Məhkəmə qərarları › İş №2-1(103)-1849/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1849/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1849/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, pensiyanın müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək Ağdam rayonunun Heydər Hüsüyev adına üzümçülük sovxozunda fəhlə işləmişdir. Ağdamın, həmçinin savxozun yerləşdiyi kəndlərin işğalı ilə əlaqədar sovxozda işləməyi haqqında arxiv sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Pensiya yaşına çatmağı ilə əlaqədar ona pensiyanın təyin edilməsi üçün DSMF Səbail rayon şöbəsinə müraciət etsə də, lazımi sənədləri təqdim edə bilmədiyini əsas gətirərək ona pensiya təyin etməkdən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, “Məhkəmə araşdırması zamanı da cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş ərizəyə cavab verilən zamanı xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək olan iş dövr stajının araşdırılmasının mümkün olmadığını bildirmiş, bununla bağlı işin faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırılması məqsədilə Məhkəmə tərəfindən Azərbaycan Respubikası Dövlət Arxivinin Ağdam filialına ünvanlanmış sorğuya cavab məktubundan da göründüyü kimi sənədlər arxivdə mövcud olmadığından İddiaçı işə qəbulu və işdən çıxarılması barədə heç bir məlumat mövcud deyildir.Azərbaycan Respublikası Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon KT və Əİ H. Hüsiyev adına üzümçülük sovxozunun arayışı arxiv arayışı hesab edilmir. Həmin arayış İddiaçı həmin sovxozda işləməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Faktiki cəhətdən əsaslandırılmayan və qanunvericilik müddəalarının formal sadalanmasından ibarət olan apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə baxarkən hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bununla da maddı hüquq normalarını pozmuş və düzgün tətbiq elməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubundan müəyyən edilir ki, sənədləri qanunvericiliyə uyğun şəkildə təqdim etmədiyinə gərə iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ağdam rayon H.Hüsiyev adına üzümçülük sovxozunun xx.xx.2018-ci il tarixli 04 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək sovxozda fəhlə işləmişdir. Arxiv sənədləri işğal zonasında qaldığı üçün ona əmək haqqı hesablamaq mümkün deyil. AR Dövlət Arxivi Ağdam filialının xx.xx.2020-ci il tarixli 09 nömrəli məktubuna görə, Ağdam rayon H.Hüsüyev adına üzümçülük sovxozunun arxiv sənədləri filialda mühafizə olunmur, filiala təhvil verilməyib. Ona görə də iddiaçının işləməsi haqqında heç bir məlumat vermək mümkün deyil. İddiaçıya məxsus 2018-ci ildə doldurulan İT-İ ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1994-xx.xx.2006-cı il tarixlərdə “MMC quraşdırıcı “T” şirkəti”ndə 4cü dərəcəli çilingər işləmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi, normativ-hüquqi aktla sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu imperativ qaydada tələb olunmuş, bu sənəd müxtəlif səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda isə iş stajının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə biləcəyini bildirilmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin, göstərilənlərə zidd olaraq, iddiaçı mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əmək kitabçasını cavabdehə və Məhkəməyə təqdim etməmişdir. İddiaçı belə bir sənəd kimi Ağdam rayon H.Hüsiyev adına üzümçülük sovxozunun xx.xx.2018-ci il tarixli arayışına istinad edir. Lakin arxiv arayışı Qaydalarla nəzərdə tutulmadığı üçün belə bir hüquqi əhəmiyyətə malik deyil. İddiaçının İT-İ ******* nömrəli dublikat əmək kitabçası da, xx.xx.1994-xx.xx.2006-cı il tarixlərə aid məlumatlar 2018-ci ildə doldurulduğu, həm də iş yerinin adı belə düzgün yazılmadığı üçün (möhürdə “xxxx”xxxx“MMC quraşdırıcı “T” şirkəti qeyd olunmuşdur), mötəbər sayıla bilməz. Məhkəmə kollegiyası bildirir ki, təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən sənədin (mötəbər əmək kitabçasının) təqdim edilməməsi cavabdehin imtinasının qanunuiliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər sübut təqdim olunmadan yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın cavabdeh tərfindən qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbər qəbul edilən bəlli rəsmi sənədlərə malikdir. İddiaçı əmək kitabçasını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulmuş ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, cavabdehin imtinası qanunvericiliyə əsaslandığı, yəni bu əsas normativ hüquqi aktla tənzimləndiyi üçün, qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu isə o deməkdir ki, imtinası mahiyyətcə qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən cavabdehin üzərinə belə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Çünki, iddiaçının xx.xx.2018-ci il tarixdə 63 yaş yarımı tamam olsa da, o, bu tarixə 25 il sığorta stajına malik olmamışdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM- 87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar