Məhkəmə qərarları › İş №2-1(103)-1857/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1857/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1857/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın və texniki paspotrun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoylması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1763/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Bağlar Təsərrüfatının X1 və İstismarı Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2000-ci il tarixli məktubundan görünür ki, İddiaçı bağ növbəsinə götürülmüşdür. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Bağlar Təsərrüfatının X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30067 saylı 26 dekabr 2001-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi üzərində hüuqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********37 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, bağ sahəsi bagların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazidə bağ nömrələri qeyd edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X1 və İstismarı Birliyi” ilə onun arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 30067 saylı 26 dekabr 2001-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən və ümumi sahəsi 0.12 ha-dan ibarət, 6001 saylı bağ sahəsi onun ailəsinin istifadəsinə verilmişdir. Elə həmin vaxtdan da bağ sahəsinin ətrafı daş hasara alınaraq, təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirilmişdir ki, hal-hazıra qədər həmin bağ sahəsi ailəsinin istirahət məkanı kimi daimi olaraq istifadəsindədir. İstifadəsinə verilmiş 6001 saylı bağ sahəsi üzərində öz mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız sayılmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ərizənin icrasının mümkün olmaması ilə bağlı ona **********37 saylı xx.xx.2020-ci il tarixli və **********75 saylı 29.06.21-ci il tarixli cavablar ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1763/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2001-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” 30067 saylı müqaviləyə əsasən uzun müddət istifadəsində olan və Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd edilmiş hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, sxematik xəritələrin həmin dövrdə bağların yerinin müəyyən edilməsi məqsədilə Bağlar İdarəsi tərəfindən çəkildiyini, burada vətəndaşın hər hansı bir təqsirinin olmamasını, iddiaçı tərəfindən plan və cizginin təqdim edilmədiyi üçün onun müraciətinə imtina cavabının verildiyini bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının X2 Təsərrüfatı tərəfindən 30067 saylı 26 dekabr 2001-cı il tarixli müqavilə əsasında onun icarəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6001 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “bağ sahəsinin bağların bölgüsünə dair sxematik xətirəsi arasında uyğunsuzluğun olması, göstərilən ərazidə bağ nömrələrinin qeyd edilməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia olunan torpaq sahəsinin Sabunçu rayonu, Ləhiş bağlarının hüdudları daxilində olmasının mütəxəssis rəyi ilə öz təsdiqini tapmasına, sxematik xəritə ilə hər hansı uyğunsuzluğun olduğu təqdirdə cavabdehin vəzifəsinin sözügedən uyğunsuzluğun qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarət olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası bağ sahəsinin bagların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğunun olması, göstərilən ərazidə bağ nömrələrinin qeyd edilməməsi ilə bağlı olmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 05/13 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə bildirilmişdir ki, İddiaçı istifadəsində olan Sabunçu rayon, Ləhiş bağları ərazisində yerləşən 0.12 ha bağ sahəsi olan 6001 saylı bağ sahəsinə yerində mütəxəssis tərəfindən baxılmış, CPS aparatı ilə həmin torpağın döngə nöqtələri təyin edilmişdir. 1) X- 413491.26 Y-4492508.09, 2) X-413509.87 Y-4492552.71 3) X-413532.72 Y-4492542.55 4) X-413515.06 Y-4492498.36. Təyin olunan döngə nöqtələrinə əsasən həmin torpağın ortofoto görüntüsünə baxılmışdır. Beləliklə, mütəxəssislər tərəfindən baza məlumatlarına əsəsən təyin olunmuşdur ki, İddiaçı istifadəsində olan 0.12 ha torpaq sahəsi Sabunçu rayonunun Ləhiş bağlarının hüdudları daxilindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Qeyd olunmalıdır ki, işə birinci və apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, iddiaçının iddia etdiyi bağ torpaq sahəsi Sabunçu rayonu, Ləhiş bağlarının hüdudları daxilində yerləşir, bu fakt birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdeh inzibati orqanın “iddia olunan torpağın sxematik xəritəyə uyğun olmaması” barədə dəlili qəbul edilmir, ona görə ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Odur ki, iddiaçının həmin uyğunsuzluqla bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaq və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1763/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1763/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar