarixləri arasındakı dövr ərzində isə X5 Müəssisəsində xörəkpaylayan vəzifələrində işlədiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan dövrlərdə onun əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 2 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq vətəndaşa xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7216,40 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İş materiallarında olan iddiaçının pensiya işinin surətindən görünür ki, iddiaçıya 231 nömrəli xx.xx.2018-ci il tarixli Qərara əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən 31 yanvar 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 8 saylı X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı 64 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 8 nömrəli Saatlı yol sahəsində xx.xx.1979-cı il tarixdən 209 nömrəli əmrlə operator köməkçisi, xx.xx.1986-cı il tarixədək Defektoskop operatoru işində işləyib və zərərli işə görə əmək haqqı almışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək onun fevral, mart və aprel aylarının pensiyasının bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarından görünür cavabdeh orqan apelyasiya şikayətində göstərilən əsaslarla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin edilməsinə əsas olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi də öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı, eləcə də apelyasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərə oxşardır və məhkəmə həmin dəlillərə əsaslı cavab vermişdir. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunmasına əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-2074/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar