Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1855/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun ödənilməsi” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN Maliyyə-Plan İdarəsinin məzuniyyətlə bağlı ödənişin verilməsindən imtina olunmasının qanunsuz hesab olunması və məzuniyyətdə olmadığı müddətləri hesablanaraq, ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsində (bundan sonra Yasamal RPİ) 1990-cı il tarixdən 1997-ci il tarixə kimi işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh MPİ əsl cavabdeh DİN ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1980-cı ildən 1997-cı ilə kimi DİN-nin sıralarında xidmətdə olmuşdur. 1990-cı ildən 1997-ci ilə kimi Yasamal RPİ-də müxtəlif vəzifələrdə xidmət etmişdir. Yasamal RPİ-də xidmət etdiyi zamanda məzuniyyətdə olmamışdır. Ölkədə gedən müharibə, fövqəladə vəziyyətlə əlaqədər heç vaxt məzuniyyət verilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “istifadə olunmayan məzuniyyətlərə görə kompensasiya ödənilməsi barədə” müvafiq sərəncamına əsasən o, da istifadə etmədiyi məzuniyyətlərin pulunu almaması səbəbilə, cavabdehə müraciət etsə də, ona heç bir kompensasiya verilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, sabiq Yasamal RPİ-nin Narkomaniya və narkobizneslə mübarizə qrupunun baş əməliyyat müvəkkili İddiaçı Daxili işlər nazirinin 323 nömrəli, xx.xx.1997-ci il tarixli əmri ilə xx.xx.1997-ci il tarixdə daxili işlər orqanlarından polis əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 29 noyabr 2002-ci il tarixli Qərarında təsbit edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. xx.xx.1994-cü il tarixdə qəbul edilmiş və 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsində göstərilmişdir ki, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən işçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir. İddiaçı xidmətdən 323 nömrəli, xx.xx.1997-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının ödənilməmiş məzuniyyət haqqını tələb etməklə bağlı tələbi həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan dövr üçün tənzimləmə normalarına əsasən isə onun ödənilməmiş məzniyyət haqqını almaq hüququ istisna olunur. Əlavə olaraq iddiaçının DİN-də xidmətdən xaric edildiyi dövrdən uzun müddət keçdiyinə görə onun xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir. Həmçinin, iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. İddiaçının hazırki iddia ilə 26 il sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə etməməsi sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən iddia əsassızdır və təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3199/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı Azərbaycan Respublikası DİN-in çoxsaylı təqaüdçülərindən biridir. Hazırda o, Azərbaycan Respublikası DİN-in çoxsaylı təqaüdçülərinə aid olan hüquqların daşıyıcısı olmaqla «İşçinin təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılan» statusun daşıyıcısı deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2 maddəsinin məzmunu, yəni təqsirli bilindiyi əməldə cinayət tərkibinin olmamasına əsasən barəsində tətbiq edilmiş Azərbaycan Respublikası CM-nin 176; 168 maddə 2-ci hissə; 170-ci maddə 3-cü hissəsi və 95-ci maddələrilə (köhnə redaksiya) icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən, DİN Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 313-21/2-291/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş Daxili işlər orqanlarının sabiq əməkdaşı İddiaçı xidməti barədə arayışda qeyd edilmişdir ki, İddiaçı - xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixə kimi Bakı şəhər Daxili İşlər İdarəsinin Milis post-patrul xidməti bölüyünün 1-ci motolaşdırılmış taqımında milis nəfəri vəzifəsində; - xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Bakı şəhər Daxili İşlər İdarəsinin Milis post-patrul xidməti alayının 3-cü bölüyündə milis nəfəri vəzifəsində; xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi DİN-in N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbində kursant; - xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Bakı şəhəri 26 Bakı komissarları adına Rayon Daxili İşlər Şöbəsinin Cinayət axtarışı bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində; - xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi Bakı şəhəri Oktyabr RDİŞ-nin 2-ci milis bölməsində milis sahə inspektoru vəzifəsində; - xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi Bakı şəhəri Oktyabr RDİŞ-nin 2-ci milis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində; xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Bakı şəhəri Yasamal RDİŞnin 29-cu milis bölməsində bölmə rəisinin müavini vəzifəsində; - xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis bölməsində rəis vəzifəsində; - xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi Bakı şəhəri Yasamal RPİ-nin Cinayət axtarışı şöbəsində əməliyyat müvəkkili vəzifəsində; - xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə kimi Bakı şəhəri Yasamal RPİ-nin Narkomaniya və narkobizneslə mübarizə qrupunda baş əməliyyat müvəkkili vəzifəsində işləmiş və xx.xx.1997-ci il tarixli, № 1439 ş/h saylı Əmri ilə “Daxili işlər orqanlarında sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi barədə Müvəqqəti Təlimatın” 6-cı maddəsinə (sıravi və rəis heyətinin adına xələl gətirən hərəkət törətdiyinə görə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. DİN-nin xx.xx.1997-ci il tarixli 323 №-li Əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə yol verərək vətəndaş S.Zülfüqarovun RPİ-nin müvəqqəti saxlama otağında əsassız saxlanılmasını təşkil etdiyinə və onun ölümü ilə əlaqədar AR CM-nin 167-ci mad. 1-ci his., 170-ci mad. 2-ci his., 168-ci mad. 2-ci his., 170-ci mad. 3-cü his., və 95-ci mad. ilə müqəssir qismində cinayət məsuliyyətinə cəlb edilərək haqqında qəti imkan tədbiri - həbs seçildiyi üçün Yasamal RPİnin narkomaniya və narkobizneslə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı İddiaçı “Müvəqqəti Təlimat”ın 6-cı maddəsinə uyğun olaraq daxili işlər orqanlarından xaric edilmişdir. DİN-nin xx.xx.1997-ci il tarixli Ə1439ş/h №-li əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-in 02 sentyabr 1997-ci il tarixli 323 saylı əmri əsas götürülməklə, polis kapitanı İddiaçı, Bakı şəhəri Yasamal RPİnin narkomaniya və narkobizneslə mübarizə qrupunun baş əməliyyat müvəkkili sıravi və rəis heyəti adına xələl gətirən hərəkət törətdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə Müvəqqəti Təlimat”a müvafiq olaraq daxili işlər orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 048-515-3122 saylı cavab məktubunda, onun istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi üçün həmin illərdə bilavasitə işlədiyi orqanların kadrlar qrupu tərəfindən müvafiq arayışı təqdim etdikdən sonra hesablanıb ödənilməsi məsələsinə baxıla biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda, onun DİO-da xidmət etdiyi tarixə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyini, habelə müraciətində qeyd olunan məsələnin mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün iddia müddətlərini keçdiyini nəzərə alaraq qaldırılan məsələyə baxılması mümkün olmadığı bildirilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 1980-cı ildən 1997-cı ilə kimi DİN-nin sıralarında xidmətdə olmuşdur. 1990-cı ildən 1997-ci ilə kimi Yasamal RPİ-də müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsində (bundan sonra Yasamal RPİ) 1990-cı il tarixdən 1997-ci il tarixə kimi işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) üzərinə qoyulması barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq tələbi rədd etmiş və qeyd etmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı 1990-cı ildən 1997-ci ilə kimi Yasamal RPİ-də müxtəlif vəzifələrdə xidmət etdiyi dövrdə məzuniyyətdə olmamasına və həmin dövr üzrə ona məzuniyyət haqqı ödənilmədiyinə istinad edərək həmin pulların ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçı ona daxili işlər orqanlarında çalışarkən ödənilməyən, hazırda tələb etdiyi 1990-cı ildən 1997-ci ilə kimi məzuniyyət pulunun ödənilmədiyini elə işlədiyi dövrdə, yəni 1997-ci ilədək bilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 25 il əvvəl həyata keçirdiyi hərəkətin (hərəkətsizliyin) qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (hərəkətsizliyi) 1990-1997-ci illərdə, yəni xx.xx.2011-ci ilədək baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona daxili işlər orqanlarında çalışarkən ödənilməyən, hazırda tələb etdiyi məzuniyyət pulunun ödənilmədiyini elə işlədiyi dövrdə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1855/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1855/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver