Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-185/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X7, X2 və X8) «üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2022 saylı xx.xx.2022cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər - X7, X2 və X3, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia aşaığdakılarla əsaslandırılmışdır: “İddiaçı 1945-ci ilfə anadan olmuş, 1968-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birgə maddi köməklikliyi ilə indiki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışdırlar. 1970-ci ildə onların sahəsində baş tutmuş siyahıyaalma nəticəsində iddiaçı və yoldaşı sözügeden mənzilə qeydiyyata alınmışdır. 1971-1972-ci illərdə qayını X1 mənzilə qeydiyyata alınmış və 1985-ci ildə ailə həyatı quraraq arvadı X4 bu fərdi yaşayış evinə iddiaçının xəbəri olmadan qeydiyyata almışdır. Onların birgə nikahdan doğulan Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı və X8 da bu fərdi yaşayış evinə qeydiyyata alınıb burada yaşamışılar. 1991-ci ildə onlar arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur və bu müddətdən başlayaraq cavabdehlər həmin fərdi yaşayış evində yaşamamışlar. Lakin 1995-ci ildə (qaynanasının ölümündən sonra bu mənzilə köçmüşlər və uzun illər burada yaşamışlar). Hətta cavabdeh X2 bu mənzildən gəlin köçmüş, 2014-cü ildən etibarən isə cavabdehlər sözügedən ünvanda yaşamamışlar. İddiaçının 2001-ci ildə qayını, 2004-cü ildə isə yoldaşı vəfat etmişdir. Üçüncü şəxslər Asimova Nazbəyim, Qəhrəmanova Gülşən və Quliyeva Ayşən artıq bu ünvanda yaşamırlar. Buna baxmayaraq, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında formal olaraq pasport qeydiyyatında olan cavabdehlərə görə o, öz fərdi yaşayış evi üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bununla da mülkiyyət hüququndan məhrum olur. İddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə ərizə ilə müraciət edərək ücüncü səxslərin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 2021-ci il 9 avqust tarixli 078-21098-1221 saylı məktubunda imtina edərək bildirmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və X7, X2, X8 İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi evdən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə və ümumiyyətlə məhkəmənin bu işə baxmasını tamamilə qeyri-qanuni və əsassızdır. Məhkəmə işə aidiyyat qaydalarının kobud şəkildə pozulması ilə baxmışdır. Belə ki, onların qeyd edilən evə istifadə hüquqlarının olmasına baxmayaraq məhkəmə bu halı, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələni tənzimləyən qanunvericilik normaları ilə bağlı şərhini nəzərə almadan işə baxaraq tamamilə qeyriqanuni və əsassız qərar çıxarmışdır. Məhkəmə bununla bağlı təqdim etdikləri sübutlara da heç bir əhəmiyyət verməmiş, həmçinin prossesin gedişatı zamanı hakim özü şəxsən iddiaçıya bu işin Bakı İnzibati Məhkəməsinə aid olmaması barədə izah verərək aidiyyatı üzrə Nərimanov rayon məhkəməsinə müraciət etməyi məsləhət bilsə də işə baxaraq tamamilə qeyri-qanuni və əsassız qərar çıxarmışdır. Məhkəmənin diqqətinə çatdırırılır ki, hakimin verdiyi məsləhət əsasında iddiaçı tərəfindən artıq Nərimanov rayon məhkəməsində onlara qarşı iddia qaldırılmışdır (iş № 2(005)-1281/2022 X13) Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verildiyi və apellyasiyanın mümkün olduğu müəyyyən edilmişdir. Eyni zamanda, işin apellyasiya mərhələsində Bakı Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının 2-1(103)-2465/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, mülki icraat qaydasında baxılan - İddiaçı hazırkı cavabdehlər X7, X2 və X6 qarşı (hazırkı iş üzrə üçüncü şəxslər) “mənzildən yaşayış hüquqlarının itirilməsi tələbinə dair” mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Həmin mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3433/2023 saylı xx.xx.2023-cü il tarixli yekun qətnaməsi ilə başa çatmış (işə əlavə olunur) və məhkəmənin 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş proses iştirakçıları məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia (İPM.m. 34.1) vasitəsilə üçüncü şəxslərin onun mülkiyyətində olan iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılımasını cavabdehdən tələb etmiş, lakin sonuncu onun müvafiq müraciətinin, qeyd edilən Qanunun 5-ci hissəsinə istinadən, təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.80 kv.m olan mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir. AR DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında 051586 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, üçüncü şəxslər - X7 (təvəlüdü 1956), X2 ( təvəllüdü 1986) və X8 (təvəllüd 1988) iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatdadırlar. Halbuki, işə əlavə olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli, **********26 nömrəli məktubunda bildirmişdir ki, X7, X2 və X3 ünvan 1 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Digər tərəfdən, hazırkı işin dayandırılmasına əsas olmuş - İddiaçı cavabdehlər X7, X2 və X6 (hazırkı iş üzrə üçüncü şəxslər) qarşı “onların mənzildən istifadə hüququnun itirilməsinə tələbinə dair” mülki icraat qaydasında baxılan işin yekun nəticəsinə görə - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3433/2023 saylı xx.xx.2023-cü il tarixli yekun qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(005)-1281/2022 saylı qətnaməsi cavabdeh X5 qarşı iddianın rədd olunması hissəsində qismən ləğv edilərək, həmin hissədə iddia təmin edilmişdir (Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə isə icra sənədi verilmişdir.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işə əlavə olunmuş həmin qətnaməsi ilə müəyyən edilən hallardan isə görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsi ilə X2 və X6 münasibətdə onların iddiaçıya məxsus evə yaşayış hüquqları itirilmiş hesab edilmiş, X5 münasibətdə isə iddia rədd edilmişdir. Beləliklə də, müəyyən olunur ki, hazırkı iş üzrə hər üç üçüncü şəxsin iddiaçıya məxsus evə istifadə hüquqları itirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında aşağıdakılar qeyd etmişdir: “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan evə hər hansı əmlak hüquqları mövcud deyildir. Belə halda, cavabdeh inzibati orqan tərəfindən onların həmin evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin sübutlarla müəyyən edilən halllarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, üçüncü şəxslərin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual huquq normalarının pozulduğunu və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.