Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1850/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sültanağa oğlunun cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə (Açar sözlər: artıq hesablanaraq alınmış gömrük rüsumunun qaytarılması; iddianın mümkünsüzlüyü) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sültanağa oğlunun Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçıdan idxal etdiyi mallara görə qanunsuz olaraq artıq hesablanaraq alınmış 20.89462 manat məbləğində gömrük rüsumunun cavabdeh tərəfindən qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-10683/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Sültanağa oğlu cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçıdan idxal etdiyi mallara görə qanunsuz olaraq artıq hesablanaraq alınmış 20.89462 manat məbləğində gömrük rüsumunun cavabdeh tərəfindən qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə **********5307 nömrəli sorğu üzrə elektriklə işləyən su qızdırıcıları (100 litrlik-4ədəd, 80 litrlik-230 ədəd, 30 litrlik-84 ədəd, 15 litrlik-147 ədəd) xx.xx.2023-cü il tarixdə **********5510 nömrəli sorğu üzrə elektriklə işləyən su qızdırıcıları (100 litrlik-230 ədəd, 30 litrlik-116 ədəd), xx.xx.2023-cü il tarixdə **********5436 nömrəli sorğu üzrə elektriklə işləyən su qızdırıcıları (100 litrlik-180 əd, 15 litrlik-304 ədəd) və xx.xx.2023-cü il tarixdə **********5369 nömrəli sorğu üzrə elektriklə işləyən su qızdırıcıları (100 litrlik-180 ədəd, 10 litrlik-418 ədəd) Çindən idxal olunmuşdur. Lakin həmin mallardan əsassız olaraq əlavə gömrük rüsumu tələb edilərək Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılmışdır. Belə ki, İddiaçı tərəfindən Çin istehsalı olan **********5307, **********5510, **********5436, **********5369 nömrəli sorğular üzrə idxal olunmuş elektriklə işləyən su qızdırıcılarının (100 litrlik- 4ədəd, 80 litrlik-230 ədəd, 30 litrlik-84 ədəd, 15 litrlik-147 ədəd, 100 litrlik-230 ədəd, 30 litrlik-116 ədəd, 100 litrlik-180 əd,15 litrlik-304 ədəd, 100 litrlik-180 ədəd, 10 litrlik 418 ədəd) ümumi gömrük dəyəri 31.573.07 (otuz bir min beş yüz yetmiş üç manat yeddi qəpik) manat təşkil etdiyi halda heç bir əsas olmadan həmin mallara 52468.32 (əlli iki min dört yüz almış səkkiz min otuz iki qəpik) manat gömrük rüsumu tətbiq edilərək saxlanılmışdı. Bu səbəbdən də, Bakı Baş Gömrük İdarəsində malların uzun müddətli saxlanılmaması üçün əsassız qeyd olunan məbləğ ödənilmişdir. Çünki idxal edilmiş malların gömrükdə qalması sahibkar üçün külli miqdarda itkilərə səbəb olacaqdı. İddiaçı tərəfindən idxal olunmuş mallar üzrə gömrük rüsumu təqdim etdiyi bəyannamədə qeyd olunduğu kimi düzgün hesablanmışdır. Sahibkar tərəfindən Çindən idxal edilən mala statistik qiymətləndirmə tətbiq edilərək Rusiyadan idxal edilən analoji malların qiyməti tətbiq edilmişdir. Lakin bu tərəfimizdən idxal edilən mallar Rusiyada istehsal edilən mallarla oxşar olsa da Çində istehsal edildiyindən maya dəyəri aşağıdır və cavabdeh orqanın bu cür qiymətləndirmə metodu tətbiq etməsi əsassız və qanunsuzdur. Bundan başqa bildiyimiz kimi Rusiyadan idxal edilən mallara 18 faiz rüsum tətbiq edilsədə digər ölkələrdən idxal edilən mallara 36 faiz rüsum tutulması nəzərdə tutulmuşdur. Gömrük orqanı istehsal maya dəyəri baha olan Rusiyanın analogiyasını sahibkara tətbiq etsə də rüsum alarkən Çindən idxal edilən mallar üçün nəzərdə tutulan 36 faizlik gömrük rüsumunu tələb etmişdir. Bu da azad sahibkarlıq fəaliyyətinə edilən qəsddən başqa bir şey deyildir. Bu cür yanaşılma ilə sahibkarın ölkə ərazisinə idxal etdiyi malın maya dəyəri süni şəkildə yüksəlir və bizim bazarda digər belə mal idxal edənlərlə rəqabət imkanlarımızı məhdudlaşdırır. Bu gömrük orqanının sahibkarlara münasibətdə ayrıseçkiliyidir və inhisarçılığa şərait yaradılmasıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edilən gömrük bəyannamələri üzrə artıq ödəmənin hansı halın baş verməsi nəticəsində yarandığını əsaslandırmamış, həmçinin yuxarıda qeyd edilən qərarda göstərilən rəy tərtib edilməsi barədə ərizə ilə cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3- cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Odur ki, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-10683/2024 saylı saylı qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
15. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. İddiaçı tərəfindən məhkəməyə göstərilən sənədlər təqdim edilməmişdir.
18. İddiaçı iddia ərizəsinə əlavə edilmiş 250760 nömrəli poçt qəbzinə istinad edərək hazırkı tələb ilə bağlı cavabdehə müraciət edildiyini bildirmişdir. Lakin həmin poçt qəbzində göndərilən sənədin təhvil alınması ilə bağlı hər hansı bir qeyd yoxdur. Odur ki, iddiaçının istinad etdiyi poçt qəbzi iddiaçının hazırkı tələb ilə bağlı məhkəməyə qədər cavabdehə müraciət edilməsini təsdiq etmir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının sonradan cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etməsi (ərizə apellyasiya şikayətinə əlavə edilmişdir) hazırki qərardadın ləğv edilməsi üçün əsas deyildir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçıya yenidən hazırki tələblə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməklə, məhkəməyə müraciət etmək hüququnu izah edir.
20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Sültanağa oğlunun cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçıdan idxal etdiyi mallara görə qanunsuz olaraq artıq hesablanaraq alınmış 20.89462 manat məbləğində gömrük rüsumunun cavabdeh tərəfindən qaytarılması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir.
21. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-10683/2024 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Elvin Əliyev Aytən Oruczadə