Məhkəmə qərarları › İş №2-1(103)-1850/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1850/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1850/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə yeni açılmış hallarla bağlı Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsinin təmin edilməsindən imtina edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-934/2018 saylı, 27 aprel 2021-ci il tarixli qərardadından həmin orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. 25 yanvar 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində inzibati mübahisəyə mahiyyəti üzrə baxılmış və məhkəmənin 2-1(82)-934/2018 saylı iş üzrə həmin tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 8 iyul 2012-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1230/2018 saylı iş üzrə 17 may 2018-ci il tarixli qərarı ilə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-934/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddiası rədd edilməklə iş üzrə yeni qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1623/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarı ilə iddaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1230/2018 saylı iş üzrə 17 may 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2947/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-934/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1010/2019 saylı iş üzrə 27 may 2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF Bakı şəhəri suraxanı rayon şöbəsi və həmin qurumun vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2947/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti mümkün hesab edilməmiş və kassasiya şikayətinin icraata qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X3, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı” ərizə ünvanlayaraq, 2 saylı ünvan 2nvar 2018-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə İPM-in 100-cü maddəsinə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə istinad olunmaqla belə əsaslandırılmışdır ki, İddiaçı pensiya işinə əlavə olunmuş əmək kitabçasına əsasən ARDNŞ “X5” Trestinin “Neft Daşları” X6 İşlarəsində 5 dekabr 1983-cü il tarixdən 6 iyul 1984-cü il tarixədək yükləyici, 6 iyul 1984-cü il tarixdən 13 aprel 2011-ci il tarixədək kran maşınisti, 13 aprel 2011-ci il tarixdən 3 fevral 2014-cü il tarixədək yükləyici, 4 fevral 2014cü il tarixdən “X5” Trestinin “Neft Daşları” İstehsalat bölümündə tekelajçı peşələrində əmək fəaliyyətində olmuşdur. Lakin məhkəmə qərarları qəbul edilərkən iddiaçının xüsusi stajının olub-olmaması, həmçinin ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmamış, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»na, «Əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na, habelə AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na uyğunluğu ümumiyyətlə araşdırılmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321- İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Həmin Qanunun İ bölməsinin 1,3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildə qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı, 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarına əsasən, iddiaçı müxtəlif vaxtlarda ARDNŞ “X5” Trestində yükləyici, kran maşinisti və takelajçı peşələrində işləmişdir. Lakin 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı” adlı 11000000 kodla başlayan bölməsində adıçəkilən peşələr qeyd olunmamışdır. Bu da o deməkdir ki, iddiaçıya 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Bütün bu qeyd olunanlar da, iddiaçının xüsusi stajı toplamadığı halda birinci instansiyası iddianı təmin etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-934/2018 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iş üzrə “yeni açılmış hallarla bağlı” ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi və baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsində əsaslandırdığı halların yeni açılmış hallar kimi qəbul edilməli hal olmadığı göstərib yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrina aiddir. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin yeni açılmış hal kimi təqdim etdiyi “məhkəmə qərarları qəbul edilərkən iddiaçının xüsusi stajının olub-olmaması və müvafiq siyahılara uyğunluğu, ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmaması” xüsusatları ilkin məhkəmə icraatında ərizəçinin iradəsindən asılı olmayaraq təqdim edilməmiş və sonradan aşkar olunmuş yeni sübut və hal deyildir. Məlum olduğu tarixdən hansı müddət keçməsindən asılı olmadan (İPMin 103.1-ci maddəsi üzrə), İPM-in 100-cü maddəsinin tələbləri bu halların iş üzrə “yeni açılmış hal” qismində qəbulunu şərtləndirmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ərizəçi məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-934/2018 saylı, 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-934/2018 saylı, 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar