Məhkəmə qərarları › İş №2-1(103)-1858/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1858/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1858/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı yazılı müraciətin araşdırılması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5466/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2021-ci il tarixli yazılı müraciətinin araşdırılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 qarşı müvafiq tələbi ilə bağlı Cəlilabad rayon Məhkəməsində hakimi Qalib Paşayevin icraatında mülki iş olmuşdur. Yekun məhkəmə qətnaməsinin elan olunması aylarla süni şəkildə uzadıldığından çoxsaylı şikayətləri nəticəsində, qətnaməni məhkəmədə imza etməklə almışdır. Qətnamə hüquq və mənafelərinə toxunduğundan apelyasiya şikayəti vermişdir. Məhkəmənin iclas protokolları ilə vaxtında tanış olmaq qeyri-mümkün olduğundan Apelyasiya Məhkəməsində 1-ci instansiya məhkəməsinin iclas protokolları ilə tanış olarkən məlum olmuşdur ki, məhkəmənin 11 sentyabr, 05 oktyabr və 10 noyabr 2020-ci il tarixli iclası protokolları kobud şəkildə “saxtalaşdırılmışdır”. Bu barədə çoxsaylı yazılı və şifahi müraciətlərinə baxmayaraq, Apelyasiya Məhkəməsi həmin saxtakarlıqların üzərindən “sükutla” keçərək ona qarşı heç bir münasibət bildirməmişdir. Qarşı tərəflə arasındakı eyni məzmunlu iş üzrə başqa məhkəmələrdə də buna bənzər digər hakim saxtakarlığı olmuşdur. O zamankı şikayətlərində hər dəfə ona izah olunmuşdur ki, aşağı məhkəmə instansiyasının qərar və hərəkətlərindən edilən şikayətlərə, yuxarı instansiya məhkəmələri tərəfındən baxılır. Bununla bağlı şikayətlərinə isə yuxarı instansiya məhkəmələrində baxılmayaraq, onlara qarşı heç bir münasibət bildirilməmişdir. Belə olan halda Cəlilabad rayon məhkəməsində qərəzli hakim saxtakarlığı barədəki şikayətlərinə, Şirvan Apelyasiya Məhkəməsində baxılmayaraq heç bir münasibət bildirilmədiyindən, o zaman haradan əmin olmalıdır ki, 2019-cu ildən fərqli olaraq bu dəfə Respublikanın son yüksək instansiyası məhkəməsi şikayətinə obyektiv baxaraq ona düzgün hüquqi qiymət verəcəkdir və buna heç bir inamı da yoxdur. Cəlilabad rayon məhkəməsi hakimi Q.Paşayevin qərəzli hərəkətləri barəsində uzun müddətdir ki, şikayətlər edir. Son olaraq da 27 noyabr 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının Sədri F.Məmmədov cənablarına müraciət etmişdir. Həmin orqan tərəfindən ona verilən 03 dekabr 2021-ci il tarixli cavab məktubundan bəlli olur ki, cavabdeh tərəf əvvəlki ənənəsinə yenə də sadiq qalaraq müraciətini baxılmaq üçün, hərəkətlərindən şikayət etdiyi orqana göndərmişdir. Onda belə bir əsaslı şübhələr yaranmışdır ki, Respublika məhkəmə orqanlarında icra intizamına məsul olan cavabdeh tərəf, öz hərəkəti (hərəkətsizliyi) ilə Cəlilabad rayon məhkəməsi hakiminin “qərəzli hakim saxtakarlığı” əməllərinə dolayısı yollarla haqq qazandırmışdır. Görünür cavabdeh tərəf öz vəzifə borcunu heç də müvafıq qanunun tələbləri baxımından deyil, şəxsi mülahizələri baxımından həyata keçirir. Əgər həqiqətən də belə olmasaydı o zaman cavabdeh tərəfındən 30 sentyabr 2015-ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Qanuna bu dərəcədə açıq şəkildə hörmətsizlik göstərilməz, hüquq və azadlıqlarının tapdanmasına seyrçi bir mövqedən yanaşılmazdı. Halbuki sözügedən Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, müraciəti baxılmaq üçün hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən, müraciətə baxan subyektə və onun vəzifəli şəxsinə göndərilməsi qadağan olunur. Cavabdeh tərəf məhkəmələrdə icra intizamına nəzarət edən yuxarı orqan olduğundan hesab etmişdir ki, 27 noyabr 2021-ci il tarixli yazılı müraciətini hərəkətlərindən şikayət etdiyi subyektə göndərməklə, Konstitusiya ilə təsbit və təmin olunan hüquq və azadlıqlarını kobud surətdə pozaraq məhdudlaşdırmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5466/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: Ş.Həsənova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbini qeyri-mümkün hesab edən 1-ci instansiya məhkəməsi öz yanlış mövqeyində ilkin olaraq özünün formal və qeyri ciddi mülahizələrinə əsaslanmışdır. Belə ki, qərardadda göstərilir ki, iddiaçı 27 noyabr 2021ci il tarixli yazılı müraciətinə 03 dekabr 2021-ci ildə cavab verildiyini iddia ərizəsində qeyd etsə də məhkəməyə həmin cavab məktubunu təqdim etməmişdir. Çox maraqlıdır görəsən həqiqətən də iddia ərizəsi mövcud inzibati qanunvericiliyin tələblərinə uyğun deyildirsə, məhkəmə nəyə görə ərizəsini geri qaytarmadan onu icraata qəbul etmişdir, sonrakı məhkəmə baxışında isə həmin sənədi ondan tələb etməmişdir. Əlavə olaraq qərardadda göstərilir ki, guya onun əsas şikayəti Cəlilabad rayon məhkəməsində olmuş mülki mübahisə ilə bağlıdır. Məhkəmənin gəldiyi bu nəticə onda əsaslı şübhələr yaradır. Çünki istər cavabdehə ilkin yazılı müraciətində, istərsə də iddia ərizəsində və məhkəməyə verdiyi izahatında birmənalı şəkildə qeyd etmişdir ki, onun şikayəti Cəlilabad rayon Məhkəməsində icraatda olan mülki mübahisə barəsində yox, işə baxan hakimin konkret saxtakarlığı ilə bağlıdır. Hakimi Qalib Paşayevin bilə-bilə törətdiyi qərəzli hakim saxtakarlığı barəsindəki şikayətlərinə baxmaqdan açıq-aşkar boyun qaçırılması, buna isə Respublika məhkəmə orqanlarında icra intizamına məsul olan səlahiyyətli orqanın vəzifəli şəxsinin hərəkətsizliyi barəsində olmuşdur. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 27 noyabr 2021-ci il tarixli yazılı müraciətinin araşdırılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və iddiaçının məhkəmədə verdiyi izahatından müəyyən edilir ki, iddiaçının əsas şikayəti Cəlilabad rayon məhkəməsinin hakiminin icraatında olmuş mülki mübahisə ilə bağlıdır və hal-hazırda həmin mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almamışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh qismində göstərilmiş inzibati orqan hər hansı cavabdehlik daşımadığından, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5466/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar