Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1859/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin onun pensiyasının araşdırılması zamanı pensiyasının azalması ilə əlaqədar qəbul etdiyi qərarının ləğv edilməklə, dövlət gömrük orqanlarında işlədiyi illərin dövlət qulluğu stajına əlavə edilməklə pensiyasının saxlanılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2017-ci ilin iyun ayında dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Ona dövlət qulluqçusu kimi 14 il 2 ay staj hesablanmaqla orta aylıq gəliri 75% miqdarı, 340 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən pensiyaların artırılması ilə əlaqdar dövlət qulluqçuların pensiyası 40% artırılaraq, pensiya məbləği 465,50 AZN təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa əsasən pensiya təyin edilməsi üçün Dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət-sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələri Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 18-dək Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında təlimatçı (instrukrut) vəzifəsində işləmişdir. Onun tutduğu vəzifə yerli icra hakimiyyətinin aparatında böyük məsləhətçi vəzifəsinə uyğun olduğu müəyyən edilmişdir. Rayon icra hakimiyyəti aparatının böyük məsləhətçinin aylıq vəzifə maaşı hal-hazırda 495 manat təşkil edir. Bu da, onun işlədiyi sonuncu iş yerində olan rayon icra hakimiyətinin ərazi nümayəndəliyin baş məsləhətçi, baş mühasib vəzifəsinin aylıq maaşı arasında fərq 50 manat təşkil etmişdir. Bunu nəzərə alaraq aldığı 465.50 AZN pensiyanın artırılması ilə əlaqədar müraciət etmiş, pensiyanı artırmaq əvəzinə gömrük orqanlarında çalışdığına görə 3 il stajı dövlət qulluğu stajına aid etməmişlər, bu da, 15% pensiyasının azalmasına səbəb olmuşdur. "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğini müəyyənləşdirilməsi qaydalarının” 3-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 10 ildən 15 ilədək qulluq stajına görə aylıq vəzifə maaşına 20% əlavə haqq ödənilməlidir. Araşdırmalar zamanı onun üçün nəzərdə tutulan 11 ildən yuxarı staja görə 19.58% hesablanmışdır. Bu da, ciddi qanun pozuntusuna səbəbdir. Azərbaycan Respublikası Məhkəmə X3 23 avqust 2017-ci il tarixli, 1133 nömrəli ona yazılan cavab məktubunda bildirilmişdir ki, ərizəsində qeyd etdiyi məsələ dövlət qulluğuna dair qanunvericiliyə əsasən müəyyən olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermiş və onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin arayışından da göründüyü kimi iddiaçı xx.xx.1993- xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində xüsusi rütbəli şəxs olmamışdır. Belə olan halda məhkəmənin həmin dövrü dövlət qulluğunun xüsusi növündə qulluq stajına daxil etməklə dövlət qulluğu stajına əlavə edilməsi barədə gəldiyi nəticə tamamilə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. - iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci l tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1990-xx.xx.1991-ci illərdə və xx.xx.1992-xx.xx.1992ci illərdə təhsil almış, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək mühasib vəzifəsində işləmiş, xx.xx.1993-cü il tarixdən Biləsuvar gömrükxanasının X4 inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir - iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yardımıl rayon Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 1000-180/1xx-xx/017788 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı tutduğu vəzifə yuxarıda qeyd olunan Əsasnamənin 8ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən orta rəis heyətinə daxildir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2ci bəndinin birinci abzasına əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti də daxildir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 22/xx-xx/3112 nömrəli cavab məktubundan görünür ki, 1985-1990-cı illərdə Yardımlı Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu halda uyğunlaşdırıldığı dövlət qulluğu vəzifəsi haqqında məlumatın təqdim edilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5157/2021 nömrəli məktuba Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində baxılaraq bildirilmişdir ki, adıçəkilən Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında instruktor vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd edilən vəzifə rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının müraciətinə verilmiş 07 yanvar 2022-ci il tarixli, 1000-180/1xx-xx/000172 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 21 yanvar 1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 226 saylı əmri ilə Biləsuvar gömrükxanasının maliyyə - tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Gömrük Komitəsi mərkəzi attestasiya komissiyasının 6, 7 mart 1995-ci il tarixlərində keçirilən iclasının Biləsuvar gömrükxanası üzrə qərarına əsasən, Azərbaycan Respublikası ƏİM-nin 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq 28 aprel 1995-ci il tarixində 339 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. Xidmət etdiyi dövrdə ona gömrük xidməti xüsusi rütbəsi verilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq illəri onun dövlət qulluğu stajına daxil edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 21 yanvar 1993-cü il tarixdə Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsinin 226 saylı əmri ilə Biləsuvar gömrükxanasının X4 inspektoru vəzifəsinə təyin edilmiş, Gömrük Komitəsinin mərkəzi attestasiya komissiyasının 6-7 mart 1995-ci il tarixlərində keçirilən iclasının Biləsuvar gömrükxanası üzrə qərarına əsasən, Azərbaycan Respublikası ƏİM-nin 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq 28 aprel 1995-ci il tarixində 339 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanuna 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş 22.7-1-ci maddənin tələblərin əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. İş materiallarşndan göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsas dəlili iddiaçıya işlədiyi dövrdə ona gömrük xidmətinin xüsusi rütbəsinin verilməməsi və buna görə də onun gömrük işçisi kimi xüsusi rütbəli şəxs sayılmaması olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi gömük orqanının aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu şamil edilməlidir və iddiaçının işlədiyi dövrdə xüsusi rütbəsinin olmaması bu dövrün onun dövlət qulluğunun xüsusi növündə qulluq stajına daxil edilməsinə mane ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1859/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1859/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver