Məhkəmə qərarları › İş №2-1(103)-1856/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1856/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1856/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və bu müdaxilənin qanunsuz sayılması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4669/2021 saylı 19 aprel 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlu cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və bu müdaxilənin qanunsuz sayılması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, onlar heyvan hüquqlarının müdafiəsinə, heyvanlara qarşı baş verən zorakılıqlara diqqət çəkmək üçün 2021-ci il yanvar ayının 31-i, saat 13:00-dan 15:00-dək Bakı şəhərinin mərkəzi KFC restoranı (Nizami küçəsində yerləşən), Fəvvarələr Meydanı (İstiqlaliyyət 53 küçəsində yerləşən) arasında aralarında 2 metr məsafəni qoruyaraq, maska taxaraq və bütün koronavirus xəstəliklərindən qorunmaq qaydalarına əməl edərək etirazlarını bildirmək üçün 14 yanvar 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlamışlar. Bakı şəhər İcra Hakimiyyəti 25 yanvar 2021-ci il tarixli cavab məktubunda mitinq təşkilatçıları qrupunun təklif etdiyi yerlərdə mitinq keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məktubda qeyd edilir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimin davam etdiyini nəzərə alaraq, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Bu bəhanə ilə yürüş faktiki olaraq qadağan edilmişdir. Hesab edirlər ki, cavabdehin 25 yanvar 2021-ci il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Onlar hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin əsaslandığı ölkədəki xüsusi karantin rejimi qanunsuzdur və sərbəst toplaşmaq hüququnu məhdudlaşdıra bilməz. Azərbaycanın qoşulduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 4-cü maddəsinə əsasən fövqəladə vəziyyət zamanı və belə halın mövcudluğu rəsmən elan edilərkən dövlətlər tərəf olduqları Pakt üzrə öz öhdəliklərindən yalnız “həmin vəziyyətin tələb etdiyi ölçüdə” geri çəkilmək üçün tədbirlər görə bilərlər, bu şərtlə ki, belə tədbirlər onların beynəlxalq hüquq üzrə digər öhdəliklərinə zidd olmasın və ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarmasın. Pakt həmçinin tələb edir ki, dövlət, geri çəkilmək hüququndan istifadə edərkən, geri çəkildiyi müddəalar barədə və belə bir qərarı doğuran səbəbləri və bu geri çəkilməyə son qoyacağı tarix barədə BMT-nin baş katibi vasitəsilə Paktda iştirak edən digər dövlətlərə dərhal məlumat verməlidir. Azərbaycanın tərəf olduğu İnsan Hüquqlarının və X3 X1 15-ci maddəsi də fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilmə qaydasını müəyyən edir. Konvensiyanın 15-ci maddəsinin 1-ci bəndinə əsasən müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı dövlət beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə “yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə” Konvensiya üzrə öhdəliklərinə uyğun olmayan tədbirlər görə bilər. Konvensiya həmçinin tələb edir ki, bu geri çəkilmə hüququndan istifadə edən tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurasının baş katibini tam məlumatlandırmalıdır. Azərbaycan hökuməti ölkədə fövqəladə vəziyyət xüsusi hüquqi rejimi tətbiq etmədiyi üçün sözügedən beynəlxalq müqavilələrin icazə verilən müddəalarından ölkə ərazisində geri çəkiləcəyi haqqında müvafiq müqavilə orqanlarına məlumat təqdim etməyib. Halbuki, Nazirlər Kabinetinin qərarları ilə hər iki beynəlxalq müqavilədə təsbit olunmuş bir sıra insan hüquq və azadlıqları ölkədə müvəqqəti olaraq öz qüvvəsini dayandırıb. Bu insan hüquq və azadlıqlarına sərbəst toplaşmaq hüququ da daxildir. Nazirlər Kabinetinin COVİD-19 pandemiyasının təsirlərinin azaldılması üçün qəbul etdiyi qərarlar Sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsinə istinad edilməklə qəbul olunsa da, sözügedən maddə Nazirlər Kabinetinə, həmçinin digər icra hakimiyyəti orqanlara Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar üzərində total məhdudlaşdırım qərarlar qəbul etmək səlahiyyəti verməyib. Nazirlər Kabineti isə belə fövqəladə səlahiyyətləri yalnız Konstitusiyasının 112-ci maddəsi ilə müəyyən olunan fövqəladə vəziyyət xüsusi hüquqi rejiminin tətbiq edilməsi nəticəsində əldə edə bilərdi. Həmin maddəyə görə prezident təbii fəlakətlər, epidemiyalar və başqa səbəblərə görə fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisinin təsdiqinə verir. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt Milli Məclis tərəfindən təsdiq edilmədikdə, o, rəsmi qaydada elan edildiyi andan 48 saat sonra öz qüvvəsini itirmiş olur. Başqa sözlə, belə xüsusi hüquqi rejimdən istifadə parlamentin razılığı olduqda həyata keçirilə bilərdi. Bundan savayı, Nazirlər Kabineti tərəfindən tətbiq edilən məhdudlaşdırım tədbirlər X2 Qanunda (maddə, 8) nəzərdə tutulan sərt tədbir və məhdudiyyətlər ilə eynilik təşkil etsə də, fövqəladə vəziyyət xüsusi hüquqi rejimi tətbiq edilməyib. Nəticədə Konstitusiyada təsbit olunan hüquq və azadlıqlara kütləvi qadağa və məhdudiyyətlərin xüsusi hüquqi rejim (fövqəladə vəziyyət) tətbiq etmədən normal vəziyyət qaydalarında tətbiqi hüquqa uyğun olmadığı üçün ciddi konstitusion-hüquqi konflikt pozuntudur. Nazirlər Kabineti Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar üzərində qadağalar müəyyən etmək səlahiyyətinə malik olmayıb. Belə ki, sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsi epidemiya əleyhinə tədbirlər həyata keçirərkən dövlət orqanları tərəfindən yalnız özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə hərəkət etmək səlahiyyəti verib. Bundan başqa, Konstitusiyanın 94-cü maddəsi ilə cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Milli Məclisin səlahiyyətinə aid edilib. Belə olan halda, Nazirlər Kabinetinin Konstitusiyada müəyyən olunan hüquq və azadlıqları məhdudlaşdıran və ya müəyyən müddətə qadağan edən qərarlar qəbul etməsi konstitusion hüquq və hüququn aliliyi müstəvisində siyasihüquqi pozuntudur. Buna həm də konstitusiya və beynəlxalq müqavilələrdə təminat altına alınan insan hüquq və azadlıqlarına qanunda göstərilən qaydaya uyğun olmayan müdaxilə kimi baxmaq olar. Sərbəst Toplaşmaq haqqında qanun 8-ci maddəsində da göstərilir ki, Fövqəladə hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “X2” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. Halbuki, 31 yanvar 2021-ci il tarixində ölkədə nə Fövqəladə hal elan olunub, nə də Hərbi vəziyyətdir. Hətta ölkədə xüsusi karantin rejimi qanuni olsa idi belə, (lakin qanuni deyil) iddiaçılar məhz nəzərdə tutulan xüsusi karantin rejimini pozmadan, yəni Nazirlər Kabinetinin qoyduğu qadağalara (10 nəfərdən artıq toplaşmaq olmaz, 2 metr məsafə və maska taxılması) riayət edərək mövcud halda nümayiş etmək istəsələr də, İcra Hakimiyyəti onların üzərinə qanunda nəzərdə tutulmayan öhdəlik, yəni “Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət etməyək” qoyub. Halbuki İcra Hakimiyyətinin belə öhdəlik qoymaq, iddiaçıların Nazirlər Kabineti və ya Daxili İşlər Nazirliyindən icazə almaq kimi öhdəliyi qanunvercilikdə nəzərdə tutulmayıb. Beləliklə, cavabdeh nəticə etibarilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Sonda iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4669/2021 saylı 19 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində qeyd etmişlər ki, iddia ərizələrində nəzərdə tutulan heç bir izahata toxunulmayıb və məhkəmə həmin izahatı görməzdən gələrək qərar qəbul edib. Bunun nəticəsində birinci instansiya məhkəməsi ümumiyyətlə sərbəst toplaşmaq hüququna qərəzli yanaşıb. Hətta qanunsuz olsa belə Nazirlər Kabinetinin qərarında göstərilənlərə əsəsən əksinə təşkil etmək istəsək belə, onu da qadağan edirlər. Baxmayaraq ki Nazirlər Kabinetinin qərarı Sərbəst Toplaşmaq hüququnu qadağan etmir və ya bu hüquq realizəsi ilə bağlı məlumatı cavabdehi yox özünə ünvanlamağı tələb etmir. Konstitusiyada qanunların iyerxiyasına görə tələb edə də bilməz. Bu səbəbdən işə apelyasiya məhkəməsi tərəfindən baxılanda xahiş edirlər ki, bu sətirlərdən sonra yazdıqları əsaslandırmaya istinad edilsin və iclasda isə bu müzakirə olsun. Apelyasiya baxışı zamanı İddiaçı2 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavid oğluna və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və bu müdaxilənin qanunsuz sayılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin mövcud epidemioloji vəziyyət, yəni ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamış və məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bununla da, belə məlum olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvafiq inzibati icraat aparılmadan, yəni, toplantının yeri, vaxtı, məqsədi və s. xüsusatlar qiymətləndirilmədən qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun sayılmamışdır. Məhkəmə qeyd etmişdir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla) İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında toplantı keçirilməsi ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan haqlı olaraq ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun saymamış və məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4669/2021 saylı 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar