Məhkəmə qərarları › İş №2-1(103)-1849/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1849/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1849/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17.05.2021-ci il tarixli **********311700 və 12.08.2021-ci il tarixli **********566900 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04.04.2016-cı il tarixdə ********** saylı VÖEN və AZ-1008, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnamə üzrə əsas fəaliyyəti yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirinin təşkilindən ibarətdir. Cavabdeh İddiaçı MMC-də kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh 07.04.2021-ci il tarixli **********383400 nömrəli uyğunsuzluq məktubuna əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq, araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləğini silinməklə hesablama aparılması qənaətinə gələrək 2020-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 53.634,01 (əlli üç min altı yüz otuz dörd manat, bir qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17.05.2021ci il tarixli **********311700 saylı qərar qəbul etmişdir. İddiaçı həmin qərardan 25.05.2021-ci il tarixdə inzibati qaydada şikayət vermişdir. Daha sonra 24.07.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqla bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi üzrə 53.634,01 (əlli üç min altı yüz otuz dörd manat, bir qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 12.08.2021-ci il tarixli **********566900 saylı qərar qəbul etmişdir. Sözügedən qərar qəbul edilərkən qeyd edilmişdir ki, tərəflərindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 238-ci sətirdə göstərilmiş güzəşt və azadolmalar barədə təsdiqedici sənədlər təqdim edilmədiyindən hesablanmış vergi bərpa edilir. Həmçinin iddiaçının inzibati qaydada etdiyi şikayətə Dövlət Vergi Xidməti tərəfindən baxılaraq 14.08.2021-ci il tarixli **********340500 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh iddiaçıya bu borcu tam qanuna zidd olaraq hesablamışdır. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Ölkə ərazisində Covid-19 virusu ilə mübarizə aparılması ilə bağlı məhdudiyyətlər tətbiq edilməyə başlanılmışdır. Bununla əlaqədar olaraq bir necə dəfə sərt karantin rejimləri tətbiq edilmiş və iş sahələrinin işləməsi dayandırılmışdır. İddiaçıya pandemiyadan zərər çəkən müəssisə kimi maliyyə yardımları 2020-ci ildə 4 dəfə olmuşdur. Ödənişlərin tarixləri aşağıdakı kimidir. 13.05.2020-ci il tarixində 9404,00 AZN, 01.06.2020-ci il tarixində 9404,00 AZN, 21.08.2020-ci il tarixində 10815,53 AZN və 06.10.2020-ci il tarixində 10800,00 AZN. Cavabdeh orqan qanunsuz qərar qəbul edərkən əsas kimi gətirdiyi (vergi ödəyicisinə 07.04.2021-ci il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Qeyd olunan uyğunsuzluq məktubuna Cəmiyyət tərəfindən əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, faktiki fəaliyyət növü (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrinin quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları Sizə şamil olunmur) halların heç bir hüquqi əsasları yoxdur. Bununla bağlı bütün məlumatlar və sübutlar 10.04.2021-ci il cavabdeh orqana təqdim edilməsinə baxmayaraq cavabdeh göndərilmiş sənədləri yoxlamadan, verilmiş məlumatları araşdırmadan əsassız olaraq 2020-ci il üzrə mənfəət vergisi hesablamışdır. Əlavə olaraq 25.05.2021-ci il və 31.05.2021-ci il tarixlərdə cavabdeh orqana tələb olunan sənədlərin 10.04.2021-ci il tarixdə təqdim edilməsi ilə bağlı məlumat verilmişdir. Lakin cavabdeh orqan yenə qərarında sənədlərin təqdim edilməsini əsas gətirmişdir. Həmçinin iddiaçının fəaliyyət kodu (28992) və Koronavirus (Covid 19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişdən aydın olur ki, MMC-yə pandemiyadan zərər çəkmiş və ona maliyyə dəstəyi olunmuşdur. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi iddianın dəyişdirilməsi barədə ərizədə məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 12.08.2021-ci il tarixli **********566900 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edərək mənfəətin 75 faiz miqdarında azadolma qeyd edilməsinə baxmayaraq iddiaçının fəaliyyətinin vergi güzəştinin şamil edildiyi fəaliyyət kateqoriyalarına aid edilməməsi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 07.04.2020-ci il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergı bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Vergi ödəyicisi məktubda göstərilən uyğunsuzluq aradan qaldırılmadığından 2020-ci ilin mənfəət vergisi üzrə 53.634 manat əlavə hesablama aparılaraq 12.08.2021-cı il tarixli **********566900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Lakin vergi orqanı tərəfindən müəssisənin 2020ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən müəssisə tərəfindən qarşı tərəflərə "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğın söndürmə üzrə sisteminin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sisteminin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fakturaların təqdim edildiyi müə yən edilmişdir. Başqa sözlə desək, iddiaçının fəaliyyəti onun qeyd etdiyi kimi yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti deyil, faktiki olaraq yanğın söndürmə üzrə sistmin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması uzrə işlər yanğın söndürmə üzrə sisteminin qurulması fəaliyyəti olmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur, iddiaçı mübahisələndirilən qərarın ləğvi ilə bağlı inzibati orqana şikayət vermiş, inzibati orqan tərəfindən araşdırma aparılaraq, şikayəti təmin edilməməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 12.08.2021-ci il tarixli **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılması barədə 14.08.2021-ci il tarixli **********108500 saylı qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən mübahisə predmetini təşkil edən vergi orqanın qəbul etdiyi inzibati akt qanuni və əsaslı olduğundan iddia təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Lakin vergi orqanı tərəfindən müəssisənin 2020ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən müəssisə tərəfindən qarşı tərəflərə "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğın söndürmə üzrə sisteminin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sisteminin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Başqa sözlə desək, iddiaçının fəaliyyəti onun qeyd etdiyi kimi yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti deyil, faktiki olaraq yanğın söndürmə üzrə sisteminin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sisteminin qurulması fəaliyyəti olmuşdur. İddiaçının fəaliyyətinin xüsusi karantin rejimində fəaliyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edildiyindən hər hansı bir məhdudiyyət nəzərdə tutulmamalıdır. Vergi ödəyicisinin 2020-ci il üzrə dövriyyəsində azadolma müşahidə olunmur, sözügedən vergi güzəştinin tətbiq edilməsinin əsası mövcud deyildir. Vergi ödəyicisinin inzibati qaydada etdiyi şikayətə DVX tərəfindən baxılaraq 14.08.2021-ci il tarixli **********340500 saylı inzibati şikayətin təmin edilməməsi barədə qərar çıxarılmışdır, göründüyü kimi, güzəşt tətbiq edilməsi üçün fəaliyyət sahəsinin uyğunsuzluğu bu faktla da öz əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçı “Fire Teknik" MMC cavabdehin əlavə vergi hesablaması ilə razılaşmayaraq 12.08.2021-ci il tarixli qərarı 09.09.2021-ci il tarixində iddia qaldırmaqla mübahisələndirir. İnzibati işdən müəyyən olunur ki, iddiaçı cavabdeh orqanın sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 12.08.2021-ci il tarixli **********566900 saylı qərarını o əsasla mübahisələndirir ki, İqtisadiyyat Nazirliyinin pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında iddiaçı müəssisənin (fəaliyyət kodu 28992) adı mövcud olduğu, pandemiyadan zərərçəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahısında da iddiaçı müəssisənin (sıra sayı 8471) adı qeyd olunduğu, 2020-ci ildə ona zərərçəkən müəssisə kimi 4 dəfə maliyyə yardımı olduğu halda cavabdeh iddiaçıya vergi hesablayarkən onun əvvəlki dövr mənfəət vergisi bəyannamələri ilə müqayisədə dövriyyə artımının olmasına, nəticədə koronavirus pandemiyasından əziyyət çəkənlər üçün tətbiq edilməli güzəşt hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı sübutlara diqqət edir: - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 24.01.2020-ci il tarixli **********239600 saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC 04.04.2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatından (VÖEN **********) keçmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əliizadə, ev 120, mənzil 1 olan İddiaçı MMC-yə “Yanğından mühafizə sistemlərinin quraşdırılması texniki xidməti və təmiri üzrə 14.08.2018-ci il tarixli Xüsusi lisenziya verilmişdir. İddiaçı MMC ilə "xxxx" QSC arasında 13.03.2019-cu il tarixdə “Yanğın söndürmə işləri üzrə” Podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Sifarişçinin tapşırığının şərtlərinə uyğun olaraq Dənizkənarı Bulvar İdarəsinin ərazisində "xxxx" QSC-in Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında tikilən "xxxx" QSC-nin inzibati binasının yanğınsöndürmə sisteminin qurulmasını (sulu söndürmə, qazlı söndürmə) həyata keçirir, sifarişçi isə yerinə yetrilmiş işləri müvafiq qaydada təhvil alır və müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “İcraçı”ya ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği müqaviləyə əlavə olunan təsiq edilmiş smetaya əsasən 18 faiz ƏDV əlavə edilməklə 427.856.73 manat təşkil edir. 2.4.1-ci bəndinə əsasən Sifarişçi bu müqavilə üzrə razılaşdırılmış məbləğin 50 faizini avans olaraq icraçıya ödəyəcək. “X4 Gəmiçiliyi” QSC ilə İddiaçı MMC arasında bağlanmış 18 may 2020-ci il tarixli 08.03.2019-cu il tarixli XA-0397 nömrəli müqaviləyə Əlavə razılaşmadan müəyyən olunur ki, tərəflər arasında Sifarişçinin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında inşa olunan inzibati binasının yanğınsöndürmə sisteminin qurulmasına dair 08.03.2019-cu il tarixli XA-0397 nömrəli müqavilə və onun icrası ilə bağlı yaranmış bəzi məsələlərin tənzimlənməsi üçün 19.03.2020-ci il tarixli MR-0630 nömrəli razılaşma bağlanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəliir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Tərəflərindən 31.03.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Tərəflərindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 238-ci sətirdə göstərilmiş güzəşt və azadolmalar barədə təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır. Bildirirlər ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının oların vergi öhdəliklərinin yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. İddiaçı MMC-nin DVX-yə ünvanladığı 18.04.2020-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, müəssisələri əsasən yanğından mühafizə, havalandırma sistemlərinin quraşdırılması və xidmət sahəsində fəaliyyət göstərir. Müəssisənin 34 nəfər işçisi var və əmək münasibətləri, əmək haqqı məbləğləri tam rəsmiləşdirilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. 2020-ci il mart ayının əvvəlindən başlayaraq pandemiya ilə bağlı olaraq məlum səbəblərdən işçiləri işə çıxa bilməmişdirlər. Buna baxmayaraq onlar işçilərini işdən çıxarmamaqla yanaşı eyni zamanda 2020-ci ilin mart ayı üçün tam əmək haqqı hesablamış və müvafiq hesabatlarda bunları əks etdirməklə vergi orqanına 2020-ci ilin 1-ci rübü üçün təqdim etdiyi Vahid bəyannamədə, həmçinin vergi orqanının əmək haqqı ilə bağlı sorğu məktubuna əlavə cədvəldə əks etdirmişdirlər. Onlar əmək münasibətlərini şəffaf qurmaqla real əmək haqqı məbləğlərini əmək müqavilələrində və əmək haqqı üzrə haqq-hesab sənədlərində müntəzəm olaraq əks etdirirlər. İşçilərin əmək haqları nağdsız qaydada bank vasitəsilə plastik kartlarına köçürmək yolu ilə ödənilir və onların aylıq gəlirləri yalnız bu ödənişlərdən ibarətdir. Hal hazırda 2020-ci ilin mart ayı və aprel ayının avansı üzrə əmək haqqı, sosial sığorta haqları üzrə ödənişlərin aparılması üçün maliyyə çətinlikləri yaranıb. Bu da öz növbəsində işçilərin sosial durumu ilə əlaqədar çətinliklər yaradır. İşçilərin əmək haqqlarının, sosial sığorta ayırmalarının ödənilməsi və onların sosial müdafiəsinin təmin olunması məqsədilə əmək haqqları üzrə dəstək proqramı çərçivəsində müəssisələrinə kompensasiya ödənişləri üçün köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 2**********311700 saylı 17.05.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, mənfəət vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 17.878.01 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 71.512,02 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 53.634,01 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 25.05.2021-ci il tarixli şikayət ərizəsində qeyd olunmuşdur ki, 2020-ci ilin mənfəət vergisi üzrə məktuba cavab olaraq 10.04.2021-ci il tarixli **********314700 nömrəli izahat məktublarına baxılmadan pandemiyadan zərər çəkən şəxs kimi güzəşt hüquqlarını ləğv edərək Qərar qəbul edilmişdir. Məktublarına baxılmaması, bu barədə onlara məlumat vermədən kameral yoxlama aparılaraq Qərar qəbul edilməsinin səbəbləri barədə məlumat verilməsi və əsassız hesablamanın ləğv edilməsi üçün göstəriş verməyi xahiş etmişdirlər. İddiaçı MMC tərəfindən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 31.05.2021-ci il tarixli şikayət ərizəsində qeyd olunmuşdur ki, 27.05.2021-ci il tarixli **********045500 nömrəli məktublarına cavab olaraq bir daha təkrar bildirirlər ki, 2020ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə vergi idarəsinin 09.04.2021-ci il tarixli **********383400 məktubuna onlar 10.04.2021-ci il tarixdə **********314700 nömrəli məktubla cavab vermişdirlər və dövlət tərəfindən 2020-ci ildə pandemiyadan zərər çəkən şəxs kimi tanınmaqları barədə təsdiq edici sənədləri **********314700 nömrəli məktubları əlavə etməklə göndərmişdirlər. Onların hal-hazırda tələb etdiyi sənədlər artıq vergi idarəsinə təqdim olunub. Həmin sənədləri **********314700 nömrəli məktublarının əlavələrində görə bilərlər. 10 apreldə sənəd təqdim etməkllərinə baxmayaraq bu barədə onlara heç bir rəsmi münasibət bildirilmədən kameral vergi yoxlaması aparılıb. Onların məktubu icra olunmadan kameral vergi yoxlaması aparılıb, bu məsələni araşdırmağı tələb etdikləri halda onlara tamam başqa istiqamətdə cavab verirlər. Onların cavab məktubu və əlavə etdikləri təsdiqedici sənədlər 10 aprel 2021-ci il tarixdən cavabsız qalıb. Xahiş edirlər yuxarıda göstərdikləri istiqamətdə araşdırma aparılması, onların 10.04.2021-ci il tarixli **********314700 nömrəli məktubunun hansı səbəbdən icra olunmamasının, kameral yoxlamada niyə nəzərə alınmamasının araşdırılması, nəzərə alınmadığı halda məktublarına niyə cavab verilməməsinin səbəbləri barədə qanunauyğun tədbirlər görülməsini xahiş etmişdirlər. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəs tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********566900 saylı 12.08.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, mənfəət vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 17.878.01 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 71.512,02 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 53.634,01 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan qərarla 2**********311700 saylı qərar ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul olunmuş İnzibati şiikayətin təmin edilməməsi haqqında **********40500 saylı 14.08.2021-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, “Fire Teknik" MMC-nin (VÖEN: **********, AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş 25.05.2021-ci il tarixli (AVİS qeydiyyatı: 26.05.2021-ci il tarixli **********591700 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən Qərara alınmışdır: İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 25.05.2021-ci il tarixli inzibati şikayəti təmin edilməsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.08.2021-ci il tarixli **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 08.05.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Vergi Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Göründüyü kimi, 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq etmişdir. "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” AR Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli 208 nömrəli qərarının 6-cı hissəsinə əsasən (Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarı ilə əlavə edilmişdir) müəyyən edilmişdir ki: Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci (4.15. daş, metal və taxta məhsullarının istehsalı;), 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır. Beləliklə, işdən aydın olduğu kimi, xüsusi karantin rejmi dövründə İddiaçı MMC-nin fəaliyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, yalnız 50 faiz işçinin fəaliyyət göstərməsinə icazə verilmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri olan iddiaçının fəaliyyətinin faktiki olaraq yanğın söndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sistemin qurulması fəaliyyəti olması və iddiaçının fəaliyyətinin xüsusi karantin rejimində fəaliyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edildiyindən hər hansı bir məhdudiyyətin nəzərdə tutulmaması ilə bağlı məhkəmə kollegiyası bildirir ki, “Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı” siyahısında fəaliyyət kodu (28992) və fəaliyyət növü (sair əlvan metalların istehsalı) və “Koronavirus (Covid-19) pandemiyasından zərər çəkdiyinə görə işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin” siyahısının 8471-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd edilmişdir. Hər iki siyahıda birbaşa göstərilmişdir ki, “pandemiyadan zərər çəkmiş” və “pandemiyasından zərər çəkdiyinə görə” maliyyə dəstəyi göstərilir. İddiaçıya pandemiyadan zərər çəkən müəssisə kimi maliyyə yardımları 2020-ci ildə 4 dəfə (13.05.2020-ci il tarixində 9.404,00 AZN, 01.06.2020-ci il tarixində 9.404,00 AZN, 21.08.2020-ci il tarixində 10.815,53 AZN və 06.10.2020-ci il tarixində 10.800,00 AZN) olmuşdur. Birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı işin araşdırılmış hallarından göründüyü kimi, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapır. Lakin cavabdeh bu halları nəzərə almamış, iddiaçıya vergi hesablayarkən onun əvvəlki dövr mənfəət vergisi bəyannamələri ilə müqayisədə dövriyyə artımının olmasına, nəticədə koronavirus pandemiyasından əziyyət çəkənlər üçün tətbiq edilməli güzəşt hüququnun olmamasına istinad etmişdir. Halbuki, VM-in 222.5-ci maddəsi koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin tətbiq edildiyi şəxsləri və 224-cü maddəsi isə həmin güzəşt və azadolmaların kimlərə şamil olunmasını konkret olaraq göstərmişdir, həmçinin, yuxarıda qeyd olunduğu kimi cavabdeh qurum özü iddiaçını pandemiyadan zərər çəkənlərin siyahısına daxil etməklə ona həmin dövrdə dəymiş zərərin kompensasiyası məqsədilə müvafiq maliyyə dəstəyi göstərmiş, ödənişlər etmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68- 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar