Məhkəmə qərarları › İş №2-1(103)-186/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-186/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-186/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2903/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı 17.09.2008-ci il tarixdən, yəni, 50 yaşdan, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. O, uzun müddət ağır və zərərli iş şəraitində elektrik qaynaqçısı peşəsində işlədiyinə görə 2015-ci ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin, onun pensiyasının vaxtı düzgün hesablanmamışdır. Belə ki, o, 09.07.1979-cu il tarixdən, 01.06.1997-ci il tarixə kimi müddətdə “Bakı fəhləsi” maşınqayırma zavodunda qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı peşəsində zərərli iş sahəsində işləmişdir. Ona görə də, 1 nömrəli siyahı üzrə 50 yaşından güzəştli şərtlərlə pensiya hüququ vardır. 1973-1976-cı illərdə Bakı şəhəri 19 saylı orta texniki-peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil almışdır. 09.08.1976-18.04.1977-ci illərdə elektrik-qaz qaynaqçısı işləmişdir. 03.05.1977- 04.06.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 09.07.1979-01.06.1997-ci illərdə “Bakı fəhləsi” maşınqayırma zavodunda əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Onun 1979-1997-ci il tarixləri arasında 23 il 7 ay 6 gün ümumi əmək stajı vardır. 09.07.1979-cu il tarixdən 01.06.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 17 il 10 ay 23 gün xüsusi stajı vardır. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalşan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ.Metal emalı bölməsinin (11 00000), 5. Metal emalı üzrə aid peşələr hissəsinin (1********), a)fəhlələr bəndinə aiddir (1110400a-199606). Ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajı mövcud olmuşdur. Onun xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq, 01 avqust 1997-ci il tarixədək 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 20 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq 50 yaşdan, yəni 17 sentyabr 2008-ci il tarixdən yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2010-cu ilin 1 yanvar tarixindən əvvəl yarandığından, müvafiq pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin 17 sentyabr 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsas götürülməlidir. O, 20.02.2020-ci və 22.05.2020-ci il tarixlərdə 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarinə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış 03 iyun 2020-ci il tarixli cavab məktubunda ərizəsindən imtina edilmişdir. O, inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Ona görə də, o, 50 yaşı tamam olan vaxtdan pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdeh inzibati orqan onun ərizəsini təmin etməməklə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da, onun konstitusion hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2903/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni 17.09.2008-ci il tarixdən, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 09.07.1979-18.08.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bakı fəhləsi” maşınqayırma zavodunda yarımavtomat elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd olunan vəzifəyə uyğun deyil. Bundan əlavə, iddiaçının rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxilində işləməsi də məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. Həmçinin, məhkəmə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması ilə bağlı hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, həmin hissədə də işi tam, hərtərəfli və obyektiv araşdırmamış, konkret olaraq hansı müəssisənin əmək haqqına əsasən hesablanmalı olduğunu müəyyən etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. O, 1973- 1976-cı illərdə elektrik-qaz qaynaqçısı peşəsi üzrə Bakı şəhəri 19 nömrəli orta texniki peşə məktəbində ümumi orta təhsil almış, 09.08.1976-cı il tarixdən 18.04.1977-ci il tarixədək işləmiş, 03.05.1977-04.06.1979- cu illərdə hərbi xidmətdə olmuşdur. O, 09.07.1979-cu ildən 01.06.1997-ci ilədək "xxxx" TASC-də “Metalkonstruksiya” sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsində işləmiş, 20.10.1997-ci ildə "xxxx"-da əhaliyə sosial məişət xidməti sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 03.02.2003-cü il tarixdən Metalkonstruksiya və mexaniki yığma sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 18.08.2003-cü il tarixdə işdən azad edilmiş, 28.07.2003-cü il tarixdə "xxxx" ASC-yə 6-cı dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmiş, 25.10.2010-cu il tarixdə işdən azad edilmiş, 25.10.2010-cu il tarixdə SDL Denholm LTD şirkətinin filialında TİQ qaynaqçısı peşəsi üzrə işə qəbul olunmuş, 31.03.2017-ci il tarixdə öz xahişinə əsasən işdən azad olunmuşdur. 01.04.2017- ci il tarixdə "xxxx" MMC-yə TİQ qaynaqçısı (karbonmetol) vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" TASC tərəfindən verilmiş 01/201 nömrəli, 28.11.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək kitabçasında "xxxx" TASC-də 09.07.1979-cu ildən 01.06.1997-ci ilədək “Metalkonstruksiya” sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsində işləməsi göstərildiyinə baxmayaraq, həqiqətdə əsasən 80-90 % əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Yarımavtomat avadanlığında işin həcminin az olması onun digər qaynaq işlərinin əl ilə yerinə yetirilməsinə vadar etmiş, tələb olunmuş, həmçinin gündəlik 0.5-1.0 saat olmaqla yarımavtomat dəzgahında işi icra etmişdir. Bundan sonra 20.10.1997-ci il tarixdən yenidən "xxxx"nun Əhaliyə sosial məişət xidməti sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, həmçinin Metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı işləmişdir. 18.08.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı 1979-1997ci illər, istərsə də, ondan sonra 2003-cü ilə qədər zavodun istehsal etdiyi məhsulların elektrik qaynaq işlərini tam iş qrafikində icra etmiş, əl ilə qaynaq işlərini əvvəl 80-90 %, sonra 100% icra etmişdir. Həmin sex və iş yeri, peşəsi zərərli sahə və iş qrupuna daxildir. İddiaçı işin xarakter və xüsusiyyətinə görə iş stajı illərindəki əmək fəaliyyətini ağır və zərərli peşə üzrə davam etdirmişdir. Göstərilən peşə üzrə işləyən işçilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifə və göstəricilərin siyahısı”nın 11-ci bölmə “Metal emalı”, 11.5. “metal emalı üzrə sair peşələr” a) qrupu, “elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edənlər elektrik qaynaqçıları” zərərli sahələrdə, işlərdə məşğul olan, fəaliyyət göstərən işçilərin güzəştli təqaüdə çıxamları təsdiq edilmişdir. "xxxx" TASC tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, elektrik qaynaqçısı İddiaçı 15.09.017-ci il tarixli ərizə ilə müraciətinə əsasən, zavodun işçiləri, elektrik qaynaqçısı X3, yığıcı çilingər X4, çilingər X5, qaynaqçı X6 həmin aktı tərtib etmişlər ona görə ki, keçmiş zavod işçisi İddiaçı “Bakı fəhləsi maşınqayırma zavodunda” 1979-cu ildən işləməyə başlamışdır. Keçmiş dövrdə zavodda cəmi bir ədəd yarımavtomat qaynaq avadanlığı olmuş heç kim bacarmadığına görə İddiaçı əmək kitabçasında qeyd edilməklə elektrik qaynaqçısı kimi qəbul etmişlər ki, həmin dəzgahda olan işlər də yerinə yetirilsin. Həqiqətdə həmin yarımavtomat qaynaq dəzgajında işin həcmi az olmuş iş qrafikində işin əsas çox hissəsini İddiaçı əl ilə qaynaq etmişdir. Həmin dəzgahda olan işin həcmi 1 (bir) saata qədər olardı və ya olmazdır. Onlar öz imzaları ilə təsdiq etmişlər ki, İddiaçı 1979-cu ildən 1997-ci ilədək həmin dəzgahda işləmyə təyin edilməsinə baxmayaraq işin həcminin 80-90 faizini əl ilə qaynaq etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01/005 nömrəli, 12.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də 09.07.1979-cu ildən Metalkonstruksiya sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 12.10.1988-ci ildən blok sexdə 3-cü dərəcəli əl qaynaqçısı, 02.09.1992-ci ildən blok sexdə 4-cü dərəcəli əl qaynaqçısı işləmiş, 01.06.1997-ci il tarixdə işdən azad edilmişdir. 20.10.1997-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 14.08.2003-cü il tarixdən işdən azad olunmuşdur. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi qapalı iş şəraitində olmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 1 nömrəli siyahısına uyğundur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03 iyun 2020-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın ümumi peşələr bölməsində (XXİİİ) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları və rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi sənədlərdə 09.07.1979-18.08.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bakı fəhləsi” maşınqayırma zavodunda yarımavtomat elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə Siyahıda qeyd olunan vəziyətə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan müəyyən edilməklə yenidən hesabanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərijilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 17.09.2008-ci il tarixdə yarandığından, ona əmək pensiyası hesablanarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad edilməlidir «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.02.2009cu il tarixdə qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.01.2010-cu il tarixədək qüvvədə olmuş 27.1 və 27.2-ci maddələrinə əsasən: 27.1. Bu Qanun qüvvəyə mindiyi günənədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi 01.01.2010-cu tarixdən qüvvədən düşsə də, həmin qanuna dəyişiklikdən əvvəl, yəni 19.02.2009-cu il tarixdən əmək pensiyası hüququ yaranmışdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu pensiya hesablanarkən orta aylıq əmək haqqına məhdudiyyətin tətbiq edilməsini aradan qaldırmışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında”Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın təsdiq edilməsi barədə qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.7-ci bəndinə əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərijilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının 01.08.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə (peşə kodu 1110400a19906) işlədiyindən, həmçinin 17.09.2008-ci il tarixdə 50 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 051 nömrəli, 01.12.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də 09.07.1979-cu ildən Metalkonstruksiya sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 12.10.1988-ci ildən blok sexdə 3-cü dərəcəli əl qaynaqçısı, 02.09.1992-ci ildən blok sexdə 4-cü dərəcəli əl qaynaqçısı işləmiş, 01.06.1997-ci il tarixdə işdən azad edilmişdir. 20.10.1997-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 14.08.2003-cü il tarixdən işdən azad olunmuşdur. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi qapalı iş şəraitində olmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 1 nömrəli siyahısına, Xİ.metal emalı bölməsi (1100000), 5.Metal emalı üzrə sair peşələr hissəsi (********), a) fəhlələr (1110400a-19906) bəndinə uyğundur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən onun 50 yaşdan (17.09.2008-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” hissəsində iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 17.09.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2903/2021 saylı qərarı mübahisələndirilən hissədə-iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar