Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1854/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (üçüncü şəxslər X14 və X10) “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1482/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-1482/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 və X10 hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Normanın məzmunundan göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəxs şəhiddir. Yəni həmin maddə üzrə hüquqi münasibətlərin yaranmasının hüquqi faktını şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması təşkil edir. Hazırki iş üzrə isə İddiaçı həyat yoldaşı X11 13 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində vəfat etmişdir. Nəticədə, X11 şəhid olmuş və onun ailə üzvləri qanunamüvafıq qaydada şəhid ailəsi statusunu almışlar. Qeyd olunan hal Sosial Xidmətlər Agentliyi tərəfindən təsdiq edilmşdir. Beləliklə, X4 ailə üzvləri şəhid ailələri üçün qanunla nəzərdə tutulan imtiyazları istifadə etrmək hüququnu əldə etmişlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, şəhid ailəsinin mənzillə təmin olunması imperativ norma olmaqla birbaşa qanunvericiliyin göstərişidir. Lakin Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyin həmin göstərişi yerinə yetirilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən qeyd olunan maddənin tələbləri nəzərə alınmayaraq iddia tələbi rədd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qurumun qanunvericilik üzrə göstərişin yerinə yetirilməməsi nəzərə alınmamışdır və nəticədə iş üzrə iddiaçının mənzillə təmin edilmək hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır, nəticədə iddiaçının şəhid ailəsi üzvü kimi mənzillə təmin olunmaq hüququ məhdudlaşmışdır. Belə ki, Şəhid ailələrini mənzillə təmin etmək nizamnamə ilə Agentliyin birbaşa vəzifəsidir. X21 Təvəkkülün mülkiyyətində əmlakın olduğunu əsas gətirərək mənzillə təmin etməkdən əsassız olaraq imtina etmişdir. Belə ki, qanunvericiliklə şəxsin mülkiyyətində əmlak olduğu halda mənzillə təmin edilməməsi birbaşa nəzərdə tutulmamışdır. Beləliklə, Agentlik tərəfindən müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı nizamnamə üzrə vəzifəsi də icra edilməmişdir. Məhkəmə iddia tələbini rədd etməklə bərabərlik prinsipini pozmuşdur. Belə ki, İddiaçı hər bir şəhid ailəsi üzvü kimi digərləri kimi qanunla nəzərdə tutulmuş mənzillə təmin olunmaq hüququna malikdir. Lakin məhkəmə tərəfindən iddiaçının həmin hüququ pozulmuşdur. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, İddiaçı və onun övladları şəhid ailəsi üzvüdürlər və bu fakt müvafiq icra hakimiyyəti orqanı tərəfindən öz təsdiqini tapmışdır. Lakin məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əliyev Təvəkkülün mülkiyyətində mənzil olması səbəbi ilə onun ailə üzvlərinin mənzillə təmin edilməsi qanunauyğun deyildir. Bununla bağlı xüsusi ilə qeyd olunmalıdır ki, həmin əsasla şəxsin sosial təminat hüququnun məhdudlaşdırılması qanunvericiliklə birbaşa nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə tərəfindən iddiaçının mənzillə təmin olunmaq hüququ pozulmuşdur. Əlavə olaraq, Sosial Xidmətlər Agentliyi və məhkəmə tərəfindən iddiaçının himayəsində olan övladının da mənafeyi nəzərə alınmamışdır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, İddiaçı himayəsində azyaşlı övladı vardır. Məhkəmə tərəfindən isə işə yalnız birtərəfli qaydada qiymət verilmişdir. İddiaçının himayəsində olan azyaşlı övladının rifahı nəzərə alınmamışdır. Nəticədə iddiaçının və onun övladının sosial təminat hüququnun pozulması ilə yanaşı, “Şəhid adının əbəlişdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında qanunun da müvafiq müddəaları birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, Xətai rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 23 aprel 2021-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığının göstərilməsi, iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun növbəlilik qaydasında baxılacağı bildirilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 140996 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X5 xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 950352 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2017ci ildə Bakı şəhərində doğulmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 121185 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 23-cü günündə 898 № ilə qeyd edilmişdir. Ölüm səbəbi - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr qeyd olunmuşdur. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçı və X13r və onların hər biri miras əmlakdan 1/4 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X6 verilmiş **********68-05301-093070 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,7 kv. metr olan mənzildən ibarətdir (həmin şəhadətnamənin surəti xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən də məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında» xx.xx.2021-ci il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2020-ci ildə vəfat etmiş X1 qalmış arvadı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101, M7, mənzil 3-də qeydiyyatda olan X7 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı verilmiş **********68-05301-093070 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,7 kv.metr olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsindən ibarətdir (həmin şəhadətnamənin surəti xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən də məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 101, mənzil 3 (yeni qaydalarla: AZ1121, ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2021-ci ildə, 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə X9 adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, X4 adına olan hissə isə açıq qalmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 1820 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 108 №-li, xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, İddiaçı 2 nəfər (özü, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və Şəhid ailələrinin güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının “RİH başçısı yanında Mənzil-Məişət Komissiyasının protokolunun təsdiq edilməsi və vətəndaşın yaşayış yeri üzrə mənzil uçotuna götürülməsi haqqında” 67 saylı xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, X8 şəhid atası kimi 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, arvadı, qızı) RİH-də güzəştli mənzil uçotuna götürülməsi qərara alınmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, X11 ilə İddiaçı xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2017-ci ildə X16 adlı övladları doğulmuşdur. X11 şəhid olmuşdur. İddiaçı şəhid ailəsinin üzvüdür. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 108 №-li, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İddiaçı 2 nəfər (özü, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və Şəhid ailələrinin güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. Hazırda iddiaçı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101, M7, mənzil 3 X4 mülkiyyətində olmuşdur. Həmin mənzilin sahəsi 86.7 kv.m-dir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən X4 vərəsələri İddiaçı və X13r və onların hər biri miras əmlakdan (həmin mənzil) 1/4 irs almalıdır. Həmçinin “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında» xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən X1 qalmış arvadı X7 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın (həmin mənzil) 1/2 hissəsinə mülkiyyət hüququ vardır (o cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsindən ibarətdir. Göründüyü kimi, iddiaçının həmin mənzilin həm 1/2 hissəsinə ər-arvadın ümumi əmlakındakı paya əsasən mülkiyyət hüququ vardır, həm də özü və qızının həmin miras əmlakda qanun üzrə vərəsə kimi payları vardır. Belə olan halda iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzillə təmin edilməsi tələbi əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1482/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1854/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1854/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver