Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1855/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs SOCAR-ın “Azneft” İstehsalat Birliyi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1993-cü il tarixli 1205 nömrəli sərəncamının arxiv çıxarışından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən, 169 nömrəli sahədə 1000,0 kv.m torpaq sahəsi ayrılmışdır.
3. 22.06.1993-cü il tarixli aktdan görünür ki, Suraxanı RİHB aparatının 1-ci dərəcəli mütəxəssisi, Suraxanı İHB-nin Bülbülə qəsəbə nümayəndəsinin və iddiaçının iştirakı ilə yuxarıda göstərilən sərəncam əsasında iddiaçıya ayrılmış sahə iddiaçıya təhvil verilmiş və həmin sahənin cizgisi tərtib edilmişdir.
4. Suraxanı RİHB-nin 1409 saylı, xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, iddiaçının 1993-cü ildə tikdiyi 1000 kv.m torpaq sahəsində yerləşən Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 167 nömrəli yaşayış evinin mülkiyyətçisi hesab edilmişdir. Həmin sərəncamın 2-ci bəndində göstərilmişdir ki, əlavə olunmuş 103,9 kv.m torpaq sahəsi vətəndaş Kazımovun istifadəsində saxlanılsın və həmin mülk 1103,9 kv.m torpaq sahəsində yerləşmiş hesab olunsun.
5. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 154908 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir.
6. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 noyabr 1999-cu il tarixli 2296 nömrəli sərəncamına əsasən İddiaçı öz həyətində A tikilisinə bitişik (6,3x3,5+ 4,5x5 m) iki yaşayış otağının, köməkçi otağın tikintisinə icazə verilmişdir.
7. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş dekabr 1997-ci il tarixli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən küçəsi, 167 saylı sahəyə dair texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin sənədlə ölçüsünün 1000.0, həqiqi sahənin 1103,9, tikinti altı sahənin 180,9 olduğu qeyd edilmişdir
8. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik olan (qonşuluqda olan) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınmasına dair müvafiq çıxarışların verilməsinə dair sənədlər, sahənin ortofoto görüntüləri cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 4 ünvandakı yaşayış evinə bitişik sahələr daxil olmaqla evi ilə birlikdə onun yerləşdiyi 1103,9 kv.m təşkil edən torpaq sahəsinə də hüququnun qeydə alınmaqla yeni çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. Sonradan iddiaçının məhkəməyə təqdim etdiyi sonuncu dəqiqləşmə ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi 1103,9 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəyişdirilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 19 iyun 1993-cü il tarixli, 1205 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən 167 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1000,0 kv.m torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti və həmin rayonun digər qurumlarının komissyasının 06 oktyabr 1997-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən 167 nömrəli sahədə inşa etdiyi evi mülkiyyət hüququnun qeydə alınmasına və istifadəyə verilməsinə icazə verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən reyestr nömrəsi 30/2115 saylı 27 dekabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Layihə əsasında tikdiyi və ona məxsus olan evə Bakı şəhəri, ünvan 5 ünvan verilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 19 avqust 1998-ci il tarixli 1409 nömrəli sərəncamına əsasən o, 1000,0 kv.m torpaq sahəsində yerləşmiş, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 167 nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Həmin sərəncama əsasən əlavə olunmuş 103,9 kv.m torpaq sahəsinin iddiaçının istifadəsində saxlanılması və həmin torpaq sahəsinin 1103,9 kv.m torpaq sahəsində yerləşmiş hesab olunması qərara alınmışdır. Bundan sonra Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 167 nömrəli evi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 06 nömrəli reyestr kitabında 803-cü səhifəsində qeydə alınıb və ona MH Seryalı 154908 nömrəli xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin evi Suraxanı rayonu, Bülbülə qəsəbəsi nümayəndəliyində qeydə alınıb. Daha sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2296 nömrəli sərəncamına əsasən evinə bitişik köməkçi otaqların tikintisinə də icazə verilmişdir. Evin yerləşdiyi və ümumilikdə ona ayrılan torpaq sahəsi 1103,9 kv.m təşkil edir. Həmin torpaq sahəsi uzun illərdir onun istifadəsindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi 30/2115 saylı 27 dekabr 1997-ci il tarixli texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin ölçüləri qeyd edilmişdir. İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədin (qeydiyyat vəsiqəsinin) yenilənməsi və evinin yerləşdiyi torpaq sahəsinə də hüqularının qeydə alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin təmin edilməmişdir. Cavabdeh nəzərə almayıb ki, ona ayrılan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilməyib və verilməsi də mümkün deyil. Belə ki, torpaq sahəsi xx.xx.1993-cü il tarixli 1205 və xx.xx.1998-ci il tarixli 1409 nömrəli sərəncamlara əsasən ona verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə SOCAR-ın “Azneft” İB üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Balaxanı Ə.Ş). Fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində işlək vəziyyətdə olmayan üstü betonla bağlanmış neft quyusu mövcuddur. Aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sorğuya cavab olaraq göndərdiyi SoCaR**********60040033b00126 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasında qeyd olunan halların yoxlanılması məqsədilə İddiaçı iddia etdiyi torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları daxilində yerləşibyerləşmədiyinə dair məlumat verilməsi barədə SOCAR-a sorğu verilmişdir.
16. SOCAR-ın cavab məktubunda bildirilmişdir ki, təqdim edilən koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və həmçinin 1825 (torpaq sahəsinin daxilində) və 1654 (46 metr) nömrəli ləğv olunmuş neft quyularının mühafizə zonası daxilində yerləşir.
17. Sorğuya həmçinin, iddia olunan sahənin “Azneft” İB-nin rəis müavini tərəfindən xx.xx.1976-cı il tarixdə təsdiq edilmiş 1976-cı il vəziyyətinə görə Abşeron yarımadasında neft və qaz yataqlarının sərhədləri və hazırda Azneft İB-nin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin daxilində olduğunu təsdiq edən xəritələrdən çıxarışlar əlavə edilmişdir.
18. Göründüyü kimi iddia olunan torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun yerləşməsi barədə cavabdeh inzibati orqanın dəlilləri neft şirkətinin təqdim etdiyi məlumatlar və xəritədən çıxarışlarla təsdiq olunduğundan təhlükə potensiallı ərazi baxımından iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə olan halda, iddiaçının və ailə üzvlərinin təhlükəsizliyi baxımından həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını məhkəmə qanunvericiliyin tələblərinə uyğun hesab etmir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun yerləşməsi və təhlükə potensialı baxımından iddia tələbi təmin olunmamışdır.Lakin məhkəmə iddia olunan torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun təhlükəlilik dərəcəsini müəyyən etməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
24. İş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasında iştirak etməyən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi ünvan 4 ünvanda yerləşən və istifadəsində olan 1103,09 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasınaa yönəlmişdir.Bununla bağlı yuxarıda istinad olunan sənədlərə istinad edərək cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir.
32. Cavabdehin dəlilləri belə olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi neft şirkətinin istifadəsinə verilmiş ərazidir, həmçinin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində işlək vəziyyətdə olmayan üstü betonla bağlanmış neft quyusu mövcuddur.
33. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir.
34. Cavabdehin imtinasında qeyd olunan halların yoxlanılması məqsədilə İddiaçı iddia etdiyi torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi barədə SOCAR-a sorğu verilmişdir.
35. SOCAR-ın cavab məktubunda bildirilmişdir ki, təqdim edilən koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və həmçinin 1825 (torpaq sahəsinin daxilində) və 1654 (46 metr) nömrəli ləğv olunmuş neft quyularının mühafizə zonası daxilində yerləşir.
36. Sorğuya həmçinin, iddia olunan sahənin “Azneft” İB-nin rəis müavini tərəfindən xx.xx.1976-cı il tarixdə təsdiq edilmiş 1976-cı il vəziyyətinə görə Abşeron yarımadasında neft və qaz yataqlarının sərhədləri və hazırda Azneft İB-nin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin daxilində olduğunu təsdiq edən xəritələrdən çıxarışlar əlavə edilmişdir.
37. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.
39. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi).
40. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, şikayətdə qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun yerləşməsi və təhlükə potensialı baxımından iddia tələbi təmin olunmamışdır.Lakin məhkəmə iddia olunan torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun təhlükəlilik dərəcəsini müəyyən etməmişdir.
42. Bununla bağlı Kollegiya qeyd edir ki, hazırkı iş üzrə qiymətləndirmə torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun təhlükəlilik dərəcəsini müəyyən edilməsi kimi şərtdən asılı deyildir.
43. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.