Məhkəmə qərarları › İş №2-1(103)-1847/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1847/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1847/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə çıxarışın verilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6379/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. 28.04.2013-cü il tarixli müqaviləyə əsasən payçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini podratçı "xxxx" MTK-ya həvalə etmiş, “Payçı” ona düşən 5-ci mərtəbədə yerləşən tam sahəsi 141 kv.m olan mənzillərin sahəsinin hər 1 kv.m üçün 786 manat, cəmi 110826 manat məbləğində pulu “Podratçıya” ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 141 kv.m olan mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 3 ünvanında cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.metr olan mənzil və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.metr olan qeyriyaşayış sahəsinin (avtomobil dayanacağı) İddiaçı sahiblik və istifadəsinə təhvil verilməsi, həmin mənzil və qeyriyaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə etmə hüquqlarını məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “Məhkəmə hesab edir ki, İddiaçı müqavilələr üzrə öhdəliklərini tam icra etdiyindən cavabdeh MTK müqavilələr üzrə öhədliklərini icra etməli, mənzili və qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir.”

4. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(009)-238/2021 saylı icra sənədinin icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, binanın 7- ci, yaşayışın 5-ci mərtəbəsində yerləşən 141 kv.m mənzil müəyyən edilmiş, mənzil boş vəziyyətdə tələbkara təhvil verilmişdir. Tələbkar tərəfindən mənzilə giriş qapısı qoyulmuşdur.

5. 02.10.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, İddiaçı məxsus Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən mənzilin yerləşdiyi bina 1-ci mərtəbə 2 səviyyəli yaşayış binasıdır. 1-ci mərtəbə 2 səviyyəli mərtəbəli kimi nəzərdə tutulsa, mənzil 6-cı mərtəbə, 1-ci mərtəbə 2 səviyyəli qeyd edilsə, mənzil 5-ci mərtəbədə yerləşir. Mənzil yaşayışın 5-ci mərtəbəsində soldan 3-cü qapıda və 2-ci girişdə yerləşir. Mənzilin giriş qapısı yeni qoyulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat.

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək, ünvan 5 ünvanında 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilə və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.metr olan qeyri-yaşayış sahəsinə (avtomobil dayanacağı) mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin e-2(009)- 238/2021 №-li mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə görə onun "xxxx" MTKdan 110826 manat ödəməklə aldığı Bakı şəhəri, A.Abbaszadə küçəsində 17 saylı binanın, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilinə və həmin binanın zirzəmisində yerləşən, qeyd olunan "xxxx" MTK-ya 4 320 manat ödəməklə aldığı ümumi sahəsi 24 kv.m olan avtomobil dayanacağına (qeyri-yaşayış sahəsi) dair mülkiyyət hüququ bərpa olunmuşdur. Qətnamənin qəbul edilməsindən 3 il keçmişdir. Bu müddət ərzində məhkəmə qətnaməsinin icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində o, mənzilinə daxil ola bilmiş və mənzilinə qapı qoymuşdur. Mənzilinə su və elektrik xəttlərinin çəkilməsi, təmir işlərinin görülməsi, eləcə də mülkiyyəti ilə bağlı digər hərəkətlərin yerinə yetirilməsi üçün şəxsi mülkiyyətinə dair Daşınmaz əmlakın reyestr xidmətindən müvafiq çıxarış almaq üçün ASAN Xidmətdə yerləşən Reyestr xidməti Şöbəsinə müraciət edildikdə ona çıxarış verilməsindən şifahi olaraq imtina edilmişdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, çoxmərtəbəli yaşayış binasına dair istismara icazə sənədi idarəyə təqdim edilməmişdir. Bundan başqa, təqdim edilən xx.xx.2023cü il tarixli qazın alqı-satqısı barədə müqavilədə göstərilən 60 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qabaqcadan qeydiyyatı aparılmışdır, həmin şəxslə aralarında əlaqəli sənəd təqdim edilməmiş, həmçinin digər sənədlərdə mənzilin nömrəsi qeyd edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman qeyri-yaşayış sahəsinin (qarajın) yerini təyin etmək mümkün olmamış, qeyri-yaşayış sahəsinin mövqeyini bildirən mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin ünvan 6 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.m olan 3 otaqlı mənzilin üzərinə Səbail Rayon Məhkəməsinin e-2(009)-2304/2020 saylı, xx.xx.2020-ci tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Qeyd edilənlərlə yanaşı, ərizəyə əlavə edilmiş Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-238/2021 saylı mülki iş üzrə 1 saylı Bakı Ərazi İdarəsi tərəf qismində cəlb edilməmiş və xx.xx.2021-ci il tarixli qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

9. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, A.Abbaszadə, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv. m olan mənzilin və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.m olan qeyri-yaşayış sahəsinin (avtomobil dayanacağı) dəqiq ünvanı (yəni mənzilin və dayanacağın 17 saylı binada nömrəsi) qeyd edilməklə həmin mənzil və dayanacaq üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizələr verərək, iddia ərizəsində göstərilən ümumi sahəsi 24 kv m olan avtomobil dayanacağının (qeyriyaşayış sahəsi) nəzərə alınmamasını və Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6379/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, istismara icazə sənədi "xxxx" MTK tərəfindən təqdim olunmalıdır. Lakin, "xxxx" MTKdan hazırda hər hansı bir sənəd əldə etmək mümkün deyildir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

f) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin vicdanlı alıcı olması səbəbindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görədə məhkəmə kolleqiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

24. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilə dövlət reyestrindən çıxarışın verilməsini tələb edir.

25. İddiaçının dəlili isə ondan ibarətdir ki, xx.xx.20213-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzili cəmi 110826 manat ödəməklə "xxxx" MTK-dan almışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 3 ünvanında cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.metr olan mənzil və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.metr olan qeyri-yaşayış sahəsinə (avtomobil dayanacağı) İddiaçı sahiblik və istifadə hüquqları tanınmışdır. Odur ki, hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-238/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin icrası ilə bağlı ona təhvil verilmiş yaşayışın 5-ci mərtəbəsində yerləşən mənzilə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.

26. Cavabdeh orqan isə bildirir ki, sözügedən çoxmərtəbəli yaşayış binasına dair istismara icazə sənədi idarəyə təqdim edilmədiyindən iddiaçıya məxsus Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir.

27. İş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir.

28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yaşayış evinə dair sahiblik və istifadə hüquqlarının tanınması mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən hüquqi fakt hesab edilə bilməz.

29. Qanunvericiliyin müddəalarına əsasən istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz.

30. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, İddiaçı iddia etdiyi bina 17-də yerləşən 60 saylı mənzil üzərində X3 xüsusi mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmışdır.

31. Belə ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 2007-ci il tarixli alqı-satqı müqaviləsində mənzilin nömrəsi göstərilməsə də, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədə” İddiaçı sahibliyində olan mənzilin nömrəsi 60 kimi göstərilmişdir.

32. Belə olduğu təqdirdə İddiaçı alqı-satqı müqaviləsi üzrə verilmiş yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün olmur.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6379/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6379/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar