Məhkəmə qərarları › İş №2-1(103)-1855/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1855/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1855/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X8 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793/2571 saylı (köhnə nömrələmə ilə 2793, yeni nömrələmə ilə 2571) bağ sahəsinə dair hüququn mərhum atası X6 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan ünvanında yerləşən 0,25 sot torpaq sahəsindən ibarət bağ sahəsi 1960-cı illərdə mərhum atası X9 tərəfindən sənədləndirilmişdir. Sözügedən bağ ulu babası X11 tərəfindən 1898-ci ildə Mirdaməd Mirzeynal oğlundan alınıb (nəvələr bunu təsdiq edə bilər). 1918-ci ildə Bakıda baş verən erməni müsəlman müharibəsində bağda olan torpağın altında yeləşən qədimi ev nənələrinin yeganə sığınacaq yeri olub, evin əsas divarları qalmaqdadır. Buna görə bağ nəsillərinə əzizdir. 1920-ci ildə Sovet dövləti qurulduqda şəxsi mülklər dövlətin istifadəsinə keçdiyi üçün bağları da, ailələrindən alınmışdır. Lakin, buna baxmayaraq həmin torpaqlar yerli sakinlərin üzümlük bağları olduğu üçün, sakinlər öz üzümlüklərinə qulluq etməyə davam edib. Hal-hazırda bağlarında 1898-ci illərə məxsus meyvələr var. 1960-cı illərdə torpaqlar yenidən dövlət tərəfindən əhaliyə qaytarıldıqda babası X7 yeganə mirası X10 övladı atası X9 tərəfindən sənədləşdirilir. Lakin, sənədlər babasında olduğundan, 1975-ci ildə o, rəhmətə gedəndən sonra sənədləri tapmaq mümkün olmamışdır. Qeyd edir ki, 1920ci ildə bağ dövlət tərəfindən alınsa da, babası bağda yerləşən üzümlüklərə qulluq etməyə davam edib, 1966- cı ildən ailələri bağda yaşayıb, yeni üzümlüklər salıb. 1994-cü ildə böyük əziyyətlərlə qədimi kümbəzli tağ evin yerləşdiyi sahə anası tərəfindən sənədləşdirilir. Digər torpaqların sənədləri sahibinin yəni, ailə üzvlərinin adına olduğu üçün yenidən sənədləşdirə bilməmişlər. Beləliklə, bu bağda ailələri tərəfindən salınmış üzümlüklər 125 ildir istifadələrindədir və 2000-ci illərin əvvəlində Ləhiş bağlarının qumunun oğurluqla satıldığı zaman onlar öz bağlarını böyük çətinliklərlə qoruyub saxlamışlar. Anası 2012-ci ildə vəfat etmişdir. Həmin bağ sahəsi bu günki günə kimi onun və bacılarının istifadəsindədir. Dəfələrlə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mərhum atası X6 aid bağ sahəsinə dair mərhum atasının adına hüquq müəyyən edən sənədin verilməsi barədə müraciət etsə də, mərhumun adına torpağın ayrılmadığı bildirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakların Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixli 3-21- 330/2-P-0030-8/2023 **********53 saylı bildiriş məktubu ilə onun ərizəsinə imtina verilmişdir. İnzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, atasının adına torpaq sahəsi ayrılmamışdır. Lakin, onların araşdırmalarına görə Dövlət arxivində torpaqların kimə məxsus olması haqqında ilkin müqavilələrin siyahısı olan kitabça mövcuddur, həmin siyahıya əsasən bağın atasına məxsus olduğu, anası tərəfindən sənədləşdirilən bağın isə babası Paşayev Hacıbabaya məxsus olduğu qeyd edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9152/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda mübahisəli torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir, indiyə kimi qeyd edilən torpaq sahəsi ilə bağlı nə hazırki mülkiyyətçi faktiki sahiblik etmiş, nə də ki başqa üçüncü şəxs. Hansıki, qeyd edilən torpaq sahəsi həqiqətən də mülkiyyətçi olan X3 mənsub olsa idi, mülkiyyətçi mübahisəli torpaq sahəsinə faktiki sahiblik etmiş olmalı idi. Lakin bunun tam əksinə qeyd edilən torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Birincisi, məhkəmə cavabdeh orqanın xx.xx.2023-cü il traixli 3-21-3-30/2-36081/2023 **********81 nömrəli məktubunu düzgün qiymətləndirməmişdir. Belə ki, qeyd edilən məktubda açıqca yazılsa da, “ sorğuda qeyd edilən bağ sahələrinin nömrələri qeyd edilmədiyi üçün araşdırılma mümkün olmamışdır’' məhkəmə bu hala düzgün qiymət verməmişdir. Yəni məhkəmə sorğuda bağ sahələrinin nömrələrini qeyd etmədiyi üçün cavabdeh orqan sorğu əsasında araşdırma apara bilməmişdir. Lakin məhkəmə bu halı sanki sorğuda qeyd edilən məsələ ilə bağlı hər hansı bir sənədin olmadığı kimi qəbul edib iddianı qeyri mümükün saymaqla kifayətlənmişdir. Halbuki qeyd edilən kitab var və məhkəmədə mütləq qaydada araşdırılmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşin faktiki hallarından məlumdur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793/2571 saylı (köhnə nömrələmə ilə 2793, yeni nömrələmə ilə 2571) bağ sahəsinə dair hüququn mərhum atası X6 məxsus olmasını iddia edir və bu barədə barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-P-0030-8/2023 **********53 nömrəli məktubla bildirilmişdir ki, mərhum X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2793 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd İdarənin arxivində aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793/2571 saylı bağ sahəsinə dair sənədlərin surətlərinin təqdim edilməsi barədə” sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********80 3-21-3-30/2- 19980/2023 nömrəli məktubla cavab verilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2571 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə 2571 saylı bağ sahəsinin X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən olunmuş və həmin sənədlərdə iddiaçının mərhum atası X2 adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmənin sorğusuna əsasən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən 13 sentyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2571 saylı bağ sahəsinə dair arxiv qovluğunun 22 (iyimi iki) vərəqdən ibarət olan əsli məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən arxiv qovluğundaki sənədlərin əslinə tərəflərin iştirakları ilə baxış keçirilərək təqdim edilmiş sənədlərdə iddiaçının mərhum atası X2 adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmənin “”Ləhiş bağ massivində köhnə nömrələrlə qeyd edilmiş bağların kimlərə məxsus olması barədə qeydiyyat kitabı və ya jurnalın”nın təqdim edilməsi barədə” sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il traixli 3-21-3-30/2-36081/2023 **********81 nömrəli məktubla bildirilmişdir ki, sorğuda bəhs edilən bağ sahələrinin nömrələri qeyd edilmədiyi üçün araşdırılma aparmaq mümkün olmamışdır. Əlavə olaraq məhkəməyə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2571 saylı bağ sahəsinə dair arxiv qovluğu təqdim edilmişdir. Kollegiyanın müvafiq sorğusuna cavab olaraq cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən təzə sıra nömrəsi ilə 2571, köhnə sıra nömrəsi ilə 2793 olan, sahəsi 0,25 ha təşkil edən bağın köhnə nömrələrlə kimə məxsus olması haqqında siyahı əks olunan arxiv kitabçası İdarənin arxivində aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, işin obyektiv araşdırılması məqsədi ilə məhkəmə kollegiyasının iclasında Ləhiş bağ massivində yerləşən, təzə nömrəsi 2571 olan bağ sahəsinə (0,12ha) dair arxiv qovluğuna bir daha baxış keçirilmiş və 2571 saylı bağ sahəsinin X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alındığı, iddiaçının mərhum atası X2 adına hər hansı bir hüquqmüəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, “2571” saylı bağ sahəsinin hazırda X1 xüsusi mülkiyyətində olması müəyyən edildiyindən, nə köhnə nömrə olan “2793”, nə də ki, yeni nömrə olan “2571” nömrəsi ilə iddiaçının mərhum atası X4 adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən, iddiaçının özü tərəfindən də, hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar