Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1850/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «torpaq sahəsinin cizgisinin verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Suraxanı Rayon İcra Hakimiyyətinin 3.11.1999cu il tarixli 2211 saylı sərəncamına əsasən mərhum X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsində Rəng emalı zavodunun qarşısındakı sahədə 380 kv.metr torpaq sahəsi ayrılmışdır.
2. Hazırda iddiaçının tələbi torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədədir.
3. Cavabdeh iddia tələbinə etiraz edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmışdır. Sənəd üzrə sahəsi 380.0 kv.m, faktiki sahəsi 480.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Həmçinin cizgidə dəqiq istinad və məsafələr olmadığından sahənin yerini təyin etmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısında yerləşən sahəsi 380,0 kv.m torpaq sahəsinə dair plan-cizginin (yerləşmə sxeminin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 3.11.1999-cu il tarixli 2211 saylı sərəncamına əsasən X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsində Rəng emalı zavodunun qarşısındakı sahədə 380 (üç yüz səksən) kv.metr torpaq sahəsi ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 1999-cu il tarixli aktına əsasən Suraxanı rayonunun Təsərrüfat şöbəsinin müdiri V.Seyidov, memarı S.Məmmədzadə, Əmircan qəsəbəsindəki İHB-nin nümayəndəsi S.Quliyevanın və İH Təmir tikinti idarəsinin rəisi İ.Qurbanovun iştirakı ilə Suraxanı İHB-nin 03 noyabr 1999-cu il tarixli 2211 saylı sərəncamına əsasən Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısında, 5a №-li sahədə, 380 (üç yüz səksən) kv.m torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. X3 xx.xx.2006-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 8.06.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı müraciəti əsasında xx.xx.2006-cı ildə vəfat etmiş X2 adına Bakı şəhəri 24 saylı notariat ofisinə vərəsəlik işinin açılması barədə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7-ci hissəsinə uyğun olaraq yuxarıda göstərilənləri nəzərə alaraq vərəsəlik işinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısı ünvanında yerləşən ümumi sahəsi 380 kv.m olan torpaq sahəsinə çıxarışı verilməsini xahiş edirik”. İddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun qarşısındakı sahədə yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün 380,0 kv.m torpaq sahəsinin ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2211 saylı Sərəncamı əsasında xx.xx.1999-cu il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq sizə verilmişdir”.
7. Cavabdeh iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənəd həmin sərəncama əlavə edilsə də, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina edərkən reyestr orqanı torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin, həmçinin perimetrik ölçülərin qeyd olunamamasına istinad etmişdir. Ona görə də, cavabdehin imtina məktubunda qeyd etdiyi hal, yəni torpaq sahəsinin ayrılmasına dair Sərəncama yerləşmə cizgisinin əlavə olunması barədə istinad əsassızdır.
10. İş materiallarından göründüyü kimi, Sərəncama əlavə edilmiş həmin yerləşmə cizgisi torpaq sahəsinin faktiki yerləşməsini müəyyənləşdirməyə imkan vermir. Cavabdeh iddia tələbinə etirazda torpaq sahəsinə cizginin verilməsi səlahiyyətinin icra hakimiyyətinin səlahiyyətinə aid olmadığını qeyd etsə də, yuxarıda sadalanan normativ hüquqi aktlardan da göründüyü kimi cavabdehin bu etirazı əsassızdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1999-cu ildə ayrılmış torpaq sahəsinə 25 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi və ya məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yardan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2211 saylı sərəncamı ilə qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 65-ci maddəsinin: 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (hazırkı inzibati mübahisə yarandığı vaxt qüvvədə olmuşdur): 28-ci maddəsinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın-16-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işin hallarına görə, Suraxanı Rayon İcra Hakimiyyətinin 3.11.1999-cu il tarixli 2211 saylı sərəncamına əsasən X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsində Rəng emalı zavodunun qarşısındakı sahədə 380 (üç yüz səksən) kv.metr torpaq sahəsi ayrılmışdır.
25. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 1999-cu il tarixli aktına əsasən Suraxanı rayonunun Təsərrüfat şöbəsinin müdiri V.Seyidov, memarı S.Məmmədzadə, Əmircan qəsəbəsindəki İHB-nin nümayəndəsi S.Quliyevanın və İH Təmir tikinti idarəsinin rəisi İ.Qurbanovun iştirakı ilə Suraxanı İHB-nin 03 noyabr 1999-cu il tarixli 2211 saylı sərəncamına əsasən Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısında, 5a №-li sahədə, 380 (üç yüz səksən) kv.m torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur.
26. X3 xx.xx.2006-cı ildə vəfat etmişdir.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 8.06.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı müraciəti əsasında xx.xx.2006-cı ildə vəfat etmiş X2 adına Bakı şəhəri 24 saylı notariat ofisinə vərəsəlik işinin açılması barədə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7-ci hissəsinə uyğun olaraq yuxarıda göstərilənləri nəzərə alaraq vərəsəlik işinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısı ünvanında yerləşən ümumi sahəsi 380 kv.m olan torpaq sahəsinə çıxarışı verilməsini xahiş edirik”.
28. İddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. 29. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun qarşısındakı sahədə yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün 380,0 kv.m torpaq sahəsinin ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2211 saylı Sərəncamı əsasında xx.xx.1999-cu il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq sizə verilmişdir”.
30. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənəd həmin sərəncama əlavə edilsə də, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina edərkən reyestr orqanı torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin, həmçinin perimetrik ölçülərin qeyd olunamamasına istinad etmişdir. Ona görə də, cavabdehin imtina məktubunda qeyd etdiyi hal, yəni torpaq sahəsinin ayrılmasına dair Sərəncama yerləşmə cizgisinin əlavə olunması barədə istinad əsassızdır.
31. Belə ki, iş materiallarından göründüyü kimi, Sərəncama əlavə edilmiş həmin yerləşmə cizgisi torpaq sahəsinin faktiki yerləşməsini müəyyənləşdirməyə imkan vermir. 32. Həmçinin, cavabdeh iddia tələbinə etirazda torpaq sahəsinə cizginin verilməsi səlahiyyətinin icra hakimiyyətinin səlahiyyətinə aid olmadığını qeyd etsə də, tətbiq edilən normativ hüquqi aktlardan da göründüyü kimi cavabdehin bu etirazı əsassızdır.
33. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etməklə hazırkı tələblə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamış, formal imtina vermişdir.
34. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olaraq nəzərə almışdır ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətidir və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.
35. Apellyasiya şikayətində cavabdeh bildirmişdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir.Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı Rayon İcra Hakimiyyətinin 3.11.1999-cu il tarixli 2211 saylı sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.
36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri heç bir mötəbər sübuta söykənmir və formal mülahizələrdən ibarətdir.
37. Belə ki, torpaq sahəsi ayrılmasından uzun müddət keçsə də iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.
38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 3.11.1999-cu il tarixli 2211 saylı sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olmaması ilə bağlı cavabdeh heç bir sübut təqdim etməmişdir.
39. Məhkəmə Kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.
40. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
41. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.