Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1848/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «alınmamış müavinətin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4194/2021 saylı 13.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı müharibə veteranı adının təsdiq olunduğu gündən, yəni, 22.09.1995-ci ildən müharibə veteranı vəsiqəsini aldığı günə qədər 24.10.2014-cü ilə kimi alınmamış müavinətin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 24.10.2014-cü ildə veteranlıq vəsiqəsini almış, hazırda işləmir, 3 az yaşlı uşağı var. 2020-ci ilin may ayında ağır əməliyyat keçirsə də, aprel ayından silahlı qüvvələrin tərkibində koordinasiya mərkəzində keçmiş veteran kimi iştirak etmişdir. Lakin müharibə veteranı adının təsdiq olunduğu gündən, yəni 22.09.1995ci ildən veteran vəsiqəsini aldığı 24.10.2014-cü ilə qədər olan dövr üçün almamışdır. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən isə ona əvvəlki 3 il üçün müavinət ödənilməlidir. Bununla bağlı 14.03.2019-cu il tarixdə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabsız qalmışdır. Cavabdeh 15 mart 2021-ci il tarixli, **********0 nömrəli iddia ərizəsinə etirazında iddianın rədd olunmsını xahiş etmiş və bunun onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi tərəfindən 24 oktyabr 2014-cü il tarixində veteran vəsiqəsi verilmişdir. Qeyd edilən veteran vəsiqəsi əsasında 24 oktyabr 2014-cü il tarixindən sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə haqlı olaraq “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməklə 07.11.2011-ci il tarixdən 24.10..2014-cü il tarixə kimi hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Cavabdeh (Təmsil edən Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı vasitəsilə) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İşin hazırkı apellyasiya mərhələsində, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsasızdır. Belə ki, iddiaçıya 24 oktyabr 2014-cü il tarixində veteran vəsiqəsi verilmiş və həmin vaxtdan da ona “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müəvinət təyin edilmişdir. Həmin normanın dispozisiyasına görə müraciət edilməsindən asılı olmayaraq, birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu mənada vəsiqənin verildiyi tarixdən müavinətin əvvəlki üç illik dövrə görə ödənilməsi qanuni və əsaslı sayıla blməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həşimova apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (11.07.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur (Hazırda “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 01 aprel 2019-cu il tarixdən 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir) «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarından görünür ki, 24.10.2014-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakına görə 055920 N-li veteran vəsiqəsi verilmiş, 07.11.2014-cü il tarixində müraciətinə əsasən iddiaçıya müharibə iştirakçısı olduğu üçün cavabdehin 14.11.2014-cü il tarixli qərarı ilə həmin tarixdən ayda 45 manat olmaqla müavinət təyin edilmişdir (12.02.2016-cı il tarixli cavabdehin sərəncamla, sosial müavinətin məbləği dəyişdirələk 50 manat müəyyən edilmişdir). Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə (1-ci hissəsinin 1ci bəndinin 8-ci yarımbəndinə) müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarınının iştirakına görə müharibə veteranı adı verilmiş İddiaçı 14.11.2014-cü il tarixdə müavinət təyin edilsə də, ona müraciət etdiyi 07.11.2014-cü il tarixindən əvvəlki üç ilə görə müavinət verilməmişdir. Başqa sözlə, müharibə veteranı olan iddiaçının əvvəlki üç ilə görə müavinət almaq hüququ təmin olunmamış, məslə açıq qalmışdır. Cavabdehin apellyasiya şikayətində “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin qeyd olunan dispozisiyasına və «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə istinadən belə hesab edir ki, müavinət verilərkən müharibə veteranı vəsiqəsinin verilmə tarixi əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, qanunvericiliyin qeyd olunan normaları cavabdeh tərəfindən düzgün təfsir olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda tətbiq edilə bilməz. Konkret halda qanunverici, sadəcə onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın veteran vəsiqəsinin mövcudluğu tələb olunur. İddiaçıya müharibə veteranı adıvə vəsiqəsi 1994-cü ilin may ayının 12-dən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə verildiyini nəzərə alındıqda, onun 24.10.2014-cü il tarixində ona «müharibə veteranı» adı və vəsiqəsi verildiyi andan, əvvəlki üç il üçün müraciət etdiyi təqdirdə, müavinət almaq hüququna malik olur. Lakin iş materiallarından görünür ki, cavabdeh DSMF qürumu iddiaçının qanunla müəyyən edilən hüququnu pozmuş, müraciət etdiyi 07.11.2014-cü il tarixindən əvvəlki üç il üçün müavinətin ödənilməsindən imtina etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin iddiaçıya müharibə veteranı kimi əvvəlki üç il üçün müavinətin ödənilməsinin qanuna zidd olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin qismən təmin edilməsini və iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki üç il (07.11.2011-24.10.2014) üçün müavinətin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehın apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4194/2021 saylı 13.04.2021-ci il tarixli qərarı, “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözlərindən sonra, “Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4194/2021 saylı 13.04.2021-ci il tarixli qərarı, “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözlərindən sonra, “Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1848/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1848/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver