Məhkəmə qərarları › İş №2-1(103)-1854/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1854/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1854/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsiı X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8333/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 173 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh **********85 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənəd olan üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin, İdarənin arxivində saxlanılan “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 173 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 22 iyun 1986-cı ildə “Bakı komissarı adına mətbəə”sində işə başlamışdır. 6 may 1988-ci ildə həmin mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində ona Dübəndi Qəsəbəsi 9-cu cənub küçəsində yerləşən 173 saylı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldığı gündən bu günə kimi fasiləsiz istifadəsindədir. Dübəndi qəsəbəsi, 9-cu cənub küçəsində yerləşən 173 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 06 mart 2024-cü il tarixdə müraciət etmiş və onun ərizəsi ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, 35 gün keçməsinə baxmayaraq hələ də müraciətinə bir cavab verilməmişdir. İddiaçı qeyd edir ki, “Bakı komissarı adına mətbəə”si nəzdində yaradılmış “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının iclasının 6 may 1988-ci il tarixli 2 nömrəli protokolundan çıxarışda torpaq sahəsi ayrılmış üzvlərin siyahısında iddiaçının adı 3-cü sıradadır və həmin siyahıda adı qeyd olunan və iddiaçının sərhəd qonşusu olan X3 174 saylı torpaq sahəsi ayrılmış, o da öz növbəsində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətindən imtina etmişdir. İddiaçı davamında bildirir ki, daha sonra X7 Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin olunmamışdır. Sonradan qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəməsinin Qərarını ləğv edərək yeni qərar qəbul etmiş, X2 “Çapçı” bağçılıqyoldaşlıq təsərrüfatının nəzdində ayrılmış 174 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. Siyahıda adı qeyd olunan X4 da Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi 8-ci Cənub küçəsi 146 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh orqan tərəfindən imtna edildiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş, qərardan cavabdeh orqan tərəfindən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. “Çapçı” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının nəzdindəı torpaq sahəsi ayrılmış digər vətəndaş X12 Qızı da cavabdeh orqan tərəfindən 156 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyatından cavabdeh orqan tərəfindən imtina edildikdən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş, qərardan cavabdeh orqan tərəfindən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənəd olan üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.1988-ci il tarixli protokol arxivdə aşkar edilməmişdir. Həmçinin, idarənin arxivində saxlanılan “Çapçı” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8333/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun torpaq sahəsinə bitişik torpaq sahələrinə dair eyni əsaslarla olan məhkəmə qərarlarına məhəl qoyulmadığını, fərqli qərarlar qəbul etdiyini vurğulayır. 1-ci instansiya məhkəməsi bütün halları araşdırmamış, o, 22 iyun 1986-cı ildə “Bakı komissarı adına mətbəə”sində işə başlamış, 6 may 1988-ci ildə həmin mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində ona Dübəndi Qəsəbəsi 9-cu cənub küçəsində yerləşən 173 saylı torpaq sahəsi ayrılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəb olaraq səhhəti ilə bağlı problem olduğunu və iştirakı olmadan baxılmasına etriaz etmədiyini, və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh publik hüquqi şəxs cavabdehlik daşıyan orqandır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 26 Bakı Komissarı adına mətbəənin nəznində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 2 №-li, xx.xx.1988-ci il tarixli protokolundan görünür ki, həmin protokol ilə Əzizbəyov rayonu Dübəndi kəndəndə mətbəə işçiləri üçün bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin siyahıda iddiaçının da adı 3-cü sırada göstərilmişdir. Məhkəmə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə verdiyi sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, torpaq (bağ) sahəsi digər qonşu bağ sahələri ilə bir hasar daxilindədir. Ara sərhəddi 2-4 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 500 kv.m təşkil edir. Üzərində tikili yoxdur. İddiaçı hazırda yuxarıda adı çəkilən sənədə istinad edərək, onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Apellyasiya icrratı zamanı məhkəmə kollegiya vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Çapçı” bağçılıq yoldaşlıq birliyi nəznində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 173 (9-cu cənub küçəsi) saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş “Çapçı” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğundan görünür ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1988-ci il tarixli protokol İdarənin arxivdə aşkar edilməmiş, iddiaçının adı isə arxivə təhvil verilmiş “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin siyasında olmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşdən görünür ki, “Çapçı” bağçılıq yoldaşlığa dair sənədlər İdarəyə təhvil verilsə də, həmin sənədlərdə iddiaçıya aid heç bir sənəd olmamışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən protokola münasibətdə isə qeyd edir ki, protokol 1988-ci il tarixli olmaqla kiril qrafikalı əlifba ilə tərtib edilsə də, protokolu təsdiq edən möhür latın qrafikalı əlifba ilə hazırlanmışdır, hansı ki, 1988-ci ildə həmin əlifbadan istifadə edilmirdi. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsə də, bu hüququn təsbit edilməsi üçün tələb olunan mötəbər və hüquqi əsaslı sənədlərin mövcudluğu sübuta yetirilməmişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi mümkün deyil, çünki aidiyyəti dövlət qurumunun arxivində həmin sənədə dair hər hansı məlumat aşkar olunmamış, mövcud sənədlər toplusunda isə iddiaçının adı ilə bağlı hər hansı istinad və ya qeydə rast gəlinməmişdir. Bu, təqdim olunmuş sənədlərin həqiqiliyinə və hüquqi qüvvəsinə ciddi şübhələr doğurur. Məhkəmə kollegiyası onu da vurğulayir ki, oxşar mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1801/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da bu cür qiymət verilmişdir. Bundan əlavə iddiaçı məhkəmə təcrübəsinə istinad edərək, oxşar məhkəmə qərarları əsasında hüquqlarının tanınmasını və qeydiyyatının təmin olunmasını tələb etmişdir. Məhkəmə kollegiyasına təqdim olunan və iş mtariallarında mövcud olan qərarlarda adıçəkilən şəxslər mübahisəli torpaq sahələrinə dair hüquqlarını təsdiq edən üzvlük kitabçalarına və hüquqi əsası təsdiq edən protokoldan çıxarışlara malik olmuşlar. Belə halların mövcudluğu həmin qərarların hüquqi nəticələrinin əsasında durduğu halda, hazırkı iş üzrə belə sənədlərin və ya hüquqi əsasların olmaması, iddiaçının tələbini hüquqi baxımdan fərqli vəziyyətə gətirir. Odur ki, məhkəmə kollegiyası hesab edir, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8333/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8333/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar