Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-185/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2061/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun 1000/525Ş nömrəli, xx.xx.2022-ci il tarixli “gömrük orqanlarından xaric edilməyi və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və yenidən işə bərpa edilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Dövlət Gömrük Komitəsinin 615Ş nömrəli 07 sentyabr 2010-cu il tarixli əmri ilə Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin “Bakı Beynəlxalq Liman” dəniz nəzarət postunun gəmi kapitanının köməkçisi vəzifəsinə təyin edilmişdir.xx.xx.2018-ci il tarixdə isə Komitənin 1186Ş nömrəli əmri ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Dəniz nəqliyyatı vasitələrinin idarə olunması şöbəsinin gömrük katerinin kapitanın köməkçisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2022-ci il tarixdə Xətai rayonunda yerləşən “Qaçağan” adlı kafe-restoranda saat 22:00 radələrində baş verən hadisələrələ əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis general-mayoru Vüqar Ələkbərovun xx.xx.2022-ci il tarixli 039-11654-1222 nömrəli məkubuna əsasən əsassız olaraq xx.xx.2022-ci il tarixdə Komitənin 1000/525Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasənonun gömrük orqanlarında xidmətinə xitam verilmiş, 02 avqust 2022-ci il tarixdə Komitəyə müraciət edərək əmri və əmək kitabçasını əldə etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məktub və ona əlavə edilmiş materiallar əsasında X1 İdarəsinin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Dəniz nəqliyyatı vasitələrinin idarə olunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi gömrük xidməti kapitanı İddiaçı xidmətdənkənar vaxtda 22 iyul 2022-ci il tarixdə şam etdiyi kafedə orta dərəcəli sərxoş vəziyyətdə olmaqla səs-küy salmış, etdiyi hərəkətə görə araşdırma aparılması üçün polis orqanına dəvət olunması barədə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirmiş, polis orqanlarına məxsus xidməti avtomobilin yan şüşəsini sındırmış, polis orqanına gətirildikdən sonra özünə xəsarət yetirməyə cəhd göstərmiş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7"nin 11.1-ci və 11.3-cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur. Buna görə də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 27 iyul 2022-ci il tarixli 1000/525 ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görəxidmətinə xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2061/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/525Ş nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edilmşdir. İddiaçı işə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərəzli, ədalətsiz, tərəflərin hüquq bərabərliyinə uyğun olmayan,faktlara dayanmayan qanunsuz qərar qəbul etmişdir. Qərarda göstərilənlər Komitənin qəbul etdiyi inzibati aktın qanuniliyini şübhə altına almır. Məhkəmə qərarda qeyd edir ki, mübahisələndirilən əmrdə iddiaçının xidmətdən xaric edilməsinin sadalanan hüquqi əsaslardan hər hansı birinə istinad edilməmiş, halların mövcudluğu əsaslandırılmamışdır. Halbuki, iddia ərizəsinə etirazında Komitə tərəfindən bu məsələyə ətraflı münasibət bildirilmişdir. Komitənin 21 sentyabr 2001-ci il tarixli 080 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük orqanlarında intizam Qaydaları» işin hallarına birbaşa təsir etməsinə baxmayaraq nəzərə alınmamışdır. Daxili intizam qaydaları gömrük orqanının vəzifəli şəxslərinin xidmətə münasibəti yalnız xidmətdə olduğu zaman baş vermiş hadisələrlə məhdudlaşmır, eyni zamanda davranış qaydalarını da əhatə edir. Sabiq əməkdaşın xidmətdənkənar davranışları konkret olaraq polis orqanlarının əməkdaşları ilə yaranmış mübahisəsi, onlara qarşı göstərdiyi tabesizlik belə gömrük orqanlarında xidməti intizamın kobud surətdə pozulmasıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı və nümayəndəsi isə onunla razılaşmayaraq, iddiaçının şikayəti üzrə prokurorluqda aparılan araşdırmanın nəticələrinə görə iddiaçının intizam qaydalarını pozan hərəkətləri öz təsdiqini tapmadığını, əksinə, polis tərfindən onun zorakılığa məruz qaldığı müəyyən olunduğunu, məhz iddiaçının onlara güzəştə getməsi nəticəsində məsuliyyətə cəlb olunmadıqlarını qeyd edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqında iddia vasitəsilə cavabdehin 1000/525Ş” nömrəli, 27 07 2022-ci il tarixli “gömrük orqanlarından xaric edilməyi və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və yenidən işə bərpa edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh tərəfindən mübahisələndirilən əmrlə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, iddiaçının gömrük orqanlarından xaric edilməsi mübahisələndirən əmrdə aşağıdakı kimi əsaslandırılmışdır. «Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis generalmayoru Vüqar Ələkbərovun xx.xx.2022-ci il tarixli 039-11654-1222 nömrəli məkubunun araşıdırılması zamanı müəyyən edilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Dəniz nəqliyyatı vasitələrinin idarə olunması şöbəsinin gömrük katerinin kapitanın köməkçisi, gömrük xidməti kapitanı İddiaçı 22 iyul 2022-ci il tarixdə xidmətdənkənar vaxtda şam etdiyi kafedə orta dərəcəli sərxoş vəziyyətdə olmaqla səs-küy salmış, etdiyi hərəkətə görə araşdırma aparılması üçün polis orqanına dəvət olunması barədə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirmiş, polis əməkdaşlarının xidməti istifadəsində olan avtomobilin yan şüşəsini sındırmış, polis orqanına gətirildikdən sonra isə özünə xəsarət yetirməyə cəhd göstərmiş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7”nin 11.1-ci və 11.3-cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur… Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7”nin 11.1-ci və 11.3-cü bəndlərinin tələbini kobud şəkildə pozduğuna görə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi, gömrük xidməti kapitanı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilsin və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilsin…» Göründüyü kimi, təkcə, Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-11654- 1222 nömrəli məkubunda göstərilən hallar əsas tutulmaqla, iddiaçı “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7”nin 11.1-ci və 11.3-cü bəndlərinə və “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir. İşə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin sözügedən məktubundan da görünür ki, eynilə əmrdə təsbit olunan məzmuna malikdir. Belə çıxır ki, gömrük orqanı əməkdaşı barədə istinilən qurumun xoşagəlməz məzmunlu Komitəyə ünvanlanmış məktubuna əsasən, məsələ ilə əlaqədar heç bir xidməti araşdırma aparılmadan və əməkdaşın hərəkətlərinin həqiqiliyinə və onun təqsirli olub-olmamasına aydınlıq gətirilmədən gömrük orqanlarından xaric edilməsi mümkündür. Cavbdeh orqan əmr verilərkən, ən azından nəzərə almamışdır ki, istinad etdiyi “Gömrük orqanlarında xidmət haqqında" Əsasnəmənin 69-1-ci maddəsinin tələbinə görə Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi o halda tətbiq edilə bilər ki, vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol vermiş olsun. Cavabdeh orqan tərəfindən isə iddiaçının həqiqətən Polis orqanının Komitəyə ünvanlanmış məktubunda kobud intizam pozuntusuna, gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verib-vermədiyi araşdırılıb nəticələri müəyyənləşdirilmədən, iddiaçı tələm-tələsik gömrük orqanlarından kənarlaşdırmışdır. Halbuki, qeyd olunan Əsasnamənin 71-ci maddəsinin tələbinə görə intizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatını tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. İş materiallarına əsasən isə görünən odur ki, Polis orqanının Komitəyə ünvanlanmış məktubunda göstərilənlər həqəqətə uyğun olması öz təsdiqini tapmamışdıır. Belə ki, işə əlavə edilmiş Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Xətai rayon prokurorluğunun vət. İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar toplanmış J69-C-22 saylı materiallara əsasən İddiaçı ilə Xətai RPİ-nin 37-ci polis şöbəsi əməkdaşları arasında baş vermiş mübahisə ilə əlaqədar aparılmış araşdırma zamanı aşağıdakı faktlar aşkar olunmuşdur: «…İddiaçı barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən MTE və PA ETT X8 Şəxsin Xətai rayon şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli 897 say rəydə qeyd edilmişdir: 1) Vət. İddiaçı başın təpə nahiyəsini əzilmiş yarası, sol ayağın İ barmağının dırnaq sədəfinin düşməsi, hər iki kürək nahiyəsini sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə, kənar şəxs(lər) tərəfindən törənə bilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2. Vət. İddiaçı müəyyən edilən xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirilməsi inkar olunur. İddiaçı təqdim etdiyi və hadisənin baş verdiyi “Qaçağan” kafesinin videokamerasının qeydə aldığı hadisənin qısa bir epizod görüntüləri qeydə alınmış videogörüntliyə dair “CD” diskə tərəfimdən baxış keçirilmişı CD diskə baxış keçirilən zamanı müəyyən edildi ki, həmin CD diskdə 01 ədəd video vardır. Həmin 02:42 dəqiqədən ibarət olan VİD-20220727-WA0005 adlı fayla ba keçirən zaman müəyyən edildi ki, “Qaçağan” kafesinin əvvəlcə həyətyanı sahəsində, daha sonra isə çıxış hissəsində X5 ilə İddiaçı arasında əvvəlcə sözlü mübahisə yaranır, daha sonra isə Z.Ş.Usubov əli ilə İddiaçı özündən əks istiqamətə itələyərək onu özündən aralayır. Bunun ardınca isə onların sözlü mübahisəsi davam edir. Bundan sonra isə Z.Ş.Usubovun hadisə yerində olan Polis əməkdaşlarını çağıraraq onlara İddiaçı oradan aparılmasını tapşırdığı təxmin edilir. Bundan sonra PPX əməkdaşları İddiaçı PPX-nm xidməti avtomobilinə əyləşməyə dəvət etdiklərini, lakin sonuncunun əyləşmədiyini və bundan sonra sonra ona polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilərək məcburi qaydada xidməti avtomobilə oturduqları müşahidə edilir. Videogörüntü səssiz formada çəkildiyindən danışıqlar qeydə alınmayıb…» Eyni zamanda, Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, vət. İddiaçı Xətai RPİnin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında öyrənilərək ləğv edilmiş və əlavə araşdırma aparılması üçün geri qaytarıldıqdan sonra araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir: «…İddiaçı intihara cəhd etməsi və hadisə yerinə cəlb edilmiş PPX-nın xidməti avtomobilinin şüşəsini qəsdən vurub sındırması faktları öz təsdiqini tapmamış, həmçinin baş vermiş hadisələrin cinayət hadisəsi olmadığı müəyyən edilmişdir…" Eyni zamanda, Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Xətai rayon prokurorluğunun İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar toplanmış 369-C-22 saylı materialı üzrə aparılmış araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir: «…İddiaçı intihara cəhd etməsi, polis əməkdaşlarına qarşı tabesizlik, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik, şəxslər üzərində zor tətbiq etmə və ya belə zorun tətbiq edilməsi hədəsi və hadisə yerinə cəlb edilmiş PPX-nın xidməti avtomobilinin şüşəsini qəsdən vurub sındırması faktları öz təsdiqini tapmamış, həmçinin baş vermiş hadisələrin cinayət hadisəsi olmadığı müəyyən edilmişdir...» Beləliklə də, Xətai Rayon Prokurorluğunda mübahisələndirilən hadisə ilə bağlı aparılmış araşdırma zamanı aşkar olunmuş faktlardan göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis general-mayoru Vüqar Ələkbərovun cavabdeh Komitəyə göndərilmiş xx.xx.2022-ci il tarixli 039-11654-1222 nömrəli məkubunda təsbit olunan faktlar öz təsdiqini tapmamış, təkzib olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən əmrdə iddiaçı tərəfindən “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10”inin 11.1-ci və 11.3-cü bəndlərində nəzərədə tutulan hərəkətlərə yol verildiyi müəyyən olunmur. Belə ki, Kodeksin adıçəkilən müddəaları aşağıdakıları nəzərədətutur 11.1. Gömrük orqanı əməkdaşının fəaliyyəti fiziki şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. 11.3. Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının təmin olunması, qorunması və müdafiəsi ilə bağlı vəzifə borclarını layiqincə yerinə yetirməlidir. Cavabdehin apellyasiya şikayətinin X4 21 sentyabr 2001-ci il tarixli 080 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarında intizam Qaydaları”na istinad olunan dəlillərinə gəldikdə, hadisənin baş verdiyi gün iddiaçının xidmətdən kənar, istirahət günü olduğu halda, cavabdehin daxili intizam qaydalarına istinad olunan dəlilləri əsasızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən əmri ilə iddiaçının xidmətdən xaric edilməsi və onun fəaliyyətinə xitam verilməsi üçün əsasların mövcudluğu sübuta yetirilmir. Belə olan halda, həmin əmr iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Odur ki, göstərilənlər baxımından birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdır. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərəzli, ədalətsiz, tərəflərin hüquq bərabərliyinə uyğun olmayan, faktlara dayanmayan qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2061/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə də, qeyd edilənlərə əsasən və İPM-in 52, 82, 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2061/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-185/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-185/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver