Məhkəmə qərarları › İş №2-1(103)-1848/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1848/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1848/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X10 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12734/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı mərhum Ruslan Qarayevin ailə üzvü kimi ailə başçısının itirməyinə görə pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Qanuni nümayəndə əri vəfat etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyasını alırdı, lakin oğlunun 18 yaşı tamam olandan sonra həmin pensiya kəsilmişdir. Oğlu İddiaçı anadan gəlmə autizm xəstəsidir (əlildir). Oğluna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirmə tarixini xx.xx.2023-cü il tarixdən “uşaq autizmi, uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” diqanozu təyin edilmişdir. Pensiya kəsildikdən sonra “Ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi” ilə bağlı cavabdehə müraciət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə İdarəsi Uşaq Ruhi-Əsəb Dispanserinin xx.xx.2009-cu il tarixli, 425/02 saylı tibbi arayışından göründüyü kimi oğlu İddiaçı xx.xx.2009-cu il tarixindən həmin dispanserdə qeydiyyatdadır. Bundan başqa, 8 №-li BUX (X7) X9 Dispanserizasiyasının xx.xx.2018-ci il tarixli, TQS №112/2 nömrəli “X1 müayinə vərəqəsi”ndə də qeyd olunmuşdur ki, “F-70.0 uşaq 2009- cu ildən psixiatr kabinetində qeydiyyatdadır”, AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5327 №-li rəyinə əsasən İddiaçı uşaq autizmi (Kanner sindromu) F 84.0 diaqnozu qoyulmuşdur, AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2023-cü il tarixli, 1/3325 №-li həkim Psixiatr Komissiayasının rəyinə əsasən İddiaçı uşaq autizmi, Kanner sindromu, Ağır kəmallıq, qulluq və müalicə tələb edən ciddi nitqdə davranış pozuntusu ilə İQ-25; F84.0; F 72.1; F 80.0; F 90.1 diaqnozu qoyulmuşdur. Göründüyü kimi, iddiaçı uşaqlıqdan əlildir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yekunda cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12451/2024 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı mərhum Ruslan Qarayevin ailə üzvü kimi ailə başçısını itirməsinə görə pensiya alınmasını xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının -18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 64 yaş) çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə; həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qeyd olunanlara əsasən, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı əlillik 24 sentyabr 2023-cü il tarixindən təyin olunduğundan, yəni İddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxs olmadığı üçün ona mərhum Ruslan Qarayevin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı ödənilmiş ailə başçısını itirməyə görə əmək pensiyası pensiya hüququnun bitməsi səbəbindən xx.xx.2023-cü il tarixindən dayandırılıb. İddiaçı sonuncu pensiya məbləği 668,20 (altı yüz altmış səkkiz) manat təşkil edib və ona artıq ödənilmiş pul vəsaiti yoxdur. “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən 24 sentyabr 2023-cü il tarixindən İddiaçı ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12451/2024 nömrəli qərarı ləğv edilmiş və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı mərhum Ruslan Qarayevin ailə üzvü kimi ailə başçısının itirilməsinə görə pensiya alınmasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.2005-ci il təvəllüdlüdür. - X1 müayinə vərəqindən görünür ki, iddiaçı 2009- cu ildən psixiatrik kabinetdə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/3325 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, ona uşaq autizmi diaqnozu verilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Uşaq autizmi, Uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7053 №-li məktubdan görünür ki, AR SN-nin Psixi Sağlamlıq Mərkəzinin müdiriyyəti bildirir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə valideyini ilə birlikdə müayinə üçün mərkəzə müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. Diaqnoz: “Tipik autizm F84.0, Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1 İQ37, Nitqin təsir qabiliyyətinin pozuntusu F80,l, Nitqi anlamaq qabiliyyətinin pozuntusu F80.2, Ambulator müalicə alır.” - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 109 №-li Sərəncamı ilə vətəndaş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü övladı İddiaçı üzərində qəyyum təyin edilmişdir (İddiaçı mülkiyyət hüququ saxlanılmaq şərti ilə). - 341979 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2009-cu ildə vəfat etmişdir. - xx.xx.2009-cu il tarixli məlumat vərəqindən görünür ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Sabunçu rayon Dövlət yanğından mühafizə hissəsinin siirücümanqa komandiri X8 11 il 9 ay 27 gün xidmət müddəti olmuşdur. - xx.xx.2024-cü il tarixli, 3-17-1/3-12451/2024 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” Qərardan görünür ki, ailə başçısının itirilməsinə görə pensiya dayandırılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/5072 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü İddiaçı 8 Ns- li Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. Diaqnoz: “Uşaq autizmi. Kanner sindromu. Ağır kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə”. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-184965/2024 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının -18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 64 yaş) çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə; həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qeyd olunanlara əsasən, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı əlillik 24 sentyabr 2023-cü il tarixindən təyin olunduğundan, yəni İddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxs olmadığı üçün ona mərhum Ruslan Qarayevin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır); 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9); Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal isə iddiaçının əlilliyinin 18 yaşına çatanadək müəyyən edilməməsi ilə bağlıdır. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə çap edilmiş məlumatında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Uşaq autizmi, Uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. İddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onda olan uşaq autizmi əsasında o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır. Əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Məhkəmə qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Həmçinin ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının 18 yaşından sonra əlillik statusunun müəyyən edilməsi ilə yanaşı, iş materiallarında təqdim olunan tibbi sənədlərdən aydın olur ki, onun xəstəlikləri anadangəlmə xarakter daşıyır. Xüsusilə, uşaq autizmi və Kanner sindromu kimi patoloji halların tibbi və elmi əsaslarla insanın uşaqlıq dövründən başladığı hamıya bəlli olan haldır. Digər tərəfdən isə, təqdim edilmiş tibbi sənədlər və müvafiq rəsmi arayışlardan görünür ki, iddiaçı 2009-cu ildən psixiatriya xəstəxanasında qeydiyyata götürülmüşdür. Bu qeydiyyat tarixi, onun psixi sağlamlıqla bağlı ciddi problemlərinin 18 yaşı tamam olmamışdan əvvəl meydana çıxdığını və müvafiq olaraq, xəstəliyin təzahür etməsi ilə bağlı faktiki vəziyyəti sübut edir. Bu hallar bütövlükdə, iddiaçının xəstəliklərinin başlanğıc mərhələsinin hələ uşaqlıq dövrünə təsadüf etdiyini və bu səbəbdən, xəstəliyin xarakteri və inkişaf dinamikasının anadangəlmə olmasını hüquqi və tibbi baxımdan təsdiqləyir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. Oxşar iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında (✯✯✯) eyni mövqeyi nümayiş olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12734/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar