Məhkəmə qərarları › İş №2-1(103)-1854/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1854/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1854/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Üçüncü şəxsin nümayəndəsi X2 və üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: X5) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı (X3 üçüncü şəxs olduğu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəyişərək, Cavabdeh 23.12.2013-cü il tarixli 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin 15.12.2008-ci il tarixli 1427 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30.04.2009-cu il tarixli, 22/MQ-287 saylı və Xüsusi Mühaifə Xidmətinin 03.04.2009-cu il tarixli, 43/401 saylı razılıq məktublarını nəzərə alaraq Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov rayon Polis İdarəsinin Dövlət X9 yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0,4 ha torpaq sahəsinin daimi istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 184 nömrəli 20.05.2009-cu il tarixli sərəncam qəbul edilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Daha sonra İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək qeyd olunan sərəncamla ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsinin cərimə meydançasına genişləndirilməsi məqsədi ilə ona icarəyə verilməsini və orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Xəzər RİHB-nin 175 nömrəli 19.03.2015-ci il tarixli sərəncamı ilə 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi, həmçinin orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər RİH-nin Rayon Təsərrüfat Şöbəsi və Qala qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Sərəncama uyğun olaraq İddiaçı ilə Xəzər RİH arasında həmin torpaq sahəsinin 99 illik müddətinə icarəyə verilməsi ilə bağlı 19.03.2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Hazırda həmin ərazi iddiaçı tərəfindən təyinatına uyğun istifadə olunmaqdadır. Sonradan məlum olmuşdur ki, Xəzər RİHB-nın 816 nömrəli 23.12.2013-cü il tarixli sərəncamı ilə X4 Qala qəsəbəsi, Xəzər rayon DYPİ-nin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. F.Həsənov iddia ərizəsi ilə cavabdeh Xəzər RİH-ə qarşı məhkəməyə müraciət edərək, İddiaçı verilmiş sərəncamı mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza ilə qeyd olunan sərəncamlarla verilmiş torpaq sahələrinin qismən üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan sərəncamdan görünür ki, F.Həsənova hər hansı torpaq sahəsi ayrılmamış, ona yalnız mövcud tikilinin rekonstruksiyasına icazə verilmişdir. Lakin həmin sərəncamda tikilinin mövcud olması qeyd edilsə də, belə bir tikili ümumiyyətlə mövcud deyildir. Bu əsasdan F.Həsənov tərəfindən sərəncam üzrə hər hansı bir rekonstruksiya işləri aparıla bilməzdi. F.Həsənov yalnız ərazinin elektrik və su təchizatının təminatı üçün "xxxx" ASC və "xxxx" ASC-dən texniki şərt almışdır. Beləliklə, F.Həsənova heç bir torpaq sahəsi və ya tikili ayrılmamışdır. F.Həsənovun atası Sabir Həsənov bir müddət Xəzər RPİ-nin DYPŞ-nin rəis müavini vəzifəsində işləmişdir və həmin sərəncamı da həmin dövrdə oğlu F.Həsənovun adına rəsmiləşdirməyə nail olmuşdur. Qeyd olunan sərəncam faktiki hallara əsasən qəbul edilməmişdir və bu əsasdan həmin inzibati akt etibarsızdır. Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, mübahisə predmeti olan Sərəncamın etibarsız sayılması üçün qanunla müəyyən olunmuş 2 əsas mövcuddur:

1. Xəzər RİH tərəfindən müvafiq səlahiyyəti olmadan sənaye təyinatlı torpaq sahəsinin və ya onun üzərindəki hər hansı bir tikilinin və ya qurğunun istifadəyə verilməsi;

2. Mövcud olmayan avtotəmir məntəqəsinin rekonstruksiya edilərək istifadə edilməsi. Göründüyü kimi faktiki səbəblər üzündən icarası mümkün olmayan inzibati akt qəbul edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi, eyni zamanda vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarında olan: -Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2009-cu il tarixli 184 nömrəli sərəncamı ilə Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0,4 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir; -Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı ilə X4 Qala qəsəbəsi, Xəzər Rayonu DYP İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir; -Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində RPİ-nin DYP Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə meydançanın istifadəsində 0,2 ha torpaq sahəsi İddiaçı icarəyə verilmiş və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında Xəzər RİH ilə İddiaçı arasında 19.03.2015-ci il tarixli icarə müqaviləsi bağlanmış, icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı təsdiqlənmişdir. Həmçinin iş üzrə müəyyən edilir ki, X1 Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı üçüncü şəxs olduğu iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan işə baxılması ilə əlaqədar təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 avqust 2019-cu il tarixli 8645 nömrəli ekspert rəyində bildirilmişdir ki, Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 saylı sərəncamı ilə rekonstruksiya olunaraq avtotəmir məntəqəsi kimi X3 istifadəsinə icazə verilmiş obyektin yerləşdiyi torpaq sahəsinin (32,8 x 49,2) metr hissəsinin 19 mart 2015-ci il tarixli 175 saylı sərəncamla İddiaçı orada müvafiq tikililərin aparılması üçün icarəyə verilmiş 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.12.2019-cu il tarixli 2-1(82)799/2019 saylı qərarı ilə Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının “iddiaçı X3 istifadəsində olan 1.613,76 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayətinə baxılması ilə əlaqədar iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırki işə baxmış birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1, 65.1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunsa da, onun etibarsızlığı üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanladığı aydın olmayan inzibati akt. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, Bakı şəhəri Cavabdeh Başçısının mübahisələndirilən 816 saylı 23.11.2013-cü il tarixli sərəncamı yuxarıda qeyd edilən 65.1.2. və 65.1.5-ci maddələrinə əsasən etibarsız sayılmalıdır. Şikayətçi göstərir ki, mübahisə predmeti olan sərəncamın yerləşdiyi torpaq sahəsi Sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğundan, tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 01.04.2021-ci il tarixli sorğu və F.Həsənovun ona torpaq sahəsinin ayrılmasını iddia etdiyi torpaq sahəsinin eskizi göndərilmiş, sorğuya 16.04.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğu edilən ərazi neft-qaz əməliyyatlarının aparılması üçün Şirkətin isifadəsinə ayrılmış torpaq sahəsinin (“Qala yatağı”) hüdudları daxilində yerləşir, bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Göründüyü kimi, cavabdeh İcra Hakimiyyəti tərəfindən 3-cü şəxs F.Həsənova hər hansı bir torpaq sahəsi ayrıla bilməzdi və İcra hakimiyyəti bunu edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsini pozaraq, müvafiq səlahiyyəti olmadan inzibati akt qəbul etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili məntiqsiz və ziddiyyətlidir. Ona görə qəbul edilə bilməz. Belə ki, şikayətçinin istinad etdiyi 16.04.2021-ci il tarixli məktubda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti göstərir ki, mübahisləndirilən ərazi ona istifadəyə verilmiş və bu səbəbdən yalnız təyinatı üzrə istifadə oluna bilər (yəni neft və qaz hasilatı və emalı və sair məqsədlər üçün). Eyni zamanda Şirkət məktubunda qeyd edir ki, torpaq sahələrinə yerli icra hakimiyyəti orqanları tərəfindən hüquqmüəyyənedici sənədlər yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Yuxarıda qeyd edilənlərdən belə məntiqi nəticəyə gəlmək olar ki, mübahisəli ərazinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən artıq dəyişdirilmişdir, belə olmasaydı, həmin ərazinin Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti tərəfindən Əzizbəyov rayon Polis İdarəsinə 2009-cu ildə, habelə İddiaçı 2015-ci ildə torpaq sahələrinin istifadəyə verilməsinə icazə ("xxxx") Dövlət Neft Şirkəti tərəfindən verilməzdi. İş üzrə müəyyən edilir ki, cavabdeh İcra Hakimiyyəti qəbul etdiyi həm 184 saylı 20.05.2009-cu il tarixli (Əzizbəyov rayon Polis İdarəsi barədə), həm də 175 saylı 19.03.2015-ci il tarixli (İddiaçı barədə) sərəncamları ilə torpaq sahələrinin istifadəyə verərəkən Dövlət Neft Şirkətinin 22/MQ-287 saylı 30.04.2009-cu il tarixli eyni razılıq məktubuna istinad etmişdir. Həmçinin iş üzrə müəyyən olunur ki, iddiaçı A.Abbasovla 3-cü şəxs F.Həsənovun tikilisinin yerləşdiyi torpaq sahələri üst-üstə düşür, bu fakt işin materiallarında olan 09.08.2019-cu il tarixli ekspertiza rəyi ilə təsdiqlənir, enyi zamanda bu fakt yuxarıda adı çəkilən şəxslər tərəfindən inkar olunmur. Belə olan halda və razılıq məktubunun 30.04.2009-cu il tarixdə verilməsi nəzərə alınmaqla, eyni torpaq sahəsi barədə bəhs edilən sərəncamlardan (175 saylı 19.03.2015ci və 816 saylı 23.12.2013-cü il tarixli) birinin Dövlət Neft Şirkətinin razılığının olması səbəbindən etibarlı, digərinin isə belə razılığın olmaması səbəbindən etibarsız olması barədə mülahizələr məntiqli görünmür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi və yuxarıda sözügedən sərəncamlarda istinad olunan 22/MQ-287 saylı 30.04.2009-cu il tarixli məktubun həqiqiliyi haqqında məhkəmə kollegiyası sorğu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmiş və sonuncunun məhkəməyə göndərdiyi 27.07.2001-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən məktub nə Şirkətin aidiyyəti şöbələrində, nə də ki, onun Baş Ofisin Mərkəzi Arxivində aşkarlanmamşıdır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.5-ci bəndinə istinad etməklə mübahisələndlirilən sərəncamın faktiki səbəblər üzündən icrası mümkün olmadığı üçün etibarsız inzibati akt olmasını subut etməyə çalışır. İddiaçı göstərir ki, qeyd edilən sərəncamda mübahisəli ərazidə yerləşən mövcud tikilinin rekonstruksiyası üçün 3-cü şəxs F.Həsənova icazə verilsə də, burada hər hansı tikili yoxdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı öz dəlilini irəli sürərək heç bir sənəd– sübuta istinad etmir. Digər tərəfdən sərəncamda istifadə olunan “rekonstruksiya” sözü həm də əvvəlki tikilinin yerində yenisinin inşa edilməsini də nəzərdə tuta bilər. Həmin sərəncamdan göründüyü kimi, mübahisəli ərazidə olan tikilinin əvəzində avto-təmir məntəqəsi təyinatlı tikilinin yaradılması nəzərdə tutulmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar