Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1856/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müalicə və geyim pulunun verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müalicə və geyim pulunun verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1084/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 17/9-11632B-138/2 saylı 22 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı xidmət etdiyi müddət ərzində 2006-2016-cı illərdə xüsusi geyim əşyaları ilə Təchizat idarəsində, 2017-ci ildə isə 17 saylı cəzaçəkmə müəssəsində təmin olunduğu müəyyən edilmişdir. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün müalicə və müayinə məqsədilə birdəfəlik müavinət almışdır, digər illərdə isə müraciət etmədiyi üçün birdəfəlik müavinət ilə təmin olunmamışdır. Pentensiar xidmətə bərpa olmaqla bağlı Pentensiar xidmətə yenidən bu barədə müraciət ünvanlanmağı tövsiyə olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 17/3-13538B-138/4 saylı 29 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ədliyyə orqanlarında əvvəllər yol verdiyi nöqsanlara görə xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 17 saylı Cəzakəçmə Müəssisəsinin xx/xx-4884 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X3 2007- 2018-ci illər ərzində müalicə pulu ilə bağlı müraciət etməmişdir. Bundan başqa 2015-2018ci illərdə xidməti geyimlə təmin olunub-olunmaması barədə sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Məlumat olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətləri göstərilməklə nümunəvi siyahısı”nın 441 bəndinə əsasən xüsusi geyimlərin və ayaqqabıların, qoruyucu vasitələrin, xüsusi ərzaq normalarının işlənib hazırlanması, fəhlə və qulluqçuların onlarla təmin edilməsi haqqında sənədlərin (aktlar, təhriri, məruzələr, rəylər, yazışma) saxlama müddəti 3 ildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin xx/xx-2066 saylı xx.xx.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabiq əməkdaş İddiaçı 2006-cı ildən Ədliyyə Nazirliyinin Tibbi baş idarəsinin (TBİ) Poliklinkasında qeydiyyatda olmuş, mütəmadi olaraq dövri tibbi müayinələrdən keçirilmiş, səhhəti həkim nəzarətində olmuşdur. İddiaçı xx.xx.2008-ci il tarixdə aşağı ətrafların damar patologiyası ilə əlaqədar TBİ-nin Poliklikası tərəfindən ambulator nəzarətə götürülmüş və xx.xx.2008-ci il tarixdə Akademik M.Topçubaşov adına Cərrahiyyə Mərkəzində keçirilmiş müayinələrdən sonra ona “Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki böyük dərin venaların varikoz genişlənməsi. Sağ kiçik dərin venaların tromboflebitlə fəsadlaşmış varikozu. Xroniki venoz çatışmamazlıq, İV funksional sinif” diaqnozu müəyyən edilərək çıxarış təqdim olunmuşdur. Tibbi tədbirlər xx.xx.2008-ci il tarixə kimi davam etdirilmişdir. O, xx.xx.2008-xx.xx.2009, xx.xx.2010, xx-xx.2012 və 22-xx.xx.2014-cü il tarixlərdə aşağı ətrafların damar patologiyası ilə əlaqədar TBİ-nin Poliklinkasında ambulator müayinə və müalicələrə cəlb edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2017-ci il tarixdə TBİ-nin Poliklinikasına müraciət etmiş, döş qəfəsi orqanlarının rentgen müayinəsi olunmuş və nəticədə ağciyərlərdə patoloji görüntü aşkar edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “2008-ci il tarixindən 2018-ci il tarixinə kimi ödənilməyən müalicə puluna görə hər il 805 manat aylıq əmək haqqının iki misli 1610 manat olmaqla, 16100 manat müavinət pulunun, hər il 500 manat olmaqla 2016-2018-ci illərdə geyim puluna görə 1500 manatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. 2006-cı ilin fevral ayının 9-dan etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı çəzaçəkmə müəsissəsində əmək fəaliyyətinə başlamışdır. 2009-cu ildə leytenant rütbəsi almışdır. Daha sonra mayor rütbəsində baş inspektor, rəisin növbətçi köməkçisi vəzifəsində işləmişdir. 24 may 2018-ci ildə ailə daxili məsələsinə görə onu əsassız olaraq işdən çıxartmışlar. Həmin vaxtdan bu günə kimi işdənçıxma əmrini ala bilmir. Əmək kitabçasını Penitesiar Xidmətindən işdən çıxarıldıqdan 2 il sonra çox böyük çətinliklə almışdır. Dəfələrlə işə bərpa olunmağı ilə əlaqədar Xidmətin rəhbərliyinə müraciət etmişdir. Lakin müraciət etməyinə baxmayaraq nə işinə bərpa olunmuşdur, nə də ona çatası pul məbləğini verməmişlər. Eyni zamanda bildirir ki, xidmət dövründə hər iki ayağı varikoz xəstəliyi tutub. Tibbi kartoçkasında bu barədə qeyd olunub. 2007-ci ildə bu xəstəliyə görə müavinət almışdır. Müayinə və müalicə üçün ayrılmış müavinəti axırıncı dəfə 2007-ci ildə almışdır. 2015-ci ildən 2018-ci ilə kimi geyimini öz hesabına almışdır. Həmin pullar bu günə kimi ona ödənilməmişdir. O, ödənilməli olan ödənişlərin verilməsi ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdir. Lakin Penitensiar Xidmət tərəfindən ona ünvanlanmış məktubda ödənişdən imtina edilmişdir və həmin məbləğlər ona ödənilməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinci cümləsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28 aprel 2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasivası verilə bilər. Maddənin mətnindən göründüyü kimi bu norma icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur) və inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1084/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, xidmət etdiyi müddət ərzində yalnız 2007-ci ildə müvainət almışdır. Cavabdeh orqan etirazını bildirərək göstərmişdi ki, guya ona digər illərdə xəstəliklə bağlı müavinətin verilməsi üçün müraciət etməmiş, ona görə də ona verilməmişdir. Xidməti geyimlə əlaqədar cavabdeh yalnız bəhanə gətirdi ki, onun 2015-2018-ci illərdə xidməti geyimlə təmin olunub-olunmaması barədə sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Yəni, onun 2015-2018-ci ilə kimi xidməti geyimini öz hesabına alması inkar edilə bilinməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun müraciətindən imtina olurankən heç bir əsaslı səbəb göstərmədən yalnız formal mülahizələrə istinad olunmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktublarının tarixi xx.xx.2020 və xx.xx.2020-ci il tarixdir. İmtina məktublarının iddiaçı tərəfindən nə vaxt alınması iş materiallaından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı tələbi “2008-ci il tarixindən 2018-ci il tarixinə kimi ödənilməyən müalicə puluna görə hər il 805 manat aylıq əmək haqqının iki misli 1610 manat olmaqla, 16100 manat müavinət pulunun, hər il 500 manat olmaqla, 2016-2018-ci illərdə geyim puluna görə 1500 manatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının əsaslı olmasını təsdiq edən sübutların, yəni xəstəliklə bağlı müavinətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana müraciət etməsinə, 2016-2018-ci illərdə öz hesabına xidməti geyimlə təmin edilməsinə dair sübutların məhkəməyə təqdim edilməməsinə istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyəti müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T saylı 28 aprel 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir (1.1); müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir (1.2); işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (1.3); müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (1.4). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin birinci hissəsində pulsuz dövlət tibb xidməti ilə təmin olunma hüququ pensiyaya çıxmış işçilər də daxil olmaqla ədliyyə orqanlarının işçilərinə şamil edildiyi halda, həmin maddənin müalicə ilə əlaqədar müavinətin verilməsi hüququnu nəzərdə tutan ikinci hissəsində “pensiyaya çıxmış işçilər”ə şamil edilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən “Qaydalar”a görə işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Pensiyaya çıxan işçilərin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini və onların vəzifələrindən irəli gələn səlahiyyətlərini itirdiyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, müalicə olunma ilə əlaqədar müavinət yalnız cari faəliyyətdə olan, yəni hazırda qulluq keçən işçilərə aiddir. Həmçinin nəzərə alındıqda ki, qeyd olunan ildə bir dəfə verilən müavinətin məqsədi işçinin müalicə olunaraq əmək qabiliyyətini bərpa etməsi və sonrakı əmək funksiyalarını arzuolunan şəkildə həyata keçirməsi ilə bağlıdır, belə olan halda hesab olunur ki, pensiyaya çıxmış işçilər həmin iş üzrə əmək funksiyasını icra etmədiklərindən, onlara müntəzəm olaraq müalicə məqsədli müavinətlərin verilməsi qanunauyğun və əsaslı hal hesab edilə bilməz. Hazırki işdən görünür ki, iddiaçı işlədiyi 2008-ci il tarixindən 2018-ci il tarixinə kimi olan dövrdə ona ödənilməyən müalicə puluna görə hər il 805 manat aylıq əmək haqqının iki misli 1610 manat olmaqla 16100 manat müavinət pulunun, 2016-2018-ci illərdə hər il 500 manat olmaqla geyim puluna görə 1500 manat pulun ona ödənilməsini tələb edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonrakomissiyalar) təqdim edilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2- ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. Göründüyü kimi, adı çəkilən Qaydalar qulluqda olan ədliyyə işçisinin müalicə ilə əlaqədar müavinətin verilməsini sonuncunun bilavasitə müraciəti və həmin müraciətə müalicə olunmasını zəruri edən müvafiq sənədləri əlavə etməsi ilə şərtləndirmişdir. Bununla bağlı məhkəmə tərəfindən hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün 2016-2018-ci illərdə İddiaçı xüsusi geyim forması ilə təmin olunmasına dair ərizələrlə müraciətlərinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi və ona xüsusi geyim forması verildiyi təqdirdə iddiaçının xüsusi geyim forması ilə təmin olunmasını özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat Anbarına məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı 17 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı olmuş və xx.xx.2018-ci il tarixdən xidmətdən azad edilmişdir. Penitensiar Xidmətin zabit və nəzarətçilərinin geyim əşyaları ilə təmin olunması üçün əməkdaşlardan ərizə ilə heç bir müraciət olunmur. Penitensiar xidmətin əməkdaşları bir qayda olaraq fərdi qaydada Təchizat İdarəsi tərəfindən geyim əşyaları ilə təmin edilirlər. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 3/1 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən dövlət orqanlarında xüsusi geyimlərin qeydiyyatı kartoçkalarının saxlanma müddəti 3 ildir. Eyni zamanda İddiaçı şəxsi işini (qovluğu), o cümlədən 2008-2018-ci illər üzrə iddiaçının müalicə pulunun alınması ilə bağlı müraciət edib-etməməsi barədə məhkəməyə məlumat verilməsi, müraciət etdiyi təqdirdə bu barədə ərizələrinin təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Penitensiar Xidmətin Kadrlar İdarəsi tərəfindən verilmiş arayışı təqdim edərək bildirmişdir ki, iddiaçı qulluq müddətində müraciət etmədiyinə görə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi iddiaçıya məxsus şəxsi iş qovluğunu məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin şəxsi iş qovluğunda iddiaçının xidmət illəri dövründə müalicə pulunun alınması və ya geyim əşyaları ilə təmin olunmasına dair ərizələr, belə ərizələrə baxılmasını özündə əks etdirən sənədlərin olması mümkünsüzdür, belə ki, şəxsi iş qovluğunda yalnız “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na uyğun olaraq aparılmış sənədlər mövcuddur. Belliklə, iddiaçı tərəfindən tələb edilmiş 2008-2018-ci illər üzrə müvafıq müalicə pulunun və 2016-2018-ci illər üzrə geyim pulunun verilməsi barədə cavabdeh inzibati orqana xidmət etdiyi dövrdə müraciət edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri ilə bağlı bağlı cavabdeh inzibati orqana adı çəkilən Qaydalarda nəzərdə tutulan müraciəti olmadığı üçün sonradan onun bu barədə tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1084/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1084/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1856/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1856/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver