Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1859/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1982-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, ünvan 1 m. 2 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsi) əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-240/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixində cаvаbdеh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 2012-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək DTX-də (MTN-də) xidmət etmişdir. DTX-nin əmri ilə xx.xx.2019-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) DTX-nin ehtiyatına buraxılmış və xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Buna səbəb olaraq inzibati orqan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx xxxxxx 2018-ci il tarixdə başlanmış ********* nömrəli Azərbaycan Respublikası CM-nin 178ci maddəsi ilə təqsirləndirilən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X4 və qeyrilərinin cinayət işində iddiaçının şahid kimi dindirildiyi zaman verdiyi ifadələrlə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən cari ilin iyun ayında daxil olmuş qərəzli təqdimatda iddiaçıya intizam tənbehinin verilməsini əsas göstərmişdilər. xx xxxx 2019-cu il tarixdə iddiaçı qeyd olunan cinayət işində şahid kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işini aparan mühüm işlər üzrə müstəntiq Asim Yusifovun suallarına cavab vermiş və şahid kimi dindirilən zamanı verdiyi ifadədə təqsirləndirilən şəxsdən ona olan borcu istədiyini bildirmişdir. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə iddiaçı barəsində xidməti araşdırma aparılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilmişdir. Daxil olmuş sorğu ilə bağlı aidiyyəti strukturun verdiyi məlumatlar əsasında DTX-də müvafiq qaydada araşdırma aparılaraq iddiaçıdan izahat alınmış və iddiaçının yuxarıda qeyd olunan cinayət işində iştirakı olmadığı müəyyən olunaraq barəsində toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daha sonra cinayət işi xx xxx 2019-cu il tarixdə ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. İddiaçı cari ilin 5 iyul tarixində növbəti məzuniyyətinə çıxmış və məzuniyyətdə olduğu dövrdə iddiaçıya məlumat verilmədən xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmr ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və verilən əmrdə qeyd olunmuşdur ki, guya iddiaçı şahid kimi dindirildiyi zaman verdiyi ifadədə bir neçə şəxsdən pul alaraq cinayət işi aparılan Hikmət Məmmədova verdiyini etiraf etmişdir. Bu əmr tamamilə səhv hazırlanıb çünki iddiaçı belə ifadə verməmişdir. Bu məsələ ilə bağlı hüquqlarını müdafiə edən Bakı şəhəri 6 saylı Vəkillər bürosunun vəkili Vəkil Bakı Hərbi Məhkəməsinə mü-raciət edərək qeyd olunan cinayət işi üzrə toplanmış materiallarla tanış olmağı, eləcə də müvafiq sənədlərdən çıxarış etmək üçün lazımı şəraitin yaradılmasını xahiş etmişdir. Əldə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2019-cu il tarixli Qərarı və cinayət işində olan iddiaçı tərəfindən verilən ifadədən “şahidin dindirmə protokolun”da aydın görünür ki, Hikmət Məmmədov tərəfindən törədilən cinayət əməllərində İddiaçı bu cinayətlərdə tərkib əlaməti olmadığından cinayət işinin başlanılması rədd edilmiş və verdiyi ifadələrdə elə sözlərin olmadığı müəyyən olunmuşdur. Bunu bəraətverici hal kimi qiymətləndirmək əvəzinə onun hüquqlarını tapdalanmış və iddiaçının mənafeyinə ciddi ziyan vurulmuşdur. Daha sonra vəkili Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək onun haqqında xx xxxx 2019-cu il tarixdə DTX-yə göndərilən təqdimatı tələb etmiş, ancaq lüzumsuz bəhanələr gətirilərək təqdimatı verməmişdilər. Həmçinin hüquqlarını müdafiə edən vəkil DTX-nə müraciət edərək işdən çıxarılmaya dair əmrin sürətini tələb etmiş, lakin yalnız əmrin çıxarışını təqdim etmişdilər. Bunları nəzərə alaraq hüquqlarının pozulması tam şəkildə öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-240/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim-A.Oruczadə) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin iddiaya dair etirazında bildirilmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı – İddiaçı xx xxxxxxx 2012-ci il tarixdə keçmiş MTN-də həqiqi hərbi xidmətə qəbul olunmuş və müxtəlif vəzifələrdə xidmət etmiş, son olaraq DTX-nin Hüquqi təminat idarəsində baş hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularıdırlar. “Kəşfiyyət və əks-kəşfiyyət fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanunun 14.3-cü maddəsinə əsasən Kəşfiyyət və əks-kəşfiyyət fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrini xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsi”nin 46-cı maddəsinə əsasən, zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər. Zabitləri, generalları və admiralları öz vəzifələrindən yalnız onları bu vəzifələrə təyin etmək səlahiyyəti olan komandirlər (rəislər) kənar edə bilərlər. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məktubda Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X4 barəsində aparılmış cinayət işi üzrə materiallarda İddiaçı adının iş üçün əhəmiyyət kəsb edən telefon yazışmalarında keçməsi, maddi nemətlərin ona verilməsi yolu ilə vəzifələrinin qərəzsiz icrasına təsirin göstərildiyi təəssüratını formalaşdıran xüsusatlar aşkar edildiyi və İddiaçı öz ifadəsində ayrı-ayrı şəxslərdən pul aldığını və barəsində cinayət işi aparılan əməkdaşa təqdim etdiyi bildirilmişdir. Bununla əlaqədar həmin məktubda İddiaçı hərəkətlərinin öz mənafelərini xidmət vəzifələrinin yerinə yetirilməsindən üstün tutması, dövlət təhlükəsizliyi orqanlarının əməkdaşına yaraşmayan qeyri-etik davranış nümayiş etdirilməsi, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini kobudcasına pozulması və xüsusi xidmət orqan əməkdaşının nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi kimi xarakterizə olunmuş, bununla da Hüquqi təminat idarəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı “hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Kəşfiyyət və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanunun 15.2-ci maddəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvələr məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, bu subyektlərdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-240/2020 nömrəli qərarı ilə (hakim-A.Oruczadə) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hakim üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsinin fikrini öyrənmədən iddianı təmin etməmiş, həmçinin hakim A.Oruczadə tərəfindən iş üçün zəruri hesab edilən bəzi sənədlərin cavabdeh tərəfindən təqdim olunmasını istəmiş və bununla bağlı qərardadı olmasına baxmayaraq həmin sənədlər lüzumsuz bəhanələr gətirilərək məhkəməyə təqdim olunmamışdır. Həmin cinayət işində bir vətəndaş kimi günahı və vəzifəsi yoxdur, şübhələr olsa belə onun xeyrinə həll olunmalıdır. İddiaçı, birinci instansiya məhkəməsində onun nümayəndəsi və vəkili olmuş Vəkil (Bakı şəhəri 6 saylı Vəkil Bürosu), cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə vəsatət daxil olmuşdur, vəsatətdə inzibati iş üzrə icraatın Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmiş xx.xx.2019-cu il tarixli barəsində olan təqdimatın etibarsız hesab edilməsinə dair iddia ərizəsinə baxılıb mahiyyəti üzrə qərar qəbul edilənədək məhkəmə iclasının dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı “təqdimatın etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin məhkəmədə hakim Rüstəm Kərimlinin icraatında 2-1(112)-6898/2020 saylı inzibati iş başlanılmış, habelə məhkəmə prosesi xx.xx.2020-ci il tarixə, saat 16:30-a təyin edilmişdir. Vəsatətə məhkəmə iclasının xx.xx.2020-ci il tarixə, saar 16:30-a təyin edilməsini təsdiq edən məhkəmə bildirişinin surəti də əlavə edilmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iş üzrə məhkəmə iclasının dayandırılması barədə vəsatəti ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə apellyasiya baxışı xx.xx.2020-ci il tarixə, saat 12:15-ə, iddiaçının birinci instansiya məhkəməsindəki iş üzrə məhkəmə iclası ilə xx.xx.2020-ci il tarixə, saat 16:30-a təyin edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş məhkəmə iclaslarının təyin edilmə saatları üst-üstə düşmədiyindən, iddiaçının və onun vəkilinin məhkəmə iclasında iştirakını istisna edən hal müəyyən edilmir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli, 1150 şh tarixli əmrin surətindən görünür ki, xidməti zərurətlə əlaqədar hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı xx xxxx 2019-cu il tarixdən növbəti məzuniyyətdən geri çağırılması əmr olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli, 0140 nömrəli əmrin surətindən görünür ki, xususi xidmət orqanı əməkdaşının nüfuzuna xələl gətirən hərəkətlərə yol verməklə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış qaydalarının tələblərini kobud surətdə pozduğuna görə Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmiş, əmrin DTX-nin şəxsi heyətinə elan olunması əmr edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məktubda Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı X4 barəsində aparılmış cinayət işi üzrə materiallarda Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi ədliyyə baş leytenantı İddiaçı adının iş üçün əhəmiyyət kəsb edən telefon yazışmalarında keçməsi, maddi nemətlərin ona verilməsi yolu ilə vəzifələrinin qərəzsiz icrasına təsirin göstərildiyi təəssüratını formalaşdıran xüsusatlar aşkar edilmişdir. İddiaçı öz ifadəsində ayrı-ayrı şəxlərdən pul aldığını və barəsində cinayət işi aparılan əməkdaşa təqdim etdiyi etiraf etmişdir. O, öz mənafelərini xidməti vəzifələrinin yerinə yetirilməsindən üstün tutaraq, hərbi qulluqçunun nüfuzunu möhkəmləndirmək və vicdanlıq nümunəsi göstərmək əvəzinə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşına yaraşmayan qeyri-etik davranış nümayiş etdirmiş, bununla da “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin” əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini pozmuşdur. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli, 1153 şh nömrəli (şəxsi heyət üzrə) əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Ədliyyə baş leytenantı İddiaçı DTX-nin ehtiyatına buraxılması və xx xxxx 2019-cu il tarixdən şəxsi heyətin siyahısından çıxarılması; “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə müvafiq olaraq, xüsusi xidmət orqanı əməkdaşı adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə ədliyyə baş leytenantı İddiaçı 2019-cu il yanvarın 01-dən iyulun 28-dək hərbi xidmətə görə nəzərdə tutulan birdəfəlik pul mükafatının verilməməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Kadrlar Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, xidməti məktuba cavab olaraq bildirilmişdir ki, DTX-nin ehtiyyatda olan ədliyyə baş leytenantı İddiaçı səfərbərlik şəxsi iş materialları təhlil edilmiş və məlum olmuşdur ki, o, ehtiyatda olduğu dövr ərzində hər-hansı yazılı müraciət etməmişdir. Eyni zamanda bildirilmişdir ki, məktubunda qeyd edilən təqdimatın müəllifi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi olduğundan məhkəmə tərəfindən həmin quruma müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş xx xxx 2019-cu il tarixli 002485 saylı sübutların qiymətləndirilməsi haqqında qərarın İddiaçı aid olan hissəsindən görünür ki, Hikmət Məmmədovun törətmiş olduğu cinayət əməlləri ilə bağlı İddiaçı əməllərində dələduzluq, rüşvət vermə, rüşvət verməyə təhrik etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə cinayətlərinn tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, ********* saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini generalleytenant cənab İsmayıl Bağırova ünvanlanmış xx xxxx 2019-cu il tarixli təqdimatında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi vəzifəsində işləmiş X2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 32.4, 312.2, 312- 1.1 və 32.4, 312-1.2-ci maddələri ilə, X5 və X1 Azərbaycan Respublikası CM-nin 32.5, 312-1.2-ci maddələri ilə ittiham elan olunmuş, xx.xx.2019-cu il tarixdə cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq zamanı müəyyən edilmiş hüquqpozmalara səbəb və şərait təşkil edən halların aradan qaldırılması, həmçinin Xidmət əməkdaşlarının intizam məsuliyyətinin həll edilməsi zərurəti ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Təqdimat göndərilmişdir. İstintaqla müəyyən edilmişdir ki, Hikmət Məmmədov Xidmətdə zabit vəzifəsinə işə düzəlməsinə və bərpa olunmasına, xaricdə alınmış diplomun Azərbaycan Respublikasında tanınması və təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən diploma ekvivalent olmasının təsdiq edilməsinə, digər nazirlikdə şəxsin vəzifədə irəli çəkilməsinə, prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxsin barəsində cinayət təqibinə xitam verilməklə sonuncunun cinayət məsuliyyətindən azad olunmasında köməklik göstərilməsinə görə öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitini ələ keçmişdir. İstintaq gedişatında Hikmət Məmmədovun törətmiş olduğu cinayət əməllərində DTX-nin Hüquq Təminat idarəsində baş hüquq məsləhətçisi vəzifəsində xidmət edən İddiaçı iştirakı sübuta yetirilmədiyinə görə barəsində cinayət təqibinə xitam verilmişdir. Bununla belə cinayət işinin materiallarına əlavə olunmuş telefon məlumatlarının təhlili zamanı maddi nemətlərin verilməsi yolu ilə İddiaçı tərəfindən vəzifələrinin qərəzsiz icrasına təsirin göstərildiyi təəssüratını formalaşdıran məzmun aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş İddiaçı öz ifadəsində göstərilən məzmunda (ayrı-ayrı şəxslərdən pulların alınması və ona təqdim olunması məzmununda) yazışmalarının baş verdiyini qəbul etmiş, Hikmət Məmmədovdan şəxsi ehtiyacları üçün borc pul alması və həmin pulun qaytarılması ilə bağlı həmin məzmunda yazışma apardığını bildirmişdir. Odur ki, İddiaçı öz mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol vermiş, bu cür təsir üçün şərait təşkil etmiş, dövlət qulluğunun nüfuzunu möhkəmləndirmək və vicdanlılıq nümunəsi göstərmək əvəzinə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşına yaraşmayan qeyri-etik davranış nümayiş etdirmiş, bununla da “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi Təminat İdarəsinin rəhbərliyi tərəfindən həmin idarənin əməkdaşlarının fəaliyyətinin təşkili, əməkdaşların fəaliyyətinə nəzarət, onların cəmiyyət və dövlət qarşısında, eləcə də, xidməti vəzifələrinin məsuliyyətini dərk etmələri sahəsində iş lazimi səviyyədə təşkil edilməmişdir. Nəzarətsizlik, məsuliyyətdən yayınma, əməkdaşlar arasında xidmətdən kənar münasibətlərə yol verilməsi nəticədə cinayətlərin törədilməsinə gətirib çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq Xidmətinin Hüquqi Təminat idarəsində hüquqpozmalara səbəb və şərait təşkil edən halların aradan qaldırılması və İddiaçı intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması xahiş olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər K.Əkbərov, Q.Babayev, F.Qasımov) X3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 32.4, 312.2., 312-1.1 və 32.4, 312- 1.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən məhkum X4 tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü X2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2019-cu il tarixli 0140 nömrəli əmrinin ləğv edilməsini və onun işə bərpa olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununa əsaslanaraq hesab etmişdir ki, cavabdeh öz səlahiyyətləri çərçivəsində iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr qəbul edərkən müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş təqdimata əsaslanmış və iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı hərbi qulluqçu olduğu üçün ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə borcludur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsi cavabdeh inzibati orqanın strukturuna daxil olan qurumdur və Xidmətin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək mövqeyini bildirmişdir. Həmçinin iddiaçı tərəfindən iş üçün zəruri hesab edilən hansı sənədlərin təqdim olunması qeyd olunmamış, bununla belə məhkəmə iş materiallarında olan sənədlər əsasında yekun qərar qəbul edilməsini mümkün hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı qaldırılan tələbi əsaslı sayıla bilməz. Bu səbəbdən Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmiş xx.xx.2019-cu il tarixli barəsində olan təqdimatın etibarsız hesab edilməsinə dair iddia tələbinə baxılması ilə əlaqədar hazırkı iş üzrə icraatın dayandırılmasında hüquqi əsas müəyyən edilmir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 99.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-240/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1859/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1859/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver