Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1854/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı rəyin və qərarın dəyişdirilərək evin bərpası və ya yenidən tikilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4608/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə xx.xx.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “evin qənaətbəxş hesab edilməsi” barədə Fövqaladə Hallar Komissiyası tərəfindən qəbul olunmuş rəyin və qərarın dəyişdirilərək evinin bərpası və ya yenidən tikilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardadın əsaslarına görə, məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona aid olan sənədlərin geri qaytarılmasını xahiş etdi. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, işə baxılarkən iddiaçıya bir ərizəyə imza etdirilmiş və bildirilmişdir ki, onun iddiasına İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. O, 2-ci qrup əlil olmaqla orta təhsili yoxdur və gözdən əlil olduğundan ərizənin məzmununu və mahiyyətini bilmədən imza etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Mübahisəli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən İPM-in 55.3 və 55.5-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qərardadın qanuni əsasları ilə razılaşmır. Belə ki, İPM-in: 55.3-cü maddəsinə görə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, iddia ərizəsi və digər sənədlərin ona qaytarılması barədə iddiaçının ərizəsinə əsaslanaraq, iddia geri götürülmüş sayılmaqla, icraata xitam verilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu əsasla iddia geri götürülmüş sayılmaqla icraata xitam verilməsinin İPM-də nəzərdə tutulduğu fərz olunsa, o halda, iddianın geri götürülmüş sayılması 55.3-cü maddədə 1) məhkəmənin tələbi, 2) 30 gündən çox müddət və 3) ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınma ilə şərtləndirilmişdir ki, bu şərtlər iş üzrə yerinə yetirilmir. İddiaçının iddiadan imtina etmədiyi isə işin mübahisəsiz halıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4608/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1854/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1854/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver