Məhkəmə qərarları › İş №2-1(103)-186/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-186/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-186/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “Əmək pensiyası haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə ona pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “Əmək pensiyası haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə ona pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oğlu xx.xx.1955-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur. O, 1974-cü ildən 1976-cı ilədək hərbi xidmətdə olmuş, bu əsasla pensiya hüququ yarandığı üçün 1996-cı ildə hərbçi kimi əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxandan bir müddət sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Binəqədi X6 İdarəsinə işə qəbul olunmuş və burada 2019-cu ilin yanvar ayına qədər fəhlə işləmişdir. Binəqədi NQCİ-də işlədiyi dövrdə onun adına Dövlət Sığorta Şəhadətnaməsi açılaraq işlədiyi idarə tərəfindən onun sosial sığorta hesabına məcburi dövlət sığorta ödənişləri edilmiş və bu pullar sığorta hesabının siğorta və yığım hissəsində toplanmışdır. Məlumata görə şəxsi siğorta hesabının sığorta və yığım hissəsində toplanan məbləğin ümumi həcmi 24000 manat təşkil edir. Sonradan iddiaçı onun pensiya məbləğinə əlavələrin hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********0 saylı xx xxxxxx 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ərizəçiyə sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Bu zaman yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbəsinə müraciət etməyi tövsiyə olunur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onun pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Gözlənilən pensiya ödənişi müddəti - müəyyən məqsədlər üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Qanunun mənasına görə pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üzrə onun sığorta hesabının sığorta və yığım hissəsində toplanmış pensiya kapitalı (24000 manat) gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya çıxdıqdan sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsində konkret və aydın şəkildə göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə işlədiyi dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Göstərilən qanunun mənasına görə o, pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üzrə onun sığorta hesabının sığorta və yığım hissəsində toplanmış pensiya kapitalı (24000 manat) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına mütənasib əlavə edilməklə hissə-hissə ona qaytarılmalıdır. Cavabdehin imtinası əsassızdır və hüquqi baxımından məntiqsizdir. Heç bir qanunla güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin sonradan qazandıqları pensiya kapitalının “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq yenidən hesablanmasına qadağa qoyulmamış və qoyula da bilməz (əgər qadağa olsaydı cavabdeh bilavasitə həmin qanuna istinad edərdi). Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam edən pensiyaçının pensiya kapitalı onun bilavasitə şəxsi sığorta hesabında toplandığı üçün özünə məxsus sığorta vəsaitidir və “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq pensiyasına hesablanmalı və özünə qaytarılmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, işin mübahisələndirilməyən halı iddiaçıya hərbi qulluqçu kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinin 65 faizi məbləğində pensiya təyin olunmasıdır. Həmin maddəyə əsasən hərbi qulluqçuların pensiyası onların təminat xərcliyinə uyğun olaraq hesablanır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təsdiq olunması” Qaydalarına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu qaydaların əlavəsində föstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən cavabdehə göndərilməlidir. Yəni, yeni məlumat vərəqəsi daxil olmadan cavabdeh tərəfindən iddiaçının pensiyasına hər hansı dəyişiklik edilməsi mümkün deyildir. İddiaçının mövqeyindən belə nəticəyə gəlmək olar ki, əmək pensiyasına çıxan hərbi qulluqçu əgər sonradan işləyirsə onun əmək pensiyası həmin təminat xərcliyi və sığorta kapitalı artdıqca artmalıdır. Bu isə şəxsə münasibətdə ikiqat artımın tətbiq edilməsinə gətirib çıxarır. “Əmək pensiyaları haqqında” Qanunun 29.2ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Yəni, sığorta hissəsi artdıqca əlavələr məbləği azaldığı üçün faktiki olaraq pensiyaçının aldığı əmək pensiyasının məbləğində heç bir artım baş vermir. Azərbaycan Respublikası Prezidentinin 142 nömrəli xx xxxx 2018-ci il tarixli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydalarının 2.1-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Yəni, iddiaçının əmək pensiyasının sığorta hissəsi artdıqca qulluq illərinə görə əlavələr azaldıldığından iddiaçı təminat xərcliyinin 65 faizi məbləğində əmək pensiyası almaqda davam edir. Buna görə də iddiaçının hər hansı hüququ pozulmur. Məhkəmə tərəfindən iddia təmin edilsə belə, iddiaçının əmək pensiyasında hər hansı artım olmayacaq, bu hesablama iddiaçıya münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmayacaq və qərar faktiki olaraq heç nəyi dəyişməyəcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır, əlavə olaraq göstərilmişdir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi artdıqca qulluq illərinə görə əlavələr azaldıldığından iddiaçı təminat xərcliyinin 65 faizi məbləğində əmək pensiyası almaqda davam edəcəkdir, aldığı məbləğdə hər hansı dəyişiklik olmayacaqdır. Buna görə də, iddiaçının hər hansı hüququ pozulmur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçının hərbi qulluqçu kimi pensiyaya çıxması ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə iddaçıya “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsi tətbiq oluna bilməz. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək 1996-cı ildə pensiyaya çıxdığına, bundan sonra işləməkdə davam etdiyi üçün yığılan sığorta haqlarından kapitalın artdığı üçün pensiyasının yenidən hesablanmasını tələb edir. Bununla bağlı iddiaçı apellyasiya şilkayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina edərək ona istinad etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi xüsusi rütbəli şəxslərə münasibətdə tətbiq oluna bilməz, həmin maddənin tətbiqi nəticəsində belə iddiaçının əmək pensiyasının sığorta hissəsi artdıqca qulluq illərinə görə əlavələr azaldıldığından iddiaçı təminat xərcliyinin 65 faizi məbləğində əmək pensiyası almaqda davam edəcəkdir, yəni, iddiaçının aldığı pensiya məbləğində hər hansı artım olmayacaq, buna görə də onun hər hansı hüququ pozulmur. Məhkəmə kollegiyası cavabdehin göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır. Qanunvericiliyə uyğun olaraq o, 1996-cı ildə hərbiçi kimi əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Cavabdeh hesab edir ki, qeyd edilən norma iddiaçıya şamil edilməməlidir. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-760/2020 saylı xx.xx.2020-ci il tarixli qərar) hüquqi mövqeyi belə əsaslandırılmışdır. O ki qaldı cavabdehin “iddiaçıya qeyd olunan normanın tətbiqi nəticəsində onun aldığı pensiya məbləğində hər hansı artımın olmayacağı və buna görə də hər hansı hüququnun pozulmadığı” barədə dəlilinə, Kollegiya hesab edir ki, yuxarıda adı çəkilən normanın iddiaçıya tətbiqi nəticəsində aldığı pensiya məbləğində hər hansı dəyişikliyin olmayacağı ehtimalı ilə iddiaçı həmin qanun normasından irəli gələn tələbetmə hüququndan məhrum edilə və belə iddiası da həmin əsasla rədd edilə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehinin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız sayır və onları qəbul etmir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi “Əmək pensiyası haqqında” Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə iddiaçının pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar