Məhkəmə qərarları › İş №2-1(103)-1858/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1858/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1858/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, X4, İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1406/2021 saylı 16 aprel 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, X9, İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhər Cavabdehndən ödənilməli olan ümumilikdə 75.960 AZN vəsaitin 07.01.2019-cu il tarixdən qəbul ediləcək məhkəmə qərarı icra edilən günədək Azərbaycan Respublikası Milli Bankının Uçot dərəcəsi ilə illik 5 % hesablanmaqla tutulması, vurulmuş mənəvi ziyanın əvəzi olaraq hər iddiaçıya 15.000 AZN vəsaitin tutulması, hüquqlarının bərpa edilməsi ilə əlaqədar vəkilə çəkmiş olduqları 300 AZN vəsaitin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev iddiaçıların hər birinin 1/10 hissəsi üzrə xüsusi mülkiyyətindədir. Həmin ev razılıqları olmadan 2018-ci ilin sonunda məhv edilmişdir (Dövlət Ehtiyaclarının satın alınması məqsədi ilə). İlkin olaraq onlara hər bir kv.m sahəyə görə 1.500 AZN ödənilməli olduğu halda, 16,88 kv.m-ə cəmi 5.000 AZN qeyd edilmişdir. İkinci mərhələdə hər bir kv.m sahəyə görə 500 AZN təklif edilmişdir, qiymətləndirmə hesabatında öz əksini tapmışdır. Üçüncü mərhələdə Bakı şəhər Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə əsasən hər bir kv.m sahəyə görə 800 AZN təklif edilmişdir. Hüquqlarının bərpa edilməsi məqsədi ilə 07.01.2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Yekun məhkəmə Qərarı 12.02.2020ci il tarixdə qəbul edilmişdir. Yekun Məhkəmə Qərarına əsasən cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hərəkətlərinin paylı mülkiyyət hüququ ilə vətəndaşlara məxsus daşınmaz əmlakın bir hissəsinə görə hər kv.m üçün 1500 manat, digər hissəsi üçün isə 800 manatdan kompensasiyanın təklif edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə zidd olması müəyyən edilmişdir. İddiaçılara məxsus olan əmlakların dəyəri olan vəsaitdən 07.01.2019-cu il tarixdən bu günə qədər istifadə etməkdən belə məhrum edilmişlər. Əmlaklarının razılıqları olmadan sökülməsi, vəsaitlərinin tam ödənilməməsi yekun məhkəmə qərarları ilə müəyyən edilmişdir. Bundan əlavə hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəmə xərcləri, vəkilə hüquqi yardım alınması məqsədi ilə çəkilən xərc alan orqanın və üçüncü şəxsin qeyri-peşəkar hərəkətləri nəticəsində illər ilə məhkəmələrdə vaxt itirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qəti qərarından göründüyü kimi cavabdehin hərəkətləri iddiaçılara münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə zidd olduğu müəyyən edilir. İş materiallarından göründüyü kimi 07.01.2019-cu il tarixdən iddiaçıların hər birinə ödənilməli olan vəsait 25.320 AZN, ümumilikdə, 75.960 AZN vəsait bu günə qədər ödənilməmiş və həmin tarixdən geçikdirmə nəticəsində əldən çıxan fayda (gəlir, əmlakdan istifadə etmə, yəni əmlakın kompensasiyasının ödənilmədən əmlak vəsaitindən, pul vəsaitindən istifadə hüququndan məhrum etmə) əldən çıxmışdır. Həmin fayda Azərbaycan Respublikası Milli Bankının təyin etdiyi illik uçot dərəcəsi ilə müəyyən edilərək ödəniləcək günə qədər hesablanmalıdır. Bundan əlavə vəkilin göstərdiyi xidmətə görə ödənilmiş 300 AZN vəsait hesablanmalıdır. Sonda iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1406/2021 saylı 16 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçılar apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər İşə apelyasiya qaydasında baxılarkən iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar “Bakı şəhər Cavabdehndən ödənilməli olan ümumilikdə 75.960 AZN vəsaitin 07.01.2019-cu il tarixdən qəbul ediləcək məhkəmə qərarı icra edilən günədək Azərbaycan Respublikası Milli Bankının Uçot dərəcəsi ilə illik 5 % hesablanmaqla tutulması, vurulmuş mənəvi ziyanın əvəzi olaraq hər iddiaçıya 15.000 AZN vəsaitin tutulması, hüquqlarının bərpa edilməsi ilə əlaqədar vəkilə çəkmiş olduqları 300 AZN vəsaitin tutulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Avropa Məhkəməsinin presedent hüququnda ətraflı şəkildə müəyyən edilmişdir (bax Gladysheva, §§ 64-68). Avropa Məhkəməsi qeyd edir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi ilə qorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Məhkəmə qeyd etmişdir ki, konkret halda tərəflər Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həmin əmlakın iddiaçının “əmlakı” olub-olmaması məsələsi üzərində razılığa gəliblər, yəni iddiaçı Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada əmlakın sahibi idi (Gladysheva, 69-cu maddədə göstərilib və Sociedad Anonima del Ucieza İspaniyaya qarşı, no: 38963/08, paraqraf 78-79, 4 noyabr 2014). Müdaxilənin xarakterinə gəlincə, məhkəmə qeyd etmişdir ki, qüvvədə olan məhkəmə qərarları ərizəçinin əmlakı üzərində mülkiyyət hüququnun qəti və birdəfəlik ləğv edilməsi anlamını daşıyır, məhkəmə eyni zamanda hesab etmişdir ki, bu tədbir bir saylı Protokolun birinci maddəsinin birinci paraqrafının ikinci cümləsində ifadə edilən mənada mülkiyyət hüququndan məhrum olunma kimi qəbul edilir. Müdaxilənin qanuniliyi və qanuni məqsədinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1887/2019 saylı qərarı ilə iddiaçıların apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2-1 (81 )-946/2019 saylı qərarı ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin iddiaçıların hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kv.m) cavabdehdən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutlmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiya tutulmuş, qalan hissədə iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olunması təsdiq edilmiş, ilkin iddia tələbinə uyğun olaraq, iddiaçılara ödənilən 25.320 manat məbləğində kompensasiyanın müqabilində qarşılıqlı iddia üzrə cavabdehlərin (ilk iddiaçıların) istifadə hüququna xitam verilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qərar Ali Məhkəmənin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixli 2-1(102)-323/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, müdaxilə “qanunda nəzərdə tutulan şərtlərdə”, Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həyata keçirilib. Daha sonra məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yerli orqanlar tərəfindən ictimai mənafenin qorunması ilə bağlı hər hansı fikir ayrılığı olmamışdır. Belə bir məsələni müəyyənləşdirmək lazımdır: ərizəçinin mülkiyyət hüququnun ləğv edilməsi ümumi mənafe ilə maraqlı tərəfin hüquqları arasındakı tarazlığı pozurmu? Avropa Məhkəməsi analoji işlərdə xatırladır ki, müdaxilənin mütənasibliyi ictimaiyyətin ümumi mənafeyindən irəli gələn tələblərlə fərdlərin fundamental hüquqlarının qorunması tələbləri arasında dəqiq tarazlığın olmasına ziddir. Bu tarazlıq o zaman pozulur ki, aidiyyəti şəxs “hansısa xüsusi və hədsiz yükə məruz qalsın”. Avropa Məhkəməsi eyni zamanda xatırladır ki, dəqiq tarazlığın mövcudluğunun yoxlanılması adı keçən müxtəlif mənafelərin ümumi şəkildə yoxlanılmasını tələb edir və tərəflərin davranışlarının, dövlət tərəfindən sərf edilən vəsaitlərin analizinin aparılmasını və bunun həyata keçirilməsini şərtləndirə bilər, xüsusi olaraq, müvafiq orqanların lazım olan vaxtda, dəqiq və lazımi qaydada hərəkət etmək öhdəliyini bildirir (bax, məsələn, Osipkovs və digərləri Latviyaya qarşı, no: 39210/07, paraqraf 80, 4 may 2017). Məhkəmə hesab etmişdir ki, iddiaçılara məxsus əmlak dövlət ehtiyacları üçün cavabdeh tərəfindən onlardan hər biri ilə ayrılıqda notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçıların hər birinə 20.256 manat məbləğində kompensasiya ödənilmiş, əlavə olaraq iddiaçılarla cavabdeh arasında notariat qaydada əldə edilmiş razılaşmaya və iddiaçılar tərəfindən notariat qaydada verilmiş bəyannaməyə uyğun olaraq maddi yardım kimi onların hər birinə 15.000 manat məbləğində pul ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1 (103)-1887/2019 saylı qərarının icrası ilə verilmiş icra sənədi üzrə icraata qərar borclu tərəfindən tam icra edildiyi üçün xitam verilmişdir. Belə ki, icra işindən müəyyən edilir ki, iddiaçıların hər birinə ayrı-ayrılıqda 35.256 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh 29.07.2020-ci il tarixli KOL-165-152 saylı məktubundan görünür ki, iddiaçının dəymiş ziyanın ödənilməsi ilə müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300 - 1.200 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olubolmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı1, X9 və İddiaçı3 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və hər birinə 35.256 manat kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş X1 görünür ki, X5, İddiaçı1, X2 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin qiyməti hər iddiaçının payı üçün ayrılıqda 8.440 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1 (103)-1887/2019 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1, X4 və İddiaçı3 Murtuz qızının apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2-1 (81)-946/2019 saylı qərarı ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin iddiaçıların hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kv.m) cavabdeh Bakı şəhər Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiya tutulmuş, qalan hissədə iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə olunması təsdiq edilmiş, ilkin iddia tələbinə uyğun olaraq, iddiaçılara ödənilən 25.320 manat məbləğində kompensasiyanın müqabilində qarşılıqlı iddia üzrə cavabdehlərin (ilkin iddiaçıların) istifadə hüququna xitam verilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020 il tarixli, 2-1(102)-323/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2- 1(103)-1887/2019 saylı qərarından verilmiş kassasiya şikayətləri təmin olunmamış və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2- 1(103)- 1887/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan İddiaçı3 və Bakı şəhər Cavabdeh arasında notariat qaydada bağlanmış 25.12.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı3 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/10 hissəsini 20.256 manat qiymətinə alıcı Bakı şəhər Cavabdehnə satmışdır. İş materiallarında olan İddiaçı3 və Bakı şəhər Cavabdeh arasında əldə edilmiş və notariat qaydada təsdiq edilmiş 28.12.2019-cu il tarixli razılaşmadan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 16.88 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması üçün ona İddiaçı3 ödənilmiş 20.256 manat məbləğində kompensasiya əlavə olaraq 15.000 manat məbləğində maddi yardım ödənilmişdir. İş materiallarında olan X9 və Bakı şəhər Cavabdeh arasında notariat qaydada bağlanmış 25.12.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/10 hissəsini 20.256 manat qiymətinə alıcı Bakı şəhər Cavabdehnə satmışdır. İş materiallarında olan X9 və Bakı şəhər Cavabdeh arasında əldə edilmiş və notariat qaydada təsdiq edilmiş 28.12.2019-cu il tarixli razılaşmadan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 16.88 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması üçün X8 ödənilmiş 20.256 manat məbləğində kompensasiya əlavə olaraq ona 15.000 manat məbləğində maddi yardım ödənilmişdir. İş materiallarında olan İddiaçı1 və Bakı şəhər Cavabdeh arasında notariat qaydada bağlanmış 25.12.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/10 hissəsini 20.256 manat qiymətinə alıcı Bakı şəhər Cavabdehnə satmışdır. İş materiallarında olan İddiaçı1 və Bakı şəhər Cavabdeh arasında əldə edilmiş və notariat qaydada təsdiq edilmiş 28.12.2019-cu il tarixli razılaşmadan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 16.88 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması üçün X8 ödənilmiş 20.256 manat məbləğində kompensasiya əlavə olaraq ona 15.000 manat məbləğində maddi yardım ödənilmişdir. İş materiallarında olan iddiaçılar İddiaçı3, X4 və İddiaçı1 notariat qaydada təsdiq edilmiş Yasamal rayonu İcra Hakimiyyətinə verdiyi bəyannamələrdən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış obyekti dövlət ehtiyacları üçün alınanadək onun sahibi olaraq ərizə-bəyannamə ilə aşağıdakıları bəyan etmişlər: “1) Təsdiq edirəm ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16,88 kv.m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə mənə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 20.256 (iyirmi min iki yüz əlli altı) manat məbləğində kompensasiya ödənilmişdir. 