Məhkəmə qərarları › İş №2-1(103)-1847/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1847/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1847/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2, iddiaçının və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “artıq tutulmuş verginin ona geri qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14826/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiyaş ikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının 1992-2012-ci illər ərzində ödədiyi vergilərə münasibətdə artıq ödənilmiş vergilərin geri qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı uzun illər Fövqəladə Hallar Nazirliyində və SOCAR-da işləmiş, əmək haqqından və digər gəlirlərindən dövlətə vergilər ödəmişdir. Hazırda pensiyadadır. X1 Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tələblərinə görə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Atası 1992-ci ildə vəfat etdiyinə görə, həmin hüquq normasının müddəaları indiki halda da tədbiq edilməlidir. İddiaçı dəfələrlə cavabdeh qurumlara bu barədə mürcariətlər etsə də, ərizələri təmin edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14826/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının məhkəmə iclasında iştirak etdiyi halda, qərardadda iştirak etmədiyi qeyd olunmuşdur. Həmçinin, qərardada Ali Məhkəmənin 2-1(102)-658/2023 saylı qərarına istinad edilərək, mübahisə barədə daha öncə məhkəmə qərarı qəbul edildiyinə görə iddia mümkün sayılmamışdır. İPM-nin 78-ci maddəsindən də görsəndiyi kimi, iddianın mümkünsüz sayılması üçün daha öncə eyni iştirakçılar və ya onların hüquqi varisləri arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalıdır. Barəsində şikayət verilən qərardadda Ali Məhkəmənin 2-1(102)-658/2023 saylı qərarının mövcudluğu əsas gətirilsə də, həmin qərarda cavabdeh tam fərqli orqandır. Bundan başqa, artıq ödənilmiş verginin qaytarılması əmək münasibəti deyil, məhz, inzibati icraatdır. Çünki vergi dövlət orqanları tərəfindən tutulan bir vəsaitdir və onun geri qaytarılması prosedurunu da vergi və maliyyə orqanları həyata keçirir. Başqa sözlə, iddia təmin ediləcəyi təqdirdə məhkəmə qərarını məhz, vergi və maliyyə orqanları müvafiq inzaibati akt qəbul etməklə icra edəcəklər. Mübahisənin məhz, inzibati xarakter daşıması həm də artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydalarından da görsənir. Belə ki, həmin qaydalarda da artıq ödənilmiş verginin geri qaytarılması üzrə vergilər və maliyyə orqanları məsul edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən müxtəlif cavabdehlərə qarşı iddia qaldırılmış, lakin onlardan heç biri Maliyyə Nazirliyi olmamış, eyni zamanda, iddia qanunda edilmiş dəyişikliklər vətəndaşın vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınaraq irəli sürülmüşdür. Odur ki, şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir (İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova iddianın işdə olan cavabdehlərə qarşı deyil, işəgötürən quruma qarşı qaldırılmalı olduğunu, həmçinin, iddiaçı tərəfindən eyni əsasla qaldırılmış iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının olduğunu vurğulayaraq, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələblərindən göründüyü kimi, 1992-2012-ci illər ərzində ödədiyi vergilərə münasibətdə artıq ödənilmiş vergilərin geri qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə ilə iddianın mümkün sayılmaması nəticə etibarı ilə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı prosessual qanunvericiliyin tələbləri qaydasında qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, birincisi, işin hallarından göründüyü kimi, iddiaçı əvvəllər Fövqəladə Hallar Nazirliyi və SOCAR kimi təşkilatlarla əmək münasibətlərində olmuş, əmək haqqı almış, həmin qurumları tərəfindən də vergi agenti olaraq onun gəlirlərindən vergilər hesablanıb dövlət büdcəsi nəfinə tutulmuşdur. Başqa sözlə, onun hazırkı cavabdehlər Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyi ilə inzibati münasibətləri mövcud olmamış və həmin qurumlarla hazırda da onun heç bir bağlılığı yoxdur. Vergilər Məcəlləsinin 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunla edilmiş və 22 dekabr 2018-ci il tərixdə qüvvəyə minmiş dyişikliyə uyğun redaksiyasına əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından, konkret halda, iddiaçının əvvəllər işlədiyi Fövqəladə Hallar Nazirliyində və SOCAR-da əldə etdiyi keçmiş gəlirlərinə münasibətdə Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tətbiq edilməsi imkanları da məhz, sözügedən qurumlara aid məsələdir. Çünki, həmin Məcəllənin 17.1-ci maddəsin əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Həmin Məcəllənin 17.3-cü maddəsinin tələbinə görə vergi agenti: 17.3.1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə; 17.3.2. vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa; 17.3.3. vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə; 17.3.4. vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; 17.3.5. bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur. Göründüyü kimi, iddiaçının vaxtilə başqa qurumlarda işləyərək əldə etdiyi gəlirlərini azaltdıqda hazırkı cavabdehlər əsl cavabdehlər, səlahiyyəti olan orqan kimi çıxış edə bilməzlər. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, iddiaçı Dövlət Vergi Xidmətinə qarşı onun əmək haqqından tutulmuş məbləğin geri qaytarılması tələbinə dair iddiası mümkün sayılmamış, qərardad yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İPM-in 78-ci maddəsi isə nəzərədə tutur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehlər Dövlət Vergi Xidmətinı və Maliyyə Nazirliyininə qarşı hazırkı iddiası, İPM-in 35.1-cü maddəsinin tələbi qaydasında əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. İddia mükünsüz iddiadır. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Birinci instansiya məhkəməsinin qərardadının nəticə etibarı ilə düzgün olduğunu nəzərə alan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlar baxımından həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14826/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14826/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar