Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1852/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1852/2023 (Açar sözlər: “qərarın ləğv edilərək pensiyanın əvvəlki vəziyyətinə bərpa edilməsi”) Bakı şəhəri 11 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 və X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında qeydiyyatdadır.
2. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə göndərilmiş pensiya işi və inzibati icraat materiallarının surətindən görünür ki: --Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 2821 nömrəli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. --Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarxli **********6 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə təyin olunmuş pensiya məbləği 16031.09, yenidən hesablanmış pensiya məbləği 3629 manat 53 qəpik təşkil edir.
3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının qanunauyğunluğu araşdırılıb. Nəticədə Fondun keçmiş Abşeron rayon şöbəsi tərəfindən İddiaçı aylıq məbləği əsassız yüksək olan pensiya təyinatı aparılaraq xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona 1.226.455,68 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Mərkəzi Filial tərəfindən həyata keçirilən yenidən hesablama nəticəsində cari ilin aprel ayından adıçəkilən şəxsin pensiya məbləği 16031,09 manatdan 3629,53 manata azaldılıb. Eyni zamanda bildiririk ki, araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 3-17-1/2- 3697/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Baş Prokurorunun Müavini Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisinin xx.xx.2022-ci il tarixli, 02/12-99most-22/2092 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı saxta sənədlər əsasında yüksək məbləğdə pensiya hesablanaraq ödənilməsi nəticəsində külli miqdarda dövlət vəsaitinin əsasssız xərclənməsi barədə xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunuzla xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material əsasında araşdırma aparılmışdır. Toplanmış material Baş İdarənin İstintaq idarəsində Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi və pensiyanın xx.xx.2022-ci il tarixdən əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1894/2023 nömrəli qərardadı ilə iddia tələbi cavabdehin xx.xx.2022-ci il tarixli **********6 nömrəli “Əmək pensiyalarının yenidən hesablanması” haqqında qərarın ləğv edilərək pensiyanın xx.xx.2022-ci il tarixdən əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi şəklində icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. O, xx.xx.1982-ci ildən müxtəlif işlərdə işləmiş və xx.xx.2009-cu ildən ona 50 yaşı tamam olmasına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edimişdir. İddiaçı xx.xx.2022-ci ilədək hər ay 16031.09 manat pensiya almışdır. Lakin sonradan yəni xx.xx.2022-ci ildən ona təyin edilmiş pensiya məbləğində dəyişikliklər edilmiş və pensiya məbləği 3629.53 manata endirilmişdir. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin azaldılmasında ifadə olunan hərəkətlərin qanunsuz olduğunu və pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin ləğv edilərək xx.xx.2022-ci il tarixdən əvvəlki pensiya ödənişinin bərpa edilməsinin zərurət təşkil etdiyini hesab edərək cavabdeh inzibati orqana ərizə ilə xx.xx.2022-ci tarixdə müraciət etmişdir. Müraciət ərizəsi xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən qəbul edilməsinə baxmayaraq bu günə kimi hər hansı cavab verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin ləğv edilərək onun pensiyası xx.xx.2022-ci ildən əvvəlki vəziyyətinə bərpa edilməlidir. Cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın azaldılması barədə müvfaiq qərar da qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə azaltmışdır.
8. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən yenidən araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşından yarandığı halda, ona 50 yaşından yaşa görə pensiya təyin edildiyi aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar ilə İddiaçı pensiyası yenidən hesablanmış, yenidən hesablanma zamanı pensiya məbləği 3629,53 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilimiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutlan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1959 -ci il təvəllüdlü olduğunu nəzərə alaraq, 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdə 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan kişilərlə bağlı qanunvericiliyin pensiya yaşı tələbi 52 olmuşdur. Eyni zamanda İddiaçı xx.xx.1997- ci il tarixədək ümumi iş stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq tələb edilən 20 ildən az (18 il 10 ay 09 gün) olduğundan, qanunun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiyasının ona münasibətdə tətbiq etmək qanunamüvafiq hesab edilmir. İddiaçı ilkin təyinat zamanı əmək pensiyasının məbləği Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən (yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan İşlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə,) hesablanmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2011-ci ildə yaranmışdır, onun əmək pensiyasının orta aylıq əmək haqqına əsasən hesablanması qanunauyğun hesab edilmir. Bu səbəbdən İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Yuxanda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx.xx.2011-ci il tarixdən yaranmışdır. İddiaçıya 50 yaşdan pensiya təyin olunarkən orta aylıq əmək haqqına istinad olunaraq pensiya hesablanmış və nəticə olaraq pensiya məbləği 16.031.09 manata çatdırılmışdır.
11. Halbuki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi xx.xx.2010-cu il tarixdən sonrakı dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, onun xx.xx.2010-cu il tarixdən əvvəl qüvvədə olmuş orta əmək haqqına istinadən pensiyası hesablana bilməz.
12. İddiaçının pensiyası yenidən hesablanarkən inzibati icraat qaydalarına riayət edilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.
13. Birinci instansiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 67-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə, 21.1-ci maddəsinə, İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati İcraatın aparılması və yekunda inzibati akt formasında qərar qəbul edilməsi proseduru kobud şəkildə pozulmuşdur.(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 –ci, 21.1-ci, 21.2-ci, 28.1.2-ci, 28.1.2-ci, 51.1-ci, 57.2-ci, 59.1-ci, 59.1.5.-ci, 59.2.,-ci 59.3-cü, 61.1-ci, 61.2-ci və 67-ci, 70-ci maddələri pozulmuşdur.)Sadalanan qanunvercilik normalarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadan əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir.Belə ki, qanunvercilik normalarına əsasən inzibati orqan öz təşəbbüsü ilə inzibati icraat aparan zaman mütləq şəkildə maraqlı şəxsi yəni İddiaçı inzibati icraata cəlb etməli, inzibati icraatın keçirilməsi barədə ona məlumat verməli və yaranmış uyğunsuzluq barədə vətəndaşdan müvafiq yazılı mülahizə və ya əlavə sənədlər tələb etməli idi. Lakin DSMF orqanı bütün bu prosedur qaydalarına riayət etmədən yalnız 2022-ci ilin 5 avqustunda iddiaçıya pensiyasının azaldılması barədə məlumat xarakterli məktub göndərmişdir.Əgər mübahisə predmeti olan qərar 7 aprel tarixində qəbul edilsə idi o zaman həmin qərarın bir surəti məlumat üçün iddiaçıya göndərilməli idi. İş materiallarından da görünür ki, qəbul edilmiş qərarın iddiaçıya göndərilməsi baş verməmişdir. Məhkəmə iclasında cavabdeh inzibati orqanının mübahisə predmeti olan qərarı dəqiq olaraq hansı tarixdə tərtib edildiyini müəyyənləşdirmək üçün pensiya altsistemindən çıxarışının təqdim edilməsini xahiş etsə də, işə baxan hakim kağız formasında imzalı möhürlü sənədin onun üçün daha mötəbər olduğunu qeyd edərək həmin qərarın pensiya altsistemindən çıxarışının tələb edilməsinə zərurət görməmişdir. Hesab edir ki, işə baxan məhkəmə bununla da qəbul edilmiş inzibati aktın qanunsuzluğunu örtbas etməyə çalışmışdır.Onlarda olan məlumata görə mübahisə predmeti olan qərarın tarixi xx.xx.2022-ci il olsa da, həmin qərar daha gec yəni artıq məhkəmə mübahisəsi mövcud olan zaman qəbul edilmişdir. Bu isə özü-özlüyündə 4 qəbul edimiş qərarın qanıısıızluğunu ehtiva edir. Buna əsasən hesab edirlər ki, mübahisə predmeti olan qərar qanunsuz əlverişsiz inzibati aktdır. Bu isə qanunverciliyə əsasən belə bir inzibati akt hər bir halda ləğv edilməlidir. Çünki inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Məhkəmə iddianı rədd edərkən İPM-nin 70.1ci maddəsinə istinad etsə də, normanı düzgün şəkildə təfsir etməmişdir. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya təyin olunmuş 16.000 manat məbləğində pensiyanın 3629 manata endirilməsi, eləcə də aparılmış inzibati icraatın qəbul edilmiş qərara təsiri olmamışdır. Bu mövqe heç bir məntiqə sığmayan mövqedir eləcə də mövcud qanunvercilik normalarının pozulması ilə yanaşı vətəndaşın uzun illər ərzində formalaşmış sosial müdafiəsinin əhəmiyyətli şəkildə pisləşməsinə gətirib çıxarmışdır. Buna görə də cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə iddia ərizəsinə etiraza uyğun yazılı etiraz daxil olmuşdur.
c) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz
20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:
11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.
22. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
23. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, hazırkı iddianın qaldırılması üçün onun subyektiv hüququ olmuşdur.
28. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
29. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Pensiyanın əvvəlki məbləğdə (qaydada) ödənilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur.
30. Cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktdan məlumatlı olmamışdır.
31. İddiaçı mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir.
32. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddia mahiyyət üzrə əsassızdır.
33. İşin hallarıdan müəyyən olunur ki, iddaçıya xx.xx.2009-cu il tarixli qərarla xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq 50 yaşından güzəştli şərtlərlə, 2004- 2005-ci illərin orta əmək haqları əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, İddiaçı təyin olunmuş 16031.09 pensiya məbləği yenidən hesablanaraq 3629 manat 53 qəpik məbləğində müəyyən olunmuşdur.
34. İddiaçı hazırkı iddia tələbində cavabdehin qeyd edilən xx.xx.2022-ci il tarixli qərarının ləğvini və ona pensiya yenidən hesablanmazdan əvvəlki qaydada və məbləğdə pensiya ödənilməsini mübahisələndirir.
35. İddiaçının mübahisələndirilən qərarın ləğvi ilə bağlı tələbinin əsasları ondan ibarətdir ki, cavabdehin özü tərəfindən qanuni əsaslarla əvvəl təyin etdiyi pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən pensiya məbləğini azaltması qanunsuzdur.
36. Cavabdehin hazırkı mübahisə ilə bağlı mövqeyi aşağıdakılardan ibarətdir: - İddiaçı xx.xx.1959 -ci il təvəllüdlü olduğunu nəzərə alaraq, 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdə 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan kişilərlə bağlı qanunvericiliyin pensiya yaşı tələbi 52 olmuşdur.
37. - İddiaçı xx.xx.1997-ci il tarixədək ümumi iş stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq tələb edilən 20 ildən az olmuşdur.
38. - İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2011-ci ildə yarandığından, onun əmək pensiyasının orta aylıq əmək haqqına əsasən hesablanması qanunauyğun hesab edilmir.
39. Məhkəmə iddia tələbi ilə aşağıdakılara əsasən razılaşmır.
40. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
41. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
42. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
43. Beləliklə, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.1997-ci il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməlidir.
44. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 50 yaşını xx.xx.2009-cu il tarixdə tamamlamışdır.
45. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
46. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
47. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
48. Pensiya işində olan sənədlərə əsasən iddiaçının xx.xx.1997-ci il tarixədək olan ümumi iş stajı aşağıdakılardan ibarətdir: ИВ 028670 nömrəli diplomun surətinə əsasən xx.xx.1977-ci ildən xx.xx.1982-ci il tarixədək təhsil dövrü, ВТ-İ ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1980- xx.xx.1980, xx.xx.1981- xx.xx.1981, xx.xx.1981xx.xx.1982, xx.xx.1982- xx.xx.1983, xx.xx.1983xx.xx.1983, xx.xx.1983- xx.xx.1984, xx.xx.1984 xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrü.
49. İddiaçının təhsil dövrü ilə xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşür.
50. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.
51. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.
52. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır. Odur ki, məhkəmə iddiaçının xx.xx.1977-ci ildən başlayan təhsil dövrünü tam, təhsil dövrü ilə üst-üstə düşən əmək fəaliyyəti dövrünü isə ümumi iş stajına hesablamır.
53. Belə olan halda iddiaçının xx.xx.1997-ci il tarixədək tələb olunan ümumi iş stajı xx.xx.1977-ci ildən xx.xx.1982-ci il tarixədək 04 il 09 ay 01 gün, xx.xx.1982xx.xx.1983cü ilədək 03 ay 22 gün, xx.xx.1983-xx.xx.1983-cü ilədək 04 ay 28 gün, xx.xx.1983xx.xx.1984-cü ilədək 03 ay 14 gün, xx.xx.1984-xx.xx.1997-ci il tarixədək 13 il 01ay 09 gün olmaqla ümumilikdə 18 il 10 ay 14 gün təşkil edir.
54. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olsa da 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.1997-ci il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcud deyildir.
55. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.
56. Həmin Qanunun71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.
57. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bütövlükdə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi deyil, yalnız yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Əmək haqqına əsasən pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmamışdır.
58. Beləliklə, xx.xx.2006-cı ildən qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17, 71-ci maddələrinin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz.
59. Digər tərəfdən xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.
60. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.
61. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
62. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir.
63. Beləliklə, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur.
64. İş üzrə müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx.xx.2011-ci il tarixdən yaranmışdır. İddiaçıya 50 yaşdan pensiya təyin olunarkən orta aylıq əmək haqqına istinad olunaraq pensiya hesablanmış və nəticə olaraq pensiya məbləği 16031.09 manata çatdırılmışdır. Halbuki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi xx.xx.2010-cu il tarixdən sonrakı dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, onun xx.xx.2010-cu il tarixdən əvvəl qüvvədə olmuş orta əmək haqqına istinadən pensiyası hesablana bilməz.
65. İddiaçının pensiyası yenidən hesablanarkən inzibati icraat qaydalarına riayət edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
66. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.
67. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.
68. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
69. Apellyasiya şikayətinin “məhkəmə iclasında cavabdeh inzibati orqanının mübahisə predmeti olan qərarı dəqiq olaraq hansı tarixdə tərtib edildiyini müəyyənləşdirmək üçün pensiya altsistemindən çıxarışının təqdim edilməsini xahiş etsə də, işə baxan hakim kağız formasında imzalı möhürlü sənədin onun üçün daha mötəbər olduğunu qeyd edərək həmin qərarın pensiya altsistemindən çıxarışının tələb edilməsinə zərurət görməməsi, məlumata görə mübahisə predmeti olan qərarın tarixi xx.xx.2022-ci il olsa da, həmin qərar daha gec yəni artıq məhkəmə mübahisəsi mövcud olan zaman qəbul edilməsi” ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı pensiya altsistemindən çıxarışının təqdim edilməsi ilə bağlı məhkəmə sorğusu göndərilmiş və sorğuya cavab olara təqdim edilən sənədlər tədqiq edilərkən iddiaçının vəkili mübahisə predmeti olan qərarın tarixinin həqiqətən xx.xx.2022-ci il tarixli olduğunu bildirmişdir.
70. Beləliklə, apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmamışdır.
71. Məhkəmə Kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, eləcə də pensiya hüququnun yarandığı vaxt qüvvədən düşmüş orta əmək haqqına istinadən pensiyanın hesablanması əsaslı olmamışdır.
72. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması barədə qərarı qanunazidd hesab edilə bilməz.
73. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçının tələbinin təmin edilməsi üçün yetərli deyildir.
74. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.