2) Qeyd olunan yaşayış obyektinə görə mənə ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirir və kömək məqsədilə mənə kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini xahiş edirəm. 3) Dövlət ehtiyacları üçün alınanadək sahibi olduğum yaşayış obyekti ilə bağlı Cavabdeh tərəfindən təklif edilən 15.000 (on beş min) manat məbləğində maddi yardım qəbul edirəm, həmin məbləğlə könüllü şəkildə və hər hansı kənar təsir olmadan razı olduğumu bəyan edirəm. Bildirirəm ki, Cavabdeh ilə aramızda imzalanmış Razılaşma Protokolunda da əksini tapan həmin maddi yardımın hesablanması qaydası və ödənilməsi şərtləri mənə izah edilmişdir və bu şərtlərlə tam razıyam. 4) Bəyan edirəm ki, mənə təklif edilən 15.000 (on beş min) manat məbləğində maddi yardım müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında mənim adıma köçürüldüyü andan etibarən ünvan 1 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduğum yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbimin olmayacağı və həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağımı bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarına (KİV), qeyri-hökümət təşkilatları və digər təşkilatlara heç bir şikayətimin olmayacağı və müraciət etməyəciyim barədə öhdəlik götürürəm. 5) Əlavə olaraq təsdiq edirəm ki, dövlət ehtiyacları üçün alınanadək sahib olduğum yaşayış obyekti ilə əlaqədar mənim hüquqlarımı müdafiə edən müvəkillərim tərəfindən də hər hansı bir iddia tələbi irəli sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan həmin məsələrə baxılmamasını xahiş edirəm.” İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(82)-946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1887/2019 saylı qərarının icrasının təmin edilməsi məqsədilə başlanmış icra işində olan Bakı şəhəri Cavabdeh Başçısının Müavinin 30 iyul 2020-ci il tarixli 1306/d saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair tələbkarlar İddiaçı1, X9 və İddiaçı3 ilə bağlanmış müqavilə üzrə hər birinə ayrı-ayrılıqda 35.256 manat vəsait ödənilmişdir. İş materiallarında olan həmin icra işində olan Bakı şəhəri İcra və Probasiya Şöbəsinin 09.09.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşdən görünür ki, iddiaçıların iddia tələbinin əsas dəlili onların hər birinə ödənilməli olan vəsait 25.320 AZN, ümumilikdə, 75.960 AZN vəsait bu günə qədər ödənilməmiş və həmin tarixdən geçikdirmə nəticəsində faydanın əldən çıxmasıdır və bunun nəticəsində iddiaçılar vurulmuş mənəvi ziyanın əvəzini tələb edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1 (103)1887/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiyanın iddiaçılara məxsus əmlakın əvəzində onların hər birinin payına uyğun ödənilməsi qərara alınmışdır. Buna baxmayaraq, iddiaçılarla cavabdeh arasında notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə və razılığa əsasən iddiaçıların hər birinə ayrı-ayrılıqda məhkəmə qərarında nəzərdə tutulandan daha artıq, yəni 35.256 manat vəsait ödənilmiş və bununla bağlı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı isə müqavilənin etibarsız hesab edilməsi və ya kompensasiya məbləğinin artırılması əsasları, həmçinin Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinin pozulması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, iddiaçılar öz razılıqları ilə bağladıqları müqaviləyə zidd olaraq yenidən cavabdehdən dəymiş ziyanı tələb etməkdə haqlı deyillər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf inzibati məhkəmə icraatı zamanı cavabdeh tərəfindən hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra və bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, X4 və İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1406/2021 saylı 16 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar