Məhkəmə qərarları › İş №2-1(103)-1855/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1855/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1855/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X1, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh1nə qarşı “qanunsuz tikilinin sökülməsi barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-221/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh1nə qarşı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxslər kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və evin əvvəlki vəziyyətə qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4136/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli 2- 1(103)-1856/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020- ci il tarixli, 2-1(112)-4136/2020 saylı qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən göstərişə uygun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya hüquqi yardım göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi bildirilmiş, lakin bununla bağlı iddiaçı tərəfindən heç bir hərəkət edilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında paylı mülkiyyətində olan mənzildə digər payçılar tərəfindən onun razılıgı olmadan mənzilə aid sənədlərdə göstərilənlərdən kənar müdaxilələrə yol verilməsi, qanunsuz tikinti, konstruktiv dəyişikliklər, söküntü, yenidənqurma işlərinin aparılmasından şikayətlənir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı (hakim M.Qarayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbi ilə eyni formada əsaslandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq maddi və prosessual pozuntulara yol vermişdir. İşin araşdırılmış hallarından görünür ki, yaşadığı evdə qanunsuz olaraq tikinti aparılmış, cavabdeh inzibati orqanlar isə öz vəzifələrini icra etməmişdirlər. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin, iddia ərizəsində iddiaçının 3-cü şəxs qismində qeyd etdiyi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin statusu ilə bağlı bildirir ki, qəbul ediləcək qərar həmin inzibati orqanların hüquqlarına və qanunla qorunan maraqlarına toxunmayacağı müəyyən edildiyindən iddiaçının iddia ərizəsində qeyd edilən inzibati orqanları göstərməsi vəsatət kimi qəbul edilməli və həmin vəsatət təmin edilməməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. İddiaçı isə hazırki iddiasında cavabdehlər tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının yuxarıda adıçəkilən orqanlar tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17- ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edildi ki, iddiaçı Bakı şəhər Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı birliyi cavabdeh X2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri nəsimi rayon Məhkəməsinə müraciət edərək, sözügedən ünvanda cavabdeh tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı 18 iyul 2019-cu il tarixli qətanəsi ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, hazırda iddiaçı sözügedən mənzildə aparılmış tikililərin qanunsuz olduğunu və cavabdeh inzibati orqanların həmin tikililərin sökülməsinin icrasında səlahiyyətli olduğunu əsaslandıraraq tikililərin sökülməsini cavabdehlərin üzərinə vəzifə kimi qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması” Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəərdə tutulmuş tikinti obyektlərinin sökülməsi barədə məhkəməyə müraciət etmək, məcəllənin 97.2, 97.397.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2.-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmin Məcəllənin 39.2.-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Məhkəmə Kollegiyası izah edir ki, iddiaçı hazırki iddia tələbi ilə, yəni tikilinin sökülməsi ilə bağlı cavabdeh qismində tikilinin mülkiyyətçisini qeyd etməklə, həmin tikilinin sökülməsinə dair iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar