Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1848/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-3511/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********241700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********241700 nömrəli qərarına əsasən kameral qaydada ona qanunsuz vergi məbləği hesablanmışdır. Qanunsuz vergi məbləğinin hesablanmasına səbəb olaraq onun topladığı metal tullantılarının və məmulatlarının alış aktları əsasında vergi ödəyicilərinə təhvil verilməsi faktına istinad edilmişdir. Nəticədə bəhs edilən qərardan yuxarı inzibati orqana inzibati şikayət göndərilmişdir. Lakin AR İN yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********238100 nömrəli qərarına əsasən inzibati şikayəti təmin edilməmişdir. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən ona hesablanmış vergi məbləği qanunsuzdur və bu səbəbdən xx.xx.2021-ci il tarixli **********241700 nömrəli qərar ləğv edilməlidir. Ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində əmələ gələn məişət tullantıları qismində metal tullantı, məmulatları və qırıntıları (metal qazanlar, samavarlar, elektrik motorlar, onların çərçivələri, naqillər, məişətelektrik avadanlıqları, onların daxili elementləri, metaldan olan ev əşyaları, yararsız məişət tullantıları , aşınmaya məruz qalan metal məmulatlar, atış poliqonlarındandan yığılan metal giliz qalıqları, zibil qutularından və zibil poliqonlarından toplanılan metal məmulatlar və s.) tərəfindən hər hansı ödəmə həyata keçirilmədən əvəzsiz qaydada poliqonlardan və müxtəlif sahibsiz ərazilərdən toplanılmış və Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq alış aktı əsasında təhvil müəssisələrinə təqdim edilmişdir. Hazırki fəaliyyət vergiyə cəlb edilməyən fəaliyyətdir. Vergi orqanının qənaətinə əsasən təhvil verdiyi metal tullantı və məmulatlara görə ona ödənilən məbləğlər onun gəliri hesab edilir və belə fəaliyyət həm də sahibkarlıq fəaliyyəti hesab edildiyindən bu məbləğlərdən vergi tutulmalıdır. İlk növbədə qeyd edir ki, VM-nin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azad edilən gəlirlər kateqoriyasına daxil edilmişdir. Aydın olduğu kimi bu maddənin tələbinə əsasən yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2021-ci il tarixli **********374100 №li yazılı etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 791839,30 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********322900 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 26.394,64 manat (791839,30 x 5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********241700 nömrəli “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5.2-ci maddəsinə “Əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər” istinad edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə çalışmış və bu yolla külli miqdarda verginin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Məlum olduğu kimi, 1 yanvar 2020ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məlumat üçün bildirirlər ki, fiziki şəxs alış aktı əsasında 2020-ci il ərzində elektron alış aktları əsasında 791839,30 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirir ki, metalları satın alan tərəf ÖMV bəyannaməsində aldığı malların vergisini hesablayıb ödəməli olduğu üçün onun heç bir vergi öhdəliyi yoxdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş malların məbləğinin yüksək olduğunu nəzərə alsaq bəlli olur ki, iddiaçı təkbaşına həmin miqdarda metal qırıntısı yığa bilməz. Belə ki, həmin işin görülməsi üçün iddiaçının işçisi və yaxud hər hansı bir texniki avadanlığı, maşını olmalıdır. Həmçinin metalların yığılmasına da müəyyən xərclər çəkilmişdir ki, bu da öz növbəsində iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun sübutudur. Məlumat üçün bildirirlər ki, elektron alış aktı ilə mal alan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə edilməsi halları müşahidə edilmişdir. Belə ki, vergi orqanında uçotda olmayan bir fiziki şəxsin adına müxtəlif çeşidli kənd təsərrüfatı mallarının alış aktları tərtib edilməklə sənədləşdirilməsi, bir sıra şəxslərin vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri, təsisçisi və ya həmin hüquqi və ya fiziki şəxsin muzdlu işçisi olduğu, habelə malların vergi ödəyicilərindən alış aktları ilə alındığı və ya öz-özünə elektron alış aktı ilə mal təqdim edən fiziki şəxs olduğu, bundan başqa adına alış aktı tərtib edilmiş şəxsin malların təqdim edilməsi ilə əlaqəsi olmayan kənar şəxslərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təhlil zamanı bir sıra vergi orqanında uçotda olmayan şəxslər tərəfindən müxtəlif sayda elektron alış aktı ilə mütəmadi olaraq müxtəlif adda mallar təqdim etdikləri müəyyən edilmişdir ki, həmin şəxslərin təqdim etdikləri malların sahibkarlıq məqsədləri üçün təqdim edilib-edilməməsi hallarının araşdırılmış və sahibkarlıq məqsədləri üçün təqdim edilməsi halları aşkar edilərək qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-3511/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 31 avqust 2021-ci il tarixli **********241700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 avqust 2021-ci il tarixli **********241700 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı Əmirulla oğlu barəsində 2020-ci il gəlir vergisi-vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqına görə 26.394,64 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 26.394,64 manat vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli **********238100 saylı qərarının surətindən müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN **********, AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 1B) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********510700 nömrəli) müraciətinin araşdırılmasının nəticəsinə fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********241700 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda mübahisələndirilən qərarın mübahisə edilməsi əsası qismində iddiaçı metal qırıntılarının toplanmasından ibarət olan fəaliyyətinin sahibkarlıq fəaliyyəti olmamasını qeyd edir. Cavabdeh isə əksinə, iddiaçının fəaliyyətini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirir və onun gəlir vergisinin ödəyicisi qismində görərək vergi hesablanmalı olmasına istinad edir. Eyni zamanda iddiaçının sahibkarlıq fəaliyyətinin uçotda durmadan iddiaçının həyata keçirdiyin qeyd edir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olması da iddiaçının vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının metal qırıntılarını toplaması əsası ilə vergi uçotuna alınması vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin fergi uçotunda olması ilə birbaşa bağlıdır. Belə ki, şəxsin vergi uçotuna alınması onun metal qırıntı toplamaq fəaliyyəti ilə əlaqədar olmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərib-göstərməməsi, eləcə də hazırkı qərarın ləğv edilib-edilməməsi onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fəaliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə hesab edir ki, analoji hal tətbiq edilərək hazırkı mübahisələndirən qərarın qəbulu üçün mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının müəyyən edilməsi üçün də onun vergi uçotuna düzgün alınıb-alınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Cavabdehin etirazda qeyd etdiyi kimi vergi uçotuna düzgün alınıb-alınmaması barədə ilkin olaraq müraciət edilməli, daha sonra iddia tələbi irəli sürülməli idi ki, iddianın mümkünsüzlüyünə yönəlmiş mövqe isə məhkəmə hesab edir ki, prosessual qənaət prinsipinə uyğun deyil. Belə ki, iddiaçının marağı aşkardır. O, qərarın ləğvini istəyir ki, iddiaçının ilkin olaraq vergi uçotundan çıxarılması barədə tələb irəli sürməsi, həmin işə baxılması, daha sonra iddia verərək qərarın ləğvini istəməsi iddia müddətinin ötürülməsi deməkdir. Halbuki, qərarın ləğvində iddia müddətinin tətbiqinin zəruriliyi aşkar səbəblərlə bağlıdır. Hüquqi marağın tez bir zamanda reallaşdırılması, qərarın ləğvinin düzgün olubolmamasının müəyyən edilməsi üçün vaxt itkisinn qarşısının alınması. Eyni zamanda, nəzərə alınmalıdır ki, vergi uçotunda olmanının qanuni sayılması, özündə onu da ehtiva edir ki, iddiaçı vergi öhdəliyinin müəyyən edilməsi ilə bağlı bəyannamə təqdim etməlidir ki, halbuki, uçot səhv aparılmışdırsa, deməli bəyannamənin təqdim edilməsi ilə bağlı öhdəlik də yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.1-ci maddəsinin müddəalarına əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi Solan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015- ci il tarixli **********003100 nömrəli qərarı ilə (xx.xx.2016-cı il tarixli **********005500 nömrəli, xx.xx.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın: 1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında fiziki şəxslərin uçota alınması ilə bağlı tələblər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” (bundan sonra - “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) verilir. 1.4-cü bəndinə əsasən, vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. 1.5-ci bəndinə əsasən bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №–-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinin müddəasını nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, vergi məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. AR CM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məsuliyyətin cinayət və ya inzibati xəta qanunvericiliyi ilə müəyyən edilməsinin meyarı isə AR CM-nin 190-cı maddəsinin qeyd hissəsindən, eləcə də AR İXM-nin yuxarıda adıçəkilən 398-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi məbləğin 50 min manat olması ilə bağlıdır. Cavabdeh iddiaçının vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyini ehtimal edirsə bununla bağlı məbləğin 50 min manatdan aşağı olması nəzərə alınmaqla inzibati xəta qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər həyata keçirilməli idi. Maddənin məzmunundan da göründüyü kimi vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətinin göstərilməsi inzibati xəta məsuliyyəti müəyyən edir. Vergi orqanı isə hazırkı iş üzrə iddiaçını vergi uçotuna alaraq səlahiyyətinə uyğun olmadan inzibati xəta qanunvericiliyinin tətbiqini iddiaçı sahibkarlıq fəaliyyətini qanunsuz həyata keçirsə belə istisna etmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinin qüvvədə olmuş maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt qeyd edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda adıçəkilən müddəalarına bir daha nəzər saldıqda aşkar surətdə görünür ki, fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu ilə bağlı vergi öhdəliyinin hansı formada olması konkret olaraq tənzimlənmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, vergi uçotuna alınma, bəyannamənin verilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, həmin işin faktiki halların qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-3511/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1848/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1848/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver