Məhkəmə qərarları › İş №2-1(103)-1859/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1859/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1859/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı Cavabdehə qarşı (üçüncü şəxs: Bakı şəhər İcra Hakimiyyəti) “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi tələbinə dair » inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1537/2021 saylı, 15.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı mülkiyyətçisi olduğu Nərimanov rayonu, Xətai prospekti-1, 33 nömrəli mənzilin (yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati akt, sərəncam qəbul edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 01.05.2010-cu il tarixdən Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 1, 33 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı 2011-ci ildən başlayaraq cavabdehə müraciət edərək, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmiş, lakin sonuncu onun qanuni tələbinə hər dəfə rədd cavabı vermişdir. Axırıncı dəfə isə ona bildirilmişdir ki, Bakı Şəhər İicra Hakimiyytindən müsbət rəy alındıqdan sonra bu məsələyə baxıla bilər. 2019-cu ildə isə qeyri-yaşayiş obyekti kimi sənədləşdirilməsi barədə müraciətinə cavabdehin göstərişi ilə rayon MKTB-nin rəisi E.Həşimov 05.09.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi ƏMDK-nin səlahiyyətindədir. Halbuki, Mənzil Məcəlləsinə əsasən yalnız dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə icazə zamanı ƏMDK-nin rəyi tələb olunur. Mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi, yəni, obyekt kimi istifadə olunur. Lakin cavabdeh 02.07.2020-ci il tarixli R-33-162 saylı və 14.07.2020-ci il tarixli R- 33/2-162/2 saylı məktubları ilə ona imtina cavabı yollayaraq bildirmişdir ki, mənzilin təyinatı özbaşına dəyişdirildiyi üçün uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzilin qeyriyaşayışa keçirilməsini münasib hesab etmirlər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun hansı maddi hüquq normalarına əsasən pozulması əsaslandırılmamışdır. İddiaçıya məxsus olan və hüquqi qeydiyyatının aparılması tələb edilən tikililər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsində təsbiti verilmiş qeyri-qanuni tikililərdir. Qeyri-qanuni tikililərin isə qanunvericilikdə statusu olmadığından və onların müvafiq qaydada qeydiyyatının aparılması üçün normativ-hüquqi akt, eləcə də normativ xarakterli aktlar olmadığından cavabdehin üzərinə belə bir vəzifə öhdəliyi qoyulması yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1537/2021 saylı, 15.04.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsaslandırıldığı halda, məhkəmə qanunun və ədalətin tələblərini deyil, cavabdehin mövcud qanunvericiliyin tələblərinə zidd olan əsassız etirazını nəzərə alaraq iddianı rədd etmişdir. Mənzil uzun müddətdir qeyri-yaşayış sahəsi kimi istifadə olunur, kommunal xidmət haqları ödənilir. Lakin qaz, su, işıq xərclərini qeyri-yaşayış sahəsi kimi ödəmək üçün icazə almaq çətindir. Məhkəmə qərar çıxararkən maddi hüquq normalarını pozaraq qanunu səhv təfsir etmiş, iş üzrə mövcud olan faktlar qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, qeyri- mötəbər sübutlara istinad etmişdir. Hakimin gətirdiyi səbəblər çax uğursuzdur. Hakim Mənzil Məcəlləsinin 20.2-ci maddəsini səhv təfsir etmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən və texniki pasportdan görünür ki ünvan Xətai prospekt-1 olsa da, icarədə olan obyektin giriş-çıxış qapıları 2-ci mərtəbədən Nurəddin Süleymanov küçəsinə açılır. Məhkəmə qeyri-yaşayış sahəsinin hansı tələbələrə uyğun olmadığını göstərə bilməmişdir. Həmin sahə mənzil olsa da, faktiki olaraq həmişə qeyri-yahşayış sahəsi kimi istifadə olunmuş və ona qarşı hər hansı bir pretenziya qaldırılmamışdır. Məhkəmə, üçüncü bir tərəfdən 2 mərtəbəli binanın birinci mərtəbəsini başqa şəxs tərəfindən yaşayış sahəsi kimi istfadə edilməkdə olması ilə əsaslandırmışdır. Lakin Nərimanov rayon 37 saylı MKİS tərəfindən verilmiş 26.05.2021-ci il tarixli 37/556 saylı arayışda, iddiaçıya məxsus obyektin birinci mərtəbədə məskunlaşmış köçkün ailəsi X1 heç bir maneçiliyi olmadığı göstərilmişdir. Bununla bağlı məhkəməyə dəfələrlə baxış keçirilməsi barədə vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Məhkəmə tərəflərin bərabərliyi ədalətli araşdırma prinsipini pozmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 16.09.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nmayəndəsi H.X4 iddiaçıya məxsus, qeyri-yaşayış sahəsi kimi istifadə olunan mübahisəli mənzilin və onun yerləşdiyi binanının və küçənin ümumi görünüşünə dair foto-şəkilləri məhkəməyə təqdim edərək bildirmişdir ki, bina iki mərtəbəli yaşyış binasıdır. Giriş-çıxışı Xətai prospektindəndir, lakin özbaşına olaraq binanın arxa hissəsindən mübahisəli mənzilə giriş-çıxış Nurəddin Süleymanov küçəsinə açılmışdır. Bina yaşayış binasıdır və iddiaçının obyekt kimi işlətdiyi mənzilin altında birinci mərtəbədə yaşayış mövcuddur. Ona görə də iddia tələbini əsassız hesab edir və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş, cavabdehin həmin nümayəndəsi, habelə, üçüncü şəxs (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair aşağıdakı tələblər müəyyən edilmişdir: 20.1.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2.Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3.Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Məcəllənin qeyd olunun 20.3-cü maddəsinin tələblərindən göründüyü kimi, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə aşağıdakı hallarda yol verilir:

1. belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşməlidir.

2. qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri mövcud olmamalıdır. İşə əlavə olunmuş, notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (MA ******* qeyd.tarixi 01052010, Bakı şəhər Ərazi İdarəsi) habelə, mənzilin işə əlavə olunmuş Texniki pasporta əsasən isə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış 33 saylı mübahisəli mənzil - iki yaşıyış otağından ibarət olan və ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 30.1 kv.m, yardımçı sahəsi 16.2 kv.m olmaqla, 1903-cü ildə inşa edilmiş 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Eyni zamanda, cavabdehin nümayəndəsinin izahatından, habelə, iddiaçının apellyasiya şikayətində istinad etdiyi və ona əlavə etdiyi Bakı şəhər Nərimanov rayon MKTB-nin 37 saylı Mənzil Kommunal İstimar Sahəsinin 26.05.2021-ci il tarixli 37/556 N-li ayrayışından görünür ki, iddiaçıya məxsus mənzilin altında yerləşən 6 saylı mənzildə yaşayış mövcuddur, X2 adında məcburi köçkün məskunlaşmışdır. Göründüyü kimi, iddiaçıya məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulan hər iki şərt yerinə yetirilmir. Digər tərəfdən, həmin Məcəllənin 20.4-cü maddəsinin qeyd olunan tələbindən göründüyü kimi, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə, həmçinin o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın. Konkret halda, iş materiallarına, eyni zamanda, tərəflərin, o cümlədən, cavabdehin nümayəndəsinin izahatına əsasən müəyyən olunur ki, mübahisəli mənzilin mülkiyyətçiləri tərəfindən, binanın ümumi giriş-çıxışı Xətai prospektindən olsa da, mənzil qanunvericiliyinin tələblərinə və tikinti qaydalarına zidd olaraq, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə binanın 2-ci mərtəbəsindən birbaşa Nurəddin Süleymanov küçəsinə, özbaşına olaraq giriş-çıxış qapıları açılimış, sair əlavə yenidənqurma işləri aparılmışdır. Halbuki, Mənzil Məcəlləsinin tələbinə görə: 21.1.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. İddiaçının mülkiyyətçisi olduğu mübahisəli mənzil isə qanunvericiliyin qeyd olunan tələblərinə riyət olunmadan, özbaşına binanın ümumi görünüşünü və onun ilkin vəziyyətini pozaraq başqa küçəyə giriş-çıxış qapısı açmaqla və sair özbaşına tikinti işləri aparmaqla, yenidən qurulmuşdur. Halbuki, Mənzil Məcəlləsi ilə yaşayış sahəsinin yenidən qurulmasının aşağıdakı imperativ qaydalarını nəzərdə tutmuşdur: 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu. Hər bir halda, mübahisəli 33 saylı mənzilin özbaşına açılmış giriş-çıxış qapısı bina yoxuşda yerləşdiyindən başqa küçəyə birinci mərtəbə kimi açılsa da, binanın 2-ci mərtəbəsi olmaqla altında sakini olan yaşayış sahəsi yerləşir. Belə olan təqdirdə, ən azından, Mənzil Məcəlləsinin 20.3-cü maddəsinin tələbləri baxımından həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi yolverilməzdir. Beləliklə də göstərilənlər onu demyə əsas verir ki, iddiaçı tərəfindən arzuladığı, yəni, mülkiyyətçisi olduğu Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti-1, 33 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu onun tərəfindən sübuta yetirilmir. Əksinə, cavabdeh tərəfindən iddiaçının həmin tələbində haqlı olduğu təkzib olunur. İPM-in 14.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, iddiaçının tələbində haqlı olduğu və onun hüquqlarının cavabdeh tərəfindən pozulduğu öz təsdiqini tapmır. İPM-in 73.1-ci maddəsiin tələbindən isə göürünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ədalətsiz, qanunsuz və əsassız olduğunu israrlamaqla, maddi və prosessual hüquq norimalarına uyğun çıxarılmadığını mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1537/2021 saylı, 15.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1537/2021 saylı, 15.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar