Məhkəmə qərarları › İş №2-1(103)-1851/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1851/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1851/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və digərlərinə qarşı (üçüncü şəxslər X6 və X2) «üçüncü şəxsin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız sayılması, torpaq sahəsinə dair iddiaçının adına ilkin qeydiyyatın aparılması və hüquqların qeydiyyatı haqqında reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına və mübahisəyə dair yeni açılmış hallarla bağlı ərizəçi X1 ərizəsinin təmin edilməsindən imtina edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2in(82)-727/2013 saylı, 20 aprel 2021-ci il tarixli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 saylı iş üzrə 11 iyun 2013-cü il tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Əzizbəyov Rayon XDS İK-nın 12 iyun 1990-cı il tarixli 9 saylı qərarı ilə iddiaçının mərhum anası X3 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanlnda yerləşən 750 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X2 2 saykı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qərarından apellyasiya şikayəti vermiş, lakin işə apellyasiya qaydasında baxılarkən həmin şikayətin geri götürülməsi barədə Bakı Apellyasiya Məhkəməsinə ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-369/2014 saylı iş üzrə 10 aprel 2014-cü il tarixli qərardadı ilə üçüncü şəxs X1 ərizəsi təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 saylı iş üzrə 11 iyun 2013-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 saylı iş üzrə 11 iyun 2013-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İş üzrə üçüncü şəxs X2 29 mart 2021-ci ildə Bakı İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı” ərizə ilə müraciət etmiş və bildirilmişdir ki, İddiaçı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qərarından üçüncü şəxs Mehman İbrahimov tərəfindən apellyasiya şikayəti verilsə də, sonradan şikayət geri götürülmüş və Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Apellyasiya baxışı zamanı keçmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən mütəxəssis rəyi təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, mərhum Əminə Rzayevanın və Mehman İbrahimovun adlarına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən həmin torpaq sahələri üst-üstə düşmür və ayrı-ayrı torpaq sahələridir. Apellyasiya şikayəti məhz bu rəydən sonra geri götürülmüşdür. Bundan başqa, inzibati işə birinci instansiya məhkəməsində baxılarkən keçmiş DTXK Bakı şəhər şöbəsindən alınmış mütəxəssis rəyində də qeyd edilmişdir ki, mərhum Əminə Rzayevanın adına A 379501 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmiş Mərdəkan qəsəbəsində yerləşən sahəsi 750 kv.m. olan torpaq sahəsi ilə əvvəllər X4 adına verilmiş, sonradan alqı-satqı yolu ilə Elsel Novruzinin adına olan Mərdəkan qəsəbəsi 0,12 ha torpaq sahəsinin üst-üstə düşməsi barədə suala cavab vermək mümkün deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində inzibati işin icraatı gedişində məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisələndirdiyi şəhadətnamə və reyestrdən çıxarış barəsində verilmiş torpaq sahəsi ilə (M.İbrahimovun adına olan) onun (İddiaçı) istifadəsinə verilmiş torpaq sahəsinin üstüstə düşməsi təsdiq edilmədiyindən, iddia tələbi "şəhadətnamənin və reyestrindən çıxarışın etibarsız hesab edilməsi'' hissəsində əsassız sayılmalıdır. İddiaçı istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş üzrə sübutlarla təsdiq edilməmişdir. Lakin bir müddət əvvəl Mehman İbrahimov özünə məxsus torpaq sahəsinin başqaları tərəfindən qanunsuz olaraq zəbt və istifadə olunduğunu müəyyən etmişdir. Bununla bağlı o, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Bölmədə araşdırma zamanı məlum olmuşdur ki, Mehman İbrahimova məxsus torpaq sahəsinə X5 qanunsuz olaraq sahiblik edir. Xədicə Əzimova həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydə alınması barədə çıxarış təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2in(82)-727/2013 saylı inzibati iş üzrə İddiaçı iddia etdiyi torpaq sahəsinin digər şəxslərin (3-cü şəxs X1) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi məhkəmə baxışı zamanı müəyyən edilsə də, sonradan cavabdeh İdarə tərəfindən verilmiş 3 fevral 2021-ci il tarixli və 9 fevral 2021-ci il tarixli məlumatlarla aydın olur ki, İddiaçı iddiası əsasında qəbul edilmiş məhkəmə qərarı əsasında Əminə Rzayevanın adına ilkin qeydiyyatı aparılmış (hazırda Xədicı Əzimovanın mülkiyyətində olan) torpaq sahəsi ilə Mehman İbrahimovun mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşür. Hesab olunur ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün kifayət qədər əsaslar vardır. Göstərilənlərə və İPM-in 100-106-cı maddələrinə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 saylı 11 iyun 2013-cü il tarixli qərarının qəbulu ilə başa çatmış məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2in(82)-727/2013 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan üçüncü şəxs X1 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Apellyasiya şikayəti yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı müraciət etmə müddətinin keçdiyini göstərib yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 saylı iş üzrə 11 iyun 2013-cü il tarixli qərarı həmin qərardan üçüncü şəxs kimi X1 apellyasiya şikayətinin geri qaytarılması və apellyasiya şikayəti üzrə icraata xitam verilnməsi barədə apellyasiya instansiyası məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərardadının qəbul olunduğu gün qüvvəyə minmişdir. Belə olan halda ərizəçi Mehman İbrahimov tərəfindən “yeni açılmış hallarla bağlı” ərizə 2021-ci ilin mart ayında (iş materiallarına əsasən) məhkəməyə təqdim edildiyindən, ərizə İPM-in 103.1-ci maddəsinin tələbləri pozulmaqla verilmiş kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, İPM-in sözügedən maddəsində yeni açılmış hallarla bağlı ərizənin mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmünün ləğv olunduğu hallarda verilməsinin mümkünklüyü təsbit olunmuşdur. Halbuki, hazırkı iş üzrə ilkin məhkəmə icraatında hər hansı məhkəmə hökmünə istinad olunmamış və üçüncü şəxs tərəfindən məhkəməyə “yeni açılmış hallarla bağlı ərizə” mübahisə edilən məhkəmə qərarının qanuni qüvvəyə minməsindən təxminən 6 ildən artıq vaxt keçdikdən sonra verilmişdir. Odur ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ərizəçi məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2in(82)-727/2013 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2in(82)-727/2013 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar